Baş Konsul Həsən Zeynalov: “Müvafiq qurumlar bu məsələni araşdırır...”
Bizi izləyin

Nida.az

Baş Konsul Həsən Zeynalov: “Müvafiq qurumlar bu məsələni araşdırır...”

Strateq.az-ın dəfələrlə toxunduğu təhsil almaq adı altında Türkiyədə yaşayan azərbaycanlı gənclərlə bağlı məsələ artıq rəsmi strukturları hərəkətə keçirib. Bizdə olan məlumata görə, Azərbaycanın İstanbuldakı Baş Konsulluğu da bu istiqamətdə apardığı araşdırmaların nəticələrini respublikanın müavfiq dövlət qurumlarına təqdim edib. Hal-hazırda həmin tələbələrin dərslərə davamiyyəti və tədrisdəki uğurları, məşğuliyyətləri, onların gələcək taleyi müzakirə edilir.

Yaranmış problemlə bağlı Strateq.az-a eksklüziv müsahibə verən ölkəmizin İstanbuldakı baş konsulu Həsən Zeynalov bir sıra azərbaycanlı gəncin Türkiyədə xoşagəlməz hallara yol vermələrindən, müxtəlif radikal qruplara qoşulmalarından narahatlığını dilə gətirib:

- Son iki ildə Türkiyəyə özəl şirkətlər vatisəsilə təhsil almağa gələn azərbaycanlı tələbələrin sayı xeyli artıb. Təkcə son il ərzində Azərbaycandan Türkiyəyə 6 min nəfərdən artıq tələbə gəlib. Onların əksəriyyəti Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının imtahanlarından keçməyənlərdir. Bu sayda gəncimiz attestatlarını götürüb gəlib burada hansısa universitetlərə daxil olubsa, deməli, bunu təşkil edənlər var. Gənclərimizin çoxu əsasən, əyalətlərdəki ali təhsil müəssilərinə qəbul olunurlar. Bunun da bir neçə səbəbi var. Başlıca səbəblər isə mərkəzdə qəbul şərtlərinin sərtliyi və xarici tələbələr üçün kvotaların az olmasıdır. Ona görə də həmin özəl şirkətlər “münbit yerlər” axtarırlar. Bununla bağlı yaranmış problemlərlə Azərbaycandakı dövlət qurumları çox ciddi məşğuldurlar. Yəqin ki, araşdırmaların nəticəsi olaraq, hər hansı sənəd də qəbul ediləcək. Onu da vurğulamaq istəyirəm ki, heç kim azərbaycanlı gənclərin xaricdə təhsil almasının qarşını almaq niyyətində deyil. Sadəcə olaraq, o proseslərdə baş verən bəzi neqativ halların qarşısını almağa, bu işləri nizama salmağa zərurət var. Təhsil almaq niyyətiylə bura gələn tələbələrimizin məqsədi bəllidir. Amma bizim müşahidələrimiz göstərir ki, bir çox hallarda əksər tələbələrimiz dərsə gəlmirlər, dərslərdən müsbət qiymət almırlar, əksəriyyəti “0” bal alır və beləliklə də ya kursda qalırlar ya da həmin fənndən kəsirləri qalır. Bu proses bəzən illərlə davam edir. Biz həmin gənclərlə bağlı vaxtaşırı təbliğat işlərinin aparılması məsələsini qaldırmışıq.

- Həsən müəllim, xüsusilə özəl şirkətlərin xətti ilə Türkiyəyə gedən tələbələrin orada ölkənin imicinə xələl gətirən işlərlə məşğul olması, müxtəlif radikal terror qruplarına qoşulmaları təsdiqlənir. Bununla bağlı nələr söyləyə bilərsiniz?

- Biz, Baş Konsulluq olaraq, xidmət dairəmizdə olan universitetlərdə təhsil alan tələbələrlə mütəmadi əlaqə saxlayır, onların dərsləri və məişəti ilə maraqlanırıq. Bilirsiniz ki, dövlətimizin də xaricdə təhsil alan tələbələrə diqqət ayrılması ilə bağlı konkret tapşırıqları var. Odur ki, biz bu sahəni xüsusi həssaslıqla nəzarətdə saxlayırıq. Baş Konsulluğun bir əməkdaşı bu istiqamət üzrə məsuldur. Bununla yanaşı məlumdur ki, 2007-2015-ci illərdə Azərbaycanlı gənclərin xaricdə təhsili üzrə Dövlət Proqramı mövcuddur və bu xəttlə də xaricdə təhsil almağa gəlmiş xeyli sayda tələbə var. Məhz dövlət başçımızın bu sahəyə verdiyi önəmin və qayğının təzahürüdür ki, xaricdə təhsil alan tələbələrin problemləri ilə məşğul olmaq məqsədilə 2012-ci ildə bir sıra səfirliklərimizin nəzdində təhsil müşavirliyi yaradılıb. Hesab edirəm ki, həmin müşavirliklərin fəaliyyətləri konsulluqlarla sıx əlaqələndirilmiş qaydada həyata keçirilməlidir. Təəssüf ki, hal-hazırda bizim bu sahədə müəyyən problemlərimiz mövcuddur. Ümidvaram ki, bu problemlər öz həllini tezliklə tapar və tələbələrimizlə bağlı vəziyyətə nəzarət müasir tələblərə cavab verəcək şəkildə qurular.

Bizim narahatçılığımız ondan ibarətdir ki, gənclərimiz siyasi fəaliyyətə, arzuolunmayan bəzi cərəyanlara və qruplara qoşulmasınlar. Biz istərdik ki, onlar mükəmməl təhsil alaraq keyfiyyətli mütəxəssis kimi ölkəmizə geri dönsünlər və aldıqları təhsilin bəhrəsini həm özləri, həm də dövlətimiz görə bilsin.

- Biz də bunu istəyirik. Media qurumları da dediyiniz arzuolunmaz halların qarşının alınmasına yardımçı olmağa çalışır...

- Mən mətbuatı izləyirəm və görürəm ki, bəzən bu və ya digər tədbirlər, irəli sürülən təşəbbüslər yanlış anlaşıla bilir. Haqqında bəhs etdiyimiz məsələni də bəziləri elə qələmə verdi ki, guya, gənclərin xaricdə təhsil almasının qarşısı alınmağa çalışılır. Əslində isə bu, belə deyil. Bir az əvvəl mən gənclərimizin xaricdə təhsil almasını təşviq etmək məqsədilə dövlətimizin atdığı addımları qeyd etdim. Onlar üçün bütün şərait yaradılıb. Bununla belə, gərək gənclərimiz də getdikləri yerlərdə nizam-intizama hörmət etsinlər, miqrasiya qaydalarını pozmasınlar. Hesab edirəm ki, istənilən şəxs hər-hansı məqsədlə öz ölkəsindən başqa bir ölkəyə gedirsə və uzun müddət orada qalırsa, mütləq konsulluq qeydiyyatından keçməlidir. Əfsus ki, bizim əksər gənclərimiz bunu etmirlər. Biz isə çalışırıq ki, onlar qeydiyyatdan keçsinlər çünki bu, onların özləri üçün faydalıdır. Belə bir qeydiyyat sistemi tətbiq edilərsə bu, bizə həmin tələbələrin gələcəkdə ortaya çıxan müəyyən problemləri ilə məşğul olmağa, onların hüquqlarını müdafiə etməyə yardım edər, işimizin səmərəsini artırar.

Azərbaycanda fəaliyyət göstərən və xaricdə təhsil imkanları təklif edən bəzi özəl qurumlar gənclərin məlumatsızlığından istifadə edərək, onlardan gəlir mənbəyi kimi yararlanırlar. Mətbuatda müxtəlif şirnikləndirici reklamlarla onları yoldan çıxarırlar. Gənclər də həmin reklamlara inanaraq müxtəlif ölkələrin əyalət universitetlərində oxumağa gedirlər.

- Bəs həmin şirkətlər kimindir? Onların arxasında kimlər durur? Bu barədə sizdə məlumatlar varmı?

- Bizdə belə məlumatlar yoxdur. Universitetlərə attestatla tələbə qəbulu aparan şirkətlər burada da, Azərbaycanda da var. Hazırda bu istiqamətdə ölkəmizin müvafiq qurumları tərəfindən araşdırma aparılır. Məqsəd hansısa şirkətin işinə maneə törətmək deyil, həmin şirkətlərin öz fəaliyyətini müəyyən qaydalara, meyarlara əsasən həyata keçirilməsini təmin etməkdən ibarətdir. Məsələn, fikrimcə, gənclər hansısa təhsil müəssisəsində təhsil almağa göndərildikdə mütləq onların bilik səviyyəsi yoxlanılmalıdır. Bunu etmədən, yəni heç bir ilkin seçim, imtahan, müsahibə aparmdan bir tək attestatla ali məktəbə tələbə qəbul etmək nə dərəcədə doğrudur? Mənə elə gəlir ki, həmin özəl qurumlar bu xidmətləri göstərərkən öz fəaliyyətlərini TQDK ilə əlaqələndirsələr, məsələn, heç olmazsa, xaricə TQDK tərəfindən respublikamızda keçirilmiş qəbul imtahanlarında keçid balını toplamış lakin ali məktəblərə qəbul oluna bilməmiş gənclərimizi göndərsələr vəziyyət bu qədər acınacaqlı olmazdı. Lakin seçimsizlik və “pulunu ver, göndərim” prinsipi ilə işləmə bu durumun yaranmasına rəvac vermiş, belə bir problemin meydana gəlməsinə zəmin yaratmışdır.

Bu məsələlər tənzimlənməlidir və artıq dövlətimiz tərəfindən bu istiqamətdə ilk addımlar atılmış, Tədbirlər Planı təsdiq edilmişdir.

- Bayaq Siz də qeyd etdiniz ki, son illərdə Azərbaycandan Türkiyəyə təhsil almağa gedən tələbələrin sayı xeyli artıb. Sizcə, bu kütləvi axın nə ilə bağlıdır?

- Hesab edirəm ki bunun bir neçə səbəbi var. Əvvəla, Türkiyə-Azərbaycan münasibətləri və ölkələrimizin coğrafi, tarixi-mədəni və dil yaxınlığı ən başlıca amildir. İkincisi, Türkiyədə təhsilin səviyyəsi region ölkələrilə müqayisədə ölkəni müsbət mənada fərqləndirən amillərdəndir. Bütün bunların fonunda son illərdə Türkiyədə ali təhsil müəssisələrinin sayının xeyli artması, xüsusən əyalətlərdə universitetlərin açılması və xarici tələbələrin həmin universitetlərə sadələşdirilmiş qaydada qəbul edilməsi vətəndaşlarımızın marağını cəlb edib. Bəzi işbazların bu vəziyyətdən öz yararına istifadə etməsi isə bu halı kütləviləşdirib. Universitetlər də ildən-ilə xarici tələbələr üçün ayrılan kvotaların artmasını özlərinin imicinin yüksəlməsi kimi qiymətləndirir və bu prosesi hər bir vəchlə dəstəkləyir. Problem isə onda çıxır ki, imtahan və seçim keçmədən tələbə olmuş bir çox gəncimiz tədrisdə müvəffəqiyyətsiz olur və tədrisə sərf etməli olduğu vaxtını başqa işlərə sərf etməyə başlayır. Bununla yanaşı, kəsirlərlə kursdan-kursa keçən gənclərimiz əsgərlikdən yayınır, müxtəlif işlərlə məşğul olmağa, cərəyanlara meyl etməyə başlayır. Bunun isə hansı nəticələrə gətirib çıxardığı hamımıza məlumdur.

- Yeri gəlmişkən, bu günlərdə 3 azərbaycanlı gəncin PKK sıralarına qoşulması barədə videolar yayıldı. Bununla bağlı fikirlərinizi oxucularımızla paylaşarsınızmı?

- Bu məsələ üzrə hal-hazırda araşdırma aparılır. Lakin hesab edirəm ki, bu gənclərin həqiqətən də azərbaycanlı tələbələr olması öz təsdiqini taparsa, bu, olduqca xoşagəlməz haldır. Belə halların qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir. Tələbə gənclərlə iş kompleks yanaşma tələb edir və əminəm ki, respublikamızın müvafiq qurumları ilə diplomatik nümayəndəlik və konsulluqlarımız arasında sıx əlaqələndirmə nəticəsində qarşıya çıxan bütün problemləri həll etmək mümkün olacaqdır.

- Gənclərimizə söyləmək istədiyiniz bir şey varmı?

- Bizim apardığımız araşdırma zamanı məlum olub ki, təkcə ötən il əyalət universitetlərinin birinə 600 nəfərə yaxın azərbaycanlı tələbə qəbul edilib. Araşdırmamız müəyyən etdi ki, onlardan 500-ə yaxını dərslərdə sistematik davamsızlıq göstərib və məşğələlərdə iştirak etməyib, birinci semestrin nəticələrinə görə imtahanlardan qeyri-kafi qiymətlər alıblar. Təəssüf ki, vəziyyət ikinci semestrdə də o qədər fərqli olmayıb. Belə olan halda onlar ya kursda qalacaqlar yaxud da kəsirlə növbəti kursa keçəcəklər, ola bilsin, kəsirləri verə bilməyib sonda geri dönəcəklər. Beləliklə də onlar burada qalmaqla sadəcə vaxtlarını itirəcəklər. Gənclərə sözüm odur ki, vaxtlarını boş işlərə sərf etməsinlər, diqqətlərini təhsilə, özünü yetişdirməyə və inkişafa yönəltsinlər. Onlar anlamalıdırlar ki, yalnız bu yolla həyatda müvəffəqiyyət qazanmaq, ölkənə layiq vətəndaş olmaq olar. Bizim borcumuz isə onlara qayğı göstərmək, yanlış yollardan çəkindirməkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm