Ölümü yaxınlaşdıran həyat tərzi
Bizi izləyin

Qırmızı.az

Ölümü yaxınlaşdıran həyat tərzi

Gündə 2 saat televizora baxırsınız? Bu, ürək xəstəlikləri riskini 2 dəfə artırır. İşdə 4 saatdan artıq kompüter qarşısında oturmağınız ürək xəstəlikləri riskini 3, ölüm riskini 2 dəfə artırır.

Gündə 3 saatdan çox oturanların şəkər xəstəliyinə tutulma riski digərlərinə nisbətən 7.8% artıq olur. Hələ saatlarla oturduğunuza görə, onurğanızda yaranmış əyrilik, əzələ xəstəliklərinizdən danışmıram.

Və siz bunları oxuyub hələ də oturmusunuz?

Əgər işiniz gün ərzində saatlarla oturmaqdan ibarətdirsə, onda bu yazı sizin üçün yazılıb. İnsanların hələ məktəb yaşlarından oturaq həyat tərzinə vərdişi sonrakı illərdə iş prosesində də davam edir. Müasir texnologiyalar, kompüterin həyatımıza daxil olması bizi stola daha çox bağlayıb ki, bəzən ayağa qalxmaq belə istəmirik. Əslində, müasir iş yerləri və məktəblərə baxsaq, başqa seçim imkanımız yoxdur. Lakin bu bağlılıq özü ilə yeni və sağalmaz xəstəliklər gətirir.

Təxmini hesablamalar göstərir ki, ibtidai sinif şagirdləri səhər yeməyi, nahar və şama 1 saat, məktəbdəki dərslərə 3-5 saat, ev tapşırıqlarının yerinə yetirilməsinə 1,5-2 saat, kompüter və televizor qarşısında 1,5-2 saat sərf edir. Nəticədə, 15 saatlıq oyaq qalma vaxtının 7-8 saatı ancaq oturaq vəziyyətə keçir ki, bu da zamanın 50-60 faizi deməkdir. Orta sinif şagirdləri səhər yeməyi, nahar, şama 1 saat, məktəbdəki dərslərə 6-7 saat, ev tapşırıqlarının yerinə yetirilməsinə 2-3 saat, kompüter və televizor qarşısında 1-3 saat sərf edirlər. Nəticədə, 16 saatlıq oyaq qalma vaxtının 10-14 saatı, yəni 60-70 faizi oturaq keçir. Bunun sayəsində şagird günün sonunda möhkəm yorğunluq və stress hiss eləyir.

Demək olar ki, 8 saat fasiləsiz kompüter, masa arxasında oturandan sonra mindiyi avtobusu az qala qapısının ağzına qədər sürdürən böyüklərin vəziyyəti heç də fərqli deyil.

Amma özümüzə 5-10 dəqiqə piyada gəzmək əziyyəti verməməyimizin nəticələri barədə nə bilirik?

Amerikanın Xərçəng Araşdırmaları İnstitutunun araşdırmasına görə, oturmaq xərçəngin əsas xəbərçisidir, nə qədər otursanız, risk o qədər artır. Üstəlik, sonradan hərəkət etsəniz belə uzun müddət oturmağınızı kompensasiya etməyəcək.

Oturanda ayaqlarınızdakı damarlarda qan toplanır. Kalorinin xərclənməsi 1%-ə düşür ki, bu da gəzdiyiniz zaman sərf olunanın 1/3-ə bərabərdir. İnsulin müqaviməti 24% azalır və bu da şəkər xəstəliyinə tutulma riskini artırır. Oturaq həyat tərzi nəsil artımına mane olan səbəblərdəndir.

Bu cür həyat tərzi kişilərdə spermatazoidlərin sayını azaldır, qadınları isə qeysəriyyə əməliyyatlarına məcbur edir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 1972 ildə 1 sm3 mayedə spermatazoidlərin sayı 150 milyon idisə, 80-ci illərdə 60 milyona qədər azalıb, bu gün isə bu rəqəm 20 milyon təşkil edir.

Problem qadınlardan da yan keçmir. Oturaq həyat tərzinin qan dövranına mənfi təsiri nəticəsində, daxili orqanların inkişafına mane olur. Nəticədə, çanaq və çanaq qurşağı daralır. Bu da gələcəkdə təbii doğuşların qeysəriyyə ilə əvəzlənməsi deməkdir.

Həmçinin bu cür həyat tərzi xəstəlik yaratmaqdan daha çox xroniki xəstəlikləri artırır. Oynaq sistemində liflərin miqdarı aşağı düşür.

Evdən işə gələnə qədər neçə dəqiqə piyada gəzirsiniz, heç düşünmüsünüz? Bəzilərimiz heç 5 dəqiqə belə piyada gəzmək istəmirik. Bəs neçə saat oturursunuz desək? Cavab bəllidir. Demək, xarici alimlərin araşdırması yalnız öz ölkələri üçün deyil, elə bizim üçün də keçərlidir.

Bu gün az hərəkətliliyin bəşəriyyətin problemi olduğunu deyən tibbi ekspert Adil Qeybulla bunun ölkəmiz üçün son illər daha da aktuallaşdığını dedi:

“İnsanlar bütün işləri avtomatlaşdırmaqla məşğul olur. Oturaq həyat tərzi-hipodinamiya ilk növbədə kalori xərclənməsi problemini yaradır. Belə ki, insanın normada qəbul etdiyi kalori ilə sərf etdiyi kalori arasında balans olmalıdır. Oturaq həyat tərzi kalori xərcləməsinə mane olur, bu da çəki-piy artımına səbəb olur. Hərəkətsizlik birinci növbədə ürək-damar, daha sonra digər mübadilə xəstəlikləri, xüsusən şəkərə səbəb olur. Son illər yalnız yaşlı insanlarda deyil, azyaşlı uşaqlar arasında da artıq çəki məsələsi aktualdır. Ən azı hər sinifdə 5-6 uşaqda artıq çəki var. Bunun səbəbi uşaqların çox qida qəbul edib, az hərəkət etməsidir”.

A.Qeybullanın sözlərinə görə, bu gün həddən artıq çəki artımı xəstəliklərin cavanlaşmasına səbəb olur. Ona görə də dünyanın hər yerində insanlar kütləvi şəkildə idmana maraq göstərirlər. Lakin bizdə insanlar qidalanmaya diqqət ayırdıqları qədər sağlamlıqlarına fikir vermirlər.

“Axşam 18:00-dan sonra qida, xüsusən də kalorili qida qəbul etmək məsləhət görülmür. Bunu bacara bilməyənlər ən azı gün ərzində bir neçə kilometr gəzməlidirlər ki, enerji sərf olunsun. Komplekslərdən uzaq olmalı, velosiped, qaçış mədəniyyəti kimi ənənələri öyrənməliyik. Uşaqların idman dərslərinin daha fəal keçirilməsi, tez-tez gəzintilərin təşkil edilməsi məsləhət görülür. Bu işi yalnız məktəb etməməlidir, valideynlər də bu işə nəzarət etməlidir”.

Tibbi ekspertin sözlərinə görə, bu gün ürəkdə aorta-koronar şuntlama əməliyyatlarının 90%-i çox qida qəbulu və az hərəkət səbəbindən baş verir. Əgər 40 yaşlı biri aorta-koronar şuntlama əməliyyatı olursa, bunun əsas səbəbi xolesterinli qidalanma, az hərəkətlilikdir. Nəticədə, damarlarda kirəcləşmə və son nəticədə damarların sıradan çıxmasına səbəb olur.

Məktəblərdə yeni təlim üsulu

Böyüklərin oturaq həyat tərzi səbəbindən hansı təhlükələrlə üz-üzə olduğunu anladıq. Bəs bu vərdiş uşaq yaşlarda hansı xəstəliklərin yaranmasına səbəb olur? Ən əsası uşaq yaşlarda diqqət etmədiyimiz hansı xəstəlik böyüyəndə daha da təhlükəli olur?

Bunu bizdən əvvəl ölkənin Təhsil Nazirliyi həkimlərlə birlikdə araşdırıb. Məhz bu səbəbdən Təhsil Nazirliyi tərəfindən “Sağlam təhsil-Sağlam millət” pilot layihəsi həyata keçirilir. Ötən tədris ilindən rusiyalı alim Vladimir Filippoviç Bazarnının təcrübəsi bu gün Azərbaycan məktəblərində tətbiq edilir.

Təhsil Nazirliyinin aparıcı məsləhətçi Afət Süleymanovanın sözlərinə görə, iki il ərzində 10 minə qədər şagird Tibb Universitetinin həkimləri tərəfindən müayinə edilib.

“Məlum oldu ki, hazırkı tədris prosesində birinci sinfə başlayan uşaqların 25%-də görmə problemi varsa, yuxarı siniflərdə bu 40%, 11-ci sinfi bitirəndə 50%-ə qədər olur. Məktəb illərində uşaqlarda bir sıra yeni problemlər yaranır və ya mövcud problemlər dərinləşir. Bunlar əsasən, dayaq-hərəkət və onurğa əyrilikləri, gələcəkdə cinsi inkişafda olan problemlərdir.

ABŞ, Ukrayna, Rusiya kimi ölkələrdə bununla bağlı aparılan araşdırmaların nəticələrinə əsasən, bu ölkələrdə məktəbi bitirən şagirdlərin yalnız 3%-i tam sağlam olur. Qalanları həm oturaq həyat tərzi, həm də uyğun olmayan təhsil mühitindən çoxsaylı xəstəliklər qazanırlar. Xəstəliklərin yaranmasına oturaq həyat tərzi qədər ekoloji, kimyəvi vəziyyət, məktəblərin şəhər mərkəzində olması və ailədaxili stresslər də səbəb olur.”.

Boyları daha çox uzanır

Onun sözlərinə görə, layihəyə əsasən, hər bir şagirdin zəruri hərəkət sahəsi 2.5 kvm sahə təmin edilməlidir, lazımi səviyyədə işıqlandırma, oturacaqlı və ayaqüstü masalar, küncsüz sinif otaqları təmin edilib.

“Bakıda 5, Sumqayıtda 1 məktəb olmaqla ümumilikdə 15 birinci sinifdə bu üsul tətbiq edilib. Nəticələr ürəkaçan oldu. Dərs ilinin sonunda apardığımız monitorinq göstərdi ki, məktəbə eynəklə gələn uşaqların artıq görmə qabiliyyəti inkişaf edib və eynəkdən imtina ediblər. Həmin siniflərdəki şagirdlərin boyu ənənəvi təlim prosesində olan şagirdlərlə müqayisədə daha çox inkişaf edib, görmə və onurğa problemləri yoxdur. Növbəti il bu proses daha da genişləndiriləcək, siniflərin sayı 50-yə çatdırılacaq. Hələ ki Bakı və Sumqayıtı əhatə edəcək. Təxminən 4-5 il sonra nəticələr tam təhlil ediləndən sonra bunun hansı miqyasda genişlənməsi barədə qərar veriləcək”.

Məktəblərdə bu problemin həlli tapılıb və zamanla tamamilə aradan qaldırılacaq. Məktəbdən sağlam məzun olan şagird isə iş şəraitində həmin xəstəlikləri qazanmış olacaq.

Ona görə də, işçinin istər psixoloji, istərsə də xəstəlikləri birbaşa iş əmsalına təsir etdiyinə görə, sahibkarlar bu barədə düşünməlidir. İş şəraitində hərəkətliliyi təmin etmək işçilər qədər sahibkarların da marağında olmalıdır. Bunun üçün sahibkarlar fiziki hərəkətlər etməyə təşviq edilməli, gündəlik monotonluğu aradan qaldıracaq aktivliklərə imkan yaradılmalıdır.

Bununla yanaşı, işçilər də sadə hərəkətlərlə problemi az da olsa aradan qaldıra bilərlər.

Danışanda ayağa qalxın

Hələ ki, sahibkarlar işçilərin sağlamlığı barədə düşünmədiyindən iş öz üzərinizə düşür. Hər saat başı gərilmə hərəkətləri edin, lift əvəzində pilləkəndən istifadə edin, iş yoldaşlarınızla telefon, internet əvəzinə onun yanına gedərək danışın. İmkanınız varsa, naharı işdə yox, keyfiyyətli yeməklər verən restoranda edin.

Gün ərzində uzun müddət eyni istiqamətdə oturmamağı, tez-tez duruş dəyişikliyi etməyi məsləhət görülür.

Stola əyilərək oturmaq düzgün deyil, bel, dirsək və dizin 90 dərəcə olmasına diqqət etmək lazımdır. Beliniz və stulunuz arasında boşluq buraxıb və arxaya söykənərək oturmaq yanlışdır.

Oturaq həyat tərzi keçirənlər həftədə ən azı 2-3 dəfə yüngül idmanla məşğul ola bilərlər. Lakin birdən-birə sərt hərəkət etmələri düzgün deyil. Çünki hərəkətsizlik nəticəsində əzələ bağ sistemi zəifləyir, ani hərəkətlər ayaqda burxulmalara səbəb olur.

Yaşlı insanlar isə hərəkətliliyi şəhər gəzintisi ilə kompensasiya edə bilərlər. Oturaq həyat tərzi yaşayanlar gün ərzində bir kilometr gəzməlidirlər. Bu həm ürək-qan dövranın fəaliyyətini, həm də ətraf əzələlərin qan dövranını aktivləşdirir. İş şəraitində hər iki saatdan bir 15 dəqiqə fasilə etmək lazımdır. Ayaqların uzun müddət sallanması venoz çatışmazlığına səbəb olur. Ona görə də ayaqlar yüksək vəziyyətdə saxlanmalıdır.

Britaniya alimlərinin qənaətinə görə, ofis işçiləri sağlamlıqlarını qorumaq üçün iş günü ərzində minimum iki saat ayaq üstə durmalıdırlar.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm