Qarpız kəsdim bal kimi... Bəs niyə zəhərlənirik?
Bizi izləyin

Qırmızı.az

Qarpız kəsdim bal kimi... Bəs niyə zəhərlənirik?

“Qış fəsli ilə müqayisədə yayda zəhərlənmələrin sayında 50%-ə qədər artım qeydə alınır. Bunun da səbəbi qidalanma normalarına əməl edilməməsidir”.

Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi Gülnarə Babayeva Publika.az-a məlumat verib.

Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə bu il qarpız, yemiş və giləmeyvələrdən zəhərlənmələrin sayı azalıb.

“Mövsüm başlayandan qarpız zəhərlənməsi ilə bağlı 5-10 müraciət olub. Lakin bunların hamısını qarpızdan zəhərlənmə kimi qeydə ala bilmirik. Çünki həmin insanlar qarpızla yanaşı, müxtəlif qidalar qəbul etmiş olurlar. Ola bilər ki, zəhərlənməyə səbəb qarpız yox, yedikləri digər qidalardır. Sadəcə insanlar elə zənn edirlər ki, zəhərlənmənin əsas səbəbi qarpızdır”.

Onun sözlərinə görə, qidadan zəhərlənmələrin əsas səbəbi mədə-bağırsaq sistemi xəstəlikləridir:

“Bu xəstələr yedikləri adi bir qidadan sonra qusa bilirlər. Bu, qida zəhərlənməsi demək deyil. Eyni qidadan ailənin bütün üzvləri yeyib və bir neçə nəfər müraciət edirsə, buna qida zəhərlənməsi deyə bilirik”.

Həkimin sözlərinə görə, düzgün saxlanılmamış qidaları qəbul etmək birbaşa zəhərlənmə səbəbi ola bilər:

“Konservləşdirilmiş qidaları qabında isidib yemək, qarpızı axşam kəsib üstü açıq soyuducuda saxlamaq zəhərlənməyə səbəb olur. Təəssüf ki, insanlar axşamdan kəsilmiş qarpızı səhər yeməyində yeyir. Bu çox yanlış haldır, nəticədə xəstəxanalıq olurlar”.

Zəhərlənmə hallarından qorunmaq üçün G.Babayeva bəzi məsləhətlər də verib:

“İnsanlar yay fəslində qidalarına xüsusi diqqət etməlidirlər. Gündə 3-4 dəfə norma daxilində yemək lazımdır. Yediyiniz qidaların düzgün şəraitdə saxlandığından əmin olun. Mədə xəstəlikləri olanlar xüsusən diqqətli olmalıdırlar. Kremli tortlardan, çox duzlu, istiotlu qidalardan uzaq durmaq lazımdır.

Avqustun 10-15-dən tez qarpız yeyilməsini məsləhət görmürük. Uşaqlara, ümumiyyətlə, qarpız verilməsi məsləhət görülmür. Onlara yalnız avqust ayında yeni kəsilmiş qarpız vermək olar. Qarpız bir gün kəsilməmiş halda soyuducuda saxlanıla bilər. Lakin kəsiləndən sonra uzun müddət üstü açıq formada soyuducuda saxlamaq olmaz. Çalışmaq lazımdır ki, qarpız kəsilən kimi yeyilsin. Həyətlərdə satılan qarpızın keyfiyyətinə heç kim zəmanət vermir. Ona görə də qarpız alarkən onun yoxlanışdan keçdyinə əmin olmaq lazımdır”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm