Onlar repressiya olunublar - - FOTO/VİDEO
Bizi izləyin

1937

Onlar repressiya olunublar - - FOTO/VİDEO

1937-cı il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiyalara qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq.

Azərbaycan xalqının həqiqi faciəsinin başlanma tarixi. Sumbatovun, Gerasimovun, Qriqoryanın, Markaryanın, Borşovun və başqalarının əli ilə 70-80 min Azərbaycan ziyalısının - alim, yazıçı, müəllim, artist- ümumiyyətlə, bütün düşünən beyin sahibləri məhv edildilər.

Ölüm maşını bu dəfə fasiləsiz və dayanacaqsız işləyirdi. Təsadüfi deyil ki, məhkəmə zamanı hər bir xalq düşməninə yalnız 15 dəqiqə vaxt ayrılırdı. Bu, gündə 96 nəfərin, ayda 2880 nəfərin, bütovlükdə isə Azərbaycan xalqının qətli demək idi.

O illərdə məhv edilən insanların demək olar ki, hamısı vətənpərvər, öz xalqını, dövlətini sevən şəxslər idi. O dövrə aid sənədlərdə göstərilir ki, böyük şairimiz Əhməd Cavad qayınatasının köməyi ilə Azərbaycanı tərk edə bilərdi, amma o, bizi-doğma Azərbaycanı seçdi.

Həmin dövrdə Azərbaycanın görkəmli elm və mədəniyyət xadimləri- Hüseyn Cavid, Əhməd Cavad, Yusif Vəzir Çəmənzəminli, Mikayıl Müşfiq, Salman Mümtaz, Vəli Xuluflu, Bəkir Çobanzadə, Hənəfi Zeynallı, Abbas Mirzə Şərifzadə,Əmin Abid, Ömər Faiq Nemanzadə,Seyid Hüseyn, Umgülsüm Sadıqzadə, Sultanməcid Qənizadə, Aşıq Bilal və başqaları Stalin repressiyasının qurbanına çevrildilər.

Hüseyn Cavid

Sovetlər Birliyi dönəmində- totalitarizmin dəhşətli dövründə ağır işgəncələrə məruz qalmış Hüseyn Cavid sosializmin "uğurlarından" yazmağı özünə layiq görməmiş, Stalini və onun ətrafındakı "ağaları" mədh etməkdən qətiyyətlə boyun qaçırmışdır. Elə bu səbəbdən də bu böyük şəxsiyyət Sibir buzlaqlarına sürgün edilmiş, 1941-ci ildə İrkutsk vilayətində vəfat edib.

Əhməd Cavad

1937-ci ilin iyulunda Əhməd Cavad həbs edildi, həmin il oktyabrın 13-də isə güllələndi. Şairlə birlikdə onun həyat yoldaşı Şükriyyə Axundzadə də həbs edildi və uşaqlarından təcrid edilərək Qazaxıstana sürgün edildi.

Yusif Vəzir Çəmənzəminli

1940-cı ildə Urgəncdə həbs edilib Bakıya gətirilir. 6 ay Keşlə həbs düşərgəsində saxlanıldıqdan sonra, 1940-cı il iyulun 3-də Nijni Novqorod vilayətinin Suxobezvodnaya stansiyasındakı düşərgəyə göndərilir.

Yusif Vəzir 1943-cü il yanvar ayının 3-də həmin düşərgədə ürək tutmasından vəfat edir və səhəri gün Betluqa çayının sahilindəki qəbirstanlıqda dəfn olunur.

Mikayıl Müşfiq

M.Müşfiq 1938-ci il yanvarın 6-da güllələnərək repressiyanın qurbanına çevrildi.

Bəxtinə cəmi 29 il düşdü Müşfiqin...

Salman Mümtaz

1937-ci il 19 iyunda Salman Mümtazı "burjua-millətçi", "pantürkist" kimi əvvəlcə tutduğu vəzifələrdən azad edib ev dustağına çevirdilər. 1937-ci il 8 oktyabr tarixində isə Salman Mümtaz siyasi dustaq kimi həbs olundu.

1941-ci ilin 21 dekabrında SSRİ-nin paytaxtında siyasi dustaqlar haqqında ölüm hökmü verildi və Salman Mümtaz da bu hökmün qurbanı oldu.

Vəli Xuluflu

Vəli Xuluflu 28 yanvar 1937-ci ildə əks-inqilabi millətçi təşkilatın üzvü kimi həbs olundu və 13 oktyabr 1937-ci ildə güllələndi.

Bəkir Çobanzadə

Həddən artıq genişsahəli biliklərə sahib, həqiqətən də fantastik dərəcədə məhsuldar olan bu yaradıcı yolun qarşısı sərt bir məngənə, dəmir pərdə kimi 1937-ci ilin yanvar ayının 28-də alınır.

Həmin gün Kislovodskinin "Qornyak" sanatoriyasında xanımı ilə dincələn professor həbs edilib, Pyatiqorsk həbsxanasına, oradan da Azərbaycan SSR Daxili Işlər Xalq Komissarlığının təcridxanasına gətirilir.

Oktyabrın 12-də, təxminən, 15 dəqiqəlik məhkəmədən sonra ona ölüm hökmü kəsilirçıxarılır. 1938-ci il oktyabrın 13-də hökm icra olunur.

Bəkir Çobanzadənin dəfn yeri məlum deyil.

Hənəfi Zeynallı

Müəllim, ədəbiyyaşünas, Azərbaycan şifahi xalq ədəbiyyatının ilk tədqiqatçılarından biri olan Hənəfi Zeynallının güllələnməsi haqqında hökm 1937-ci il oktyabrın 13-də Bakıda icra olundu.

Abbas Mirzə Şərifzadə

1937-ci ildə dekabrın 4-də öz evində həbs olunub. Onu həbs edərkən evində ciddi axtarış aparılıb, bir teatr qılıncı, iki teatr tapançası müsadirə edilib.

O, ifşa olunmuş "xalq düşmənləri" ilə yaxınlığına, siyasi görüşlərinə dair bütün ittihamlara isə birmənalı şəkildə "yox" deyir. "Ümumiyyətlə, mən teatrdan başqa bir şey bilmirəm" deyən sənətkar artıq "ifşa edilmiş" H.Cavidin, M.Müşfiqin əsərlərini təbliğ etməkdə günahlandırılırdı.

1938-ci il oktyabrın 19-da Şərifzadə barəsində güllələnmə hökmü verilsə də, o, bu hökmdən təxminən bir ay sonra- noyabrın 16-da güllələnir.

Əmin Abid

Tənqidçi, ədəbiyyatşünas, görkəmli Azərbaycan ziyalısı Əmin Abid ilk dəfə 1929-cu ildə qara siyahıya düşdü və bundan sonra qara günlər onu qarabaqara izləməyə başladı, 1937-ci il repressiyası bu böyük şəxsiyyəti də xalqımızdan aldı.

Ömər Faiq Nemanzadə

Türk düşüncəsinə, maarifi, elmi təbliğinə və milli oyanış uğrundakı mübarizəsinə görə dövrün böyük ziyalısı Nemanzadə 1937-ci il oktyabrın 10-da repressiya gülləsinə tuş gəldi.

Seyid Hüseyn və Umgülsüm Sadıqzadə

1937-1938-ci illərdə repressiya dalğası bir ailənin 13 üzvünü öz qurbanına çevirdi. Seyid Hüseyn və həyat yoldaşı Umgülsüm 1937-ci ildə həbs olunaraq sürgünə göndərdildilər. 1938-ci ildə ağır işgəncələrdən sonra S.Hüseyn güllələndi, amma repressiya yenə də bitmədi...

Sultanməcid Qənizadə

Azərbaycan milli ideyasının formalaşmasında mühüm rol oynayan Sultanməcid Qənizadə islamı və türkçülüyü təbliğ etmə səbəbi ilə 1937-ci ildə repressiyaya məruz qalmış, xalqının elmli, savadlı bir gələcək qurması üçün öz həyatını heçə saymışdır.

Aşıq Bilal

Repressiya dalğası aşıq sənətindən də yan keçmədi. 1937-ci il iyulun 15-də "Qızıl Azərbaycan aşığı"- Aşıq Bilalı da apardılar. Mirzə Bilalın evini axtardılar, mal-qarasını, atını, ustadlardan topladığı şeirləri, dastanlardan ibarət arxivini, özünün yazdığı şeirləri, cürə sazını, bir sözlə, nəyi varsa alıb götürdülər.

Həbsxanada uzunmüddətli işgəncələrdən sonra saxta ittihamlara məcburiyyət qarşısında imza atan aşıq həmin il noyabrın 26-dan 27-ə keçən gecə erməni Q. B. Martirosovun qərarı və Sumbatovun göstərişi ilə 65 yaşında güllələndi.

Həmin gecə onunla birlikdə 50 nəfər güllələnmişdi.

Fəxrəndə Dəmirova

Publika.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm