Səhnədə də, həyatda da faciə qəhrəmanı - -FOTO
Bizi izləyin

1937

Səhnədə də, həyatda da faciə qəhrəmanı - -FOTO

1937-cı il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiyalara qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq.

Teatr! Bu, insan ağlının, düşüncəsinin, qabiliyyətinin elə bir bəhrəsidir ki, heç zaman dəbdən düşə bilməz. Dövrün, texniki tərəqqinin hansı dönəmindəsə zəifləyə, sola bilər, amma ölümsüzdür. Çünki bualəmin elə bir möcüzəsi var ki, daim pərəstişkarını cəzb etməkdədir. Əlbəttə, bu, başqa məsələdir ki, teatra teatrsevərlər gəlməlidir. Haqqında danışmaq istədiyimiz Abbas Mirzə Şərifzadə sənət üfüqündə parlayan elə istedadlı korifeydir ki, həmişəlik olaraq Azərbaycan teatr mədəniyyətinin şah sütunu sayılır.

Milli teatrımızın inkişafında misilsiz xidmətləri ilə seçilən Hüseyn Ərəblinski öldürüldükdən sonra (1919-cu il) Abbas Mirzə Şərifzadə Azərbaycan səhnəsinin birinci aktyoru kimi tanınaraq mədəniyyət tariximizə görkəmli sənətkar kimi daxil olmuş və şöhrət qazanmışdır. Abbas Mirzə elə istedada malik olub ki, onun aktyorluq palitrasında bütün rənglərin mövcudluğu və əfsunluğu diqqət çəkirmiş.

Şamaxıda müəllim ailəsində anadan olmuş Abbas Mirzənin atası Seyid Əzim Şirvaninin "Üsuli-cədid" məktəbində işləyirmiş. Mirzə Əbdülrəsulun müəllimliklə bərabər yaradıcılığa, teatra da böyük marağı varmış. Şamaxının məşhur şəbih ustalarından sayılan Mirzə Məmmədtağı da Abbas Mirzənin doğma əmisi idi. Onu bu sənətə həvəsləndirən də məhz əmisi olub. Hələ kiçik yaşlarında şəbih tamaşalarında oynadığı rollar böyük səhnəyə uzanan cığırın ilk "yolçusu" kimi Abbas Mirzənin həm yaddaşında dərin iz buraxıb, həm də həyat yolunu qəti müəyyənləşdirməkdə istiqamət verib. Sonra ailələri ilə birlikdə Bakıya köçən yeniyetmənin arzuları daha da çiçəklənməyə başlayıb. Uşaqlıqdan gələn "artistlik" həvəsi əsl məqsədə, mərama çevrilib. İlk dəfə səhnəyə çıxanda 15 yaşı olub. Molyerin "Zorən təbib" tamaşasında lal qız rolunda çıxışı ilə həmişəlik teatra bağlanıb.

Ötən əsrin əvvəllərində Azərbaycan teatrı çox mürəkkəb və ziddiyyətli bir şəraitdə təşəkkül tapırdı. O illərdə nəinki müsəlman qızların, hətta oğlanların da "aktyorluğa qurşanması" yaxşı qarşılanmırdı. Belə adamları ələ salır, məsxərəyə qoyur, hətta ölümlə hədələyir, qətlə yetirir, aradan götürürdülər. Bütün bunlara baxmayaraq, dövrün ziyalıları hiss edirdilər ki, ağır məngənələrdən, qadağalardan sıyrılıb çıxmaq üçün mütləq ölümlə də çarpışmaq, qalib gəlmək lazımdır. Belə də oldu. Azərbaycan teatrı üzləşdiyi bütün burulğanlardan qalib çıxaraq Yaxın Şərqdə qabaqcıl teatr kimi tanınmağa başladı. Bu prosesin ən fəal, mübariz, qorxmaz, qətiyyətli iştirakçılarından biri məhz Abbas Mirzə Şərifzadə idi. Teatr tariximizə aktyor kimi daxil olan Abbas Mirzənin çiyinlərinə düşən yük çox ağır idi. O, bir tərəfdən dram teatrının səhnəsində müxtəlif obrazlar yaradır, digər tərəfdən də kinoda, operada rejissorluq edirdi. İlk Azərbaycan kinorejissoru olaraq "Bismillah" (1925), "Hacı Qara" (1929), "Məhəbbət oyunu" (1934) filmlərini yaradıb. 1928-ci ildə Azərbaycan Dövlət Opera və Balet Teatrının baş rejissoru təyin olunan Abbas Mirzə Şərifzadənin bu sahədəki fəaliyyəti də çox uğurlu olub.

Təəssüf ki, aktyor taleyinin qəribəliyi indi bizə o böyük sənətkar haqqında mükəmməl fikir söyləməyə geniş imkan vermir. Çünki Abbas Mirzənin yaşadığı vaxt onun heç bir tamaşası lentə alınmayıb. Biz ancaq qüdrətli sənətkar haqqında yazılanları oxuyur, fotoşəkillərə baxaraq o dövrün ədəbi mühiti və aktyora verilən qiymətdən, bəslənilən hörmətdən xəbər tuta bilirik. Dahi Hüseyn Cavidə məxsus fikirdir: "Sənətkarın böyüklüyü yaşadığı mühitin mədəniyyəti ilə ölçülür". Bu hikmət sahibinin ürək çırpıntıları o dövrün səhnəsindən aydın məlumatlar verir: "...Abbas Mirzə Şərifzadənin özünəməxsus pək mümtaz bir zəkası və kəskin bir istedadı var. O istedad yalnız səhnə üfüqlərində parlar. Abbas Mirzə səhnə tarixində unudulmaz qəhrəmanlıqlar göstərdi".

Dünya mütəfəkkirlərinin, eləcə də Azərbaycan dramaturqlarının milli səhnəmizdə tamaşaya qoyulmuş əsərlərində baş rolların əsas yaradıcısı məhz Abbas Mirzə Şərifzadə olub. Şekspirin "Hamlet" faciəsindəki Hamlet rolunun da səhnəmizdə ilk ifası qüdrətli aktyorun adı ilə bağlıdır. Teatr tariximizi onsuz tədqiq etmək mümkün deyildir. Çünki bu tarixin tam bir qərinəsinin bütün uğurları Abbas Mirzə Şərifzadənin yaradıcılığına ünvanlanır.

Ötən əsrin 20-30-cu illərində Abbas Mirzə Şərifzadə Azərbaycan səhnəsində bir heyrət mücəssəməsi idi. Onun aktyorluq fəaliyyətinin 20 illiyi ilə əlaqədar ünvanına göndərilmiş təbrik teleqramlarını, ayrı-ayrı sənət adamlarının, həmkarlarının xatirə və rəylərini oxuduqca bir vətəndaş olaraq həm iftixar hissi keçirir, həm də təəssüflənirsən. Sevinirsən ona görə ki, aktyorluq fəaliyyətinə şəbihdən başlamış Abbas Mirzə, haqqında deyildiyi kimi, "Azərbaycan səhnəsinin altun tağı", "Avropa miqyasında bir aktyor", "mədəniyyətimizin fəxri" olub. Təbiət etibarilə üsyankar, mübariz, cəsur, zahiri görkəmi ilə seçilən Abbas Mirzə Şərifzadə yaratdığı rolun daxili həyəcanlarını tamaşaçıya çatdırmağı məharətlə bacarırdı. Eyni rolu səhnədə bir neçə aktyor yaradırdı. Amma Şərifzadənin ifası hamıdan fərqlənirdi. Bu səbəbdən də onun iştirak etdiyi tamaşalar hadisə sayılırdı.

Xalq artisti Barat Şəkinskayanın xatirələrindən: "Otello obrazının çox gözəl ifaçıları məlumdur. Lakin onun sevən qəlbini, şair varlığını, mən deyərdim ki, Abbas Mirzə qədər ehtiras və məhəbbətlə heç kəs yarada bilməyib, onunla oynadığım ilk tamaşadan mən Dezdemonanın həyatını, faciəsini yaşamışam".

Şərifzadə 1928-ci ildə əməkdar, 1936-cı ildə xalq artisti fəxri adına, eləcə də bir sıra dövlət mükafatlarına layiq görülüb. Bu sevincin üstünə xətt çəkən ağır kədər isə ondan ibarətdir ki, 1937-ci ildə Abbas Mirzə Şərifzadə həbs edilib. Əlbəttə, bu, qəribəlik yox, faciədir. Müşfiqləri, Cavidləri, Ülvi Rəcəbləri, Əhməd Cavadları aparanların növbəti hədəfi məhz Azərbaycan səhnəsinin korifeyi Abbas Mirzə Şərifzadə oldu. Abbas Mirzənin hansı şəkildə qətlə yetirildiyi uzun müddət qaranlıq qaldı. Ailəsinin çəkdiyi zillətin təsvirini vermək indi çox çətindir. Övladlarının uzun müddət göstərdikləri səylərin nəticəsində yalnız 1955-ci ildə məlum oldu ki, Abbas Mirzə Şərifzadə 1938-ci ildə güllələnib. Səhnədə faciə qəhrəmanlarının mahir ifaçısı Abbas Mirzə Şərifzadə heç vaxt ağlına gətirməzdi ki, yaratdığı obrazların taleyi onu da gözləyə bilərmiş. O, həyatda da faciə qəhrəmanına çevrildi. Taleyinə, həyatına vurulan zərbələrin ağrı-acısını çəkənlərdən birincisi ömür-gün dostu, səhnəmizin digər qüdrətli nümayəndəsi, xalq artisti Mərziyyə xanım Davudova oldu.

Həştərxanda anadan olmuş Mərziyyə Yusif qızı Davudovanı Azərbaycan səhnəsinə əslində unudulmaz Hüseyn Ərəblinski dəvət etmişdi. 1920-ci ildə Bakıya gələn və taleyini əbədi olaraq teatrabağlayan Mərziyyə Davudova Azərbaycan mədəniyyətinin inkişafında misilsiz xidmət göstərmişdir. Doğrudur, onun ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf-müqabili olmaq idi. Amma bu xoşbəxtlik ona qismət olmadı. Çünki o, Bakıya gələndə nadanlar qüdrətli aktyorun həyatına son qoymuşdular. Amma ikinci bir nəhəng aktyorla səhnədə üz-üzə dayanan Mərziyyə xanım sonralar həmin sənətkarın - Abbas Mirzə Şərifzadənin teatrda yalnız tərəf-müqabili deyil, həyatda da sevgili həmdəminə çevrildi.

Ötən əsrdə 20-ci ildən sonra Azərbaycan səhnəsində Fatma Muxtarova, Şövkət Məmmədova, Həqiqət Rzayeva, Sürəyya Qacar, Münəvvər Kələntərli... kimi aktrisalar çıxış edirdilər. Bu durna qatarının sırasına qoşulan Mərziyyə xanım Üzeyir Hacıbəyovun "Arşın mal alan" musiqili komediyasında əvvəlcə Gülçöhrə, sonra isə Cahan xala rollarında çıxış edib. Bununla da özünün aktrisa kimi nəyə qadirolduğunu təsdiqləyib. O, Hüseyn Cavidin "İblis" tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabili olub. Bununla da Mərziyyə Davudova səhnədə bir-birinə bənzəyən və bənzəməyən mürəkkəb, ziddiyyətli qadın obrazlarının, xüsusilə də qüdrətli xarakterlərin yaradıcısı kimi parıldayıb. Azərbaycan teatrının aktrisalarla bağlı yeni səhifəsinin yazılması şərafəti məhz Mərziyyə xanımın qismətinə düşdü.Onun haqqında yazılan xatirələrdən məlum olur ki, böyük dramaturq Cəfər Cabbarlının "Sevil" pyesi yalnız səhnədə deyil, həyatda da yüksək əks-sədaya səbəb olmuşdu. Mərziyyə xanımın ustalıqla canverdiyi Sevil obrazı o qədər parlaq, təsirli alınıbmış ki, tamaşa salonundakı qadınlar öz çadralarını elə oradaca atırmışlar. Mərziyyə xanım əslində qaranlıq bir mühitdə qəfildən parlaq bir ulduz kimidoğmuşdu. Cəfər Cabbarlı yazırdı: "Mərziyyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

Mərziyyə xanımın teatra gəlişi ilə çox şey dəyişdi. Bu aktrisa səhnədə yalnız Azərbaycan qadını surətlərini deyil, Qərb teatrından gələn Dezdemonalar, Amalyalar, Ofelyalar, Violalar... kimi neçə-neçə mürəkkəb obraz yaratdı. Onun obraza girmək məharəti o qədər güclü idi ki, heç bir mübaliğə olmadan bu qüdrətinə görə Hüseyn Ərəblinski, Abbas Mirzə kimi aktyorlarla bir sırada fəxarətlə dayanırdı. Mərziyyə xanım Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Ənvər Məmmədxanlı kimi Azərbaycan dramaturqlarının əsərləri ilə yanaşı, rus və Qərbi Avropa ədiblərinin də tamaşalarında bir-birindən fərqli və mürəkkəb qadın obrazları yaratmışdır.

Mərziyyə xanım Davudovaya da xalq artisi fəxri adını 1936-cı ildə vermişdilər. Buna baxmayaraq, 1937-ci ildə Ülvi Rəcəbi, Abbas Mirzəni "xalq düşməni" elan edənlər aktrisanı da çək-çevirə salmaqla, istintaqa aparıb gətirməklə qəlbini didib-parçalayırdılar. O illərin əzab-əziyyətini, xofunu Mərziyyə xanım ömrünün sonuna kimi qəlbində yaşatdı. Bu repressiyalar onu çox incitsə də, dərdlərini gizlətməyi, səhnədə həmişəki qüdrətini, həyatda isə qürurunu, məğrurluğunu saxlamağı bacardı. O, 61 yaşında dünyasını dəyişəndə çox şeydən narahat getsə də, bir məsələdə ürəyi arxayın idi. Çünki böyükməhəbbətin nişanəsi olan qızı Firəngiz Şərifova onların yolunu çox ləyaqətlə davam etdirirdi.

Düşmənləri bunun fərqinə varmasa da, yaxın adamlar, dostlar sevinirdilər ki, səhnədə yeni parlaq ulduza dönən Firəngiz Şərifova təkcə öz ömrünü yaşamır. Onun bütün aktrisalıq fəaliyyətindən AbbasMirzə Şərifzadənin və Mərziyyə xanım Davudovanın arzuları boylanırdı. Firəngiz 10-12 yaşından atasının dərdini içinə çəkərək yaşadı. Özünü sənətə bağladı, səhnəyə həsr etdi. Axı o, adi aktrisa deyil, ikikorifeyin yadigarı idi. Məhz bu məsuliyyəti nəticəsində də Firəngiz Şərifova Azərbaycan səhnəsinin görkəmli nümayəndələrindən birinə çevrildi. Tamaşaçı sevgisi qazanmış xalq artisti, Prezident təqaüdçüsü Firəngiz xanım Şərifovanın səsində, nəfəsində qəribə bir cazibə var. O danışanda qulaq asasan. Özünəməxsus təbəssümlə, qəribə ifadələrlə elə şirin müsahibə çevrilir ki, bəzən keçmişə qanadlanırsan. Elə bilötən əsrin 20-30-cu illərində yaşamış bir zadəgan xanımın çıxışını dinləyirsən. Danışıqda, jestdə, sözdə, söhbətdə nə qədər cazibədarlıq göstərmək mümkünmüş.

Elə bil bütün bunlar dünən olub. Mərziyyə xanım balaca Firəngizin əlindən tutaraq konservatoriyaya - Üzeyir Hacıbəylinin yanına gəlib. İlk sualı da belə olub: "Üzeyir bəy, Firəngiz bizim davamçımız ola bilərmi? Bəlkə bir qulaq asasınız?" Dahi bəstəkar əvvəlcədən qətiyyətlə bildirib ki, Abbas Mirzənin yadigarı mütləq onun davamçısı olmalıdır. Böyük bəstəkar bu fikirlərində yanılmayıb. Firəngiz Şərifova dövlət konservatoriyasında təhsil aldığı illərdə həmişə səhnə haqqında düşünüb, atasının, anasının yolunu davam etdirmək istəyi bütün hisslərinə hakim kəsilib. İlk professional fəaliyyətə Musiqili Komediya Teatrında başlayıb. Müxtəlif tamaşalarda bitkinliyi, məzmunu ilə seçilən müxtəlif obrazlar yaradıb. 1949-cu ildə Dövlət Musiqili Komediya Teatrı müvəqqəti bağlandıqdan sonra Firəngiz Şərifova öz yaradıcılıq yolunu Gənc Tamaşaçılar Teatrında davam etdirib. Firəngiz xanımın bu teatra gəlişi böyük maraqla qarşılanıb. İlk rolu da Cəfər Cabbarlının "Yaşar" pyesindəki Yaqut obrazı olub. Sonralar Mehdi Hüseynin, Yusif Əzimzadənin, Çingiz Aytmatovun, Qoqolun, Şekspirin, Löpe de Veqanın, Şillerin və başqalarının əsərlərində bitkin xarakterlər ustası kimi məşhurlaşıb.

Ömrünün yarım əsrdən çoxunu Gənc Tamaşaçılar Teatrına həsr edən Firəngiz Şərifova zəngin yaradıcılıq yolu keçərək, sözün əsl mənasında sənət məktəbi yaradıb. Həyatın müxtəlif sınaqlarına məruz qalan, uzun illər atasının müəmmalı "yoxa çıxması" ilə əlaqədar müxtəlif idarə və təşkilatlara müraciətlər edən, keçmiş Sovetlər birliyində həqiqətlərin müdafiəsi mümkün olmadıqda onu ürəyində ağır dərdə çevirərək gizlətməyi bacaran Firəngiz Şərifova bütün bu olacaqların acığına mərd və mərdanə yaşadı. Bu səbəbdən də başını həmişə dik tutdu, Şərifzadələr ocağının ləyaqətli davamçısı kimi yaşayıb-yaratdı. Firəngiz xanımın Gənc Tamaşaçılar Teatrının səhnəsində təqdim etdiyi ana obrazları xüsusilə seçilir. Onun səsinin ahəngindəki istilik, mehribanlıq hər bir tamaşaçıya doğma və əzizdir. Səhnədə doğulmuş aktrisa teatra həmişə müqəddəs məbəd kimi baxıb. Bu səbəbdən də onun təqdim etdiyi obrazlar təbii və səmimiliyi ilə seçilərək yaddaşlarda dərin iz salıb. İllər özü də təsdiqlədi ki, Şərifzadələr həqiqətən, Azərbaycan teatr mədəniyyətinin şah sütunlarıdır. Zamanın heç bir qovğası, vəlvələsi bu əzəmətli sütunun bir kərpicinə də toxuna bilmədi.

Flora XƏLİLZADƏ

Oxumağa davam et
Reklam
Reklam

Gündəm