Turanın böyük fədaisi – Əhməd Cavad - -FOTO\VİDEO
Bizi izləyin

1937

Turanın böyük fədaisi – Əhməd Cavad - -FOTO\VİDEO

1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiya qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq.

1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiya qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq.

Soranlara ben bu yurdun, anlatayım nəsiyəm:

Ben çeynən bir ölkənin “Həqq” bağıran səsiyəm.

Haqq deyib haray salan bu səs uzun illər boyu susduruldu. Amma susdurulsa da, öz haqq sözünü yeri düşən kimi xalqına çatdıra bilirdi. Ölkəsini düçar olduğu bəladan qurtarmaq üçün əlindən gələni əsirgəmirdi. Altınlar yurdudur Azərbaycan deyirdi və o altınların ən qiymətlisi elə özü idi. Söhbət işıqlı, nurlu şeirləri sayəsində həyatı qara dastana çevrilən Əhməd Cavaddan gedir.

Əhməd Cavadın dediyi hər sözdə bir məxfi məna, yazdığı hər sətirdə bir gizli rəmz axtarırdılar. Mircəfər Bağırov onu tez-tez Mərkəzi Komitəyə çağırıb, söhbət edərdi. Əhməd Cavad həmişə deyirdi: “Axı mən hökumətə nə edə bilərəm? Silahım yox, qoşunum yox. Bir dənə qələmim var, onu da istədiyim kimi yazmağa qoymurlar”. Təbii ki, o dövrün Mircəfər Bağırovları bilirdi ki, Əhməd Cavad bir qoşunun silahına bərabər qələmin sahibidir. Elə ona görə də bu dahi şair repressiyanın ilk qurbanlarından biri oldu.

Himnimizin sözlərini yazan Əhməd Cavad (Cavad Məmmədli oğlu Axundzadə 1892-1937) Şəmkir rayonunun Seyfəli kəndində anadan olub. Kənd məktəbini bitirdikdən sonra təhsilini Gəncədə müsəlman ruhani seminariyasında davam etdirib, burada rus, ərəb, fars dillərini mükəmməl öyrənib, Hüseyn Cavid və Abdulla Surun tələbəsi olub. 1920-1922 Azərbaycan ali pedaqoji institutunun tarix və filologiya fakültəsində (1922-1927) təhsil alıb. Ə.Cavad Quba Xalq Maarif şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri (1930-1933), Azərbaycan Dövlət Nəşriyyatının tərcümə şöbəsində redaktor (1934), “Azərbaycanfilm” studiyasında sənədli filmlər şöbəsinin müdiri (1935-1936) işləyib.1910-cu ildən başlayaraq lirik şeirlər və tənqidi məqalələrlə müxtəlif qəzet və jurnallarda iştirak edib.

Cümhuriyyət deyilən zaman hamıdan əvvəl Əhməd Cavad yada düşür. Üçrəngli poeziya bədii yaddaşa ilk öncə məhz onun qələmi ilə həkk olunub. Milli oyanış, xalq hərəkatı, türk xalqlarının birliyinə çağırış, xalqın yaddaşına qayıdış kimi duyğular Əhməd Cavad şeirlərinin ruhuna hopub. Şairin yaradıcılığında Azərbaycan, Qafqaz, Turan, Türk dünyası obrazı qabarıq verilib. Əhməd Cavad 1920-ci ildə Azərbaycan parlamentinin üzərindən çıxardığı və güllələrdən dəlik deşik olmuş üç rəngli bayrağımızı 1937-ci ilə yəni qətlə yetirildiyi günə qədər qoruyub saxlaya bilmişdi.

Əhməd Cavad yaradıcılığı

Yaradıcılığa lirik şeirlə başlayan Ə. Cavadın 1916-cı ildə “Qoşma” adlı ilk kitabı çapdan çıxıb. Onun məşhur “İstiqlal uğrunda şeirlər” kitabı isə 1928-ci ildə İstanbulda çap olunub. Əsrin əvvəllərində Türkiyənin düşdüyü ağır vəziyyət Əhməd Cavadı ciddi narahat edib və o, Abdulla Şaiqlə birlikdə könüllü əsgər kimi İstanbulda qurulan “Qafqaz könüllü hissəsi” sıralarına qatılıb. Azərbaycan Cümhuriyyətinin qurulmasını sevinclə qarşılayan Ə.Cavad gecə-gündüz çalışıb, əməli işi, bədii yaradıcılığı ilə xalqının xoşbəxtliyi, azadlığı üçün əlindən gələni əsirgəməyib.

Şairin poetik əsərləri zərif lirik-romantik üslubu, dil təravəti, realist və demokratik məzmunu, sadəliyi və xəlqiliyi ilə seçilir. Milli tarix, fəlsəfə və mənəviyyatla bağlı elə bir motiv yox idi ki, Əhməd Cavad ona toxunmamış olsun. Təkcə üçrəngli bayrağa aid altı nəğmə yazıb, “Dilimiz” şeirini qələmə alıb, əlifbaya poeziya həsr edib. C.Cabbarlı ilə birgə latın əlifbasını müdafiə edən iki ziyalıdan biri olub. Türklərlə Balkan hərbində iştirak edib. Birinci Dünya Müharibəsində şərq cəbhəsində ermənilərə qarşı vuruşub.

Əhməd Cavad öz poeziyasında hər şeydən əvvəl azadlığı, Vətən şərəfini tərənnüm edir. Göygölə, Qara dənizə, dəli Kürə, milli bayrağa ən gözəl şeirləri o dövrdə Ə. Cavad yazmışdır. “Azərbaycana” şeirində Vətənə həsrəti, nisgili əks olunub:

Azərbaycana

Coşmuşdu ürəyim, şişmişdi başım,

Zülmkar olmusan, axıdıb yaşım!

Ey gözəl Vətənim, ey dağım-daşım,

Bir sazım olsaydı söylərdim sana!

Nə gücdür ayrılıq, doymamış yardan,

Artırdı dərdimi hər keçən karvan!

Duysaydım səsini bir yanıq tardan

Bilməzsin nə söylər, neylərdim sana!

Turanın böyük fədaisi

Milli dövlətçiliyimizin yaranmasında xüsusi roıu olan Əhməd Cavad sözün həqiqi mənasında bir Turan fədaisidi. Bu gün hamımızın qürurla və eyni zamanda boğula-boğula dinlədiyi “Çırpınırdı Qara dəniz” türküsünü dinlərfən hər kəs üçün Əhməd Cavad ruhu və Əhməd Cavad sevdası özü-özünə aydın olur.

1914-cü ildə Əhməd Cavad bu gün dillər əzbəri olan “Çırpınırdı Qara dəniz” şeririn yazır. 1918-ci ildə Üzeyir Hacıbəyov bu şeirə musiqi bəstələyir. Bu gün belə və 100 illər sonra da bu türkü hər kəsin içindəki milli ruhun ağrısını, və həsrətini ifadə etməkdə davam edəcək.

Çırpınırdı Qara dəniz

Çırpınırdı Qara dəniz

Baxıb Türkün bayrağına!

“Ah!... ” deyərdim, heç ölməzdim

Düşə bilsəm ayağına.

Ayrı düşmüş dost elindən,

İllər var ki,çarpar sinən!..

Vəfalıdır gəldi,gedən,

Yol ver Türkün bayrağına!

İncilər tök,gəl yoluna,

Sırmalar səp sağ,soluna!

Fırtınalar dursun yana,

Salam Türkün bayrağına!

Şairin yaradıcılıq və şəxsi həyatındakı problemləri bolşeviklər hakimiyyətə gəldikdən sonra başlayır. Azərbaycanda sovet höküməti qurulduqdan sonra keçmiş “musavatçı” olduğuna görə onu həbs edirlər. Mətbuat səhifələrindən, qurultaylarından hər yerdən uzaqlaşdırılır və qovulur. Əsərlərini nəşr etmirlər, nəşr olunanları isə toplayırlar. Bütün bunlara baxmayaraq onun yazdığı parçalar əldən-ələ gəzərək gənc kommunistlər arasında belə yayılır. Gənc bolşevik şairlər öz yazdıqları şerlərini Cavadın tənqid və təqdirinı ərz edəcək dərəcədə onun təsirinə düşürlər.

Proletar yazıçılar təşkilatı tərəfindən kəskin tənqid edilən Əhməd Cavadın demək olar ki, yerdə qalan bütün həyatı mənəvi terror içində keçib. Ona qarşı olan təqiblərdən və mənəvi terrordan yayınmaq üçün şair sosialist realizmi çərçivəsində şerlər yazmağa məcbur olub. Onun “İşçi”, “Kür”, “Pambıq” və s. şeirləri buna görə yaradılıb. Halbuki Azərbaycanın Əhməd Cavad milli ruhunun döyünən ürəklərindən biriydi.

Bolşevik-proletar yazıçılar kimi yazsa da bolşeviklər onun səmimiyyətinə inanmadılar. Azərbaycan xalqının cəlladlarından biri olan Mircəfər Bağırov öz məhkəməsində Əhməd Cavadın işgəncələrə tab gətirməyib öldüyünü bildirmişdi. Sözdən başqa bir silahı olmayan və faktiki olaraq sovet-bolşevik hakimiyyətinə qarşı heç bir əks fəaliyyət göstərməyən yaşlı bir şəxsə qarşı vəhşicəsinə işgəncə tətbiq etmək əslində heç bir məntiqə sığmırdı. Amma bolşeviklərin məntiqi heç bir zaman insani dəyərlərlə də üst-üstə düşmürdü.

Şairin tərcümə fəaliyyəti

Əhməd Cavad Azərbaycan ədəbiyyatı tarixinə həm də görkəmli tərcüməçi kimi də daxil olub. O, Şekspirin “Otello” pyesini, A.S.Puşkinin “Kapitan qızı”, “Tunc atlı”, F.Berezovskinin “Ana”, M.Qorkinin “Mən necə oxumuşam”, “Çocuqluq”, T.Şevçenkonun “Kobraz”, Fransua Rablenin “Qarqantua və Pantaqruel” əsərlərinin bədii tərcüməsinin müəllifidir. Cavad bir aralıq gürcü şairi Şota Rustavellinin “Pələng dərisi geymiş pəhləvan” adlı mənzumısini şerlə türkcəyə tərcümə etdiribdilərsə də , sonralar onu tamamiylə inkar etmiş,tərcümısinidə aradan götürübdülər.

Bir şeirin tarixşəsi

1936-cı ildə repressiyaların çağlayan vaxtlarında Əhməd Cavad vaxtilə Gəncədə Kənd Təsərrüfatı İnstitutunda bir yerdə işlədiyi müəllim yoldaşıyla şəhər bağında gəzişirmiş. Oradan-burdan danışandan sonra şair yoldaşından bir xahiş edir. Deyir ki, indi sənə bir şeir verəcəm, onu oxu, əzbərlə və cır. Zamanı gələndə üzə çıxar. Müəllim şairin sözlərinə əməl edir. Şeiri əzbərləyir, kağızı cırır. 1937-ci ildə Əhməd Cavadı tuturlar. Və bir müddət sonra 15-20 dəqiqə sürən “məhkəmə”ylə güllələnir.

Şairin müəllim yoldaşı uzun bir ömür yaşayır. Şeir də heç kəsə söylənmədən onun yaddaşında qalır. Ta 1988-ci ilə kimi. Ölümünə bir az qalmış müəllim oğlunu yanına çağırır və şeiri öz oğluna əzbərlədir. Hələ Sovetlər dağılmayıb. Odur ki, ata oğluna şeiri yaddaşında saxlamağı xahiş edir. “Susmaram!!!” bu dəfə oğulun hafizəsinə köçür .

90-cı illərdə təhlükənin sovuşduğunu görən oğul – Fazil Məmmədov şeiri yaddaşından dilinə ötürüb, ara-sıra məclislərdə səsləndirir. Nəhayət, bir xeyirxah təşəbbüslə şeir 2004-cü ildə “Gəncəbasar” qəzetində çap olunur. 68 ildən sonra üzə çıxan şeir budur:

Susmaram!!!

Mən bir qulam, yük altında

əzilmişəm, qardaşım,

Sevinc bilməz bir məhkumam,

ahu-zardır sirdaşım...

Damğa vurub, zəncirləyib

tullamışlar zindana,

Qarlı-buzlu cəhənnəmlər

məskən olmuşdur mana...

Mənə «dinmə, sus!» - deyirsən,

nə vaxtacan susacam?

Böhranların, hicranların

məhbəsində qalacam?!

Əhməd cavadın əbədi sevgisi Şükriyyə xanım

Şükriyyə Əhməd Cavad şəxsiyyətinin daha bir parlaq tərəfi idi. Çünki Əhməd Cavad şəxsiyyətinin formalaşmasında həyat yoldaşı Şükriyyə xanım da əsas amillərdən olub. Şükriyyə xanım Gürcütsanın Batumi şəhərində anadan olub. Orada Qızlar Gimnaziyasında oxuyanda da Əhməd Cavadla tanış olub. Yəni 1914-cü ildə Birinci Dünya Müharibəsinin başlanması Rusiya ilə müharibə zamanı Sarqamış faciəsi, rus qoşunlarının Ərzrumu işğal etməsi, Qars və Batumda erməni və ruslar tərəfindən türklərə qarşı törədilən qırğınları ürək ağrısı ilə izləyən Əhməd Cavad qan qardaşlarımıza yardım göstərmək üçün xeyriyyəçilik fəaliyyətinə başladı. Vəziyyətlə daha yaxından tanış olmaq üçün Batumiyə gedən Əhməd Cavadın o ağrılı günlərdən tək sevinci tapdığ əbədi sevgisi Şükriyyəsi idi. Hətta o sevdiyi qadını hər gün görsün deyə Şükriyyəgilə üzbəüz ev tutub orada yaşayırdı. Şükriyyə xanım türk əsilli acar Süleyman bəy Bejanoğlunun qızı idi. Çox sərt və zəhimli kişi olan Süleyman bəy dostları ilə onlara elçi gələn Əhməd Cavadın təklifin rədd edir və deyir ki: “Cavadı tanıyıram, gözəl şairdir, amma mən qızılbaşa qız vermərəm! ”.

Pərt halda evdən çıxan Əhməd Cavad isə gələcək qayınatasına “Verməzsən qaçırdaram...” deyir və elə də edir. Şükriyyə xaım Əhməd Cavadla Bakıya gəlir və evlənirlər. İlk övladları olandan sonra da Batumiyə qayıdım Şükriyyə xanımın ailəsi ilə barışırlar. Sevginin heç bir zaman sonu olmaz. Bitən sevgilər yoxdur, bitmiş kimi görünən sevgilər vardır. Şükriyyə sevgisi də məhz bu cür sevgilərdən idi. Türk-acar gözəli şairin ilham mənbəyi idi. Ona yazdığı bir sıra şeirlər, eləcə də “Şükriyyənamə” indi də dillər əzbəridir.

Əhməd Cavad türkün başında qatılaşan dini, milli, qövmi genosidə qarşı duranlardan biri olub. Elə buna görə də həmişə təqib edilib, “xalq düşməni” adlanıb. Üç dəfə həbs olunub, həyat yoldaşı sürgünə, üç oğlu koloniyaya göndərilib.

Əhməd Cavadı üçüncü dəfə həbs edəndə həyat yoldaşı Şükriyyə xanımı çağırırlar və deyrilər ki, ərizə yaz Əhməd Cavaddan imtina et. Şükriyyə xanim bu zaman deyir ki: “Mən atamdan-anamdan Əhməd Cavada görə imtina etmişəm. İndi də deyirsiniz öz uşaqlarıma görə ondan imtina edim? Mənim imtina məktubum sizin vuracağınız güllələrdən ağır olacaq ona”.

Əhməd Cavad həyatının sonu

Əhməd Cavad 1937-cü ili iyunun 4-də Mikayıl Müsfiq, Hüseyn Cavid, və Vəli Xuluflu ilə eyni vaxtda həbsə alındı. Məhkəmə oktyabrın 12-də başladı və cəmi 15 dəqiqə çəkdi. Elə həmin gecə də Əhməd Cavadı gülələdilər. Sonralar 1956-ci ildə Mircəfər Bağırovun məhkməsi zamanı deyilənlərə görə şair ona verilən işgəncələr nəticəsində həlak olub və heç gülələnməyə qədər sağ qalmayıb.

Əhməd Cavad 1920-ci ildə Azərbaycan parlamentinin üzərindən çıxardığı və güllələrdən dəlik deşik olmuş üç rəngli bayrağımızı 1937-ci ilə yəni qətlə yetirildiyi günə qədər qoruyub saxlaya bilmişdi.

Ruhun şad olsun istiqlal şairi.

Nərminə UMUDLU

Oxumağa davam et
Reklam
Reklam

Gündəm