Xalqı sevən “xalq düşməni”
Bizi izləyin

1937

Xalqı sevən “xalq düşməni”

1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiya qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq.

1937-ci il Azərbaycanda repressiyaların tüğyan etdiyi tarixdi. Bu il həmin hadisələrin 80-ci ildönümüdür. Publika.az "1937" layihəsində repressiya qurbanlarını anaraq onların ömür yoluna yeni işıq salmağa çalışacaq.

Böyük ziyalı Vəli Xuluflu

Azərbaycanın mədəniyyət tarixində özünəməxsus yeri olan görkəmli ədəbiyyatşünas və publisist, dilçi və folklorşünas repressiya qurbanı Vəli Xuluflu cəmi 43 illik bir ömür yaşayıb. Ancaq bu qısa ömürdə çox böyük işlər görüb, tarix, dilçilik və ədəbiyyatşünaslıqla bağlı 10 kitab (1925-1932 illər arasında) yadigar qoyub.

Vəli Xuluflu 1894-cü il may ayının 26-da Şəmkir rayonunun Xuluf kəndində (bu qədim kənd Şəmkir SES dəryaçasının altında qalıb) anadan olub. Ibtidai təhsilini 1905-1907-ci illərdə mollaxanada alan Vəli Xuluflu sonra “Mədrəseyi-ruhaniyyə” məktəbində oxuyub. 1912-ci ildə mədrəsəni müvəffəqiyyətlə bitirib, 1913-cü ildə həmin məktəbdə müəllim kimi fəaliyyətə başlayıb. 1917-ci ildə Gəncədə Müəllimlər Institutunu bitirib, müəllimlik edib, 1920-1922-ci illərdə Gəncə quberniyasında Qəza Partiya Komitəsinin katibi vəzifəsində işləyib.

1921-ci ildə partiya sıralarında “təmizləmə işləri” ilə əlaqədar Sov.IKP üzvlüyündən çıxarılıb. 1922-1927-ci illərdə ADU-nun Şərqşünaslıq fakültəsində təhsilini davam etdirib. Eyni zamanda, Yeni Türk (Azərbaycan) əlifbası komitəsində təlimatçı işləyib və paralel olaraq “Bakı fəhləsi” kooperativ nəşriyyatı və “Azərnəşr”in bədii-ədəbiyyat şöbəsi ilə əməkdaşlıq edib. 1927-ci ildə yenidən partiya üzvlüyünə bərpa edilib.

1929-1932-ci illərdə Azərbaycan Dövlət Elmi Tədqiqat Institutunda elmi katib vəzifəsində çalışıb, institutun yenidən təşkili zamanı isə Dil-Ədəbiyyat və Incəsənət Institutuna direktor təyin edilib.
Vəli Xuluflu şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və nəşrinə xüsusi qayğı göstərib. Işlədiyi Dil Ədəbiyyat və Incəsənət Institutu ləğv edildikdən sonra, 1933-cü ildə bir müddət Mərkəzi Arxiv Idarəsinin müdiri, Dövlət Elmi Şurasının sədr müavini vəzifələrində çalışıb. 1933-cü ildən SSRI EA-nın Azərbaycan şöbəsinin mütəxəssisi olub. 1936-cı ildən SSRI EA Azərbaycan filialının Tarix Institutunun direktor müavini və digər vəzifələrdə çalışıb.

Vəli Xuluflu Azərbaycanda yeni əlifba ideyasının qızğın tərəfdarlarından olub. Alimin ideya silahdaşı Xalid Səid Xocayevin yazdığına görə, o, yeni türk əlifbasına keçmək işinə lap əvvəldən əməli işi ilə yardım edib. 1920-30-cu illərdə Azərbaycanın elmi və mədəni həyatında çox böyük rol oynayıb. Rəsmi sənədlərdə tarixçi kimi tanıdılsa da, onun dilçiliyə və ədəbiyyatşünaslığa aid əsərləri heç də tarixə həsr edilmiş əsərlərindən az deyil. Məsələn, 1925-ci ildə yazmış olduğu “Yeni türk əlifbası ilə yazı qaydaları” adlı kitabçasında o, savadlı bir dilçi alim kimi diqqəti cəlb edir.
O, bütün fəaliyyəti boyu harada işləməsindən asılı olmayaraq ömrünü Azərbaycan xalqının mədəni həyatının yüksəlişinə, savadlanmasına, maariflənməsinə həsr edib. Həmin ağır dövrdə çətinliklə də olsa bir çox kitablar nəşr etdirib: “Yeni türk əlifbası ilə yazı qaydaları” (1925), “Yeni türk əlifbası ilə yazı qaydaları” (1926-cı il, II nəşri), “Koroğlu” (1927), “Koroğlu” (1929-cu il, II nəşri), “Imla lüğəti” (1929), “Tapmacalar” (1929), “Panislamizm, imperializm və ruhaniyyət” (1929), “Din və qadın” (1930), “Din və mədəni inqilab” (1930), “Səlcuq dövlətinin tarixi quruluşuna dair” (1930), “Məhərrəmlik münasibətilə” (1932)… O, eyni zamanda yüzlərcə qəzet və jurnal məqaləsinin müəllifidir.

Vəli Xuluflu aşıq yaradıcılığını çox sevirdi. Ədibin toplayıb nəşr etdirdiyi “Koroğlu” dastanında da qəhrəmanın aşıqlığına xitabən yazırdı ki, aşıq yaradıcılığı, elin ruhudur, o lazım olanda qılıncdan da kəsərlidir.

37-ci il repressiyaları yüzlərlə azərbaycanlı ziyalı kimi Vəli Xulufludan da yan keçmədi.

Xalqı sevən “xalq düşməni”

Məlum olduğu kimi, Birinci Ümumittifaq Türkoloji Qurultayında məruzəçi olmuş və hətta kiçik bir məlumatla çıxış etmiş türkoloqların hamısı qara siyahıya salınaraq məhv edilib. Bunun üçün bəhanə tapmaq o qədər də çətin deyildi. Vəli Xuluflu 1928-ci ildə Mirzə Fətəli Axundovun vəfatının 50 illiyi münasibətilə Azərbaycan tapmacalarını toplayıb nəşr etdirmişdi. Bəlkə də əsrlərlə xalq arasında dolaşan tapmacalardan sətiraltı məna tapan DTK əməkdaşları alimə qarşı bir vasitə kimi istifadə etmişdilər. Məsələn, cavabını, açmasını uşaqların da əzbər bildiyi bir tapmaca: “Hamını bəzər, özü lüt gəzər”. Bu tapmacada sətiraltı məna tapan müstəntiq: “Siz bununla düşmənin dəyirmanına su tökürsüz, yəni sovet adamları hamını geyindirir, özü lüt gəzir…” deyə ona irad tutmuşdu.

Belə bir arayış tərtib edildi: “Xuluflu Vəli Məmmədsöyün oğlu (Məmmədhüseyn əvəzinə) əksinqilabçı, millətçi təşkilatın üzvüdür. Buna əsaslanaraq, Vəli Xuluflunun həbs edilməsini zəruri hesab edirik”.

Cinayət işinin üstündə isə ittiham 73, 64, 69, 17, 70 maddələri ilə göstərilir. Bu qərarı 28.1. 1937-ci ildə AXDIK idarə rəisi 3-cü dərəcəli komissar Sumbatov təsdiq edib. Sumbatovun təsdiqi ilə Vəli Xuluflunun həbsinə qərar verilir. Həbs qərarını üçüncü şöbənin rəisi, dövlət təhlükəsizlik leytenantı Qalstyan qəbul edir; Qərara alıram: “Vətəndaş Xuluflu Vəli Məmmədsöyün oğlu Azərbaycan SSR SM-in 73, 64, 69, 17, 70-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilsin” (27.1 1937). Həbsdən bir gün əvvəl isə alimin evində axtarış aparılır.
Axtarış zamanı guya onun evindən müxtəlif kitablar (Buxarinin, Kamenevin, Trotskinin, Zinovyevin), şəkil və məktublar götürülüb. 29 yanvar 1937-ci ildə alimi dindirməyə başlayırlar.

Nəhayət, 1937-c il oktyabr ayının 5-də Vəli Xulufluya ittiham elan edilir və ona qarşı irəli sürülən ittiham 6 maddədən ibarət olur.
Qondarma dəlillərlə alimin həyatına son qoymağa çalışırdılar. 1937-ci il oktyabrın 11-də sədr I.O.Matuleviç (hərbi hüquqşünas), üzvlər I.M.Zaryanov və Y.K.Yiqur (hüquqşünaslar), katib

Kostyuşenko (hərbi hüquqşünas) və SSRI Baş Prokurorluğunun baş köməkçisi R.S.Rozovskinin iştirakı ilə iclas keçirildi.
Bu iclasın qərarını həmin gün müttəhimə vermişdilər: Qərarda deyilirdi ki, iş məhkəməyə göndərilsin, işə şahidsiz, prokurorsuz və vəkilsiz baxılsın.
Ertəsi gün oktyabrın 12-də saat 18:00-da “məhkəmə” başlayır və 18:20-də sona çatır.
Məhkəmə qərara alır: “Vəli Məmmədsöyün oğlu Xuluflu ən yüksək cəzaya – güllələnməyə məhkum edilsin”.
Səhərisi gün, yəni oktyabrın 13-də (1937) alimi güllələyirlər.

Onu Bağırov özü güllələyib

Onun ölümündən sonra ailəsini də dinc buraxmadılar. Ailəsi əvvəlcə evlərindən çıxarılıb, kiçik zirzəmilərdən birinə köçürüldü. Ataları aparılan gündən Sündüzlə Çingiz hər gün məktəbdən gözüyaşlı gəlirdilər. Analarına müəllimlərinin üzünün dönməsindən, onların qiymətlərini aşağı salmasından şikayətlənirdilər. 1938-ci ilin yazında Fatma xanım “xalq düşməni”nin həyat yoldaşı kimi həbs edilib sürgünə göndərildi. Uşaqları anasının ümidinə qaldı. O, Qorki adına kitabxanada xadimə işləyib nəvələrini saxladı. Sündüzgil analarının üzünü bir də 1946-cı ildə o, sürgündən qayıtdıqdan sonra gördülər. Fatma xanım sürgündən xəstə qayıtmışdı. Əri barədə isə 1955-ci ilədək heç bir məlumat ala bilmədilər. Ancaq onun dönəcəyindən gümanlarını çoxdan kəsmişdilər. Çünki bilirdilər ki, qayıdası olsaydı, indiyədək hökmən məktubu gələrdi.

Vəli Xuluflunun qətlə yetirilməsi ilk dəfə Mircəfər Bağırovun məhkəməsində təsdiq olundu. Məhkəmədə iştirak edən yaxın qohumları Sündüzgilə bəd xəbər gətirdilər: “Bağırov etiraf etdi ki, Vəli Xuluflunu istintaq zamanı özüm güllələdim. O boynuna aldı ki, həbs olunan bir neçə nəfərin, eləcə də Xuluflunun dindirmələrində dəfələrlə şəxsən iştirak edib. Professor istintaqlarında Mircəfərin canını boğazına yığıb, onunla anlaşmaya gələrək müstəntiqlərin irəli sürdüyü ittihamları, əksinqilabçı-millətçi kimi çəkdiyi adları təsdiqləməyib. Sonuncu dəfə zirzəmiyə düşüb, onu dindirən Bağırov istintaq materialını Vəliyə uzadıb: ”Qol çək!”. Xuluflunun dilindən eşitdiyi “Yox!” kəlməsi birinci katibi o qədər qəzəbləndirib ki, dərhal əlini tapançasına atıb… Dustağın qətli sonradan başqa cür aktlaşdırılıb. Bu xəbər heç 1956-cı ilin 17 noyabrında SSRI Ali Məhkəməsi Hərbi Kollegiyasının 12493/80 saylı istintaq işinə baxarkən də qeyd olunmadı. Ancaq məhkəmə

Vəli Xulufluya bəraət verdi.

1937-ci ildə həbs olunanda evindən ona aid əşyaların çoxu aparıldı. Sonralar ailəsi o zirzəmidən-bu zirzəmiyə köçürülə-köçürülə olub-qalanlarını da itirdilər. Bir də onda gördülər ki, Vəlidən yadigar kimi saxlamağa heç nə qalmayıb. Itkilərinin nə qədər böyük olduğunu isə onun qətli rəsmi təsdiqlənəndən sonra anladılar. Vəli Xuluflunun məzarı da qalmamışdı…
Vəli Xuluflunun qəbri bilinmədi, doğma kəndi isə Şəmkir dəryaçasının altında qaldı. Amma əsərləri əbədi olaraq doğma xalqına qaldı, işıqlı ruhu səmalara çəkilərək, ucaldıqca ucaldı…

azadlıq

Oxumağa davam et
Reklam
Reklam

Gündəm