Azərbaycanda 1000 manatlıq çaylar
Bizi izləyin

Ayırtman

Azərbaycanda 1000 manatlıq çaylar

Çayın mövcudluğu ilə bağlı materiallara təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında təsadüf edilir.

Çayın mövcudluğu ilə bağlı materiallara təxminən 5000 il bundan əvvəl Çin əlyazmalarında təsadüf edilir. Hazırda dünyada hər il təxminən 1120 ton hazır çay istehsal olunur. Bunun da böyük hissəsi Çin və Hindistanın payına düşür. Paket çaylarını isə ilk dəfə bazara ABŞ (1908-ci ildə) çıxarıb. Azərbaycana gəlincə, çay bitkisi 1912-ci ildə Lənkəran bölgəsinə gətirilərək orada əkilib. Bundan sonra Azərbaycanda çayın kütləvi şəkildə istehsalına başlanılıb. 300 milyon əhalisi olan SSRİ-nin çaya tələbatının 8-10 faizi Azərbaycan çayı hesabına ödənilib. Düzdür, Sovet hakimiyyəti dağıldıqdan sonra çay plantasiyaları 20 dəfəyədək azalıb. Hazırda təxminən 2000 hektara qədər ərazidə çay əkilir. Bununla belə çay hələ də əhalinin qida rasionunda mühüm yer tutur. Rəsmi rəqəmlərə əsasən, hər il ölkədə 10 min tondan artıq çay içilir. Bunun cəmi 5 faizi yerli istehsalın payına düşür. Bu səbəbdən çay heç də ucuz qida növü sayılmır. Market və dükanlarda, bazarda kiloqramı 3 manatdan 1000 manata qədər çay satışına rast gəlmək olar. Qiymətlərdəki disbalansı Azərbaycan alıcısında belə bir təsəvvür yaradıb ki, nə qədər bahadırsa, çay bir o qədər də keyfiyyətlidir. Lakin bu məsələnin bir tərəfidir.

Çayın keyfiyyətini necə müəyyən etmək olar?

Onun üçün Publika.az-ın “Ayırtman” layihəsini oxuyun.

Çay dünyada ən çox içilən içkilər siyahısında, sudan sonra ikincidir. Son dərəcə faydalı və əvəzolunmaz məhsuldur. Əgər XIX əsrin əvvəllərində çayın tərkibinin yalnız dörd-beş maddədən ibarət olduğu düşünülürdüsə, hazırda çayda onlarla kimyəvi qrupa aid olan maddələrin elementlərin mövcud olduğu irəli sürülür. Bura efirli yağlar, taninlər, flavonoidlər, alkaloidlər, vitaminlər və sairləri aiddir. Ən yaxşı çayın tərkibində suda həll olunan ekstraktiv maddələrin miqdarı yuxarı olur. Ən zəif çaylarda isə əksinədir. Çaylar ən aşağı növdən başlayaraq, üçüncü, ikinci, birinci, əla, ekstra, buket və daha yüksək növlərə ayrılır. Amma dünyada çayın ən yüksək növünün – unikum istehsalına hələ nail olunmayıb. Ümumiyyətlə, dünyada çay 10 ballıq sistemlə qiymətləndirilir. Məsələn, birinci növ 3,25-3,5, əla növ 3,75-4,25, ekstra çay isə 4,25-4,75, buket 5,25-5,5 bala qədərdir. Mütəxəssislər deyir ki, daha yuxarı çaylar bazara az gətirilir. Ümumiyyətlə, bu gün çay istehsalı ilə məşğul olan ölkələr həddindən artıq çox olsa da, əsas ixracatçı ölkələr Hindistan, Çin, Şri-Lankadır.

Çayın faydaları

Çinlilərin araşdırmalarına əsasən, çay insanın görmə qabiliyyətinə təsir edir. Bu da çayın tərkibindəkı provitamin A ilə izah olunur. Bəzi alimlər hətta çayın allergiyanın təsirlərini azaltdığını irəli sürür. Belə ki, çay allergiya simptomlarına cavabdeh maddənin qanda azalmasına təsir edir. Tokio Universitetinin alimləri iddia edirlər ki, çay xolera kimi infeksion xəstəliyin qarşını alır. Ümumiyyətcə çay antibakterial təsirə malikdir.

Bu arada, çayın hansı regionda yetişdirilməsi onun keyfiyyətinə və xassəsinə təsir edir. İki əsas çay növü var: Çin çayı və Hindistan-Seylon çayı. Çin çayının daha incə təravəti olur. Dəmlənmiş çayın rəngi açıq sarıya çalır. Əsil çay biliciləri bu növ çayların qiymətini yaxşı bilirlər. Yeri gəlmişkən, Lənkəran çayı Çin növlüdür.

Xəstəlik yaradan çay

Mütəxəssislər deyir ki, keyfiyyətsiz, saxta çayı içdiyimiz zaman stəkanın kənarlarında çayın ləkəsi qalır. Bu çayın tərkibində boyaq maddələrin olması ilə yanaşı, həm də çayın yararlılıq müddətinin bitməsindən xəbər verir. Yararlılıq müddəti bitən çaylarda kif göbələkləri sinfindən olan bakteriyalar inkişaf etməyə başlayır və bu da orqanizmimizdə zəhərlənməyə səbəb olur. Çayın saxlanma müddəti 2 ildir. Ən yüksək keyfiyyətli çayın dadı acı, ətri də kəskin olur. Çayın rənginin açıq olub-olmaması onun keyfiyyətsiz olması deyil.

685 min dollara çay

Əgər satışda dəyəri 1000 manat təşkil edən çay görsəniz, bu qiymət sizə baha gəlməsin. Heç də düşünməyin dünyanın ən bahalı çayını siz içirsiniz. Dünyanın ən bahalı çayı Daxunpao adlanır. Bizim dildə bu “Böyük qırmızı xələt” deməkdir. Bu çay cəmi altı çay kolunun yarpaqlarından istehsal olunur. Əvvəllər burada hər il yalnız 500 qram çay yarpağı yığılırdı. Hazır məhsulun 1 kiloqramının qiyməti isə 685 min dollar idi. Lakin 2006-cı ildə çayın satışı azalır. Bütün satılmayan məhsul Çinin Milli çay muzeyinə hədiyyə edilir. Bu çay yarpaqlarının yığılmasına isə qadağa qoyulur. Azərbaycanda təmiz çay Lənkəranda becərilən və yalnız əllə yığılan, qatqısız “Fərmançay” hesab olunur. Çayın qiyməti 60-80 manat arasında dəyişir.

Çayın növləri, dəmlənmə sayları

Səmərəli istifadə üçün müxtəlif çay növlərinin xüsusiyyətlərini bilmək lazımdır. İriyarpaqlı çay daha tez işlənir, bir kiloqram çaydan 300 fincan çay dəmləmək olur. Bu, ən qənaətsiz çaydır. Bir fincan dəmləmək üçün bir qaşıq quru çay tələb olunur. Qutusunun üzərində yarpağın ölçüsü göstərilməyən çaylar orta yarpaqlı çaylardır. Bu növdən olan çayın bir kiloqramından 500 fincan çay dəmləmək mümkündür. Kiçik dənəli çay tez dəmlənir, şəffaf rəng verir, qənaətli istifadə edilir, lakin kiçik bir səhv acı bir içkinin alınmasına səbəb olur.

Keyfiyyətli çayı necə seçmək olar?

İlk növbədə çayın yığılıb bağlanmasına fikir vermək lazımdır. Çəkilib qablaşdırılma tarixini müəyyən etmək vacibdir. Bu tarix, çayın yığılma tarixi ilə, ola bilsin ki, eyni olmasın. İdeal variant - çay harada yığılıbsa orada da çəkilib qablaşdırılıb. Çayın saxlama tarixi onun çəkilib qablaşdırılmasından sonra 2 ildən artıq müddət olmamalıdır. Bu müddətdən sonra çay öz müalicəvi xüsusiyyətlərini, doymuş ətrini və rəngini itirir.

2. Çay yarpağının ölçüsünə fikir verin, bu ölçü etiketdə olan ölçülü ilə eyni olmalıdır. Eynidirsə, deməli çay keyfiyyətlidir, əks halda yox.

3. Çayın etiketində həmçinin ixrac edən ölkənin və istehsal edən kompaniyanın adları olmalıdır. Həmçinin çayın müvafiq kodlanması olmalıdır.

Seçmə keyfiyyət: FTGFOP (Finest Tippy Golden Flowery Orange Pekoe).

Yüksək keyfiyyət: GFOP(Golden Flowery Orange Pekoe)

Yüksək keyfiyyət: FOP(Flowery Orange Pekoe)

Kifayətləndirici keyfiyyət: D/F

4. Keyfiyyətli çayın çəkilib qablaşdırılması vakuumlu folqa ilə olur. Dəmir bankada yaxud qutuda olan çayın keyfiyyəti aşağı səviyyədədir.

5. Çayın konsistensiyası və yarpaqları eyni rəngdə olmalıdır. Yarpaqlarda kiçik parıltı olmalıdır. Çayın rəngi solğundursa, deməli belə çayın vaxtı ötüb, yaxud çay texnologiyanın pozulması ilə qurudulub. Əsas odur ki, çayda budaq qırıntıları, kağız yaxud ağac parçaları, folqa olmamalıdır.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm