Diş fırçası nədən hazırlanırmış… – İNANMAQ OLMUR - - FOTO
Bizi izləyin

Ayırtman

Diş fırçası nədən hazırlanırmış… – İNANMAQ OLMUR - - FOTO

İnsanın sağlam həyat tərzində gigiyena xüsusi əhəmiyyətə malikdir. Şəxsi gigiyena vasitələri isə insanlara öz sağlamlığı və gözəlliyinin qeydinə qalmağa imkan yaradan geniş çeşidliliyə malik məhsullardır. Bu vasitələrin mühüm qrupunu ağız boşluğuna qulluq vasitələri təşkil edir. Diş fırçası da bu məhsullar qurupuna aiddir və mütləq hər bir insanın orqanizminin xüsusiyyətlərinə uyğun olaraq, fərdi qaydada seçilməlidir.

Publika.az “Ayırtman” layihəsi çərçivəsində diş fırçası seçərkən nələri bilmək lazım olduğunu təqdim edir.

Diş fırçasının tarixi

Əvvəla qeyd edək ki, ilk diş fırçası 1498-ci ildə Çində hazırlanıb. Belə ki, bu fırçalar Sibir və Çinin soyuq iqlimlərində yaşayan donuzların boyunlarının arxalarından qoparılmış tüklər bambuka, ya da sümükdən düzəldilən saplağa bağlanaraq hazırlanırdı.

Rəvayətə görə, tacirlər bu fırçaları avropalılara satmaq istəsələr də, onlar donuz tüklərinin çox sərt olduğunu deyərək, almaqdan imtina edirlər. O dövrdə avropalıların bir qismi dişlərini fırçalamaq üçün daha yumşaq, at tükündən hazırlanan fırçalardan istifadə edirdilər. Bir qism isə dişlərini sərt quş tüküylə təmizliyərdi. Bu vəziyyət 1938-ci ildə ilk neylon tüklü diş fırçası istehsal olunana qədər davam edir.

Diş fırçasının növləri

Bu günümüzdə diş fırçaları formalarına görə müxtəlifdirlər. Onların işlək başlığı müxtəlif ölçü və sərtlikli, sintetik və ya təbii saçaqlardan ibarətdir. Diş fırçaları sərtliyinə görə yumşaq, orta sərtlik və sərt olmaqla üç hissəyə bölünürlər. Sərt formalı fırçaları əsasən sağlam dişlərə və damağa sahib, eyni zamanda qoyma dişləri olan insanlar istifadə edə bilərlər. Bu formalı fırçalar damaqları maksimum masaj etdiyi halda, digər tərəfdən diş minasının aşınmasına və damaqların zədələnməsinə də səbəb ola bilirlər. Orta sərtlikli fırçaların istifadəsi diş və damağı normal olan əksər insanlar üçün uyğundur. Yumşaq formalı diş fırçaları isə əsasən dişlərində yüksək qanaxma problemi olan şəxslər və uşaqlar üçün tövsiyə olunur.

Yeri gəlmişkən, istehsalçılar tərəfindən elektrik diş fırçaları da istehsal edilir. Onlardan həftədə 1-2 dəfədən artıq olmamaq şərtilə istifadə etmək tövsiyə edilir. Nəzərə alınmalıdır ki, bu vasitələrin doğru seçimi bir sıra xoşagəlməz halların qarşısını almağa imkan verəcək. Normativ sənədlərin tələblərinə əsasən, sərtlik indeksi yumuşaq fırçalar üçün 3, orta sərtlikli fırçalar üçün 5, sərt fırçalar üçün 7 vahiddən artıq olmamalıdır.

Diş fırçasının dəstəyində istehsalçının və ya əmtəə nişanının adı göstərilməli, malın qablaşdırmasında diş fırçasının sərtlik sinfi və müvafiq normativ sənədin nömrəsi əks olunmalıdır. Qeyd olunanlarla yanaşı, fırçanın dəstəyi və ya qablaşdırması üzərində fırçanın sərtlik indeksi barədə də məlumat yerləşdirilə bilər.

Təbii tükdən hazırlanan fırçalar məsləhətli deyil

Diş fırçası seçərkən təbii tükdən istifadə edilmiş fırçaları əldə etməmək tövsiyyə olunur. Belə ki, belə diş fırçalarının tükləri daha tez tökülür ki, bu da dişlərin fırçalanaraq təmizlənməsi prosesində qoparaq boğaza getməsinə səbəb ola bilər. Həmçinin sintetik materiallarda bakteriyalar daha nadir hallarda yayılır. Bu səbəbdən sintetik saçaqlı diş fırçası əldə etmək daha məqsədəuyğundur.

Diş fırçasının tutacağı və baş hissəsinin birləşdiyi yerin elastik olması mühüm əhəmiyyət daşıyır. Belə ki, elastik birləşmə dişlərə olunan təzyiqin avtomatik tənzimlənməsini təmin edir, dişlərin təmizlənməsi və masajını optimallaşdırır. Onu da nəzərə almaq lazımdır ki, seçim edərkən kiçik başlı fırçalara üstünlük verilməsi məsləhətdir. Diş fırçasının başı 3 diş uzunluğundan artıq olmamalıdır. Bu xüsusilə arxa dişlərin təmizliyi üçün vacibdir.

Yaxşı diş fırçası necə olmalıdır?

Diş fırçası ağız boşluğunu zədələməməli, elektostatik olmamalı və tüklərinin ucu yuvarlaq olmalıdır. Yuvarlaq uclu fırçalar selikli qişanın zədələnməsinin qarşısını alır. Tükləri müxtəlif uzunluğa malik diş fırçaları dişlərin daha yaxşı təmizlənməsinə imkan verir.

Diş fırçaları asan çirkləndiyinə görə onların təmizliyinə ciddi riayət olunmalıdır. İstifadə edilib qurtardıqdan sonra mikroorqanizmlərin çoxalmasının qarşısını almaq üçün diş fırçası isti suyun altında yuyulmalı və yalnız şaquli formada saxlanmalıdır. Fırçanı nəm halda bağlı futlyara qoymaq olmaz.

Bir fırçanın istifadə müddəti

Diş fırçasına zəmanət verilmir və onun yararlılığı ondan necə istifadə edilməsindən, müddətindən asılıdır. Diş fırçasının orta xidmət müddəti 2,5-3 aydır. Yeni diş fırçası diş ərpini 3 ay istifadə edilmiş fırçası ilə müqayisədə 25-30% daha yaxşı təmizləyir. Tükləri deformasiya olmuş diş fırçası mütləq dəyişdirilməlidir. İki nəfərin bir fırçadan istifadə etməsi yolverilməzdir.

Dişlərin təmizlənməsi niyə vacibdir?

Dişlərin təmizlənməsi dişlər və ağız boşluğu üçün faydalı olmaqla yanaşı, təəccüblü də olsa, ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, dişlərə gündəlik qulluq arteriyalarda qan dövranını yaxşılaşdırır, ürək tutmalarının və insultun qarşısını almağa kömək edir.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm