Tərkibindəki 10,5 min maddədən 89 faizi zərərlidi - AMMA HƏR GÜN İSTİFADƏ EDİRİK
Bizi izləyin

Ayırtman

Tərkibindəki 10,5 min maddədən 89 faizi zərərlidi - AMMA HƏR GÜN İSTİFADƏ EDİRİK

Qadın və kosmetik vasitələr bu iki söz bir-birinə o qədər doğmalaşıb ki, onları ayrı təsəvvür etmək olmur. Çoxları kosmetik vasitənin cildə zərərli olduğunu iddia etsə belə, bu məhsullar ən çox alınan məhsullar sırasındadır. Bəs kosmetik vasitə alarkən nəyə diqqət edilməlidir? Onların keyfiyyətini necə müəyyən etmək olar.

Oxuculara bu işdə Publika.az-ın “Ayırtman” layihəsi kömək edəcək.

İldə 2,5 kq kosmetik vasitə işlənir

Araşdırmalar göstərir ki, qadınlar hər gün təmizlik və qulluq məqsədi ilə təxminən 8 kosmetik məhsuldan istifadə edir. İl ərzində qadınlar təxminən 2,5 kiloqrama qədər kosmetik vasitələrdən yararlanır. ABŞ-da qadınlar kosmetik vasitələrin alınmasına 27,6, kişilər isə 11,1 milyard dollar vəsait xərcləyirlər. Bu rəqəm uyğun olaraq, Fransada 10,2 və 4.2, Yaponiyada 19,8 və 5,9, Almaniyada isə 9,3 və 3.9 milyard dollardır. Dünyada qadınlar yalnız üz kremlərinə il ərzində 25 milyard dollardan çox vəsait sərf edirlər. Azərbaycanda belə bir hesablama aparılmasa da, kosmetika və bu tip məhsulların satış həcmi heç də aşağı deyil. Bu səbəbdən də istehlakçılar kosmetik vasitələr alanda bir neçə məsələyə diqqət etməlidirlər. İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən bildirirlər ki, kosmetik vasitələrin istehsalında istifadə olunmuş xammal və materiallar Azərbaycan Respublikasının normativ-hüquqi aktları ilə təsbit edilmiş tələblərə cavab verməlidir. Kosmetik vasitələrin mikrobioloji, toksikoloji, klinik-laborator göstəriciləri, tərkibində olan maddələrin xüsusi çəkisi normativ-texniki sənədlərdə göstərilmiş normaları aşmamalıdır.

İstehlakçı nəyi bilməlidir?

İstehlakçı bu vasitələri alarkən onların qablaşdırılmasına, markalanmasına, saxlanma şəraitinə və temperaturuna diqqətlə yanaşmalıdır. Kosmetik vasitələrin etiketi üzərindəki mətn başqa dillərlə yanaşı, mütləq dövlət dilində olmalıdır. İstehlakçıya zəruri və düzgün məlumat verərək onun düzgün seçim etməsinə şərait yaratmalıdır. Etiketdə məhsulun, istehsalçı müəssisənin adı, ünvanı, məhsulun xalis çəkisi, həcmi, miqdarı, effektiv, zərərsiz istifadəsi qaydaları, istehsal tarixi, yararlılıq müddəti və digər məlumatlar əksini tapmalıdır. Kosmetik vasitə alarkən məhsulun tərkibi haqqında məlumatları diqqətlə oxumaq lazımdır. Etiketdə bu haqda heç bir məlumat yoxdursa və ya məhsulun tərkibi tam göstərilməyibsə, belə məhsulu almaq məsləhət deyil.

Hansı kosmetik vasitə dərini qıcıqlandırmır?

Bir çox hallarda kosmetik vasitələr insan orqanizmi üçün təhlükəli olur. Kosmetikada istifadəsinə icazə verilən 10,5 min maddədən yalnız 11 faizi təhlükəsiz hesab edilir. Kosmetik vasitələr allergiya və qıcıqlandırıcı reaksiya yaradan əsas məhsullardan sayılır. Bundan əlavə, kosmetik vasitələrin tərkibindəki maddələr orqanizmdə toksik reaksiyaları qıcıqlandırır, bəziləri isə hətta xərçəng xəstəliyinin yaranmasına səbəb olur. Xüsusilə tərkibinə butan, dietanolamin, propan, mineral və ya texniki yağ daxil olan kosmetik vasitələri alarkən istehlakçılar diqqətli olmalıdır. Kosmetik vasitənin üzərində onun hipoallergen olduğu barədə qeyd varsa, bu məhsulun tərkibində dərini güclü qıcıqlandıran komponentlərin olmadığını göstərir.

Kosmetik vasitələrdə nələrə diqqət etməli

Kosmetik vasitələrlə bağlı istehlakçıların diqqət etməsi zəruri olan digər mühüm məqam məhsulların saxlama müddəti və saxlama şəraitidir. Xüsusilə allergiyaya meylli şəxslərə uzun saxlama müddətinə malik vasitələrdən istifadə etməmələri tövsiyyə olunur. Belə ki, məhsulların uzun saxlama müddətini təmin edən konservantlar kosmetik vasitənin tərkibində nə qədər çox olarsa, allergik reaksiyanın əmələ gəlməsi riski bir o qədər çoxdur.

Hansı kosmetik vasitəni nə qədər saxlanmaq olar?

Kosmetik vasitələrin saxlama müddəti məhsulların istehsalçıları tərəfindən müəyyən edilir və bu müddət ərzində malların keyfiyyətinə təminat verilir. Məsələn, göz üçün tuş orta hesabla 3-6 ay, tonal krem, sürmə 6-12 ay, göz kölgələri, göz və qaş qələmi, dodaq boyası, ənlik və kirşan 12-18 ay saxlama müddətinə malikdirlər.

İstehsalçının müəyyən etdiyi saxlama şəraitinə riayət olunmaması, kosmetik vasitənin göstərilən saxlama müddəti bitmədən korlanmasına səbəb olan mühüm amillərdəndir. Kosmetik vasitələr 0-25°С temperaturda, qaranlıq, yaxşı havalandırılan, nisbi rütubətin 70%-i aşmadığı yerlərdə saxlanmalıdır. Tərkibində səthi aktiv maddələr və spirt olan kosmetik vasitələr isə 20°С-dək temperaturda saxlanmalıdır.


Saxlama müddəti ötmüş və ya saxlama şəraitinə əməl olunmadığından korlanmış kosmetik vasitələri rəngi, qoxusu, qatılığı və homogenliyi kimi bir sıra zahiri əlamətlərinə görə müəyyən etmək mümkündür.
Kosmetik vasitələrin saxlama müddətilə bağlı digər bir amil onların qablaşdırılma şəklidir. Hava ilə təmas səthi daha kiçik olan qablaşdırmada kosmetik vasitələr daha yaxşı saxlanır. Məsələn, tübikə qablaşdırılmış krem geniş ağzı olan qaba və ya bankaya qablaşdırılarsa, bu onun saxlama müddətini azaldacaq. Həmçinin kosmetik vasitənin üzərinə qoruyucu plastinka (lövhəcik, təbəqə) çəkilmişdirsə, o atılmamalıdır və bir miqdar kosmetik vasitəni götürdükdən sonra üzəri yenidən örtülməlidir.

Alıcı nəyi tələb edə bilər?

Kosmetik vasitələrin satışı zamanı malın qablaşdırılması selofan örtük və ya lentlə bərkidilmişdirsə, alıcının onun açılaraq yoxlanmasını tələb etmək hüququ var. Alıcı öz istəyi ilə bundan imtina edə bilər. Malın aerozol qablaşdırması alıcının iştirakı ilə satıcı tərəfindən yoxlanılmalıdır. Lakin lazımi keyfiyyətlərə malik kosmetik vasitə hər hansı səbəbdən istehlakçının xoşuna gəlməyibsə, alıcı bu malı başqa analoji malla dəyişdirmə imkanına malik deyildir. Belə ki, Nazirlər Kabinetinin 21 may 1998-ci il tarixli, 114 №-li qərarına əsasən qüsursuz və lazımi keyfiyyətə malik parfümer-kosmetik mallar pərakəndə ticarət obyektlərində dəyişdirilməli olmayan malların siyahısına daxildir. Bu səbəbdən parfümer-kosmetik mal almış istehlakçı yalnız malda qüsurlar aşkar edildiyi və ya alqı-satqı zamanı mal haqqında həqiqətə uyğun məlumat verilmədiyi halda malı geri qaytarmaq hüququna malikdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm