“Sevgi, ehtiras və qadınlar...” – FOTO - RƏSMLƏR
Bizi izləyin

Bir bax

“Sevgi, ehtiras və qadınlar...” – FOTO - RƏSMLƏR

“Modilyaninin obrazlarını, Fridanın rənglərini, Salvador Dalinin dəli cəsarətini, Van Qoqun özünəməxsus axıcılığını, Renuarın incə notlarını sevirəm”...

“Hirsli və özünü idarə edə bilmədiyin anlarda da dahi əsərlər yarada bilirsən”...

“Bir bax” layihəsi gənc və istedadlı rəssam Fidan Abdullazadə ilə müsahibəni təqdim edir:

- Fidan xanım, bu sual olmadan, keçinə bilmərik, rəssamlığa necə gəldiniz, bu bir həvəs idi, yoxsa?

- Əlbəttə ki, həvəs, üstəlik, qabiliyyət. Uşaqlıqdan bəri bütün dəftər - kitablarım xırda, cızma-qara rəsmlərimlə dolu olurdu.

– Rəsm stilinizi necə formalaşdırdınız?

– Məncə, o, hələ də formalaşmaqdadır. Sadəcə, sevdiyim bir stil var.

– Rəsmlərinizdə əsas mövzu nədir?

– Gözəllik, sevgi, ehtiras, həyat və qadınlar.

– Ən yaxşı əsəriniz hansını hesab edirsiniz?

– Fikrimcə, ''Ən'' kəlməsi hər hansı bir hadisənin və ya yaradıcılığın sonunda işlədilə bilər. Mənim yaradıcılığım isə hələ davam edir. Amma bu günə qədər yaratdığım əsərləri hesaba alıb cavab versəm, zənnimcə, elə bir əsərim yoxdur. Hər biri mənim üçün özünəməxsusdur.

Spontan çəkdiyiniz əsər var? Yəni fırçanı götürdünüz və başladınız çəkməyə?

– Demək olar ki, bütün əsərlərimi elə spontan çəkirəm. Bəzən öncədən düşündüyüm və çəkmək istədiyim - fikrimdə olan bir səhnə işə başlayandan sonra tamamilə başqa bir hal alır.

– Bəs yaradıcılığınızda sizin üçün tabu olan mövzular var?

– Xeyr. Məncə, yaradıcılıqda qadağa olmamalıdır.

– Əsərləriniz arasında kişi portretləri gözümə dəyməyib, heç yoxdur?

– Çox azdır, amma var. Bəziləri isə çox abstrakt şəkildədir, bu səbəbdən, gözdən qaçır.

– Niyə rəssamlar əsasən qadın bədəninə müraciət edirlər? Yəni qadın bir cins olaraq kişidən daha maraqlıdır?

– Hər bir rəssamın toxunduğu mövzuya özünəməxsus cavabı var, ona görə, yalnız öz fikrimi bildirəcəm: Yəqin, qadın incəliyi və zərifliyini göstərmək istəyən rəssam daha çoxdur. Düşünürəm ki, rəssam üçün kişi yaxud qadın olmağından asılı olmayaraq, hər bir maraqlı görüntü, hərəkət, hissiyyat, an, səhnə maraqlı və ilhamvericidir.

– Çəkib, ancaq üzə çıxarmaqdan çəkindiyiniz əsəriniz var?

– Yox, mənim üçün yaradıcılığın heç bir çəkinəcək nöqtəsi yoxdur. Rəssam və ümumilikdə yaradıcı insan yaratdığı heç bir işdən çəkinməməlidir. Onsuz da cəmiyyətdə, rəssam tərəfindən yaradılan hər hansı bir iş həmişə ya sevilib, ya tənqid edilib.

– Fidan, incəsənətin sərhədləri harada bitir? Ümumiyyətlə, incəsənətdə sərhəd deyilən bir şey olmalıdır?

– İncəsənətin sərhədləri yoxdur, əgər sərhəd qoyulursa, bu yaradıcılıq və yaradıcı insan üçün faciəvi bir sonluq deməkdir.

– Ən çox kimlərin fikri sizin üçün əhəmiyyətlidir?

– Həyat təcrübəsinə və yaradıcılığına inandığım insanların fikri daha önəmlidir.

– Bu gün insanların rəssamlığa münasibəti sizi qane edir? Sərgilərə çoxmu insan qatılır?

– Məncə, kifayət qədər insan qatılır. Sərgilərə, rəssamlığa - yaradıcılığa maraq var.

– Rəsmlərinizi satmaqla aranız necədir? Onlarla asanlıqla ayrılırsınız?

– Çox çətinliklə ayrılıram, satdığım və ya hədiyyə etdiyim əsərlərlə sanki heç ayrılmıram da. Rəsmlərimi yaratdığım an keçirdiyim hisslər, duyğular daim mənimlə qalır...

– Ən çox sevdiyiniz rəssamlar kimlərdir?

– ''Ən'' kəlməsini heç sevmirəm, çünki o, sabah, ya biri gün başqası üçün də işlədilə bilər. Sadəcə, sevdiyim bəzi rəssamların adlarını sadalaya bilərəm. Korifeylərə nəzər salsaq - Modilyaninin obrazlarını, Fridanın rənglərini, Salvador Dalinin dəli cəsarətini, Van Qoqun özünəməxsus axıcılığını, Renuarın incə notlarını sevirəm.

– Onlardan nəsə öyrənirsiniz?

– Daha çox ilham alıram.

– Bəs müasir rəssamlardan ən çox kimlərin işini bəyənirsiniz?

– Fabian Perez, Leroy Neyman, Talantbek Çekirov, Cek Vetriano, Endryu Atroşenko, Tamara de Lempitska kimi rəssamların yaradıcılığının demək olar ki, vurğunuyam.

– Andrey Tarkovski deyir ki, rəssam daim sakitliyini qoruyub saxlamalıdır, bu fikirlə razısınız?

– Bəli, müəyyən dərəcədə razıyam. Cəmiyyətin səni sıxacaq fikirlərinə, yerli-yersiz tənqidlərə, müəyyən qısqanc fikirlərə və həvəsdən salacaq hər bir halı sakit qəbul etməli, sakitliyini qoruyub saxlamalısan.

Amma bir fakt da var ki, bəzən aqressiv, hirsli və özünü idarə edə bilmədiyin anlarda da dahi əsərlər yarada bilirsən.

– Sizcə, bir rəssam üçün ən böyük uğur və ən böyük itki nədir?

– Heç bilmirəm, bu suala necə cavab verim. Zənnimcə, rəssamın ən böyük uğuru ölümündən, yaxud yaradıcılığının son nöqtəsindən sonra dilə gətirilə bilər. Bir rəssam üçün ən böyük itki isə, nə uğurun əldən getməsi, nə şan -şöhrətin bitməsi, nə də cəmiyyətin səni alçaldacaq fikirləri deyil. Ən böyük itki allah tərəfindən verilən istedadın onun tərəfindən qəflətən alınmasıdır. Bax, bu ən böyük itkidir, çünki bu artıq sondur...

Söhbətləşdi: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm