20 qəpiyin balladası
Bizi izləyin

Bir bax

20 qəpiyin balladası

- Bunun qiyməti dünən belə deyildi, axı! Ay qardaş, bu yenə bahalaşdı? Deyəsən, hər gün bunun qiymətinin üstünə 20 qəpik gəlirlər, hə? Yavaş-yavaş, 20 qəpik-20 qəpik qaldırırlar ki, adamlar keyisin, əməliyyat ağrısız keçsin, şok yaranmasın.

- Verdim daa! Sən nə danışırsan a kişi? Burdan- buraya gəlmişəm, 20 qəpiyini də atdım odey, ora, özgə nə istəyirsən? Əlavə 20 qəpiyi nə üçün verməliyəm sənə? Yolun yarısını gəlmişəm, o da 20 qəpik eləyir, ta arxamca siqnal vermək nə üçün? Mənim pulum da var, hər şeyim də, sənin minnətin lazım deyil.

Hər marşrutun öz qiyməti var, yolun yarısını gəlmişəm, 20 qəpiyini də vermişəm, özgə nə istəyirsən? Əşi, mənə sənin qanunun lazım deyil, sür. Çıx get başımdan!

Onsuz da siz adamlara 20 qəpik kimi baxırsınız. Xəbəriniz var, camaatı bezdirmisiniz? Hara gəldi dayanıb adam götürürsünüz, hə də, dayanıb 20 qəpikləri yığırsınız! 20 qəpiklər də arsız-arsız bir-birinin belində xoşbəxt gedirlər.

- Olar, 20 qəpiyi atım, məni də keçirəsiniz? Metrokartımı itirmişəm, indi də heç yerdə satmırlar. Bir vaxtlar yenə yaxşı idi, 20 qəpiyə dörd dəfə getmək olurdu, indi lap bahalaşdırıblar.

Keçidlərdə də bir bazar açıblar, ta yerimək mümkün deyil. Bilmirsən, bura metrodu, yoxsa mal bazarı. Oturub onun-bunun arxasına baxmaqdan satıcılar da tamam sırtılıb.

- Qəzet oxu daa! Niyə hər gün iki dəfə siqaret ala bilirsən, ancaq onun yarı qiymətinə bir dənə qəzet götürüb oxumursan? İnternetə girmirsən, kitab oxumursan, heç olmasa iki dənə 20 qəpik verib qəzet al daa!

Onsuz da çayxanada boş-boşuna oturursan, heç olmasa bir-iki xəbər oxu, bir məqalə oxu! 20 qəpiyi hara gəldi verirsiniz, ikisini üst-üstə qoyub qəzet almağa niyə can çəkirsiniz? Çayxananın şifahi qeybət janrından nə vaxt doyacaqsınız?

- Ay oğul, allah səni mərdiməzardan uzaq eləsin, nənəyə 20 qəpik çörəkpulu ver, nolar! Ay oğlan, sən o yanındakı qızın canı, bu uşağa 20 qəpik nəzir ver! İmam Hüseyn köməyiniz olsun, allah sizi darda qoymasın, allah qürbətdə olanlarınızı pisikdirməsin, həzrət Abbas sizi xəta-bəladan uzaq eləsin, şikəst adamam, imkanı olan mənə 20 qəpik versin!

- Atam deyir, əvvəllər bir çaydan çaya 20 qəpik verirdik. 20 qəpiyə kinoteatrda kinoya baxırdıq!

Zordu, hə? Deyir, fəhlə yeməkxanası olurdu, tələbə yeməkxanası olurdu. Orda 20 qəpiyə bir qab yemək verirdilər. Rusun vaxtını deyir dəə! İndi özümüzün millilərimiz 20 qəpiyə adama yemək verər? Bunlar kafedə 20 qəpiklik yarım çörəyə bir manat alırlar.

Bütün ticarət obyektlərini baha qiymətlərə icarəyə veriblər. İcarəyə götürən də məcburdu hər şeyi baha satsın. Heç görmüsənmi, bir kafedə, ya restoranda sənə 20 qəpik qaytaralar? Yox, düzdümü! Ancaq kafe-restoranlarda 20 qəpiklərdən vaz keçənlər bircə dəfə də olsun o qəpikləri qəzetə qurban vermək istəmirlər.

Boynuyoğunların cibini restoranlar, universitetlər, şadlıq sarayları, kafelər, çayxanalar vasitəsilə doldurmaqda ustalıq göstərən xalqımız onun dərdini yazan jurnalistə qəti kömək eləmək istəmir. Əksinə, həmişə jurnalisti söyür ki, qəzetdə səhv yazırlar. Qəzet səhv yazır, ancaq bu, öz fəhmilə hər şeyi hamıdan yaxşı bilir. Elm yoxdu, burda hamı fəhmlə iş görür.

Həkim fəhmlə diaqnoz qoyub fəhmlə müalicə eləyir. Polis adamları fəhmlə tutub təhvil verir, müstəntiq cinayəti onun boynuna fəhmlə qoyur. Şairlərimiz şeirlərini yalnız fəhmlə yazır, yanında ağıl deyilən şey yoxdu!

Bax, Beşmərtəbə tərəfdə evlər uçurulanda qəzetlərimizin tirajı xeyli artmışdı. Həmişə qəzet oxuyana həqarətlə baxan evi uçurulmuş yerli sakinlər qəzet redaksiyalarına gəlir, jurnalistlərə zəng eləyib dərdlərini danışırdılar.

Hökumətdən yüz minlərlə yekə kompensasiya istəyən evi sökülmüşlər artıq, iki dənə 20 qəpik verib qəzet ala bilirdilər. Doğru sözümdü, dünyanı yalnız fəhmlə qavramağa öyrəşmiş bu sakinlər nəhayət ki, öz milli adət-ənənələri üzərində inqilab eləyərək əllərində lülələnmiş qəzet-zad tuturdular.

- Göyərtilərdən biri 20 qəpik, biri 20 qəpik! Nəm salfetkalardan biri 20 qəpik, biri 20 qəpik! İynəsaplayan 20 qəpik! İynəni özü saplayır, 20 qəpik!

Yumurtadan biri 20 qəpik, biri 20 qəpik, kənddən təzə gətirmişəm! 20 qəpik satıram, 20 qəpik satıram, ikisi 20 qəpik! 20 qəpiyin ikisi 20 qəpik!

Oxumağa davam et
Reklam
Reklam

Gündəm