• USD 1,7001 0,00% EUR 2,0087 +0,12%
    • GBP 2,2277 -0,86% RUB 0,0296 0,00%

“Başqa kişilərlə gəzdiyinə görə başını kəsdim” - Bir qətlin tarixçəsi

“Başqa kişilərlə gəzdiyinə görə başını kəsdim” - Bir qətlin tarixçəsi

Qəsdən adam öldürməkdə ittiham olunan Kürdəmir rayon sakini, 1984-cü il təvəllüdlü Elman Rüstəmovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Elman Rüstəmov 2014-cü ildə Gülər Mütəllimova ilə ailə həyatı qurub və rəsmi nikаhа girib. Amma bir neçə aydan sonra onların аrаsında ər-аrvаd münаsibətləri pоzulub.

Xəyanət

2015-ci ilin yanvarında faktiki olaraq ayrıldıqdan sonra, qadın ata evinə köçərək azyaşlı uşağı ilə birlikdə orada yaşayıb. Elman bundan sonra həyat yoldaşının bаşqа şəхslərlə intim münаsibətdə оlmаsındаn şübhələnib.

Elman Gülərin başqa kişilərlə görüşməsini özünə qаrşı хəyаnət kimi qiymətləndirib. O, Gülər Mütəllimоvаnı qısqаnclıq zəminində qisаs аlmаq niyyəti ilə öldürmək qərаrınа gəlib.

Bu məqsədlə Elman cib bıçаğını özü ilə götürərək 30 iyul 2015-ci il tаriхdə, sааt 22:00 rаdələrində Gülər Mütəllimоvаnın Kürdəmir rayonu, Sığırlı kəndində аnаsı ilə birlikdə yаşаdığı еvə gəlib.

Qətl

Elman Gülərlə evin eyvanında qarşılaşıb. O, eyvanda həyat yoldaşına bir neçə zərbə vurub. Bu zaman Gülər onun əlindən çıxaraq qaçmağa başlayıb.

Elman Rüstəmov cinayət əməlini başa çatdırmaq üçün onun arxasınca qaçıb. Gülər Mütəllimоvа isə otağa girərək qapını arxadan bağlayıb. Elman qapını sındıraraq içəri daxil olub. Güləri yerə yıxaraq başını kəsib. Gülər hadisə yerində ölüb.

Gülərin öldüyünə əmin olan Elman daha sonra Kürdəmir rayon polis şöbəsinə gələrək təslim olub. Qətl hadisəsi baş verən gecə də elə evdə yalnız Gülər Mütəllimova və onun azyaşlı uşağı olub.

18 il cəza

Elman Rüstəmov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham edilib. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elman Rüstəmov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Elman Rüstəmov apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib. Həmçinin zərərçəkmiş tərəf də apelyasiya şikayəti verib. Onlar Elman Rüstəmovun cəzasının ağırlaşdırılmasını tələb ediblər.

“Bu hərəkətini bağışlaya bilmədim”

Tərəflərin apelyasiya şikayəti araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayətləri hakim İsmayıl Əhmədovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Məhkəmədə ifadə verən Elman Rüstəmov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O, qeyd edib ki, həyat yoldaşının başqa kişilərlə münasibət saxlamasından şübhələnib: “Gülər mənə xəyanət edirdi. O, başqa kişilərlə gəzirdi. Onun bu hərəkətini bağışlaya bilmədim. Buna görə də amansız cinayət əməlini törətdim”.

“Ömürlük cəza təyin edilməlidir”

Mərhum Gülər Mütəllimovanın anası Əminə Mütəllimova bildirib ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsi tərəfindən qızını öldürən cinayətkara daha ağır cəza verilməli idi: “Alimentlə bağlı məhkəməyə müraciət etmişdik. Bundan sonra Elman Rüstəmov öz niyyətini həyata keçirmək üçün ciddi hazırlaşıb. 31 iyul 2015-ci ildə qardaşımgildə toy olduğunu öyrənib, eyni zamanda mənim toy axşamında olduğumu, qızım Gülərin isə evdə tək olduğunu bilib. Bundan sonra evə gələrək xüsusi amansızlıq və qəddarlıq nümayiş etdirərək qızımı öldürüb. Belə amansız və qəddar olan şəxsə məhkəmə tərəfindən verilən cəza olduqca azdır. Bu cür şəxslərə ömürlük cəza təyin edilməlidir”.

Əminə Mütəllimova əlavə edib ki, Elman Rüstəmov Kürdəmir rayon Məhkəməsinin 23 iyun 2009-cu il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 127.1-ci (sağlamlığa yüngül xəsarət yetirmə) və 132-ci (döymə) maddələri ilə təqsirli bilinib və 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib: “Lakin Elman bu əməlindən ibrət götürməyib. Əvvəllər də cinayət törədib ibrət götürməyən bu şəxsə ən ağır cəza verilməlidir”.

Elman Rüstəmovun vəkili Ruslan Mirzəyevin çıxışından məlum olur ki, Elman Gülərdən ayrılandan sonra başqa bir qadınla ailə həyatı qurub. Vəkil Elmanın ailəli olmasını, ikinci həyat yoldaşının 7 aylıq hamilə olmasını diqqətə çatdırıb. O, bu halları yüngülləşdirici hal kimi hakim kollegiyasında xahiş edib.

Amma hakim kollegiyası Elman Rüstəmovun cəzasının yüngülləşdirilməsi üçün əsas görməyib. İkinci dəfə ailə həyatı quran Elmanın birinci həyat yoldaşının əxlaqsız hərəkət etməsi barədə səsləndirdiyi ifadələri inandırıcı qəbul etməyiblər.

Bu səbəbdən də Elman Rüstəmovun apelyasiya şikayəti təmin edilməyib. Hakim kollegiyası həmçinin zərərçəkmiş tərəfin Elman Rüstəmova ömürlük cəza təyin edilməsi ilə bağlı şikayətini də təmin etməyib.

Hacı Zeynalov

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>