Sevgi nar deyil ki, öz mövsümünü gözləsin!
Bizi izləyin

Bitmiş layihələr

Sevgi nar deyil ki, öz mövsümünü gözləsin!

Sevgi nar deyil, qeyd edilmək üçün hər il öz mövsümünü gözləsin!

“Sanma ki, dərd yalnız səndə var. Səndəki dərdi nemət sayanlar da var”.

Sevgili Həzrət Məhəmməd Peyğəmbər (s.ə.v.).

İndi hansı gəncdən yaşını soruşursan, suala cavab verməmiş deyir ki, “Yaşım az olsa da bu həyatda yaşıma görə çox şey görmüşəm və çox əzab çəkmişəm”. Maraqlı gəlir və söhbət edib öyrənməyə çalışırsan ki, görəsən, bu “bədbəxtin” həyatında nələr baş verib. Söhbət əsnasında bəlli olur ki, həmin insanın çox şey görmüşəm, çox çəkmişəm dediyi hadisə sevgilisinin xəyanəti imiş. Gülməlidir...

Əlbəttə, sevmək insanlara xas bir xüsusiyyətdir. Sevəndə də insan kimi sevmək lazımdır. Sözsüz ki, sevgi müqəddəs duyğudur və sevginin insana öyrətdiyi dərsləri heç nə ilə müqayisə etmək olmaz. Əlbəttə ki, hərənin dərdi də özünə görə ağırdır. Lakin bunu qlobal bir problemə çevirib həyatın ən böyük ağrı-acısı kimi qələmə vermək ən azından düşünürəm ki, riyakarlıqdır. Çünki bu insan həyatı boyu istədiyini əldə edib, normal şərtlər və normal ailə qayğısı əsasında yaşayıb. İndi isə sevgilisindən ayrılmasını faciə hesab edir. Ona görə ki, illərlə sığallanmış və təmin olunmuş eqosu bir qız və ya oğlan tərəfindən taplanıb və təbii bir problemlə qarşılaşmayıb. Hətta sevgi acısına dözməyərək saxta intihar sevdasına düşənlər də olur. İnanın ki, bu bekarçılıqdan irəli gəlir və 2-3 aydan sonra nəinki intihar sevdası, hətta əvvəlki kədər-qəmindən bir az da olsa, əsər-əlamət qalmır.

Özünü dünyanın ən yazıq aşiqi obrazında sevə-sevə canlandırıb, dünyanın ən bədbəxti adlandıran şəxslər, vaxtınız olanda başınızı qaldırıb, hərdənbir həyatda nələr olduğu ilə də maraqlanıb özünüzə şükür edib, utanmanızı məsləhət görərdim. Əziz sevgi cəfakeşləri, sizin heç birinizin dərdi kor bir insanın işığa olan həsrəti, şikəst birinin sağalmaq arzusu, küçələrdə “sürünən” tüfeylilərin isti ocağa, evə ailəyə olan sevgisi, uşaq evlərində qalan və ana-ata himayəsindən məhrum olan yetimlərin göz yaşları, qocalar evində bala qayğısına möhtac yaşlıların ah-naləsi ilə müqayisə oluna bilməz! Bunu müqayisə etməyi ağlınızdan keçirməyin. Çünki sizin heç birinizin səhərdən axşama kimi çovğunda və qızmar günəş altında yalnız çörək pulu qazanmaqdan ötrü 2-3 manata görə “eşşək” kimi işləyən, balaca bir uşağın adicə gözlərinə baxmağa cəsarətiniz çatmaz. Özünüzü heç olmasa bədbəxt adlandırıb o uşaqları təhqir etməyin...

Və sizin faciə adlandırdığınız “müqəddəs” sevgi anlayışınız bir-iki ay artistlik, sadistlik və mazaxistlik edib daha sonra isə təsəllini başqasının qolları arasında tapmaqdan ibarət olan yüngül komediyadan başqa heç nə deyil. Tüpürüm belə “müqəddəs” sevgi anlayışına!

Yeri gəlmişkən, sevgiyə həsrət qalmış hər kəsi, sevməyə tövbəli olanları, sevilib ancaq sevməyə qadir olmayanları və sevib-sevilmək istedadına malik olan hər kəsi 14 fevral “Müqəddəs Valentin” yəni, sevgililər günü münasibətilə təbrik edirəm! Sevgi qəzamız mübarək olsun!

P.S. Sevginin heç bir xüsusi günə ehtiyacı yoxdur. Sevməyi bacaran üçün sevdiyi ilə keçirdiyi hər dəqiqə, hər saniyə dəyərlidir! Sevgi nar deyil, qeyd edilmək üçün hər il öz mövsümünü gözləsin!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm