• USD 1,7001 0,00% EUR 1,9983 0,00%
    • GBP 2,2653 0,00% RUB 0,0287 0,00%

Unudulmayan Cabir Novruz -FOTO\VİDEO

Unudulmayan Cabir Novruz

Tək yaşamaq istəmirəm özüm üçün,

Anam üçün, oğlum üçün, qızım üçün.

Qoyun məndən inciməsin əzizlərim,

Qəlblərinə toxunmasın bu sözlərim.

İstəmirəm bir onlara gərək olum,

İstəyirəm milyonlara gərək olum.

Gərək olum mən yada da, yaxına da,

Adamların qarasına, ağına da.

Lazım olum insanların bu gününə,

xoş vaxtına,

Xəstəsinə, sağlamına, bədbaxtına,

xoşbaxtına.

Bu misraların müəllifi sevimli şairimiz Cabir Novruzdur. Sağlığında bir çox şeirləri dillər əzbəri olduğu kimi, bu şeir də çox populyar idi. Poeziyası təbiilikdən, səmimi hisslərdən yoğrulan, ürəyi ilə dili, həyatı ilə əməlləri arasında heç bir uçurum olmayan Cabir Novruz yaradıcılığa başladığı əllinci illərin ortalarından ta ömrünün son günlərinə qədər beləcə populyar şair imicini itirmədi.

C.Novruzun poeziyaya gəlişi səssiz, haraysız olmayıb. Bu şair xoşbəxtliyidir ki, daim diqqət mərkəzində olasan, həmişə oxucuların sevimlisinə çevriləsən, şeirlərin özünə geniş auditoriya qazana, səni hamı tanıya. Stendalın bir fikrini xatırlayıram: «Əgər mən təkəmsə, bir heçəm, əgər mənim arxamca heç kəs gəlmirsə, mən bir heçəm. Əgər oxucu desə ki, bu adam fikir aləmini irəli aparmışdır, onda mən hər şeyəm».

Məncə, C.Novruz da müasir səviyyəli, onu sevən, duyan həqiqi oxucular əhatəsində idi. Onu hamı sevirdi, amma ən çox gənclərin sevimlisi idi. O, gəncliyin sevgi və məhəbbət duyğularını, analara, atalara sonsuz ehtiramını, tələbəlik həyatını, vətənpərvərlik eşqini böyük bir ilhamla qələmə alırdı. Sənətkar-oxucu problemi həmişə ciddi sosial-estetik məna daşıyır. Elə yazıçı var ki, bu gün dəbdə olub geyilən, sabahsa unudulan paltar kimi onun əsərləri də yalnız müəyyən müddət üçündür. Oxucusunu qısa və ötəri, amma şirnikləndirici təsiri ilə ələ alan belə əsərlərə azmı təsadüf etmişik? Lakin elə sənətkarlar da var ki, illər keçdikcə onun oxucularının sayı daha da artır, çünki o, hər dəfə nəsə yeni söz deməyə çalışır və çox vaxt buna müvəffəq olur. Cabir Novruz belə şairlərdən idi.

Şeir kitablarının birinə yazdığı ön sözdə C.Novruz deyirdi: «Neçə-neçə şeir kitabım çap olunsa da, yenə həyəcan içindəyəm. Mən bu imtahandan necə çıxacağam, deyə bilmərəm. Lakin ürək çırpıntıları ilə sətirlərimi, necə deyərlər, doğma balalarımı oxucu imtahanına verirəm. İstərdim ki, həyat, insanlar, dünya, bu gün, sabah, doğma Azərbaycan haqda qoşduğum təzə nəğmələr onların ürəyincə olsun».

Cabir Novruz poeziyada təsadüfi yaxşı şeirlərlə görünüb sonra hansısa janrın sakit guşələrinə baş vuran şairlərdən olmamışdır. O, 50 illik yaradıcılığı dövründə həmişə oxucu tələbkarlığına inana-inana, onu məyus etməyərək, bir-birinin ardınca gözəl şeirlər və poemalar yaratmışdır. Bəs bu şairin fərdiliyi və özünəməxsusluğu nədədir?

Cabir Novruz haqqında yazılan məqalələrdə, onun kitablarına həsr edilən resenziyalarda tez-tez belə bir ifadə ilə rastlaşırsan: «Cabir Novruz təbiiliyi tərənnüm edir, o, sadə yazır». Qeyd edək ki, bu fikirlə razılaşmamaq qeyri-mümkündür, lakin həmin mülahizə izah olunmadığı üçün natamam təsir bağışlayır. C.Novruz təbii şairdir, amma bu təbiilik təkcə təbii və sadə-hamının anlayacağı dildə yazmaqlamı məhdudlaşmalıdır?

Bu robotlar, süni əllər, süni gözlər

dövründə mən.

İstəyirəm şerimdə mən,

Təbiiliyi vəsf eləyim.

...Üz tuturam uşaqlara, böyüklərə,

nəsillərə,

Üz tuturam hələ sabah göz açacaq

əsrlərə,

Söyləyirəm təbii olun, təbii olun,

Alimlərin fikri olun,

şairlərin təbi olun.

Ey ilhamlar, istedadlar,

təbii olun.

Ey fəhlələr, ey nazirlər,

təbii olun.

Üzü yeni, içi köhnə müasirlər,

təbii olun.

Vəzifədə əyləşənlər,

adamların taleyinə qol çəkənlər,

Raketçilər, aya-günə

yol çəkənlər,

Təbii olun, insan odur-

Təbii ola, təbii ola.

Təbiiliyə çağırış Cabir Novruz poeziyasının başlıca mahiyyətini ifadə edir. Biz bunu iki mənada yoza bilərik. Birinci halda şair- gördüyümüz kimi, təbiilik anlayışının öz mənasına, məğzinə, cövhərinə üz tutur. Lakin onu da qeyd edək ki, təbiilik C.Novruz poeziyasında həm də məhəbbət, həqiqət, bütövlük, ilkinlik və inam çalarları qazanır. «İnsan himnləri» adlı lirik-fəlsəfi poemada C.Novruz təbiiliyin bədii-estetik hüdudlarını daha da genişləndirir, milyon illər dəyişməyən duyğuları vəsf edir. Çünki «onlar daim təzə qalan duyğulardır. Ən müasir kəşflərə bəzək olan duyğulardır». Bu duyğuları özündə yaşadan hər bir insan isə ayrıca bir dünyadır.

Məhəbbət də təbiilikdir:

Bu dünyanın əlifbası-

məhəbbətdir,

Ən ilk nəğmə, ən ilk yazı-

məhəbbətdir…

Kim sevirsə, ən müasir insan odur.

Həqiqət də təbiilikdir.

Həqiqəti deyən adam güclü olur,

Həqiqəti deyən adam uca olur.

Həqiqəti deyən ölkə nəhəng olur,

Həqiqəti deyən torpaq sonsuz olur.

Bütövlük də təbiilikdir. İlkinlik də, inam da.

C.Novruzun bütün yaradıcılığında - hər kiçik şeirində və hər böyük poemasında təbiilik ən müqəddəs bir duyğu kimi vəsf olunur. Onun poeziyasında yaxşılıq, pislik, mərdlik, qəhrəmanlıq, gənclik, qocalıq, zəriflik anlayışları da məhz təbiilik prizmasından baxılıb qiymətləndirilir. Dövrümüzün böyük problemləri, bəşəriyyəti düşündürən ən ali məsələlər bir şair kimi C.Novruzu da söz deməyə, qəlbinin narahatlığını şeirə çevirməyə səfərbər edir.

Şairin şəxsiyyəti, yaradıcı adamın fərdiliyi onun ictimai hadisələrə fəal münasibətiylə bağlıdır, özü də bu əlaqə yaradıcılıq psixologiyasını təyin edən əsas komponentlərdən biridir. Ətraf mühitə, dünyada gedən təzadlı hadisələrə poetik təmas şairi və subyektiv lirik «mən»i çərçivəsindən qlobal düşüncə çərçivəsinə malik «mən»ə çevirir. Lirik qəhrəman bu məqamda bəşəriyyətin bu günü və gələcəyinə bağlı insanı təmsil edir. S.Vurğun, R.Rza, S.Rüstəm kimi şairlərin yaradıcılığı bunu aydın sübut edir. Onların ənənələrini C.Novruz da davam etdirir. Şairin «Qərbi Berlin» panoram poeması bu baxımdan XX əsr Azərbaycan poeziyasının mühüm bir nailiyyəti hesab olunmalıdır. Bu poema şairin müharibə və bəşəriyyətin gələcək taleyi barədə düşüncələridir. Lakin bu düşüncələr sırf rasional xarakter daşımır, yəni, dəqiq desək, müharibə haqqında fəlsəfi-etik mənalar ümumi səciyyə daşımır. Müharibə, onun ağrılarını taleyində daşıyan bir insanın mənəvi ağrıları, atasızlıq kədəri, daha geniş mənada xalqının bu müharibədə itkilərinə təəssüfü ilə diqqəti çəkir:

Milyon-milyon

adda ölən,

Göydə ölən, suda ölən,

odda ölən,

Buludların qucağında

yananlara,

Ölüm adlı fabriklərin

ocağında

yananlara,

Dəryaların diblərində

batanlara,

Zəhərlənmiş qazlar ilə

yatanlara,

Parça-parça, tikə-tikə

Didilənə, bölünənə,

Bədəninin hər hissəsi

bir məzara gömülənə

…Ehtiramla neçə kərə baş əyərək,

Qazılmamış qəbirlərə

baş əyərək,

Göz yaşımı yumruğumun

arxasıyla

silə-silə

gəldim bura.

Hələ neçə faciəli

sifarişlə

gəldim bura.

Cabir Novruzun lirik qəhrəmanı, hər şeydən əvvəl, öz narahat təbiəti və dünyadakı hadisələrə fəal münasibəti ilə seçilən müasirimizdir. Onu ətrafındakı hər hadisə maraqlandırır, o, bəzən nifrəti aşkar görünən, qəzəbi ümman dalğalı bir insan, bəzən isə son dərəcə kövrək və lirikdir:

Dünyada nə olsa - ürəyimdədir;

bir insan sevinsə, bir gül açılsa,

bir ömür məhv olsa, bir ev uçulsa,

bir güllə atılsa - ürəyimdədir.

C.Novruzun lirik qəhrəmanının bioqrafiyası Azərbaycanın uca dağlarla əhatə olunmuş bir mahalından - Xızı rayonunun Upa kəndindən başlanır. Onun dünyada ilk dəfə eşitdiyi ən müqəddəs, ən əsrarəngiz səs bulaq şırıltısı və cəh-cəh vuran quşların səsi olub. Bu lirik qəhrəmanın dünyada ilk dəfə şeir adına eşitdiyi anasının ona oxuduğu yanıqlı laylalar, nənəsinin söylədiyi bayatılar, tapmacalar, atalar sözləri, ağılar olub. Cütcülər, suçular, çobanlar, yer şumlayanlar, arx qazıyanlar, taxıl yığanlar, traktorçular, el aşıqları, ağbirçək qadınlar, adicə bir sözdən pul kimi qızarıb yanan ürkək qızlar… lirik qəhrəmanın uşaqlıq və ilk gənclik illəri bu adamların əhatəsində keçib:

Mən dövlətli ailədə doğulmadım,

Şan-şöhrətli ailədə doğulmadım.

Ən adicə bir insandı atam mənim,

Zər-xaralı yataqlarda yatammadım.

...Söyləyimmi qohumlarım nəçi idi?

Xarrat idi, çoban idi, suçu idi.

C.Novruzun yaradıcılığı haqqında yazılan məqalələrdən biri «Müqəddəsliyin vəsfi» adlanır. O məqalədə belə bir fikirlə rastlaşırıq: adi adamlar, adi duyğular, həyatın gözəl qəribəliyi, sadələrin böyük dünyası, yarandığı məkan Cabir poeziyasında ilhamla tərənnüm edilir. Oxucu duyur ki, həyatın əsl gözəlliyi ən adi, sadə, gerçək hadisələrin mahiyyətindədir, onları sevmək, qorumaq gərəkdir. Bu baxımdan şairin iki poeması - «İnsan məhəbbəti» və «Kəndimizin antik heykəli» daha çox diqqəti cəlb edir.

«İnsan məhəbbəti» C.Novruzun ilk poemasıdır. Burada süjet xətti tələbə-müəllim konflikti əsasında inkişaf etdirilir. Lakin qeyd edək ki, C.Novruzun poemaları sırf lirik istiqamətdədir, bu poemalarda hadisə və konfliktlər lirik əhval-ruhiyyə, şairin təsvir obyektinə birbaşa münasibəti ilə müşayiət olunur. «İnsan məhəbbəti» poemasında şair təsvir etdiyi həyat hadisələrinə qarşı laqeyd deyil, onu tələbə-müəllim konfliktindən daha çox insanda yaranan antihumanizm: zalımlıq, qəddarlıq, kəmfürsətlik kimi həm şəxsi, həm də ictimai bəlalar düşündürür. İnsana qayğı, qədirşünaslıq humanizmin ən yüksək zirvəsi, poeziyanın isə dayaq nöqtəsidir. Poeziya məhz adilərin, sadələrin tərənnümündə böyük nüfuz qazanır. Bu bədii həqiqəti C.Novruz «Kəndimizin antik heykəli» poemasında başlıca poetik arqumentə çevirib:

Kor bibim qızı var,

adı Tirmədir,

Bətndə itirmiş

iki gözün o.

Otuz beş ildir ki,

Heç nə görməyir,

Antik heykəlidir

Kəndimizin o.

Tirmələr - gözdən, könüldən, bəzən mühitin adi insani münasibətlərindən uzaq olan adamlar 60-cı illər Azərbaycan ədəbiyyatının əsas qəhrəmanlarına çevrildilər. Xüsusilə, nəsrdə bu adi adamların böyük dünyasına meyl daha qabarıq nəzərə çarpdı. «Kəndimizin antik heykəli» poeması isə poeziyanın bu istiqamətdə axtarışlarından biri idi.

Tirmə kor gözüylə

corab toxuyar,

Tirmə kor gözüylə

ürək oxuyar.

Yalanı doğrudan

seçə bilər o,

Təmizi doğrudan

seçə bilər o.

Kimin vicdanında

zülmət yaşayır

Kimlər varlığında

işıq daşıyır.

Bu kənddə kimlərin

üzündə nur var,

Gözü görə-görə

nə qədər kor var.

Nə qədər mənliyi

xəstə olan var.

Nə qədər nəfəsi

isti olan var.

Kimlər insan üçün

can verə bilər,

Tirmə deyə bilər,

göstərə bilər.

Cabir Novruzun poeziyasında ədəbiyyatımızın ümumi ahəngi ilə səsləşən motiv və mövzulara da tez-tez təsadüf olunur. Şeirimizdəki fəlsəfi notlar, dünya, ölüm, həyat və humanizm barədə düşüncələr siyasi lirikanın imkan dairəsini daha da genişləndirdi. Cabir Novruz da bu tendensiyaya «İnsan himnləri», «Qərbi Berlin», «İtmiş kəndin nağılları», «Zaman» poemaları ilə qoşuldu. Poeziyada ömrün ilk ünvanına - kəndə, kökə, ilkinliyə çağırış motivləri qüvvətləndi. C.Novruz da bu mövzuda maraqlı şeirlər yazdı:

Neçə gün qalstuk vursaq da bu gün,

Böyük şəhərlərdə xumarlansaq da,

ya həkim, ya şair olsaq da bu gün,

yüz cür geyinsək də, tumarlansaq da,

On beş mərtəbədə yaşasaq belə,

Akademik adı daşısaq belə,

O palçıq evlərdə oturmalıyıq,

O dəcəl çaylarda çimməliyik biz.

Dərin dərələrdən atılmalıyıq,

Qalın meşələrə dönməliyik biz.

Sərinləşməliyik zirzəmilərdə,

Nəfəs almalıyıq göy zəmilərdə,

Gərək dağın, daşın gedək yanına,

Gedək ömrümüzün ilk ünvanına.

Cabir Novruzun şeirlərindən biri belə adlanır: «Həyat, sən nə qəribəsən». Həyatın qəribəlikləri, insanlararası münasibətlərin mürəkkəbliyi, gözə dəyən və aşkarda nəzərə çarpmayan ziddiyyətlər, təzadlar, onun poeziyasında müxtəlif şeirlərin mövzusuna çevrilib. «Bizim əsr» şeirini yada salaq: «Çox qəribə, çox maraqlı bir əsrdə yaşayırıq» - deyən şair gözlərimiz qarşısında təzadlar, ziddiyyətlər silsiləsi canlandırır. Bir ovucu atomlu, bir ovucu dəmətli, bir ölkəsi dəvəli, bir ölkəsi raketli əsr. Çox təzadlı, amma istedadlı əsrdir. Bu əsrdə Naqasaki, Xirosima, Sakit okean sinəsindən yaralanıb. Bir vaxt antik dövrdə Esxili və Homeriylə bu dünyanı top-tüfəngsiz zəbt eləyən Yunanıstan indi varlığında ölüm, qan sərgisi yaşadır.

Doğrudan da, qəribə əsrdir. Bəzən insana sağlığında qiymət vermirlər, öləndən sonra isə dahilik çələngi bəxş edirlər. Odur ki, şair deyir:

Bir arzum var, ay adamlar,

qoyun deyim,

Sağ olanda qiymət verin

insanlara.

Yaxşılara sağ olanda

yaxşı deyin.

Sağ olanda yaman deyin yamanlara,

Şairlərə sağ olanda hörmət edin,

Sağ olanda heykəl qoyun ölməzlərə.

Sağ olanda ifşa edin xəbisləri,

Satqınlara sağ olanda satqın deyin.

Cabir Novruz poeziyasında həyatın gözəlliklərinə, təbiiliyə, müqəddəsliyə himnlər oxunduğu kimi, antihumanizmə, şərə, mənfiliyə, eybəcərliyə güclü nifrət duyğusu yaşayır. «Ana muzeyləri yaradaq gəlin» deyən şair digər şeirində ana hissini təhqir edənlərə qəzəbini, nifrətini elan edir. Vətən deyən, millət deyən, baş aldadan, göz küllədən, hər mühiti, hər iqlimi qəbul edən, bir formada, bir ölçüdə ömür sürən nadanlar, ev yıxmağa tələsənlər, mənliyini satıb mənsəb alanlar, zülməti işıqla pərdələyənlər C.Novruz şeirinin güllə hədəfləridir.

…Ömrünün son illərində C.Novruz poeziyasında bu hədəflərin obyekti daha konkretdir. Vaxtilə böyük bir vəcdlə insan gözəlliyini, təbiət gözəlliyini vəsf edən C.Novruz indi bu gözəlliyə qənim kəsilənləri ifşa hədəfinə çevirir. Azərbaycanın bu son 10-12 ildə aldığı yaralar şair ürəyində də öz əks-sədasını tapıb. Şuşaya həsr etdiyi poemada, yaxud 15 il öncə işıq üzü görən «Azərbaycan» poemasında tariximiz-bu günümüz bütün təzadlarıyla əks olunur. Hətta C.Novruz poeziyasında keçid dövrünün ikrah doğuran olaylarına qarşı satirik münasibəti əks etdirən şeirlər də diqqəti cəlb edir. Bir sözlə, 60-90-cı illərin Cabir Novruzu ilə XXI əsrin Cabir Novruzu bir-birini tamamlayır.

C.Novruzun «İxtiyarım olsa idi» poema-ittihamı bir daha sübut edir ki, əsl şair cəmiyyətdə, məmləkətdə baş verən hadisələrə biganə deyil. Poemaya yazdığı ön sözdə şair deyir: «Nə zamandır Qarabağı və neçə-neçə digər yerləri düşmən tapdağında qalan, bir milyondan çox yurd-yuva, ev-eşik dərbədəri olan, adı-sanı xar olan bir şair, bir vətəndaş, bir azərbaycanlı kimi gecə-gündüz yanıram, qovruluram, düşünürəm, az qala öz içimdə boğuluram. Ən sarsıntılı vaxtlarımda gümanım qələmimə çatır, ona pənah gətirirəm». Məncə, hər bir Azərbaycan şairi belə düşünməlidir. Poemada kimlər ittiham olunur? Xainlər, alçaqlar, satqınlar, yurdumuzun gözəl oylaqlarında yurd-yuva salıb sonra düşmən olanlar və bir də biganələr, Vətəndə yaşayan unutqanlar.

Bu qədər çal-çağır olar?!

Belə unutqanlıq olar,

Bu qədər bədyanlıq olar?!

Torpaqlar al qan içində,

Ekran toy-bayram içində.

Analar ah-vay içində,

Efirsə bay-bay içində.

…Necə yaşayıb-ölürük,

Qarabağ xar olan yerdə?!

Necə deyirik-gülürük,

Şuşada sar olan yerdə?!

Həmişə gözəlliyi, ali duyğuları, təbiətin, insan qəlbinin ülviliyini tərənnüm edən Cabir Novruzun poeziyasında iki yeni çalar-yeni meyl diqqəti cəlb etdi. Biri qəzəb, hiddət, digəri isə pərişanlıq, hüzn çalarları... Şair qəzəblənir: dünya dollar xəstəliyinə tutulub, bu dollar «bütün tamahlara çöküb, bütün vicdanları söküb». Şair hiddətlənir: «Müqəssirlər günahsızdır, günahsızlar müqəssirdir. Bütün işlər baş-ayaqdır, bütün sözlər tərsinədir». Rüşvət bir sağalmaz bəlaya çevrilib: «Ona boyun əyir bütün tamahlar, udur, rüşvət udur, aramla hamı. Odur şah, padişah, odur hökmran, bütün vəzifələr onun əlində». «Alverçiyə dönüb millət», «Yarandığı gündən bəri Azərbaycan, Belə alver görməyibdir heç bir zaman». Bu misralar on il-on iki öncə qələmə alınmışdı. Şairin «Əl açdı bir ikicanlı gəlin mənə» şeiri isə hüzn, pərişanlıq ifadə edir. Bir vaxtlar dünyaya uşaq gətirəcək qadına ən gözəl misralarını həsr edən şairin indi düşdüyü halət tamam fərqlidir: «Gəlin getdi, mən küçədə donub qaldım, Bir anlığa dilim-ağzım kilidləndi. Bu dərd mənim ürəyimə batan xəncər, Bu el, millət yanğısıydı, kədəriydi».

...Mən bu yazıda C.Novruzdan ancaq həqiqət və inam şairi kimi söz açdım. Ancaq o, həm də gözəl, zərif məhəbbət şairidir. Gənclik illərində yazdığı o gözəl və rübabi şeirləri siz də yaxşı xatırlayırsınız. Şeirlərinin hər biri nəğməydi, indi də o nəğmə ahəngi, o zəriflik və rübabilik yaşayır. Ancaq bircə fərqlə. İndiki məhəbbət şeirləri, əgər belə demək mümkünsə, xəzan lirikasının nümunələridir. Cabir Novruz insan qəlbinin mühəndisi idi:

Sən elə bir vaxtda rast gəldin mənə,

Qurumuş bulağam, bulanmış suyam.

Sən elə bir vaxtda rast gəldin mənə,

Oxunmuş nəğməyəm, çalınmış toyam.

Sən elə bir vaxtda rast gəldin mənə

Dayanıb durmuşdum yol ayrıcında.

Sən elə bir vaxtda rast gəldin mənə

Bir üzüm cavandı, bir üzüm qoca.

Nə deyə bildim ki, sevən çağımdı,

Nə dedim sevirəm, mənə dayaq ol.

Nə deyə bildim ki, mənə yaxın dur,

Nə deyə bildim ki, məndən uzaq ol.

C.Novruz yaşasaydı, mən onu qarşıdan gələn 80 illiyi münasibətilə ürəkdən təbrik edərdim. Amma mən onu mənən bizimlə bir sırada addımlayan görürəm. Ona görə də üzümü onun şeirlərinə tutub deyirəm: Siz yaşayırsınız, çünki sizi dünyaya gətirən o şair cismən ölsə də, mənən bizimlədi.

Son söz: 1984-1987-ci illərdə Cabir müəllim «Azərbaycan» jurnalına baş redaktor təyin edildi. Ondan əvvəl uzun müddət Yazıçılar İttifaqının katibi idi. Münasibətimiz daha da gözəlləşdi. Cabir müəllim çox mədəni bir insan idi və o, bu xasiyyətini ictimai aləmdə də büruzə verirdi. O, Milli Məclisin deputatı da oldu, amma dönüb bəzi həmkarları kimi, siyasətçi olmadı, orada da şair ömrü yaşadı. Mən yaradıcılığı ilə şəxsiyyəti arasında uyuşmazlığı müşahidə etdiyim, sözü ilə əməli düz gəlməyən yazıçılarla az rastlaşmamışam. Amma Cabir müəllim elə şeirlərindəki o sadə, o təbii insan idi. Allah rəhmət eləsin!

Vaqif Yusifli

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>