Bitmiş layihələr
Onun adı artıq MÖVLUD deyil, İNTİHARdır!
Lap qabaqlar, hələ "Gündəlik Teleqraf" açılmazdan öncə onunla tez-tez görüşərdim. Qəzənfər Əhmədli, Valeh Mirzəyev, bəzən Şərif Ağayar, Paşa Yaqub və digər dostlarla birgə süfrə arxasında oturar, saatlarla maraqlı söhbətlər edərdik. Elə bir işi-gücü olmazdı, ara-sıra müxtəlif qəzetlərə, saytlara yazılar yazar, qonorarla keçinərdi. Hamı onun "istedadlı" olmasından danışar, amma heç kim yaxasına çəkməzdi...
"Gündəlik Teleqraf" açılan gün ümumi dəvətimizlə "Təbriz" küçəsində yerləşən redakisiyaya gəlmişdi. Aynur Camal, Aynur xanımın yoldaşı İlqar gəlişindən məlumatlı idi. Həmin redaksiyanın fəaliyyətinin ilk günü idi, hərə özünə yer tapmaqla məşğul idi. Hər kəs özünə bir masa tapıb arxasında əyləşirdi. Birdən yanıma gəldi: "mən özümə yer tapmadım" dedi. Arxasınca istehza ilə əlavə etdi: "Guya həmişə yerim olub, indi tapammıram"...
Tərəddüd eləmədən, "gəl otur" dedim, yerimi ona vermək istədim.
Çünki mən redaksiyada rəhbər şəxs qismində çalışacaqdım. Yəni, necə
olsa, oturmağa bir masa, bir stulum olacaqdı. Amma onun
yersiz-yurdsuz qalmasını istəmirdim. İşləməsini, həm də yanımda
işləməsini istəyirdim. Elə bir istedadlı adama sadəcə sahib çıxmaq
və relsə salmaq lazım idi, qalanını özü bacaracaqdı. Amma heç cür
oturmaq istəmədi, "yaxşı, get mətbəxdən-filandan bir stul tap,
otur, heç hara tərpənmə, qoy ara sakitləşsin, bir yer tapacağıq"
deyərək bərk-bərk tapşırdım. Amma aradan çıxdı və elə o gedən
getdi, uzun müddət yenə işsiz-gücsüz ortalıqda dolaşdı. Əvvəlki
kimi sıx görüşə bilmirdik, amma hər dəfə bir araya gələndə bu
əhvalatı xatırlayır, gülürdük. Hər dəfə onun özünəməxsus gülüşü
"Guya həmişə yerim olub, indi tapammıram" sözünü də qulaqlarımda
cingildədirdi...
İş elə gətirdi ki, "Gündəlik Teleqraf" qəzetinin rəhbərliyi
tamamilə mənə həvalə olundu. Kollektiv yenidən formalaşanda ilk
işim onu aramaq oldu. "Bizim mədəniyyət bölməmizə rəhbərlik
edəcəksən" dedim. Başqalarının müxbir götürmək istəmədiyi adama
birbaşa redaktorluq təklif edirdim. Aynur Camalı bu təyinatın
uğurlu olacağına inandırmışdım. Eləcə də oldu. Özü də təyinata
xeyli təəccüblənmişdi. Bir az da etimadı doğrultmaq, reputasiyasını
dəyişmək, uzun illərin ağır havasından çıxıb işgüzar mühitə
girməkdən ötrü əlindən gələni əsirgəmirdi. Yəqin o illərdə yazdığım
statusları izləyənlər onu nə qədər diqqətdə saxladığımı, motivasiya
etdiyimi özləri də görə bilər. Onu nə qədər himayə etdiyimi, hər
fürsətdə uğurlarına təkan verdiyimi hamıdan çox və yaxşı bilən
adamlardan biri Aynur Camaldır. İnsafən, Aynur Camal da ona sadəcə
müdir, patron olmadı, dost, ana, bacı oldu. Həm maddi, həm də
mənəvi cəhətdən kimsənin etməyəcəyi qədər dəstək oldu ona... Özünü
xeyli dərəcədə "Gündəlik Teleqraf"da tapdı, sevdi, ailə qurdu,
ağırbaşlı bir adam oldu.
Hər zaman deyirdim ki, sən Azərbaycanın Doğan Hızlanı olmalısan. Əslində, tam səmimi deyirəm, Doğan Hızlandan qat-qat istedadlı, fəhmi, erudisiyası daha yüksək adamdı. Azərbaycan dilini, dünya ədəbiyyatını çox mükəmməl bilirdi. Ölkə daxilində və xaricində gedən prosesləri yaxından izləyir, təhlil edirdi. Bir neçə ideya vermişdim, ağlına batmışdı. Özünün də bəzi planları vardı, əminəm ki, arxasına düşsəydi, başa çatdırsaydı, çox fərqli əsərlər ortaya qoya bilərdi. Amma Doğan Hızlan olmaq istəmədi, zarafatla deyirdim ki, o kəpənəyi taxmayanca səndən əl çəkən deyiləm.
Bir gün yanımdan getmək istədi. Mən onu başa düşür, haqq verirdim. Cavan oğlan idi, sevməli, görüşməli, özəl həyatına vaxt ayırmalı idi. Mən isə onu nəzarətdə saxlayır, aradan çıxmağa macal vermirdim. Bir neçə dəfə işə "paxmel" gəlmişdi, ərkyana möhkəm danlamışdım. Amma son nəticədə "mənim kurasiyamdan" çıxdı, holdinqdəki digər sayta keçdi. Doğrusu, ona orada ehtiyac da vardı. Amma bu məsələyə görə aramız sərinlədi. Özünə də dedim, Aynur Camala da, bizim digər uşaqlara da: "Daş düşdüyü yerdə möhkəm olur. Mən onun düşdüyü yerdə bərkiməsini, möhkəmlənməsini istəyirəm". Bu sözümü çox bəyənmişdi, hər dəfə kollektiv dəyişdikcə, qeyri-sabit çevrələrin birindən-digərinə keçdikcə zəng edir, yaxud rastlaşanda "abi sən düz deyirmişsən, daş düşdüyü yerdə möhkəm olur" deyərək bir növ üzrxahlıq edirdi. Son dəfə çalışdığı "Aydın yol" qəzetində də işləri düz getməyəndə də onun yenidən "Gündəlik Teleqraf"a qayıtmasına dəstək verdim. Özü bilirdi, bilmirdi, heç maraqlanmadım. Amma yadımdadır, mən həmin redaksiyadan ayrıldığım, işdən çıxdığım gün kövrəldi, ağlamsındı, "haqqını halal et" deyib məni yola saldı... Ondan sonra demək olar ki, görmədim, arada Facebookda yazar, qısaca hal-əhval tutardıq. Bəzən dözməyib sitəm edərdim, "Doğan Hızlan olmadın, ay əclaf..." deyərdim...
Və o intihar etdi. Özünü yüksək mərtəbəli yeni tikilinin başından atdı. Hər kəs kimi mən də şok keçirərək qarşıladım bu xəbəri, amma o qədər də təəccüblənmədim. Çünki o, əslində iradəli adamdı və onun özünü atmağa cəsarəti çatardı... Heyf, min təəssüf ki, o cəsarətini və iradəsini heç kimin dəstəkləməyəcəyi bir addım üçün sərf etdi...
O can atan adamdı...
Dostluğa, sevgiyə, yaxşılığa, xeyirxahlığa, işıqlı gələcəyə və nəhayət əbədiyyətə can atan adam...
Axırda canını atdı...
Azərbaycanda ədəbiyyat anlayışını kökündən dəyişdirə biləcək bir gənc özünü göylərdən yerə atdı.
Heç vaxt tapmadığı yerə...
Və onun adı artıq MÖVLUD deyil, İNTİHARdır!
Taleh Şahsuvarlı
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO