• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Gözəl bir gecə, ərsiz... FOTOLAR

Gözəl bir gecə, ərsiz... FOTOLAR

Amerikalı aktrisa Natali Vud gözəl və istedadlı idi. Çatışmayan yalnız bir cəhəti vardı - xasiyyətinin sərt olması və məhz bu səbəbdən o, Hollivudda “qalmaqallar kraliçası” kimi şöhrət qazanmışdı. Elə ölümü də səs-küylü oldu. Bütün dünyadakı jurnalistlər, kriminalistlər bu günə qədər bu qalmaqallı ölümün əsl səbəblərini açmağa çalışır...

1981-ci il noyabr ayının son gecəsi Los-Ancelesdə hava dözülməz keçir. Ancaq növbəti gün okean sakitləşir, günəş çıxır. Balıqçılar səhər tezdən Santa-Katalina adasından okeana yaxınlaşır. Bu vaxt balıqçılardan biri sahildə qırmızı rəngdə nəyinsə olduğunu gördü. Qırmızı gödəkçə və corabda qadın cəsədi... Cəsədi dərhal tanıdılar. Həmin illər bu qadını hər kəs tanıyırdı. Bundan əlavə, balıqçılar səhər tezdən radioda həyəcanla verilən elanı etmişdilər – Hollivud ulduzu Natali Vud Santa-Katalina sahillərində yoxa çıxıb...

Natalya Qurdina 1938-ci ildə rus mühacirlərinin ailəsində anadan olmuşdu. Hələ balaca vaxtından bu qızcığazın gözəl aktrisaya çevriləcəyinə hər kəs inanırdı. Kinoda ilk rolunu Natali dörd yaşında ikən oynamışdı. Səkkiz yaşında qızcığaz artıq həftəyə min dollar qazanır və ailəsini saxlayırdı. 18 yaşında ikən Natali Vud artıq iyirmi filmdə oynamış ulduz idi.

Aktrisaya ilk məşhurluğu “Vestsayd hekayəsi” filmi gətirmişdi. Bu filmi hətta qapalı SSRİ-də də yayımlamışdılar.

On yaşında Natali 18 yaşlı yaraşıqlı Robert Vaqnerlə tanış olmuşdu və ona ilk baxışdan aşiq olmuşdu. Qızcığaz anasına Robertə evlənəcəyini söyləyir və sözünün üstündə durur. Səkkiz ildən sonra 1957-ci ildə Natali Vudla Robert Vaqner evlənirlər...

Ulduz nikahının uzunömürlü olmaması təəccblü deyil. Dörd ildən sonra onlar boşanırlar. Natali inamla “qalmaqallar kraliçası” adına doğru addımlayırdı. O, içməyə və kişilərlə qısamüddətli münasibətlər qurmağa başlamışdı.
Natalinin növbəti nikahı daha az çəkir. Teatr agenti Riçard Greqsonla evlilik iki il davam edir. Bu nikahdan onun Nataşa adlı qızı dünyaya gəlir.

Bu evliliyin dağılmasında hər iki tərəf təqsirkar olur. Qreqsonun ona xəyanət etdiyini görən aktrisa əməlli-başlı qalmqa yaradır. Ərinin pal-paltarlarını bayıra atır. Lakin bununla aktrisanın hirsi soyumur. O, ərinin işini itirməsi üçün Holluvuddakı bütün əlaqələrini də işə salır.

İçməyi sevirdilər...

1972-ci ildə Natali Robert Vaqnerin yanına qayıdır və onlar yenidən evlənirlər. Robertin bu addımı atmasının səbəbi bəlli deyil. Bəziləri hesab edir ki, Vaqner Natalini o qədər sevib ki, xəyanətini də bağışladı, digərləri isə onları başqa bir bağın, daha dəqiq desək, içkiyə olan məhəbbətin birləşdirdiyini iddia edirdi.

Hər ikisi içki düşkünü idi. Onların ikinci toyu Floridada baş tutur, buradakı içki məclisi əsl səs-küyə səbəb olur və mediyada öz əksini tapır.

Qalmaqal qalmaqal ardınca...

Yenidən ailə qurmuş cütlük bu dəfə də yola getmir. Ailədəki sakitliyi heç yenicə doğulmuş qızları Kortni Bruk da təmin etmir. Dava-dalaşların əsas səbəbi Natalinin ərini qısqanması idi. O, hətta Robertin qadınlarla nəzakətli davranışını da həzm edə bilmirdi.

Şayiələrə görə, Natali ərini gözdən qoymamaq üçün evə hətta “böcək”lər quraşdırmışdı...

Qısqanclıq səhnələri səngimək bilmirdi. Bir dəfə hansısa ziyafət zamanı Roberti bir gözəl xanımın yanında əyləşdirmişdilər. Natali is ərinin qəsdən o qadının yanında oturduğunu düşünüb vay-şüvən salır. Bütün gecəni içir, huşunu itirənə qədər içir...

Bu tip səhnələr hər dəfə təkrarlanırdı. “Qalmaqallar kraliçası” kimi tanınan Natalidən Hollivudda da qorxurdular. Allah etməsin ki, kimsə xətrinə dəyərdi, Natali həmin insandan qisasını sona qədər alacaqdı...

Gözəl gecə, ərsiz...

1981-ci ildə baş tutan sonuncu uik-endi Vaqner və Natali Robertin yaxtasında keçirməyi qərara alır.

Yaxtada Vaqner, Natali Vud və Kristofer Uokenlə yanaşı, kapitan Dennis Deyvern də vardı.

Şam yeməyini dostlar Santa-Katalina adasında etməyi qərara alır. Axşama yaxın hava pisləşir, güclü tufan qopur. Gəminin yırğalanmasını pis keçirən Kristofer Uoken sahildə qalacağını söyləyir. Natali də bu havada yaxtaya qayıtmaq istəmədiyini deyir.

Robert yaxtaya tək qayıdır. Natali ilə Kristofer mehmanxanada iki nömrə tuturlar. Sonradan istintaq nəticəsində otaqlardan birinin bütün gecə boş olması müəyyən olur...

Növbəti gün nahardan sonra Natali və Uoken yaxtaya qayıdırlar. Ərinin Natalidən gecəni necə keçirdiyini soruşarkən, Natali gülümsəyərək çoxdandır belə gözəl keçirmədiyini söyləyir. Robertin bu cavabı necə qarşıladığını anlamaq çətin olmaz...

Axşam dostlar şam etmək üçün sahildəki başqa restorana gedirlər. Şərab yenə su əvəzinə içilir. İki şüşə şampan, iki şüşə şərabı boşaltdıqdan sonra Robert, Natali və Kristofer yaxtaya qayıdırlar.

Bundan sonra dəqiq nə baş verdiyi isə bu günə qədər məlum deyil...

Hər iki kişi müstəntiqə ifadə verərkən Natalinin o gecə çox sərxoş olduğunu söyləyirlər. – O kayuta yatmağa getmişdi...

Ancaq səhərə yaxın Vaqner kayuta gələrkən həyat yoldaşının burada olmadığını görür. Axtarışlar başlayır. Hollivud ulduzunun yoxa çıxması barədə radioda elanlar gedir. Tezliklə balıqçılar aktrisanın cəsədini tapırlar. Polis müstəntiqi cəsədi yarmamaq qərarı verir.

Mediyada aktrisanın rəsmi ölümü bu cür təqdim edilir:
Sərxoş aktrisa gecə kayuta yatmağa keçib. Lakin yaxtaya bağlanmış kiçik gəminin səsi onu qıcıqlandırır. Natali ayağa qalxır, gödəkcəsini geyinib gəmini bərkitmək üçün çıxır. Göyərtə yaş olduğundan sərxoş aktrisa müvazinətini saxlaya bilməyib suya düşür. Bu zaman başı gəminin qırağına çırpılan aktrisa huşunu itirir və boğulur.

Cavabsız suallar

Pressada Natali Vudun ölümü ilə bağlı rəsmi açıqlamalar şübhə ilə qarşılanır. Aktrisanın ölümü ilə bağlı bir neçə versiya irəli sürülür. Guya aktrisa göyərtədə kişilərdən biri ilə möhkəm dalaşıb və onu suya itələyiblər.
Natalinin əri də şübhəlilər arasında idi. Onu arvadının yaraşıqlı Uokenlə münasibətləri qəzəbləndirmişdi və çox güman ki, həyat yoldaşından qisas almaq arzusunda idi. Lakin Hollivud Vaqneri israrla müdafiə edir.

Nəticədə, işi tez bir zamanda bağlayırlar. Aktirsanın bədbəxt təsadüf nəticəsində həlak olması hamıya sərf edirdi.
Bir müddət sonra Robert Vaqner başqa gözəl və gənc aktrisa ilə evlənir. Həmin bədbəxt gecə haqda sualları cavablandırmaqdan isə israrla imtina edir.

Lakin gözəl aktrisanın ölümü bu gün də sirlərlə zəngindir. Axı necə ola bilər ki, Robert və Uoken suya düşən qadının qışqırıq səslərini eşitməyiblər? Axı qadın harayını qonşu yaxtadakılar eşitmişdilər. Vaqnerlə Uoken on metr kənarda bu səsi eşitməyiblər? Qəribədir axı... Niyə bu işlə məşğul olan müstəntiq işi tez bağlamaq istəyib, niyə o aktrisanın həyatının otuz milyon dollar dəyərində sığortalandığını və işdir, şayət aktrisaya bir şey olsa, bu pulların onun ərinə çatacağı faktını nəzərdən keçirməyib? ...

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR