İki dostu düşmən edən qadın və ya baş tutmamış sevgi... VİDEO
Bizi izləyin

Bizim tərcümə

İki dostu düşmən edən qadın və ya baş tutmamış sevgi... VİDEO

Artıq bəllidir ki, dahi şairin muzası olmaq elə də yaxşı məşğuliyyət deyil, hətta təhlükəlidir. Allah bilir, bu dahinin ağlına nə gələ bilər - ya duelə çıxacaq, ya intihar edəcək...

Nobel laureatçısı İosif Brodski sevgi məsələlərində digər qələm dostlarından geri qalmayıb, belə ki...

“M.B.” adlı sirli qadın...

Gənc rəssam xanım Marina Basmanova haqda Anna Axmatova bunları demişdi: “Nərmə-nazik, ağıllıdır, gözəlliyi ilə də necə gözəl davranır! Heç bir kosmetikadan istifadə etmir. Bir sözlə, soyuq su!”.

Həqiqətən, bu qızda bir sirr, bir gözəllik vardı...

Marina Basmanova Sankt-Peterburqda anadan olmuşdu və elə orada böyümüşdü. Atası Pavel Basmanov məşhur rəssam idi. Odur ki, incəsənətə maraq ona atasından keçmişdi.

Rəssam xanım pərəstişkarlardan korluq çəkmirdi. Ancaq azad olmağı daha üstün tuturdu. Basmanovanın dostlarının dediyinə görə, onun daha bir özəlliyi vardı – Marina sirli və gizli olan hər şeyə maraq göstərirdi.

İllər keçir və Brodskinin yaxın dostlarından biri olan yazıçı Lyudmila Ştern “Brodski: Osya, İosif, Joseph” adlı kitabında Basmanova haqda yazır: “O, utancaq idi, hər halda, kənardan elə görünürdü. Qeyri-adi ağlı ilə də fərqlənmirdi. Odlu-alovlu söhbətlərdə iştirak etmir, olurdu ki, axşam ərzində bir dəfə də olsun, ağzını açmırdı”. Kim bilir, bəlkə, onun danışmaq yox, məhz dinləmək bacarığı ədəbiyyat üzrə gələcək Nobel laureatını cəlb edirdi?...

“Səni mələklərdən də çox sevirdim”

İosif Brodski və Marina Basmanova ilk dəfə 1962-ci ilin martın 2-də məşhur bəstəkar Boris Tişenkonun evində təşkil olunmuş ziyafətdə tanış olurlar. Şairin hələ 22 yaşı olmamışdı.
Bu ilk baxışdan məhəbbət idi. Həmin gündən etibarən onlar görüşməyə başlayırlar. Əl-ələ tuturaq şəhəri gəzir, köhnə evlərin blokunda qızınır, öpüşürdülər, bir sözlə, gəncliklərini yaşayırdılar.
Brodski ona öz yeni şeirlərini oxuyur, Marina isə saatlarla ona rəssamlıq barədə danışırdı. Onu özü ilə muzey və sərgilərə aparırdı.
Ətrafdakılar onların bir-birilərini tamamladıqlarını söyləyirdilər: ehtiraslı Brodski və sakit, müdrik Basmanova. Od və su, Ay və günəş. Görəsən, Basmanova Brodskini eyni ehtirasla sevirdi? Demək çətindir. Brodskiyə qaldıqda, o, Marinaya az qala sitayiş edirdi!

İosif Brodski

Ancaq zaman keçdikcə münasibətlərdə çat yaranmağa başlamışdı. Həm Basmanovanın atası, həm Brodskinin valideynləri onların münasibətlərinə qarşı idilər və ən əsası, Basmanova özü də evlənmək istəmirdi. Sevgililər tez-tez dalaşır və hər dəfə “ömürlük” ayrılırdılar. Hər belə mübahisədən sonra İosif dərin depressiya yaşayırdı. Lyudmila Ştern hər dəfə dostunu belə vəziyyətdə görəndə onun intihar edə biləcəyindən qorxurdu. Onun əlinin sarıqlı olduğunu görən Viktor Ştern ona demişdi: “Qulaq as, Osya, qurtar artıq, insanları qorxudursan. Əgər bir dəfə, həqiqətən, intihar etmək istəsən, mənə de. Sənə bunun yollarını izah edərəm”. Brodski məsləhətə qulaq asdı, daha qorxutmadı, ancaq bunun da bir faydası olmadı...

Və üçbucaq...

Təəssüf ki, bu sevgi də banal sevgi üçbucağı olmadan keçinmədi. Altmışıncı illərin əvvəllərində Brodski Anatoli Nayman, Yevgeniy Reyn və Dmitriy Bobışevlə sıx dostluq edirdi. 1964-cü ilin qış ayları idi, müxtəxorluğa görə həbs edilməkdən qorxan Brodski Moskvada gizlənmişdi və dostu Dmitriy Bobışevdən Marinanın qayğısına qalmağı xahiş etmişdi.

Dmitriy Marinanı dostlarının bağ evinə aparır və onu hamıya “Brodskinin sevgilisi” kimi təqdim edir. Onu isti qarşılayırlar, ancaq Marina bütün axşamı susur və yalnız arada ona məxsus sirli təbəssümlə gülümsəyir. Bir müddət keçdikdən sonra onun məclisdə olduğunu hər kəs unudur. Bundan sonra nəyin baş verdiyi dəqiq məlum deyil. Düzdür, Marina diqqətdənkənar qalmışdı, ancaq burada onun çoxdandır ki, xoşuna gəldiyi yaraşıqlı Bobişev vardı, beləliklə, qaradinməz Marina gecəni onunla keçirir.

Səhər Marina otaqdakı pərdələri yandırır və sadəlövhcəsinə qışqırır: “Baxın, nə gözəl yanır!”
Əlbəttə ki, Brodskinin dostları Bobışevi xəyanətdə təqsirləndirirlər. Bobışev tezliklə bağ evini tərk etməyə tələsir, ancaq getməmişdən öncə söyləyir: “Mən günahkar deyiləm, o özü yanıma gəldi” və - Brodski Marinanı nişanlısı hesab edir - deyə əlavə edəndə Marina onun sözünü ağzında qoyur: “Mən isə özümü onun nişanlısı hesab etmirəm, o, nə fikirləşirsə, bu onun öz işidir.”...

“Sən yanımda olduğun müddətdə ölümdən qorxmurdum”

Sevgilisinin xəyanəti barədə şayiələr Brodskinin qulağına gəlib çatır. Bu zaman o, hər şeyə tüpürüb Leninqrada yollanır. İllər keçəcək və o, bu barədə bunları söyləyəcək: “Mənim üçün əhəmiyyəti yox idi, lap həbs etsələr belə. Bunlar Marinanın etdiklərinin yanında heç nə idi”...

Brodski vağzaldan düz Bobışevin evinə gedir. Burada dostları ömürlük düşmən edən uzun söhbət baş tutur. Burdan çıxıb Brodski Marinanın yanına gedir, lakin o, qapını açmır. Bir neçə gündən sonra isə şairi elə küçədəcə həbs edirlər. Onu üç il müddətinə Arxanqelskə göndərirlər. Sonralar artıq Amerikada yaşayan İosif ürəyini yenə də Lyudmila Şternə açır: “Mənim üçün Marina ilə bağlı olmayan heç nəyin önəmi yox idi”...

İosif Brodski

Şair Arxanqelskdə ən gözəl şeirlərini yazır, bu şeirlərin elə adları nəyə desən, dəyərdi! “Xoşbəxt qışın mahnıları”, “İngilis toy mahnılarından”, “Bal ayından bir dilim”. Yenə də, Marinanın sayəsində.
Brodski onu bağışlamağa hazır idi, təki onlar yenidən bir yerdə olsun və bu nağıl bitməsin. Ancaq... Bobışev gəldi və Basmanova onunla getdi. Sonra qayıtdı, yenidən getdi...
Brodski isə əzab çəkirdi, sevgisindən heç cür xilas ola bilmirdi. Bu görüşlərin nəticəsində, 1968-ci ildə onların Andrey adlı oğulları dünyaya gəlir. Şair artıq əmin idi ki, Marina münasibətləri rəsmiləşdirməyə razılaşacaq... ancaq bu elə ümid olaraq qalır. Dostları Brodskiyə buralardan getməyi məsləhət görür. O isə sona qədər ümid edirdi ki, xaricə bir yerdə gedəcəklər – o, oğlu və Marina...

Lakin Brodski tək gedir. Sevgi üçbucağı da gözlənilmədən dağılır: Marina Dmitriy Bobışevlə ayrılır və Brodskidən olan oğlunu tək böyütməyi qərara alır. (Tezliklə Bobışev ABŞ-a mühacirət edir.)
İosif hələ də özünə gəlməmişdi. Məşhur şair dalbadal bir neçə infarkt keçirir. Basmanova ilə ayrıldıqdan sonra o dəyişmişdi və daha sevgiyə inanmırdı.

Fəqət bu hələ son deyilmiş. Sorbonnadakı mühazirəsi zamanı Brodski tələbələr arasında Mariya Sotsani adlı bir qızı görür. Rus əsilli gözəl italiyalı xanım şairdən otuz yaş cavan idi və dəhşətli dərəcədə Basmanovanın gəncliyinə bənzəyirdi... 1991-ci ildə Brodski həmin xanımla evlənir. Mariya sadiq həyat yoldaşı olmaqla bərabər, bütün işlərində ərinə yardım edir, ona dəstək olurdu. Bir ildən sonra onların qızları dünyaya gəlir. Şairin dostları söyləyirdi ki, Brodski Mariya ilə evli olduğu beş il ərzində əsl xoşbəxtliyi dadır. Brodski daha Basmanovaya şeir həsr etmir...

Postskriptum...

Brodskinin xəstə ürəyi 1996-cı ilin 28 yanvarında dayanır. Şairi San-Mikeledəki “ölülər adası”nda dəfn edirlər. Marina Basmanova bu gün də sağdır. Ancaq əvvəlki tək yenə də susur: memuar yazmır, jurnalistlərə özü barədə heç bir məlumat vermir. Brodski ilə münasibətlərini gizli saxlayır və hər hansı bir açıqlama vermir və görünür, verməyəcək də... Lakin onu bağışlamağa məcburuq, axı o, dahi şairin muzası idi...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm