• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

"Ya müxbir olacaqsan, ya da mənim yatağımda qadın!" - FOTOLAR

"Ya müxbir olacaqsan, ya da mənim yatağımda qadın!" - FOTOLAR

O, həyatda hər şeydən çox payızı sevirdi. Sarı, isti payız yarpaqlarını...

Ernest Heminquey dahi amerikan arzusunun bir parçasına çevrildi: gözəl qadınları sevən, varlı, məşhur və həyatdan öz qərarı ilə köçən əsl kişi...

Balaca Ernest ailənin böyük oğlu idi. Anası onun violonçeldə çalmasını arzulayırdı, ancaq Ernestin başqa maraqları vardı. Üç yaşında o, ilk forelini tutmuşdu. Səkkiz yaşında Ernest artıq bütün ağacların, güllərin, quşların, balıq və heyvanların adını əzbər bilirdi, bununla yanaşı, Çarlz Dikkensin də kitablarını oxuyub bitirmişdi. On iki yaşında babası ona silah hədiyyə edir və sərrast atması üçün günə üç patron verir.

Bir dəfə balıq ovu zamanı Ernest qarmaqla üzünü yaralayır. Yara yüngül deyildi, bu səbəbdən infeksiyanın yayılmasının qarşısını almaq və vaxt itirməmək üçün atası yaranı anesteziyasız tikməyi qərara alır.

- “Ağlama! – Ernestin ağladığını görüb, atası qışqırdı.
- Axı ağrıdır!
- Nə olsun ki, ağrıdır, sən ağlama.
- Bəs nə edim?
- Fit çal, oğlum. Ağrıdan göz yaşlarını saxlaya bilməyəndə fit çalmağa başla və ağrı yox olacaq, başa düşdün?”

Bu sözləri Ernest ömürlük yadında saxlayacaqdı...
Müəyyən vaxt keçəcək və hamı onu soyadı ilə çağırmaya başlayacaq – Heminquey. Və bu soyad uzun müddət kişi sözünün sinoniminə çevriləcək, əsl kişilər isə, məlum olduğu kimi, ağlamırlar, məyus olurlar...

Məktəbi bitirdikdən sonra Ernest Kanzas Sitiyə gedir və “Star” qəzetində müxbir çalışmağa başlayır. Məhz burada o, heç bir filoloji təhsil almadan ağır mövzularda yazmağı öyrənir. “Qadınlarsız kişilər” hekayələr kitabından əldə etdiyi ilk qonorardan sonra göylərdə uçan Ernest hekayələrin nüsxəsini atasına göndərir və atasının onunla fəxr edəcəyini düşünür. Ancaq belə olmur. Atası hekayələri diqqətlə oxuduqdan sonra bütün kitabları geri qaytarır. Məktubunda isə nə oğlunu, nə onun “yaradıcılığını” görmək istəmədiyini yazır.

Ernestin yaradıcılığı həkim atanı, sözün əsl mənasında, qıcıqlandırmışdı. Bütün personajların küçə dili ilə danışmaları bir yana, hələ üstəlik baş qəhrəman qonoreya xəstəliyindən əziyyət çəkir. Əsəbi ata oğluna məktubunda yazır: “Mən ümid edirdim ki, sənə verdiyim tərbiyə cinsi xəstəliklərini yalnız həkimin kabinetində açıqlaya bilmək ağlında olmağına kifayət edib. Görünür, yanılmışam”.

O vaxtdan etibarən ata ilə oğlu danışmırlar. Heminquey baş verənlərin üstünü vurmasa da, hamı onun atasına necə bağlı olduğunu bilirdi.
1925-ci ildə Heminqueyin “Və günəş çıxır” adlı ilk romanı işıq üzü görür. 1929-cu ildə isə yazıçının “Əlvida, silah” romanı çıxır və bu kitabdan sonra onun haqda artıq ciddi yazıçı kimi danışmağa başlayırlar. Bir ildən sonra Heminqueyin kitabları 80 min tirajla çıxır. Bu qələbə demək idi.

Məşhur yazıçını tez-tez yüngül təbiətli qadınların əhatəsində görməyə başlayırlar. Təəssüf ki, yazıçıda alkoqola da meyllik yaranır...

Məşhur jurnalistlə söhbətində yazıçı demişdi: “Anlayıram, eşitmişiniz ki, içirəm. Niyə bunu etdiyimi izah etmək istəyirəm. Səhərlər yazıram. Sonra yazdığım barədə unutmaq və istirahət etmək istəyirəm. Əks halda, dəli olmaq olar. Çünki yalnız qəhrəmanın barədə düşünməyə başlayırsan...”
Yazıçı üçün ədəbiyyatdan sonra ən sevdiyi iş risk etmək idi. O, Birinci Dünya Müharibəsində iştirak etməyi arzulayırdı. Lakin zəif gördüyünə görə, onu əsgərliyə qəbul etmirlər. Ernest təslim olmur və sanitar maşınında sürücülük etməyə başlayır. Elə bu zaman 1918-ci ilin 8 iyulunda o, italiyalı snayperi xilas edərkən, yaralanır. Onun bədənində 26 qəlpə yarası aşkarlanır...

Lakin bu hadisə də onu dəyişmir. 1937-1938-ci illər Heminquey dörd dəfə İspaniyada olur və vətəndaş müharibəsi haqqında oçerklər yazır. 1944-cü ildə ikinci frontun açıldığını öyrənən yazıçı dərhal Böyük Britaniyaya yollanır, ancaq Londonda avtomobil qəzasına düşür. Bir çox dünya qəzetləri onun öldüyünü yazır, lakin yazıçı bu dəfə də sağ qalır. Doqquz ildən sonra artıq elə də gənc olmayan Heminquey Afrikaya ekspedisiyaya yollanır. Təyyarə Kilimancaroda qəzaya uğrayır. Çox saylı yaralar alan yazıçı bu dəfə də möcüzəli şəkildə sağ qalır! Uğur daim onunla idi!

Beləliklə, Heminqueyin qadınları sevdiyini bilirik. Hər dəfə aşiq olarkən, o evlənirdi və hər növbəti həyat yoldaşı əvvəlkindən varlı olurdu. Ancaq yazıçı üçün vacib olan bu deyildi. Ernest onun kimi, güllə atıcılığını sevən, balıq tutan, maşın sürən və korridaya baş çəkən qadınları sevirdi. Odur ki, yazıçı qayğıya ehtiyacı olan “zəif qadın”ları seçmirdi. Bunlar güclü qadınlar idi.
Heminquey 1921-ci ildə pianoçu xanım gözəl Elizabet Hendli Riçardsonla evlənir. Cütlük Parisdə yaşayırdı, elə də imkanlı olmasalar da, “Daim səninlə olan bayram” romanında yazıçı necə xoşbəxt olduqlarını təsvir edir. 1923-cü ildə onların Con Hendli Nikanor adlı oğul övladları dünyaya gəlir. Uşağın anadan olması ilə ailədə problemlər yaranır. Belə ki, Ernest səyahətlərə can atır, Elizabet isə evdar qadına çevrilir və bütün diqqətini oğluna ayırır. O, rəfiqəsi sarışın gözəlçə Paulina Pfayferi əri ilə tanış edərkən, yazıçı bu gözəlliyin qarşısında özünü itirir...

1927-ci ildə Hendli ilə Ernest boşanırlar. Ancaq Heminquey ömrünün sonuna qədər Elizabeti “həyatının ən böyük günahı” adlandırır. Məhz Hendli onun yaradıcılığına inanmışdı və ona çap maşını hədiyyə etmişdi.
Paulina Heminqueydən iki oğlu dünyaya gətirir. Ernest köhnə həyat tərzinə qayıdır - səyahətlərə başlayır və oradan arvadına məktublar yazır. Paulinanın isə səbrlə ərini gözləmək və ona məktublar yazmaqdan savayı başqa çarəsi qalmamışdı:”İstəyirəm ki, mənim yatağımda yatasan, mənim vanna otağımda çiməsən, mənim viskimi içəsən. Əziz, ata, tez qayıt”. Paulina ilə evlilik həyatı uzun çəkmir.
Yazıçının üçüncü həyat yoldaşı Maris Ellis Gellhorn olur. Sarışın, istedadlı və ağıllı jurnalistlə yazıçı İspaniyada tanış olmuşdu.

1939-cu ildə Pfayferlə boşandıqdan sonra Ernest Marta ilə evlənir və Kubaya köçür. Yazıçının əvvəlki həyat yoldaşlarından fərqli olaraq, Marta daha ambisiyalı idi və karyerasını davam etdirməkdə israrlı idi. Bu da Ernesti qıcıqlandırmağa başlayır və yazıçı arvadının qarşısına şərt qoyur: Ya müharibədə müxbir olursan, ya da mənim yatağımda qadın! Özün seç”.
Marta jurnalistikanı seçir və beləcə, o, məşhur yazıçını tərk edən ilk və sonuncu qadın olur...

1944-cü ildə yazıçı Meri Uelşlə tanış olur. Heminqueydən doqquz yaş gənc olan bu ağıllı, gözəl Meri yazıçının növbəti həyat yoldaşı olur. Meri yazıçının sadiq dostu olmaqla yanaşı, şəxsi katibəsi də olur.

Son müsahibələrinin birində Heminquey belə bir fikir səsləndirmişdi: “Əsl kişi yataqda ölə bilməz. O ya həlak olmalıdır, ya da güllə ilə alnına atəş açmalıdır. ”
50-ci illərin ortasında Kubada çevriliş başlayır, ancaq yazıçı buna önəm vermir və buradakı evində iyirmi pişiyi ilə yaşamağa davam edir. Fəqət diktator Batistin əsgərləri silah axtarmaq məqsədilə evə soxulub , onun yaşlı itini güllələyirlər. Bu, Heminqueyə çox pis təsir edir. O artıq yaşlandığını və dünya qarşısında gücsüz olduğunu anlayır.

Yazıçının səhhətində problemlər yaranır, üstəlik keçmiş yaralar özünü göstərməyə başlayır. Görmə qabiliyyəti bir az da zəifləyir, hipertoniya və şəkərli diabet də öz yerində. Ən böyük problem isə xroniki depressiya olur... Həyatının bu çətin məqamlarında Meri onun yanında idi. O, hər vəchlə sevimli ərini normal həyata qaytarmağa səy göstərirdi. Meri iki dəfə onu başqa adla ruhi xəstəxanaya yerləşdirir, nəticəsiz... İyirmi seansdan sonra yazıçı yaddaşını itirir.

1961-ci ilin səhəri idi, hamı yatmışdı. Heminquey çox sakit idi v nə edəcəyini də bilirdi. Yazıçı şkafa yaxınlaşır, asta səslə fit çalır və atası ona öyrətdiyi kimi, göz yaşı tökmədən, tələsmədən ov silahını götürüb alnından atəş açır...

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR