“Siyasətdə yeganə təcrübəm altıncı sinifdə olub” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Siyasətdə yeganə təcrübəm altıncı sinifdə olub” - FOTOLAR

Amerikalı kinorejissor və prodüser Robert Zemekis:

Rejissor olmasaydım, cinayətkar olardım...

Televizor yeganə xilaskarım idi.

Əgər filmim bir dollar gəlir gətirsə, xoşbəxt olacam.

Deyilənə görə, “Gələcəyə geri” filmimdən yaxşı myuzikl alınar. Sağlığımda bunun şahidi olmağı arzulamıram.

Mən Çikaqonun cənub hissəsində, kasıb fəhlə ailəsində anadan olmuşam. Ailəmizin incəsənətə heç bir aidiyyatı olmayıb – nə musiqiyə, nə kitaba, nə teatra. Arada çərşənbə axşamları kinoya gedirdik, o da ona görə ki, çərşənbə axşamları qadın axşamı sayılırdı və anam pulsuz daxil ola bilirdi.

Televizora isə hər gün baxırdım. O, mənim yeganə ilham mənbəyim idi. Uşaqlar və televizor? Bəli, mən bu problemdən xəbərdaram, ancaq hesab edirəm ki, televizor da informasiya mənbəyi kimi çıxış edə bilər. Məhz televizor mənim yeganə xilaskarım idi...

Çox güman ki, rejissor olmasaydım, cinayətkar olardım. Unabomber (əsl adı Teodor Kaçinski; amerikalı alim-anarxist, poçt bağlamaları ilə bomba göndərən şəxs) mənim yaşadığım Everqrin-Parkda yaşayırdı. Onun həbs xəbərini eşidəndə xeyli sarsılmışdım.

Uşaqlıqda hər bir filmin rejissoru olduğu ağlıma gəlmirdi. Fikirləşirdim ki, kino yalnız aktyorlardan ibarətdir.
Çox illər öncə, kinoməktəbi bitirdikdən dərhal sonra Corc Lukasla görüşməyə nail oldum.
- “Necə rejissor olum, Corc?” – ondan soruşdum. O, qısa cavab verdi: “Necəsə. Bir şey et”. İndi mənə elə gəlir ki, bu həyatımda aldığım ən dəyərli məsləhətdir. Sən mütləq nəsə bir şey edəcəksən...

Təəssüf ki, insanlar getdikcə kino haqda daha az danışmağa başlayırlar. Yaxşı bir filmə baxıb, kinoteatrdan çıxan kimi insanların ilk sözü bu olur: “Harada şam edəcəyik?”...

Kino və film çəkilişləri ilə bağlı bütün proseslər qeyri-təbiidir...
Biz Martini (“Gələcəyə geri” filminin baş qəhrəmanı) otuz il əvvələ qaytardıq. İnsanlara valideynlərinin cavanlığı daha uzaq görünür, nəinki qədim dünya tarixinə səyahət...

Məndən tez-tez “Gələcəyə geri” filminin dördüncü hissəsini nə zaman çəkəcəyimi soruşurlar. Cavab verirəm - heç vaxt. Dördhissəli film heç zaman ola bilməz. Dörd dəqiq rəqəmdir. Dörd – çox darıxdırıcıdır.

Niyə dram 3D formatında çəkilə bilməz ki? Başa düşmürəm... Məsələn, “Ərəb Lourens”dən əla 3D alınardı...
Böyüdükcə insanın daxilindəki gənc özündənrazı aqnostisizm azalır.

Az büdcə bütün dövrlərdə və bütün sahələrdə daha çox yaradıcılıq və ixtiraçılıq deməkdir.

Rejissorların bir vaxtlar vestern janrını niyə sevdiklərini yaxşı başa düşürəm. Geniş məkanda işləməkdən daha yaxşı bir şey ola bilməz.

Qarşıda məni yeni bir şeylərin gözləyəcəyinə ümid edirəm. Qəbrimin üstündə: “O, yaxşı filmlər çəkib” yazısını görmək istəmirəm.
Əgər filmim bir dollar gəlir gətirsə, xoşbəxt olacam. Film çəkilib, zərərçəkən yoxdur. Məni işim budur...

Amerikalı ssenarist və prodüser Aaron Benjamin Sorkin:

Yad insanların sevgisinə ehtiyacım var...

Qəhrəman qarşısındakı maneə ciddi olmalıdır.

Adətən, özümdən daha ağıllı insanlar haqda yazmağı üstün tuturam...

Hamı ən yaxşı kinositatların siyahısını tərtib edir. O siyahıya həmişə “Sən həqiqətə üstün gələ bilməyəcəksən” frazası da daxil olur, bu çox xoşdur.
Ancaq mənim üçün ən yaxşı kinositat budur: “Bizə daha böyük gəmi lazım olacaq”. (“Çənələr” filmi)

Yaradıcılıqda qaydaların olması heç də pis şey deyil. Zənnimcə, qaydasız incəsənət mənasız bir şeydir.

Bütün qaydalar Aristotelin “Poetika”sında var. O, demək olar ki, üç min il bundan əvvəl yazılıb, ancaq mən bir şeyi dəqiq bilirəm: əgər ssenaridə bir problem varsa, deməli, siz Aristotelin qaydalarından hansınısa pozmusunuz.

Mənə tamamilə yad olan insanların sevgisinə ehtiyacım var. Ona görə, həmişə böyük məbləğdə çay pulu verirəm: yükdaşıyanların, ofisiantların məni görərkən yaşadıqları sevinci müşahidə etməkdən inanılmaz böyük zövq duyuram.

Siyasətdə yeganə təcrübəm altıncı sinifdə olub. Mən Cenni Levinə aşiq olmuşdum. O, Corc Makqovernin seçki qərargahında çalışırdı. Fikirləşdim ki, mən də gedim könüllü kimi çalışım. Bir dəfə hamımızı bir avtobusa yığıb paytaxta apardılar. Niksonun korteji keçirdi. Əlimizdəki plakatları qaldırıb “Makqovern prezindent seçilsin” deyə qışqırmağa başladıq. Birdən 163 yaşlı hansısa qadın mənə yaxınlaşaraq, plakatı əlimdən alıb başıma çırpdı. Daha sonra plakatı yerə atıb, ayağı ilə tapdalamağa başladı. Ümid edirəm ki, o qadın hələ sağdır və mən qisasımı alacam.

Qəhrəman qarşısındakı maneə ciddi olmalıdır. Tamaşaçı: “güllələ onu, iş bitsin” deməməlidir.
Əvvəlki kimi, düşünürəm ki, kolleci hələ təzəcə bitirmişəm. Əslində, 1983-cü ildə bitirmişəm.

İyirmi beş yaşımdan başlayaraq, hər il evlənsəydim, çətin ki, toya hər dəfə eyni dostlarım gələrdi. Xeyr, müxtəlif insanlar qatılacaqdı, bircə qardaşımdan savayı.

Sənin qəhrəmanlarının tutduğu taktika paltar ipini xatırladır. Bütün əsas hadisələri o ipdən asırsan.

Qocalığa gedən yolda bir çox xəbərdarlıqlar olur. Birinci xəbərdarlıq: “Pleyboy”da çəkilən qız səndən cavan olur. Birdən özünü günahkar hiss edirsən: sənin 23, onun 19 yaşı var. İkinci xəbərdarlıq: professional idmançıların səndən cavan olduqlarını görürsən. Daha sonra məşqçilər və klub menecerləri səndən cavan olurlar. Nəhayət, sonuncu xəbərdarlıq: sən artıq prezindentlə həmyaşıdsan.
Ssenarini yazıb bitirəndən sonra beş dəqiqə ərzində eyforiyada oluram, daha sonra yenidən Sizifə çevrilirəm.
İmprovizasiya etməyi bacaran aktyorlara hörmətim böyükdür. Mən improvizasiyanın artıq olmadığı səhnələri yarada bilən rejissor və ssenaristlərə hörmət edirəm.

Əgər siz hər şeyi bitirdinizsə, deməli, siz hələ heç başlamamısınız...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm