Həftəyə bir qadın və ya milyonçu atanın "kasıb" oğlu – VİDEO
Bizi izləyin

Bizim tərcümə

Həftəyə bir qadın və ya milyonçu atanın "kasıb" oğlu – VİDEO

Enrike İglesias məşhur atanın kölgəsində...

1975-ci il, 8 may. Madriddə məşhur ispaniyalı ifaçı Hulio İglesiasın Enrike Migel adlı üçüncü övladı dünyaya gəlir...

Dünyaca məşhur ulduz-ata Mayamidə növbəti albomunu yazdırır, jurnalist ana İzabel Preysler isə yeni məqaləsi üçün material toplayırdı. Balaca Enrikenin tərbiyəsi ilə dayəsi Mariya Olivares məşğul olurdu.

Enrikenin üç yaşı olanda ulduz-ata Hulio İglesias həyat yoldaşından rəsmən boşanır və oğlunun həyatından, demək olar ki, tamamilə itir...

Enrikenin anası da özünü övladlarına həsr etmək fikrində deyildi. Belə ki, o, günlərlə iş yerində itib-batırdı. 1985-ci ildə quldurlar evə daxil olub, ailəni hədələyəndən sonra Mariya Hulioya zəng edir: “Əziyyət çək, övladlarının qayğısına qal.” Beləcə, Hulio İglesias övladlarının təhlükəsizliyini təmin etməyi öz üzərinə götürür.
Çox keçmir ki, Hulio Enrikeni özü ilə Mayamiyə aparır.
Enrike bahalı məktəblərin birində təhsilini davam etdirir. Bu gün ulduz həmin məktəb illərini xatırlamağı sevmir...

Oğlunun ruhi vəziyyəti Hulio İglesiası qətiyyən maraqlandırmırdı. Məşhur ifaçı oğlunu maddi cəhətdən də bir o qədər əzizləmirdi. Belə ki, milyonçu atanın oğlu məktəbə köhnə, əldəndüşmüş maşında gedirdi. Enrike saatlarla öz otağında gizlənirdi – keçirdiyi hisslər haqda şeirlər yazırdı. Bu şeirlər bir növ gündəliyə bənzəyirdi. Enrike bütün yaşadığı hissləri ora köçürürdü.

Ata əvvəlki kimi oğlu ilə maraqlanmırdı, üstəlik, oğlunun musiqi karyerası qurmaq barədə arzuları onu qıcıqlandırırdı. Enrike isə böyük konsert salonlarını arzulayırdı. Ancaq bu arzuda bir qorxu da vardı... Hulio İglesias oğlunun biznesmen olmasını istəyirdi. Ögey ananın peyda olması ilə Enrikenin qayğıları daha da artdı. Atanın təzyiqləri nəticəsində, Enrike iqtisadiyyat fakültəsinə daxil oldu.

Lakin oğul İglesias rəqəmlər aləmində batıb-qalmağı arzulamırdı. Buna görə axşamlar Enrike Fernandes adı ilə restoranlarda çıxış edir, beləcə, sevdiyi işlə məşğul olurdu. Fəqət həm Mayamidə, həm də doğma Madriddə gənc ifaçıya qapılar bağlı idi: “İmicinin üzərində çalışmalısan”, – ona belə söyləyirdilər...

Gəmidə qiyam...

1994-cü ildə kiçik İglesias taleyini kökündən dəyişməyə qərar verir. O, atasının qadağasına qarşı çıxıb, təhsilini yarımçıq qoyur. Hulio İglesias oğlunun ona qarşı çıxdığını öyrənərkən əməlli-başlı özündən çıxır. Ancaq atanın qiyamı daha oğlunu narahat etmir, qorxutmurdu. Enrike “FonoMusic” ilə müqavilə bağlayır və Kanadaya yollanaraq atasından gizlənməyə nail olur. Beş ay ərzində musiqilər yazdırır, 1995-ci ildə “Si Tú Te Vas” adlı ilk sinqlını bəstələyir. Ardınca “Enrique Iglesias” adlı ilk albomunu ərsəyə gətirir. İngilis dilindəki albomu çıxar-çıxmaz İspaniyada, Portuqaliyada və İtaliyada populyarlıq qazanır.

1996-cı ildə albomun italyan və portuqal versiyası da işıq üzü görür. Bu ərəfədə Enrike latın amerikan musiqisinin ən yaxşı təmsilçisi kimi “Qremmi” mükafatına namizəd görülür. İki ildən sonra işıq üzü görən “Vivir” albomu əvvəlki uğuru təkrarlayır.

Bu gün Enrike 227 qızıl disk, 26 beynəlxalq mükafat sahibidir. Əsl məşhurluğu ispaniyalı ifaçı 1999-2000-ci illərdə dadır. Onu bütün dünyada məşhur edən ilk mahnı “Bailamos” olur.

Genetikanı danmaq mümkün deyil...

Populyarlıq gənc ispaniyalının həyatını kökündən dəyişir. İndi qızlar onda artıq hər şeyi bəyənirdi; xarici görünüşünü, səsini və mahnılarının isti ritmlərini...

Enrike əvvəlkitək səhnəyə cinsdə, adi köynəkdə çıxır, bununla, bacardıqca bahalı geyimlərə olan nifrətini birüzə verməyə çalışırdı. Bunlarla yanaşı, qadın ovçusu olan kişi obrazına da nifrət edirdi. (Ata Hulionun sayəsində) Ancaq təbiət, gen öz işini görürdü. Tezliklə Enrike başa düşdü ki, bir qadınla bir həftədən çox ola bilmir. Ümumiyyətlə, qadınsız keçinmək isə alınmır. Bu arada, bahalı jurnallar Enrikenin həyatındakı gözəl qadınların fotolarını dərc edirdi – Sofiya Verqa, Alisa Moçado, Kristina Agilera, Cennifer Lav Hyuitt... sonuncu gözəl Enrikenin “Hero” klipində çəkilir. Klipdən sonra media cütlüyü “evləndirir”...

“Escape” klipinin çəkilişlərindən sonra məşhur ifaçının həyatında yeni mərhələyə start verilir – Anna Kurnikova mərhələsi... Müğənni ilə tennisçi xanımın eşq macərası haqda bütün dünya mətbuatı yazmağa başlayır. Mayami-Biçdə yaşayan cütlük arasında əslində nələrin yaşandığını təkcə qəhrəmanlar özləri bilir...

Bütün mahnıları məhəbbət haqda olan Enrike öz fərqli düşüncə tərzi ilə insanların diqqətini cəlb etməyi bacarır; qarajda “ferrari” və “ porşe” olmasına baxmayaraq, aradabir metroya minir, bahalı yeməklər əvəzinə “hot-doq” yeyir, dostlarına, qız tanışlarına maşınlar, mənzillər hədiyyə edir...

Enrikenin həyatında dəyər verdiyi insanlardan biri də dayəsi Olivaresdir. Olivares məmnuniyyətlə “balacasının” qayğısına qalır. Bəzən onlar hansısa restoranda əyləşərək təklikdə “qeybət edirlər”...

Bəs Hulio ata necədir? Bir müddət ata ilə oğulun musiqi fəaliyyəti əsl yarışmaya bənzəyirdi. Kimin diski daha çox satılıb, kim daha çox yeni mahnı yazdırıb?... Bu “yarış”da son illər qalib tərəf oğuldur...

Bu arada, Enrike atasına söz atmağı da unutmur: “Mənim üçün həyatda ən əsas şey övladlarımdır. Ümid edirəm ki, onlar nə vaxtsa olacaq. Bax mənim üçün vacib olan övladlarımın arzusudur. Onlar istədikləri, arzu etdikləri işlə məşğul olacaqlar!” ...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm