“Qarşınızda diz çökürəm” – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Qarşınızda diz çökürəm” – FOTOLAR

“Qarşınızda diz çökürəm” – FOTOLAR

Məşhur fransalı yazıçı Onore de Balzak və naməlum sevgilisi...

Qarşınızda diz çökürəm, ürəyim tək sizə məxsusdur.

Dünyanın dörd bir tərəfindən sevgi məktubları...

“Sevimli hökmdarım, qürurlu, füsunkar kraliçam... Qərbin qızılgülü, Şimalın ulduzu...”

Balzak sirli sevgilisinə belə yazırdı: “Məndən qorxmayın. Haqqımda danışılanların heç birinə inanmayın! Mən, sadəcə, uşağam - ən adi körpə... Ola bilsin, siz düşündüyünüzdən bir az daha çox yüngülxasiyyətliyəm. Olsun, amma mən uşağam, uşaq tək təmizəm və uşaq kimi də sevirəm”...

Yazıçının ehtiras dolu etirafları qadının ağlını başından alırdı: “Sevimli hökmdarım, qürurlu, füsunkar kraliçam... Qərbin qızılgülü, Şimalın ulduzu...”

Dahi fransız yazıçısı Onore de Balzak 1799-cu ildə elə də imkanlı olmayan ailədə dünyaya gəlib. Gələcək məşhur yazıçının uşaqlığı bir o qədər ürəkaçan olmayıb. Onun tərbiyəsi ilə süd anası məşğul olub, dörd yaşı olanda isə Onoreni pansionata yollayıblar. On səkkiz yaşına qədər Balzak internat və kolleclərdə oxumalı və yaşamalı olub...

Çox-çox sonralar yazıçı həmin illəri həyatının ən ağır və dözülməz illəri adlandıracaqdı...

Gənc yaşlarından Onore boş vaxtlarını kitabxanalarda keçirir, bütün günü müxtəlif kitablar oxuyurdu. Özü də yazmaq həvəsində idi. Yaşıdları onu zarafatca “şair” adlandırırdı.

On dörd yaşında Onore ağır əsəb xəstəliyi keçirir və bu səbəbdən valideynləri onu evə qaytarmağa məcbur olurlar. Bir ildən sonra Balzak ailəsi Parisə köçür və Onoreni yenidən pansionata yerləşdirirlər.

Heç bir dostu, tanışı olmayan məşhur fransız ətrafdakıların acı zarafatlarından bezmişdi.

Bu arada bir kənarda büzüşüb-qalan qapalı Balzak hamıya dahi olacağını bəyan edir. Ancaq o məşhur şəxs olacaq və daha heç kim ona sataşmayacaq...

Balzak sözünə əməl edir. Fəqət bu məşhurluğun arxasında nə kimi əziyyətlərin gizləndiyini bilsəydiniz...

Onore bir neçə şam yandıraraq bağlı otaqda sutkada on saat, bəzən isə on iki saat çalışırdı. Onu tünd qəhvə və inanılmaz inad xilas edirdi.

Nəşr olunmağa başlamışdan bir neçə il sonra Parisin ziyalı təbəqəsi artıq Balzakdan kitab gözləyirdi. Naşirlər onun kitabını çıxarmaq üçün əsl yarışmaya keçmişdilər. Hər bir naşir yazıçıya böyük qonorarlar vəd edirdi...

Fransanın bütün gözəl qadınları Balzakın məşuqəsi idi, üstəlik dünyanın dörd bir tərəfindən ona sevgi məktubları gəlirdi.

1832-ci il, 23 fevral... Balzak Odessadan kiçik bir məktub alır. Zərfin üzərində əks ünvanın göstərilməməsi onun diqqətini cəlb edir, əks halda, o məktubu heç oxumayacaqdı. Məktubun sonunda qısaca olaraq, qeyd edilmişdi: “Yadelli xanım”.

Naməlum xanım yazırdı:

“Ruhunuzun bir əsr yaşı var, ancaq bununla yanaşı, məni əmin ediblər ki, siz çox gəncsiniz, qəribədir... Bu səbəbdən, sizinlə tanış olmaq istədim. Əsərlərinizi oxuyanda bütün ruhum alt-üst oldu: siz qadının əsl üstünlüklərini nümayiş etdirirsiniz. Qadın üçün məhəbbət bir töhfədir. Sizin incə ruhunuz qəlbimi fəth edib. Məhz o, sizə qadın ruhunu da duymağa yardım edir”...

Xanımın yazı tərzindən sentimental, eyni zamanda, imkanlı biri olduğu hiss olunurdu.

Balzak xanımın ağıllı, gənc və gözəl olduğuna artıq zərrə qədər şübhə etmirdi. Az keçmir ki, naməlum xanım yeni bir məktub yazır və özünü Evelina Qanskaya kimi təqdim edir. Polyak mənşəli xanım yaşını gizlətməyə çalışsa da, otuz iki yaşı olduğu dəqiq məlum idi.

Məşhur yazıçı ilə gözəl odessalı xanım arasında ehtiraslı yazışma başlayır və yazışma nə az, nə çox, düz on altı il davam edir!

Artıq heç kimin şübhəsi qalmamışdı: Balzak ehtiraslı məhəbbət macərası yaşayır.

Qanskaya ingilis, alman, fransız dillərində sərbəst danışırdı. Yazışma da elə fransızca gedirdi.

Balzak naməlum sevgilisinə yazırdı: “Məndən qorxmayın. Haqqımda danışılanların heç birinə inanmayın! Mən, sadəcə, uşağam. Ola bilsin, düşündüyünüzdən daha çox yüngülxasiyyətliyəm. Olsun, amma mən uşağam, uşaq tək təmiz və uşaq tək sevməyi bacaran biriyəm”. Yazıçının ehtiras dolu etirafları qadının ağlını başından alırdı: “Qürurlu kraliçam... Qərbin qızılgülü, Şimalın ulduzu...”

Gizli yazışmanın vasitəçisi Qanskların qızı Evelinanın mürəbiyyəsi Anrietta Borel idi – Liretta - Qanskların evində onu bu cür çağırırdılar. Məhz o, Evelinanı fransız yazıçısına məktub yazmağa məcbur etmişdi.

Evelinanın əri Ventseslav Qanski ondan düz iyirmi iki yaş böyük idi. Təbii ki, o, Evelina üçün heç bir maraq kəsb etmirdi...

Qiyabi sevgililər gələcəkləri barədə planlar qururdu. Balzakla qovuşacağı günü səbirsizliklə gözləyən Evelinanı yazıçı bu sözlərlə sakitləşdirirdi: “ Ağılsız, on ildən sonra sənin otuz yeddi yaşın, mənim isə qırxdan bir az çox yaşım olacaq. Bu yaşda insanlar rahat aşiq ola və evlənə bilərlər. Təkcə siz mənim qəlbimi ovuda, xoşbəxt edə bilərsiniz. Eva, qarşınızda diz çökürəm, ürəyim tək sizə məxsusdur. Məni bir zərbə ilə öldürün, ancaq əzab çəkməyə məcbur etməyin!”

Bütün bu kəlmələrin yalan olduğunu Evelina təsəvvürünə belə gətirə bilməzdi. Bəli yalan idi, ən adi yalan.

Balzak dəfələrlə müxtəlif qadınlara aşiq olaraq naməlum sevgilisinə xəyanət edir, eşq yaşayır, unudur və yenisini tapırdı...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm