• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Seylanın arzuladığı kişiyəm” - FOTOLAR

“Seylanın arzuladığı kişiyəm” - FOTOLAR

Fransalı aktyor Pyer Rişarla bu yaxınlarda baş tutan müsahibə:

“İndiyə qədər təəccüblənirəm, necə oldu ki, bir-birimizi başa düşdük, qəbul etdik və ən əsası, itirmədik...”

- Cənab Rişar, deyirlər, sinif yoldaşlarınızdan canınızı qurtarmaq üçün artıq uşaq vaxtlarından rollar oynamağa başlamısınız. Bu belədir?

- Yox, sadəcə, mənimlə oxuyan uşaqları əyləndirməyə çalışırdım. Onlardan qorxmurdum. Amma bir insan sizə qarşı aqressivdirsə, həmin insanla aranızda böyük baryer yaranır. O divarı aşmaq isə qeyri-realdır. Buna yalnız yumorun köməyi ilə nail olmaq olar. Qarşındakı insan gülməyə başlayırsa, onun daxilindəki hirs yoxa çıxır. Beləcə, onunla artıq rahat söhbət etmək olar.

- Sizin uşaqlığınız müharibə illərinə təsadüf edib. O illər nə ilə yadınızda qalıb?

- Müharibə - dəhşətdir. Düzdür, Rusiyadan fərqli olaraq, almanlar tərəfindən işğal olunmuş Fransada vəziyyət bir o qədər ağır deyildi, amma yenə də. Uşaq ikən müharibənin nə olduğunu tam dərk etmirdim.

Yadımdadır, bir dəfə alman motosikletçiləri gülümsəyərək mənə şokolad uzatdılar. Şokoladı götürdüm. Onlar uzaqlaşan kimi anam mənə sarı qaçıb şokoladı əlimdən aldı və onu atdı. Anamın niyə belə etdiyini bilmirəm. Ya o, şokoladın zəhərləndiyini düşünürdü, ya da işğalçılardan hədiyyə qəbul etməyi özü üçün təhqir hesab edirdi. Hər bir halda, bu səhnə indiyə qədər gözümün qarşısındadır...

- Yəni uşaqlığınız qorxu içində keçib?

- Yox, deməzdim. Uşaqlar bu yaşda ətrafda baş verənləri az anlayır. Məsələn, bizim sinifdə bir oğlan oxuyurdu – yəhudi. Sonra o oğlan birdən yox oldu və bir daha məktəbə gəlmədi. Biz onun harada olduğunu və niyə dərslərə gəlmədiyi ilə barədə maraqlandıq. Bir müddət sonra isə onun barədə unutduq. Yalnız illər sonra biz o oğlanın və ailəsinin itməsi səbəbini başa düşdük...

- Babanızın ümidlərini puç etdiyinizə görə, peşman deyilsiniz? Axı o, sizi ailə ənənələrinin davamçısı kimi görürdü...

- Mənə belə gəlir ki, elə onun istədiyi, arzuladığı bir şəxs olmuşam: müstəqil və öz əməllərinə görə cavabdeh olan bir insan. Mən aktyor oldum və buna görə heç vaxt peşman olmadım. Əksinə, yalnız dəhşətli yuxularda başqa həyat tərzimin olduğunu təsəvvürümə gətirə bilərdim...

- “Oyuncaq” filmi sizə məşhurluq qazandırdı. Eşitmişəm ki, film real hadisələr əsasında çəkilib. Düzdür?

- Müəyyən qədər. Filmin rejissoru Frensis Veber bir dəfə oyuncaq mağazasında oxşar hadisənin şahidi olmuşdu. Ərköyün övladlarına yaramaq istəyən valideynlər az qala satıcını da “almağa” hazır idi. Beləcə, bu hadisədən təsirlənən Frensis bənzər ssenari yazır.

- Deyirlər, yatmağı sevirsiniz. Bir dəfə sizi buna görə, az qala işdən qovacaqdılar...

- Həqiqətdir. Tamaşa vaxtı yuxu tutmuşdu. Düzdür, qəhrəmanım elə divanda uzanmalı idi. Amma mən uzanmaqla yanaşı, yaxşıca yatmışdım da, üstəlik xorultum öz yerində! Səhnədəkilər hər cəhdlə məni yuxudan ayıltmağa çalışırdı. Tamaşaçılar isə gülməkdən ölmüşdü. Məni ayıltmağa nail olmadılar, sabahısı günü məni direktorun yanına apardılar. İşdən azad etmək istəyirdilər, lakin sonda, truppada saxlamağa qərar verdilər. Bu günə qədər də səhnədə olarkən yuxuma nəzarət edirəm. Amma o vaxt xorultumun əyləşən insanları əyləndirdiyinə görə, sevinirəm. Tamaşaçılar, deyəsən, sona qədər mənim həqiqətən, yuxuya getdiyimi başa düşməmişdilər...

- Eşitmişəm ki, oxşar hadisə Jerar Depardye ilə də baş vermişdi. Belədir?

- O-lya-lya!.. desəm ki, düzdür , belə nəticəyə gələcəksiniz ki, Jerar həmin gün içmişdi. Mən isə bunu etiraf edə bilmərəm. Belə deyək, həmin gün Jerar, sadəcə, yuxulu idi. Çəkiliş gedirdi, onu itəliyirəm, birdə görürürəm ki, yatıb. Xoruldamırdı, sadəcə, uşaq kimi yatmışdı...

- Jerarla dostluq edirsiniz?

- Bəli, o, mənim dostumdur. Dostluğumuzla da fəxr edirəm. O, çox yaxşı insandır, ancaq emosionaldır. Bəzən o ağılı ilə deyil, hissləri ilə hərəkət edir. Jerarın bir gözəl xüsusiyyəti var – o, yaxın insanları üçün əlindən gələn yardımı etməyə hazırdır. Açıq, səmimi insandır.

- Bəs qadınlarla münasibətləriniz necədir?

- Qadınlarla? Hər bir kişinin həyatında qadın var, bunsuz mümkün deyil. Lakin biz həyatımızın ən mühüm qadını ilə evlənirik...

- KİV-ə inansaq, siz dörd dəfə evli olmusunuz... Siz isə bunu inkar edirsiniz.

- Həə, məndən bu barədə soruşmuşdular. Şokda idim, çünki yalnız iki dəfə ailə həyatı qurmuşam. Birinci həyat yoldaşım Paris “Qrand-operası”nın balerinası idi. Bu nikahdan dörd övladımız dünyaya gəldi. Sonra boşandıq, heç bir qalmaqalsız. Amma bu barədə danışmaq istəmirəm.

- Bəs qalan arvadlarınız?

- Təkcə ikinci həyat yoldaşım var. Biz artıq iyirmi ilə yaxındır ki, bir yerdəyik. Mənim braziliyalım (onu belə adlandırmağı sevirəm) qəlbimi ovsunlayıb. Həyat yoldaşımın adı Seyladır. O, hər an məni hamıdan müdafiə etməyə hazırdır. Bu zaman o, əsl qasırğaya çevrilir.

- Bəs siz onu?

- Mən bacardığım qədər onun qayğısına qalıram. Biz kişilər heç vaxt qadınların arzuldığı kimi olmuruq. Amma mən Seylanın arzuladığı kişiyəm və çalışıram elə də qalım.

- Sirr deyilsə, onunla harada tanış olmusunuz?

- Gözəl dostum Milen Demonjonun evində.

- O sizin fransız kino ulduzu olduğunuzu bilirdi?

- Xeyr. Bir daha qeyd edirəm, Seyla Braziliyadandır. Orada isə Avropa kinosu bir o qədər populyar deyil. Biz tanış olanda Seyla fransız dilini bilmirdi, mən də portuqalca danışmırdım. Biz yalnız ingiliscə söhbət edə bilirdik. Seyla bir uğurlu model kimi bu dildə gözəl danışırdı, məndən fərqli olaraq...

Indiyə qədər təəccüblənirəm, necə oldu ki, bir-birimizi başa düşdük, qəbul etdik və ən əsası, itirmədik...

- Necə atasınız?

- Babamdan da pis. Nəvələrimlə daha çox məşğul oluram, nəinki bir vaxtlar oğullarımla. İndi övladlarımla münasibətlərimiz çox yaxşıdır...

- Yetmiş doqquz yaşınız var, buna baxmayaraq, iyirmi yaş cavan görünürsünüz... Cavan qalmağınızın sirri nədədir?

- Yəqin ki, genlərdə. Anam doxsan yaşında da maşın sürürdü. Formada idi. Bundan əlavə, düşünürəm ki, insan gülməyi və xoşbəxt olmağı bacarmalıdır...

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR