Dünyanın ən seksual xəfiyyəsi - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Dünyanın ən seksual xəfiyyəsi - FOTOLAR

“Puaro mavi deyil! Heç vaxt da olmayacaq. Miss Marpl lesbiyan ola bilər, ancaq Puaro qətiyyən!”...

“Bir dəfə bir xanım Erkül Puaronu lüt görməyi arzuladığını yazmışdı. Olsun, bacarardım, fəqət...”

Əfsanəvi “Puaro”nun çəkilişləri gedir. Devid Suşe məşhur qeyd kitabçasını evdə unudub, qəhrəman çay hazırlamalıdır. Suşe Puaronun çaya neçə ədəd qənd atdığını dəqiq xatırlamır, təxmini üç ədəd atır... Evə qayıdanda isə məşhur xəfiyyənin dörd ədəd qənd atdığını görür. Suşe az qala infarkt keçirəcəkdi: “Bu cür səhvə necə yol verə bilərdi axı?!

Aqata Kristinin qızı və nəvələri Devid Suşeyə söyləmişdi: “Ana sağ olsaydı, sizi bu rolda görməkdən xoşbəxtlik hissi keçirərdi”... Bu, aktyor üçün ən yaxşı komplimentdir.

İyirmi iki il ərzində, ingiltərəli aktyor bu rola xəyanət etməyib. Dahi xəfiyyə Erkül Puaro Şerlok Holmsa layiqli rəqibdir.

Bir çox insanlar üçün məzəli xəfiyyə birmənalı olaraq, Devid Suşenin özüdür. Baxmayaraq ki, Puaro obrazını müxtəlif zamanlarda Albert Finni (“Şərq ekspressində qətl”), Piter Ustinov (“Nildə ölüm”), İen Holm (“Kitabla qətl”), Alfred Molina (“Şərq ekspressində qətl”), Anatoli Ravikoviç (“Endhauzun sirri”), Konstantin Raykin (“Puaronun uğursuzluğu”) kimi aktyorlar canlandırıb.

Dözülməz subyekt

Aqata Kristinin öz qəhrəmanına münasibəti isə birmənalı olmayıb: “O, dözülməzdir! – yazıçı 1930-cu ildə yazırdı. 1960-cı ildə onu “Alçaq, yorucu, eqoist” adlandırır, 1938-ci ildə: “Niyə, niyə, niyə mənim ən məşhur qəhrəmanım bu dözülməz, özündənrazı, balacaboy adam olmalı idi?” – deyə şikayət edir.

XXI əsrdə Devid Suşe bu suala cavab verir: “Ola bilsin, ona görə ki, bu ən qeyri-adi, dahi adamdır”...

Bəli, Puaro başqalarının əşyalarını eşələyir, ona aid olmayan söhbətləri dinləyir, yad insanların məktublarını oxuyur, bığları ilə oynayanda isə insanı əməlli-başlı qıcıqlandırır. Saçlarına rəng qoyur, köhnəfikirlidir və həddindən artıq səliqəlidir. Bütün bunlarla yanaşı, cinayətlərin üstünü açmaq bacarığında ona tay yoxdur!

Aqata Kristi Puaro ilə yarım əsrdən çox idi ki, ayrılmırdı. Onun haqda ilk kitab 1920-ci ildə, sonuncu kitab isə 1975-ci ildə işıq üzü görüb. Oxucular Erkül Puaronu sevirdi. Bu səbəbdən, yazıçı bu qəhrəmanı öldürməyin əclaflıq olduğunu düşünürdü.

Puaro haqda serial çəkməyi Aqata Kristinin qızı Rozalinda Xiks təklif edir. Baş qəhrəman obrazına namizədi də o göstərir...

Bu rolun Devid Suşe yaradıcılığına necə təsir göstərəcəyi məlum deyildi. Məsələn, Suşenin qardaşı Con Devidə bu rolda çəkilməyi və özünün diri-diri basdırmağı məsləhət görmürdü. Amma Suşe özünü artıq Erkül Puaro roluna hazırlamışdı:

“Mən Aqata Kristinin onun haqda olan 39 romanını və hekayələr toplusunu oxudum, həmçinin, əsərin ekranlaşdırılımış variantlarına baxdım. Kolleqalarımı tənqid etmək istəmirəm, ancaq bəzi filmlərdə Puaro tamaşaçılara təlxək, kloun kimi təqdim olunub. Bu isə mənim fikrimcə, yolverilməzdir!”...

Şəxsiyyətin ikiləşməsi

Suşe öz yaddaşına bel bağlamamaq qərarına gəlir və Erkül Puaro xarakterinin əsas xüsusiyyətlərini, qəhrəmanın vərdiş və zövqlərinin yer aldığı 93 bənddən ibarət qeyd kitabçası tutur. Suşe bütün çəkilişlərə “xəfiyyənin bibliyası” ilə qatılırdı. Ona görə, qəndlərlə olan səhvi də özünə bağışlamamışdı. Aqata Kristinin kitabına əsasən, Puaro üç ədəd qəndi çaya yox, kokeyə əlavə edirdi!...

İşə belə canyandırma, əlbəttə ki, aktyorun xarakterinə təsirsiz ötüşə bilməzdi. “Evimdə hər şey öz yerində durmalı və bitmiş kompozisiya yaratmalıdır. Səliqəsizlik məni depressiyaya da sala bilər. Xoşbəxtlikdən, həyat yoldaşım və uşaqlarım hərdən mən ayıldırlar. Sözsüz, Puaro kimi, qaynadılmış yumurtaları eyni ölçüdə olmadıqlarına görə, atmıram”.

Suşenin yerişi də artıq Puaroya bənzəyir. Puaro belçikalıdır deyə, aktyor Belçika tarixini də öyrənib. Suşe üçün ən maraqlı məqam Belçika aksentini yaratmaq idi. Sujetə əsasən, məşhur xəfiyyə çoxdandır ki, İngiltərədə yaşayır, buna baxmayaraq, ingiliscəsi yenə də mükəmməl deyil. Zabitəli ingilislər hərdən onun fransız olduğunu da zənn edirlər. Devid Suşe bu səhnəni ekranda da göstərməyə can atırdı: “Mənim məqsədim fransız dilində danışan insanın tələffüzünə belçika aksetini əlavə etmək idi”.

Bu səbəbdən, aktyor maşınında daim ya fransız, ya Belçika radiosunu dinləyirdi.

Puaro seks-simvol oldu!

Tələffüz çox vacibdir, ancaq xarici görünüş daha önəmlidir. Odur ki, Suşe xarici görünüşünün üstündə yaxşıca işləməli oldu. Əsas problem Puaronun köklüyü idi. Aqata Kristi qəhrəmanını yüz kilo ilə “mükafatlandırıb”.

Kök görünməsi üçün Devid Suşe kostyumun altından xüsusi geyim geyinir. Boyunu vizual olaraq, kök göstərmək üçün isə boyun yaylıqları yardım edir.

Bığ axtarışları da çox vaxt apardı – qırx növ bığ “yoxlamadan keçirildi” və nəhayət, tapıldı...

“Puaro”nun çəkilişləri Londonda baş tuturdu. Çəkiliş gedən ev isə Çarterhaus-skverdə yerləşirdi. Bəzi səhnələr xaricdə çəkilmişdi. Bu səfərlərdən ən çətini (“Mesopotamiyada qətl” epizodunun çəkilişləri) Tunisdə baş tutmuşdu.

“Təsəvvür edin, 50 dərəcədən yuxarı isti - əynimdə qalın kostyum, dəri əlcək, şlyapa, şarf... Günə dörd litr su içirdim, amma yenə də huşumu itirməyə yaxın idim!”...

Son iyirmi ildə həyatını Erkül Puarosuz təsəvvür etməyən böyük tamaşaçı kütləsi yetişib. Onlardan bəziləri hətta sevimli xəfiyyələrinə məktublar da yazır. Devid heç bir məktubu cavabsız qoymamağa çalışır. Fanatların fantaziyaları aktyoru bəzən çox təəccübəndirir:

“Bir dəfə bir xanım Erkül Puaronu lüt görməyi arzuladığını yazmışdı. Nə olar, olsun, mən bacarardım. Düzdür, əynimdəki xüsusi yağlı geyimlərlə nəticə çox güman ki, xanımın ürəyincə olmayacaqdı...” – aktyor gülür.

Devid Suşe Erkül Puaronun homoseksual olması barədə fikirləri də inkar edir: “Yox, Puaro mavi deyil! Heç vaxt da olmayacaq. Miss Marpl lesbiyan ola bilər, ancaq Puaro qətiyyən!”...

Bir ara “Puaro”nun maddi səbəblərdən, bağlanması haqda şayiələr gəzməyə başlamışdı. Nəzər alaq ki, məşhur xəfiyyə haqda əfsanəvi kinoepopeyanın tamamlanması üçün hələ altı kitab qalmışdı. Bu məqamda heç kimim gözləmədiyi vaxt “Puaro”nu şahzadə Çarlz müdafiə etdi. Sən demə, kral ailəsi “Puaro”nun böyük pərəstişkarı imiş...

Mövcud olduğu illər ərzində, film bütün dünya üzrə fantastik sayda tamaşaçı kütləsi toplayıb: 330 milyon...

Bu yaxınlarda baş tutan müsahibələrinin birində Suşe söyləyib: “Qəbrimin üstündə yazılacaq: “Devid Suşe – Ekrandakı Puaro”. Şəxsən mən, bu faktla qürur duyuram”...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm