Atam: “Deməsən, səni öldürəcəm” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Atam: “Deməsən, səni öldürəcəm” - FOTOLAR

Amerikalı aktrisa, sarışın gözəlçə Kameron Diazla müsahibə:

“Özümə gülməyi bacarıram. Ola bilsin, məhz buna görə, məndən xüsusi heç nə gözləmir və mənfi cəhətlərimi də üstünlük kimi qəbul edirlər”...

- Kameron, hamının xoşuna gəlmək necə bir hissdir? Kişilər sevginizi qazanmağa can atır, qadınlar dostluq etməyə cəhd edir, rejissorlar da sizi filmlərinə çəkməyi arzulayır... Nəyin sayəsindədir bütün bunlar?

- Heç nəyin! Özüm olmağa çalışıram, heç kimə öz dediyimi yeritməyə çalışmıram, heç kimlə mübarizə aparmıram. Məncə, bu xasiyyət ailəmdən keçib. Bizim ailədə heç kim heç vaxt nə həyatla, nə bir-biri ilə mübarizə aparmayıb. Valideynlərim birgə otuz il ömür sürüblər, bu otuz ildə onlardan heç biri ailədə lider olmağa çalışmayıb. Hər ikisi işləyirdi, lakin uşaqları üçün də vaxt tapırdılar. Bu illər ərzində, atamın mənə dediyi ən kobud söz bu olub: “Hansı jurnallara müsahibə verdiyini və hansı verilişlərə çıxdığını söyləməsən, səni öldürəcəm”. Ailəmizdə hər birimizin öz fikri vardı, bilirdik ki, fikrimiz, münasibətimiz hər birimizə maraqlıdır. Ailədə kiminsə dava etdiyi də yadıma gəlmir. Valideynlər övladlarının hər bir işini dəstəkləyirdi.

Mən bu prinsiplər yaşayıram: “Etdiyimə görə peşman olmuram, etmədiklərimə görə, təəssüflənirəm. İstəyimə qaldıqda, insanları güldürməyə çalışıram. İstəyirəm ki, insanlar mənimlə darıxmasın. Odur ki, heç bir mübarizə növü mənlik deyil.

- Axı kino aləmi rəqabətdən – rollar uğrunda mübarizdən ibarətdir...

- Xeyr, mən burada heç bir mübarizə görmürəm! Əgər bir rola on aktrisa namizəddirsə, mübarizə yalnız iştirakçıların beynində mövcud olur. Mən həyati imkanlara görə mübarizə aparmıram, mənə təklif olunanlardan istifadə edirəm, vəssalam...

- Daha dəqiq desək, ətrafdakıların sizinlə fəxr etməsinə çalışmırsınız?

- Bu, insanlardan gözlədiyim ən son şeydir. Əksinə, düşünürəm ki, çox gülməliyəm. Daim itirirəm, gecikirəm, sındırıram. Burnumu dörd dəfə sındırmışam, bunda da yalnız özüm günahkar olmuşam. Hündürdaban ayaqqabılardan danışmağa isə dəyməz – birmənalı olaraq, uğursuzluğa düçar olacam. Təbiət mənə boy, arıqlıq, bir də yaxşı hafizə verib. Ancaq mən mükəmməllikdən çox uzağam, bunu hər dəqiqə hiss edirəm. Bütün səfeh hərəkətlərim yadımdadır, hətta 15 yaşımda etdiyim də. Təsəvvür edin, məni “Maska” filminə təsdiq etdikdən sonra prodüserdən soruşuram: “Valideynlərim sizin bu filmə haradasa baxa biləcəklər?”, cavab belə oldu: “Bütün kinoteatrlarda, Kameron”. Yaxşı, sarışınam, özümü bununla sakitləşdirirəm.

Özümə gülməyi də bacarıram. Ola bilsin, məhz buna görə, məndən xüsusi heç nə gözləmirlər və mənfi cəhətlərimi də üstünlük kimi qəbul edirlər...

- Görünür, özünüzə az dəyər verməkdən çəkinmirsiniz?

- Özünə dəyər verməmək? – Bu, sadəcə, hər şeyə real baxış deməkdir, düz deyil? Məncə, insan üçün vacib olan özünü qəbul etməkdir. Bu səbəbdən, “Şrek”dəki şahzadə Fionadan xoşum gəlir. Böyük qəsrdə gözəl olan vaxt o mənə maraqsız idi, lakin o qəsrdən çıxmağa qərar verməsi ilə diqqətimi cəlb etdi. O, çirkinləşdir, ancaq özü oldu, öz qərarlarını qəbul etməyə başladı.

- Ancaq siz xarici görünüşcə, şahzadəyə bənzəyirsiniz...

- Mən zadəgan qanının üstünlüklərini qəbul etməyən şahzadələrdənəm. Bizim məktəbdə üç mindən çox uşaq təhsil alırdı. Onların arasında meksikalı mühacirlər, rus yəhudiləri, polşalılar, hicablı qızlar, afrikalı qaçqınlar vardı. Mən həmin dünyanın bir parçasıyam, axı mənim atam da kubalıdır. Sarışın olmağıma rəğmən, ürəyimdə mən kubalıyam. Bir dəfə bacımla atamın Mayamidəki qohumlarının yanına getmişdik. Orada hamı siqaret çəkir və oxuyur, oxuyur, oxuyurdu. Mən indiyə qədər onlar kimi, siqaret çəkməyi sevirəm, baxmayaraq ki, sağlam həyat tərzini üstün tuturam. Bir sözlə, mən irqindən asılı olmayaraq, hər kəslə dostluq edirdim. Mənim üçün bu normaldır, çünki mən onlardan nə yaxşı, nə pis deyiləm.

- Lakin sonradan model biznesinə qoşuldunuz - elit aləmə...

- Mənim üçün bu dünyada elita deyilən bir şey yoxdur! Əgər siz jurnallarda fotolarımı görməsəydiniz, mən Kaliforniyada olan ən adi qadın olardım, yüz minlərlə qadından biri... Bilirsiniz, mən indiyə qədər ən böyük istedadımın növbəyə durmaq bacarığı olduğunu hesab edirəm. Mən əsəbiləşmirəm, özümdən çıxmıram, sakitcə gözləyirəm. Model olmağım isə heç nə, adi iş idi. Parisə, Mərakeşə səyahət etmək imkanlarım oldu. Düz dörd ay Yaponiyada yaşadım. Bəzən özündən uzaqlaşmaq mütləqdir.

- Sizdə belə olub?

- Atam öləndə bunun öhdəsindən necə gələcəyimi bilmirdim – nə bacım, nə anam. Beləcə, qərara aldım ki, Yaponiyaya gedək, ailəlikcə. Heç nə daha əvvəlki kimi olmayacaqdı. Atamın yerində böyük boşluq, uçurum vardı. Bu uçurumun əbədi olacağı fikri ilə barışmaq lazım idi. Bundan yeganə xilas yolu başqa məkan, başqa simalı insanlar idi...

- Səyahət sizə yardım etdi?

- Atamın həyatda olmaması ilə indiyə qədər də barışmamışam. Ancaq hisslərimlə barışdım...

Bu itki sevinc ideologiyanızla bir araya necə sığışdı?

- Heç bir ideologiyam yoxdur, belə bir naturam var. Hesab edirəm ki... yox, hiss edirəm ki, həyat səyahətdir, sevincli səyahətdir. Ümumilikdə, sevinclidir. Atamın ölümü məndə nəyisə dəyişdi, lakin dəqiq nəyi dəyişdi, bilmirəm. Ola bilsin, bir az pessimist olmağa başlamışam.

- Amma optimist insan təsiri bağışlayırsınız!

- Belə deyək: dünyanın sonu nə vaxtsa olacaq, amma nə vaxt? Mənim məsələm də buna bənzəyir.

- Bəs hansı xüsusiyyətiniz dəyişməz olaraq qalır?

- Özüm seçim etməyi sevirəm – bax, bu xüsusiyyətim. Mən öhdəlikləri sevmirəm. Ona görə, mənə işləmək də çətindir.

- Öhdəliklərdən niyə bu qədər qorxmağınızın səbəblərini öyrənməyə çalışmısınız?

- Yəqin, səbəb ərköyün olmağımdır. Səbəb valideynlərimin məni heç nəyə baxmayaraq, sevəcəkləri vədidir. Məcburi işi, qrafikə əsasən hərəkət etməyi xoşlamıram, nə edim?...

- Bəlkə, səbəb ailə qurmamağınız, ailənizin olmamasıdır?

- Nikah – ölməyə doğru gedən ictimai institutdur. O özündənrazı bir şeydir, ancaq sevgi özündənrazı olmur. Təcrübəmə əsasən, deyə bilərəm ki, həyatda elə an olur ki, yanında olduğun kişi məhz həmin an yanında olmalıdır. Həmin təcrübəm də deyir ki, ayrılıq qaçılmazdır. Mənim üçün bu problem deyil, heç bir zərbə də almıram.

- Nə sizi, həqiqətən, həyəcanlandıra bilər?

- Bir neçə il əvvəl “Mənim qoruyucu mələyim” filmində oynadım. Xərçəng xəstəliyindən ölən qızın anasını canlandırırdım. Rolumu hiss etmək üçün xəstəxanalara baş çəkdim, uşaqları o ağır xəstəlikdən əziyyət çəkən analarla tanış oldum. Həmin qadınlar hər şeyə gedirlər, hər dərman haqda məlumatlıdırlar. Müalicə uğursuz gedəndə belə, həvəsdən düşmürlər. Bu haqda danışmaq istəmirəm – ağlamağa başlayıram... Filmin bir neçə səhnəsi həmin xəstəxanaların birində çəkilirdi. Bu ərəfədə özüm haqda bir şeyi öyrəndim: Sənə əziz olan insanların təhlükəsizliyinə görə, mübarizə aparmağa dəyər.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm