Cazibədar rəqqasə, ehtiraslı məşuqə - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Cazibədar rəqqasə, ehtiraslı məşuqə - FOTOLAR

Rəqqasə, yazıçı, fırıldaqçı və ehtiraslı məşuqə...

Lola özü əlçatmaz olanda kral bu mərmər heykəli öpüşlərə qərq edirdi...

“Qadın reputasiyası kişi qəzəbinin əks-sədasından başqa bir şey deyil. Kişilər qadınları zəif biri kimi görməkdən, tanımaqdan zövq alırlar...

Mən kişilərin biz qadınlardan üstün olmadıqlarını sübut etdim. Qadınlara göstərdim ki, əgər kişilərin zəifliklərindən məharətlə istifadə edə bilsələr, bir daha onları zəif cins adlandırmayacaqlar”...

Əsl adı Eliza Gilbert olan Lola Montes: XIX əsrin 40-cı illərində bu qadın Avropanın ən tanınmış, ən istedadlı və ən varlı kişilərinin ağlını başından alırdı...

1821-ci ilin 17 fevralında anada olub 1861-ci ilin 17 yanvarında Nyu-Yorkda vəfat etmiş Elizabet Rozanna Gilbertin həyatı hansısa maraqlı roman süjetinə bənzəyir. Qırx il ömrü ərzində bu qadın üç dəfə ərə gedir, Ata Dümanın, Balzakın, Listin məşuqəsi olur, ölümlə nəticələnən duelə səbəbkar olur, dünyanın dörd bir tərəfinə səfərlər edir, rəqqasə, aktrisa, yazıçı kimi fəaliyyət göstərir və ən nəhayət, əsl xristyan həyatı sürür...

İki yaşında ikən Lola İngiltərə ordusunun zabiti olan atası ilə Hindistana gəlir. Beş yaşında isə anası onu yeni ərinin İngiltərədəki qohumlarının yanına göndərir. Burada böyüyüb-oxuyan qızcığaz 16 yaşında Ceyms adlı gənc zabitə ərə gedir və onunla Kəlküttəyə gedir. Lola Hindistanda devadasi və məbəd rəqqasələrindən yerli rəqsləri öyrənir, bununla bərabər, gənc lord Lennoksla eşq macərası yaşayır. Lord ezamiyyət müddəti bitəndə Lola onunla birgə İngiltərəyə qayıdır. Hirsli ər boşanma proseslərinə başlayır.

Ehtiraslı məşuqə İspaniyaya gedir, burada rəqslə məşğul olmağa davam edir, özünə yeni-yeni ispan obrazları və adları düşünməyə başlayır.

1843-cü ildə Londondakı Kral teatrının səhnəsində rəqqasə Lola Montesin debüt çıxışı baş tutur. Onun hər çıxışı uğur qazanırdı, publika coşurdu. Hər çıxışdan sonra onu əsl gül yağışına tuturdular. Amma günlərin bir günü zaldan bir nəfər qışqırır: “Bu ki Betti Ceymsdir!” Lola elə həmin an Londonu tərk edir və xoşbəxtliyini başqa məkanda axtarmağa qərar verir.

Lolanın olduğu məkanlarda qalmaqal və ehtiras qaçılmaz idi. Berlində, Sankt-Peterburqda... Drezdendə Lola Ferents Listlə eşq yaşayır. Parisdə tənqidçi, jurnalist məşuqu Aleksandr Dyüjarye ona görə dueldə həlak olur.

Dueldən sonra Lola Parisi tərk etmək məcburiyyətində qalır və Bavariya krallığına üz tutur...

1846-ci ilin oktyabrında Münhenə gəlir. Burada da altmış yaşlı monarx gözəl, cazibədar və ehtiraslı rəqqasəyə aşiq olur və onu favoriti (məşuqəsi) elan edir. Sevgisinin sübutu kimi kral Lolaya Münhenin mərkəzində saray və qiymətli zinət əşyaları hədiyyə edir və rəssam Yozef Karl Ştilerə Gözəllər qalereyası üçün onun portretini sifariş edir. Lakin Lola adi məşuqə rolu ilə kifayətlənə bilməzdi...

Lola Montes öz hərəkətləri ilə qadınların kişilərlə eyni hüquqa malik olduqlarını sübut etməyə çalışırdı. Münhen küçələrində əlində siqaret, kişi paltarında dolaşırdı. Kral onun olduğu lojaya daxil olanda Lola ayağa qalxmırdı. Bu hərəkəti o vaxt nə heç bir qadın, nə kişi edə bilməzdi. İnsanlar heyrət içində idi, amma kral buna göz yumurdu.

Yazıq Lüdviq özü də məşuqəsindən az çəkmirdi. Bir dəfə Lola kral tərəfindən hədiyyə olunan mirvari boyunbağı onun gözləri qarşısındaca oda atır. (Bu səhnə Dostoyevskinin “İdiot” əsərində də öz əksini tapıb.)

1847-ci ildə nazirlər kabinetinin etirazına baxmayaraq, kral Lolaya Bavariya vətəndaşlığını və qrafinya fon Landsfeld titulunu verir. Bütün nazirlər etiraz əlaməti olaraq istefa verirlər. Tələbələr Lolanın sarayını daş atəşinə tutur. Tələbə etirazının qarşısına almaq üçün isə kral, sadəcə, gələn semestrə qədər universitetin bağlanmasına qərar verir.

1848-ci ildə etirazlar yenidən baş qaldırır. Bu dəfə bunun qarşısını almaq mümkün olmur. Lola Bavariyanı, kral isə taxtını tərk etməli olur...

Aşiq I Lüdviq heykəltəraş Yoxan Lebə sevgilisinin mərmər heykəlini də sifariş etmişdi. Kral heykəli zinət əşyası kimi qoruyurdu, Lola özü əlçatmaz olanda kral bu mərmər heykəli öpüşlərə qərq edirdi.

Bavariyanı tərk edən Lola İsveçrəyə, daha sonra Paris və Londona səfər edir. Kral sevimli Lolasına sevgi dolu məktublar yazmaqla yanaşı, pul göndərməyə də davam edirdi. 1849-cu ildə Lola yenidən ərə gedir və memuarlarını yazmağa başlayır. Nikahda ola-ola evləndiyinə görə, onu həbs edirlər. Girov müqabilində xilas ola bilir və yenidən Parisə qayıdır.

Ancaq uğur ehtiraslı rəqqasədən üz çevirmişdi: tamahkar məşuqu onu tərk etmişdi, konsertləri də əvvəlki tək ajiotajla keçmirdi. Amma Lola təslim olan insanlardan deyildi. Xoşbəxtliyini yeni qitədə axtarmağa yollanır...

1851-ci ildə Lola Nyu-Yorka gəlir və çıxışlarına davam edir. 1852-ci ildə o, “Lola Montes Bavariyada” müziklini ərsəyə gətirir. 1853-cü ildə yenidən ərə gedir və əvvəlki nikahlar kimi, bu da uzun sürmür.

Lola Kaliforniya şəhərciyi Qrass-Vellidə yaşayır. 1855-ci ildə avantürist xanım Avstraliyaya qastrol səfərinə gedir və buradakı qızıl axtaranların qarşısında çıxış edir.

1858-ci ildə onun “Gözəllik incəsənəti” və “Məhəbbət tarixi” kitabları işıq üzü görür. Lola əsl xristyan dəyərləri ilə yaşamağa davam edir və əxlaqsız qadınlara yardım edir.

1860-cı ildə məşhur rəqqasə, məşuqə insult keçirir. Ad gününə bir ay qalmış Lola vəfat edir, onu Bruklində dəfn edirlər...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm