Aralarında 26 il yaş fərqi olan məşhur cütlüyün sirri - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Aralarında 26 il yaş fərqi olan məşhur cütlüyün sirri - FOTOLAR

Ketrin Zeta-Cons: “Hörmət, yumor hissi və hər iki tərəfin sərbəstliyi – bu xoşbəxt ailənin əsas sirləridir...”

Çəkilişlərin ilk günü dəli kimi ora-bura qaçıram, Mayklın bəxti gətirməyib...

Maykl Duqlas və Ketrin Zeta-Cons: ailə albomunu vərəqləyərkən...

Dünyanın ən məşhur cütlüklərindən olan Maykl Duqlas və Ketrin Zeta-Cons eyni gündə - iyirmi beş sentyabr tarixində dünyaya gəliblər. On üç il ərzində nikah onların ən böyük hədiyyəsi olub...

Müsahibələrinin birində Ketrin Zeta-Cons Maykl Duqlasla ilk tanışlığından və bunu nəticəsindən danışıb. Cütlük 1998-ci ildə Fransa kinofestivalında tanış olmuşdu.

“Maykl çox məzəli və cazibədar idi. Zarafatca mənə: “Sizin uşaqlarınızın atası olmaq istəyirəm” söylədi. Nəticədə, elə də oldu”...

Maykl beş ay müddətində güllərlə, hədiyyələrlə Ketrinin sevgisini qazanmaq uğrunda mübarizə apardı. Nəhayət, Ketrin təslim oldu... Onlar 2000-ci ilin 18 noyabrında evləndilər...

Bu gün Maykl və Ketrin birgə daha çox vaxt keçirməyə çalışırlar. Ketrin həyat yoldaşının yanında özünü o qədər sərbəst, özünəəmin hiss edir ki, kiçik dəlisovluqlara da yol verə bilir... Məsələn, uzun gəzintidən sonra çəkinmədən bahalı ayaqqabılarını çıxarıb ayaqyalın gəzməyə başlayır, yanında isə daim hər bir hərəkətinə dəstək olan sevimli əri Maykl var...

Cütlüyün əl-ələ tutaraq gəzdiyi fotoların sayı-hesabı yoxdur. 2013-cü ildə “Nyu-York Niks” basketbol komandasının oyununa azarkeşlik etməyə gələn məşhur cütlük bir anlıq olsa da, bir-birinin əlini buraxmırdı...

- Ketrin, siz rolları çox ehtiyatla seçirsiniz, xüsusən də, son vaxtlar ailənizin başına gələnlərdən sonra. Bir çoxları hətta ekranlardan uzaqlaşacağınızı ehtimal edirdi.

- Bilirsiniz, qızımın on, oğlumun isə on üç yaşı var. Bu elə vacib illərdir ki - həm övladlarım, həm mənim üçün. Axı onların uşaqlığı bir daha geri qayıtmayacaq. Əgər ailəmlə müvəqqəti ayrılıramsa da, bu hansısa gözəl bir filmə görə olur. Komediyaları çox sevirəm, onlarda daha tez-tez çəkilməyi arzulayıram. Ərim xəstələnəndə, əlbəttə ki, hər şeyi atdım. Lakin normal həyata qayıtdıq, bu gün elə gözəl rol təklifləri almışam ki, onlardan imtina etmək günahdır.

- Sizi depressiyada təsəvvür etmək çətindir – siz çox güclü və özünəəmin görünürsünüz...

- Mən heç vaxt güclü olmamışam. Nədənsə elə təsir bağışlayıram, əslində isə hər şeydən qorxuram. Çəkilişlərin ilk günü dəli kimi ora-bura qaçıram. Bu qorxularımla Mayklın da başını xarab etmişəm, onun bəxti heç gətirməyib. (Gülür.)

- Mayklın xəstəliyi zamanı ona dayaq olmadınız...

- Maykla diaqnoz qoyulan vaxt bunun öhdəsindən gələ bilməyəcəyimi fikirləşdim.

Bu xəstəliklə mübarizə aparan ilk və son insan olmadığın faktı səni zərrə qədər də sakitləşdirmir. Şok şok olaraq qalır. Son ana qədər bunun məhz sənin başına gəldiyinə inanmırsan. İnsanlar təsəlli verirdilər, fəqət faydası yox idi, mən güclü ola bilmədim - Maykldan fərqli olaraq. Ona düz bir il düzgün diaqnoz qoya bilmirdilər. Nəhayət, dəhşətli xəbər gəldi. Bunun eşidəndə özümü itirdim, təsəvvür edin, mən Maykla təsəlli verib sakitləşdirməkdənsə, o, məni sakitləşdirirdi. Dəhşətli müalicələr zamanı da zarafatlar edirdi. Həyat yoldaşım müalicəyə iş kimi baxırdı.

- Həqiqəti övladlarınızdan gizlətmədiniz, düzdür?

- Bəli, Maykl belə qərar verdi, mən onu dəstəklədim. Heç bir sirr olmamalı idi. Yoldaşım özü onlara hər şeyi danışdı. Uşaqlar hətta müalicə vaxtı da bizimlə olurdular. Bu xəstəlik bizi daha da yaxınlaşdırdı, amma mən heç kimə bunu arzulamıram...

- Siz də öz xəstəliyinizi- ruhi xəstəliyinizi gizlətməmək qərarına gəldiniz...

- Çoxdandır ki, psixi problemlər yaşayıram. Əvvəl-əvvəl buna önəm verməməyə çalışırdım. Axı mən tipik ingilisəm - emosiyalarını gizlətməyə adət edən ingilis. Ancaq Maykl bunu gizlətməməyimi məsləhət gördü. Ürəyimi açmalıyam, beləcə, bu xəstəlikdən əziyyət çəkən insanlara da kömək etmiş olaram. Onun sözünə baxdığım üçün şadam.

- Maraqlıdır, Stiven Soderberqin filmində həkim-psixiatr rolunu canlandırdınız. Sanki cəbhənin o biri tərəfinə keçdiniz. Rola ona görə razılıq verdiniz?

- Xeyr, mən Stivenin istənilən filmində çəkilməyə hazıram. Hətta məndən telefon kitabçasını səsləndirməyi xahiş etsə belə, razılaşaram. (Gülür.) Lakin psixiatr obrazı, həqiqətən, maraqlıdır. Həm də anam həmişə məni ağ xalatda görməyi arzulayıb. O, tibbi təhsil alacağıma ümid edirdi. Odur ki, onun arzusunu qismən də olsa, yerinə yetirdim...

- Deyəsən, artıq özünüzü yaxşı hiss edirsiniz. Belə çıxır, müalicə yaxşı təsir edib...

- Məni müalicə edən həkimlərə güvənirəm. Güvənmək çox vacibdir. İndi özümü əla hiss edirəm. Düzdür, arada yersiz yerə kədərlənirəm, amma bu uzun sürmür. Ümumilikdə, sevincli oluram, ailəmə, uşaqlarıma, həyat yoldaşıma görə... Müəllimlər övladlarımın tərbiyəsindən razılıq edirlər, bunu eşitmək elə xoşdur ki! Demək, ərimlə onlara göstərdiyimiz nəvaziş əbəs deyil.

- Yəqin, bilirsiniz ki, bir çoxları sizin Maykl Duqlasla nikahınıza və onun uzunmüddətli olacağına inanmırdı; yaş fərqi, Mayklın məşhurluğu...

- Biz Mayklla bir-birimizi əla tamamlayırıq! O hər bir şeydə diqqətlidir, səliqəlidir, mən isə əksinə! Heç vaxt həftəsonunu harada keçirəcəyimizə görə narahat deyiləm. Bilirəm ki, Maykl artıq hər şeyi düzüb-qoşub. Birgə yaşadıqlarımızdan sonra çox xoşbəxtəm. Ailə üçün başqa nə lazımdır ki? Hörmət, yumor hissi və hər iki tərəfin sərbəstliyi – bu da xoşbəxt ailənin əsas sirləridir...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm