Prezidentin pul, hakimiyyət və qadın sevgisi – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Prezidentin pul, hakimiyyət və qadın sevgisi – FOTOLAR

“Tito ilə sonuncu dəfə 1978-ci ildə görüşdük. Üç saat söhbət etdik. O dedi: “Yuqoslaviya daha yoxdur. Ortada heç kimin hörmət etmədiyi səkkiz dövlət var...”

“Burada kral kimi yaşayırsınız!”

Yuqoslaviya lideri İosip Broz Tito ölkəsini, azadlığı və qadınları sevirdi...

Yuqoslavlardan Titonun nə qədər qadını olduğunu soruşanda onlar gülür və: “Sayan olub məgər? İqamətgahlar ayrı məsələ. Bunu saymaq mümkündür” – cavab verirlər. Həqiqətən, marşalın ölümündən sonra onun otuza yaxın villaya malik olduğu üzə çıxdı...

Titonun Brioni adasında yerləşən villasına səfəri zamanı Efiopiya imperatoru Hayle Selassienin ağzı açıq qalmışdı, təəccübünü gizlətməyən imperator: “Burada kral kimi yaşayırsınız!” söyləmişdi.

Yaşlı vaxtlarında artıq iyirmi yaşında kimi görünməsə də, hər kəs məhz bu cür qocalmağı arzulayardı. Gündə qaralmış, gözəl kostyum, ağzında bahalı siqaret, barmağımda dəyərli üzük...

Tito dadlı yeməyi və içməyi sevirdi. Yuqoslaviya liderinin Brionidəki iqamətgahına məşhur kino ulduzları da baş çəkirdi – gözəl italiyalı xanım Cina Lollobridcida, amerikalı Elizabet Teylor və Riçard Barton cütlüyü. Barton yugoslav partizan döyüş filmində Tito rolunu da canlandırmışdı.

1943-cü ildə marşal, 1945-ci ildən Yuqoslaviya hökümətinin rəhbəri, 1953-cü ildən Yuqoslaviyanın prezidenti olmuş Tito İosip Broz 1892-ci ilin 25 mayında Xorvatiyada anadan olub. Kimin ağlına gələ bilərdi ki, 15 yaşlı İosip bu qədər yüksəklərə ucalacaq...

1913-cü ilin payızında onu Avstriya-Macarıstan ordusuna hərbi xidmətə çağırırlar. İosip özünü yaxşı əsgər kimi tanıdır. Xidməti zamanı ağır yaralanır və 1915-ci ilin 4 aprelində Rusiyada əsir düşür. On bir ay ərzində hospitalda müalicə alır. 1916-cı ildə Titonu hərbi əsirlərin yerləşdiyi düşərgəyə göndərirlər. Burada o, ilk dəfə Leninin yazıları ilə tanış olur. Fevral inqilabı xəbərini Kunqurda alır.

1917-ci ilin mayında Tito Petroqrada qaçır. Oktyabr ayında Omska gələn gələcək lider Qızıl Ordunun cərgələrinə qoşulur. Həmin il o, Denis Belousovun qızı Pelaqeya ilə tanış olur və növbəti il onunla evlənir. 1920-ci il İosip Broz xanımı ilə Zaqrebə gəlir. Burada Jarko adlı oğulları dünyaya gəlir.

Zaqreb kommunistlərinə başçılıq edən Broz uzun zaman polislərdən gizlənməli olur. 1919-cu ilin 21 fevralında onu və yoldaşını həbs edirlər. Titonu 5 il, 7 ay müddətinə sürgünə göndərirlər. Pelaqeyanı bir ildən sonra azad edirlər və o, SSRİ-yə qayıdır.

Tito Pelaqeya ilə ayrılığının səbəbini heç vaxt açıqlamır. Pelaqeyanın sonrakı həyatı keşməkeşli olur. Titonun birinci həyat yoldaşı təxminən iyirmi il ərzində Stalin divarları arasında yaşamaq məcburiyyətində qalır. Deyilənə görə, bütün bu illər ərzində, o, keçmiş ərinə məktublar yazıb, amma, görünür, bu məktublar Titoya çatmayıb... Pelaqeya Denisovna 1968-ci ildə ürəktutmasından vəfat edir.

1944-cü ilin sentyabrında Titonun Stalinlə ilk görüşü baş tutur. Bir il sonra o, “Pobeda” ordeninə layiq görülür. 1946-ci ildə Tito yenidən SSRİ-yə rəsmi səfər edir. Amma Stalin artıq Titoya əvvəlki isti münasibət bəsləmirdi. Titonun hədsiz müstəqilliyi Stalini qıcıqlandırmağa başlamışdı...

1953-cü ildə Yuqoslaviya prezident idarəçilik formasına keçir. İosip Broz Tito dəbdəbəli marşal mundirini ciddi kostyumla əvəzləyir.

Broz gözəl bədən quruluşuna malik idi. Yemək məsələsində olduğu kimi, içki məsələlərində də özünə sərhəd qoymağı bacarırdı. Rəqs edir, bilyard, domino, şahmat oynayırdı. Ömrünün son illərinə Yuqoslaviya lideri şəkərli diabetdən əziyyət çəkir. Buna baxmayaraq, sevimli siqaretindən əl çəkmirdi. Elə siqaret sevgisi sol ayağında venaların tıxanmasına səbəb olur. Nəticədə, qanqren olmasın deyə ayağı amputasiya edirlər. 1980-ci ilin yanvar ayında Titonun vəziyyəti pisləşir. Həkimlər dörd ay ərzində onun həyatını qurtarmağa çalışırlar, amma nəticəsiz. May ayının 4-də 88 yaşının tamam olmasına bir neçə gün qalmış Tito vəfat edir.

Titonun beş həyat yoldaşı olub: Rusiyalı Belousovadan başqa, almaniyalı Yoqanna Keniq, sloveniyalı Qerta Haas, serbiyalı Davoryanka Paunoviç və Yovanka Budisaveliç. Haas və Paunoviçlə vətəndaş nikahında olub. Müharibəyə qədər Tito hələ Tito deyildi, sadəcə, Politbüronun üzvü, Yuqoslaviya Kommunist Partiyasının baş katibi idi. Bu ərəfədə onun həyatında vətəndaş nikahında yaşadığı Qerta Haas vardı.

1930-cu illərin sonunda Titonun həyat yoldaşının gestapoya işlədiyi xəbərləri yayıldı. Bu xəbər gələcək baş katibə həyatı bahasına başa gələcəkdi. Amma xata yan keçir. 1940-ci ildə Xaasın oğlu dünyaya gəldi, beləcə, Tito ikinci dəfə ata oldu. Bir müddətdən sonra üsyançılar Qertanı həbs etdi. Sonradan partizanlar onu əsir alman zabitlərinə dəyişdilər. Deyilənə görə, bu qərarı marşal özü vermişdi...

Yuqoslaviya marşalı İosip Broz Tito ilə kino və teatr aktrisası Tatyana Okunevskaya arasındakı eşq macərasından əfsanələr düzəltmişdilər. Tatyananın otuz, Titonun əlli yaşı vardı. Əlbəttə, Okunevskaya üçün o, yaşlı idi. Amma Tito sevgisini 20 yaşlı oğlan kimi bildirirdi!

“Münasibətlərimiz çox romantik idi. O, rusca gözəl danışırdı, gözəl də yumor hissi vardı. Onun teatra ziyarətlərini, gətirdiyi qızıl gülləri xatırlayıram. Bir il ərzində hər tamaşama qara qızıl gül dəstələrini göndərirdi”...

Bütün ömrü boyu Okunevskaya Tito tərəfindən aldığı qara qızıl gülləri xatırlayır...

Marşal Titonun sonuncu qanuni həyat yoldaşı Yovanka olur. Titonun altmış, gəlinin isə otuz iki yaşı vardı...

Tito:

- Mən axı bir neçə dəfə evli olmuşam. Siz necə düşünürsünüz?

- Yoldaş Tito, siz dövlət başçısısınız. Hər zaman yanınızda sadiq insan lazımdır. Bu insan isə yalnız həyat yoldaşı ola bilər. Məsələn, Yovanka. Onunla evlənin...

İşğal vaxtı Yovanka partizan cərgələrində döyüşən serblərdən olub, sanitar çalışıb. Çox cəsarətli idi. Hər halda, müharibədən sonra kapitan rütbəsini almışdı.

Beləliklə, adi kəndli qızı möcüzəli şəkildə iqamətgaha düşür...

Əvvəl-əvvəl xanım özünü sadə aparırdı. Amma necə deyərlər, iştaha yemək zamanı gəlir. Getdikcə Yovankada hakimiyyətpərəst olmağa başlayır. Deyirlər, bunu günahı Titoda idi. O, xanımına qarşı diqqətsiz və kobud idi. Daim gözəl qadınların əhatəsində olurdu.

Svetozar Vukmanoviç-Tempo xatırlayır: “Tito ilə sonuncu dəfə 1978-ci ildə görüşdük. Üç saat söhbət etdik. O dedi: “Yuqoslaviya daha yoxdur. Heç kimin hörmət etmədiyi səkkiz dövlət var”.

Bu ərəfədə Yovankanın da iştirak etdiyi dövlət çevrilişi barədə söhbətlər gəzməyə başladı. Tito bu yalana inandı. Beləcə, bir güllə ilə iki dovşan vuruldu. Titonun həyat yoldaşını ondan kənarlaşdırdılar və Yuqoslaviya lideri həqiqətdə nələrin baş verdiyinə reaksiya verə bilmədi.

Titonun varisləri – Yovanka, Jarko və Mişo öz aralarında düz 869 əşyanı bölüşdürməli idilər: Əlbəttə, yeddi limuzin vardı...! Daha sonra şuba, kinokameralar, maqnitofon, büllur qablar, saat, vaza, rəsm əsərləri, xalça, heykəlciklər, ov bıçaqları, kitablar...

Yovanka əri ilə ayrılıq haqda: “Osipə təzyiq göstərmişdilər, onun qarşısına sənədi qoyub demişdilər: “seçməlisən – həyat yoldaşın, yoxsa hakimiyyət”...

Titonun o dəhşətli sənədə imza atmadığını bilirəm. Amma biz bu vəziyyəti müzakirə edib ayrılmağa qərar verdik. O, birgə yaşadığımız evi tərk etdi. Titonun həyatının son illəri mənsiz keçdi, bir daha onu görmədim...”

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm