• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

“... Gecə səni qucaqlamayacaq” - FOTOLAR

“... Gecə səni qucaqlamayacaq” - FOTOLAR

“İstənilən yaşda sevmək istəyirəm”...

“O gözlərdəki enerji, güc məni valeh etdi!...”

“Heç vaxt bir-birimizə qışqırmırıq. Problemimiz yaranırsa, onu sakit halda müzakirə edirik...”

Rusiyalı müğənni Aleksandra Savelyova, ailə həyatı və aktyor Kiril Safonov ilə münasibətləri barədə danışır:

- Aleksandra, otuz yaşınız tamam oldu. Yaşınızdan razısınız?

- Yeni kateqoriyaya keçidimlə tamamilə razıyam. Yeri gəlmişkən, bu yaxınlarda qrupun qızları ilə pasportumuzda qeyd olunan doğum ilini dəyişməyin mümkün olub-olmadığını müzakirə etdik. Məsələn, beş ili geri ata bilərik, amma niyə? Qırx, əlli, səksən yaşımda da bu cür düşünmək istəyirəm. Özümü istənilən yaşda sevmək istəyirəm. Əlbəttə, müəyyən hərəkətlərimə məhdudiyyət qoymaq lazımdır, ancaq daxilən hər zaman gənc qalmağı arzulayıram. Bilirsiniz, bir müddət əvvəl Valentin Qaftla bir çəkiliş meydanında oldum. Onun inanılmaz gözləri vardı, o gözlərdəki enerji, güc məni valeh etdi! Bu hər yaşda gözəl olmağın mümkün olduğuna daha bir sübutdur.

- Bu həyati müdrikliyə özünüz çatdınız?

- Bu mövzu haqda çox oxumuşam, insanlarla söhbət etmişəm və əlbəttə ki, gözümün qarşısında valideynlərim var. Onlar artıq 33 ildir ki, bir yerdədirlər və ən əsası, xoşbəxtdirlər. Həmişə aktiv həyat tərzi keçiriblər: ekspedisiyalara gediblər, idmanla məşğul olublar. Axı idman bədəni və ruhu formada saxlayır. Valideynlərim, həmçinin, musiqi ilə maraqlanıblar. Baxmayaraq ki, nə idman, nə musiqi onların sahəsi deyil – atam fizika-riyaziyyat elmləri namizədi, anam iqtisadçıdır. Amma musiqi və idmana sevgini mənə uşaqlıqdan aşılayıblar. İdman isə... Hardan bilə bilərdim ki, altı yaşımda fiqurlu konkisürmə məktəbindən çıxarkən illər sonra “Buz dövrü” layihəsində iştirak edib, İsrailin 11 qat çempionu Serejey Saxnovski ilə cütlük kimi çıxış edəcəm və mənim məşqçim Aleksandr Julin olacaq?... Mən indiyə qədər də o təcrübəmi unutmuram. Odur ki, valideynlərimə məni idmana qoyduqlarına, mənə seçim haqqı verdiklərinə görə, təşəkkür edirəm.

- Mənə elə gəlir ki, artistlərin həyatı sadə insanların həyatından fərqlənir. Məgər sənətin həyata, taleyə təsiri yoxdur?

- Qətiyyən. Biz Kirillə filmlərdə olduğu kimi Parisdəki Eyfel qülləsinin yanında, Nyu-Yorkda və ya Venesiyada tanış olmamışıq. Əlbəttə ki, romantik səslənir. Amma qeyri-təbii. Bizim Kirillə görüşümüz ən adi məkanda, ən adi şəraitdə baş tutub. Və ən adi qız kimi növbəti gün onun adını da unutmuşdum. Ancaq sonra, bizim ümumi “cəsarətli rəfiqəmiz” aramıza girdi və hər ikimizə ikinci şans yaratdı.

Hər şey sürətlə inkişaf edirdi. Tanışlığımızdan iki həftə sonra Kiril sakitcə onun gələcək həyat yoldaşı olacağımı elan etdi.

- Və siz qəbul etdiniz? Bu addımı vaxtından öncə hesab etmədiniz?

- Mən anlamışdım ki... “yar” sözünü sevmirəm. Bir-birinə tamam, iki uğurlu insan aşiq olur. Əgər gücləri və müdriklikləri çatırsa, ailə həyatında da müstəqilliklərini qorumağı bacarırlar. Razılaşın ki, tam insanla yaşamaq daha xoşdur, nəinki natamam insanla. (Gülür.) Biz sadəcə, başa düşdük ki, bir-birimizi tapmışıq. O, məni “həyat yoldaşım” deyə çağıranda daxilimdə heç bir müqavimət hiss etmədim, əksinə, özümü çox rahat hiss etdim. Yarım ildən sonra Kiril mənə rəsmi evlilik təklifi etdi. Bax, bu andan etibarən, hər şey kinodakı kimi baş verdi. Toy münasibətlərimizin məntiqi nəticəsi oldu.

- Qəribədir, publikanın diqqətinə öyrəşmiş insan toy xəbərini hər kəsdən gizlətdi. Hər şey yalnız bir neçə aydan sonra məlum oldu. Niyə belə oldu?

- Bu çox sadədir, inanırsınız? Biz xüsusi olaraq, heç nə gizlətmirdik. Sadəcə, bizə rahat olan şəkildə, diqqət cəlb etmədən, yaşayırdıq.

- Siz Kirillə ikiniz də incəsənət adamlarısınız. Yəqin, bu münasibətlərinizi daha da asan edir...

- Bəli. Lakin ikimiz də aktyor və ya ifaçı olsaydıq, bir az çətin olardı.

- Rəqabət olardı?

- Xeyr, anlamıram, qadın müğənni ilə kişi müğənni necə rəqabət apara bilərlər ki? Onlar axı müxtəlifdirlər, nəyi bölüşə bilərlər?

- Publikanın, jurnalistlərin diqqətini. Biri karyerasında yüksəlir, digəri əksinə. Məsələn, aktyor ailəsini götürək: birini çəkirlər, o birini yox. Bu qıcıqlandırır, münaqişəyə gətirib çıxarır.

- Məncə, paxıllıq xırda xəyanətdir. Əgər bizdə bənzər hal olsaydı – Kirilin uğurlarına sevinərdim, bir az da dəstəkləyərdim. Düşünürəm ki, mənə qarşı o da eyni şeyi edərdi. Heç kim gələcəkdə nəyin baş verəcəyini bilmir, bir anla yaşamaq olmaz. Əgər incəsənət cütlükləri bu səbəbdən ayrılırsa, deməli, aralarında başqa problemlər mövcud olub. Kirillə xoşbəxtəm, daim bir-birimizə məsləhətlər veririk, bu çox gözəldir.

- Deməli, ailənizdə tam hüzur var?

- Bütün başqa ailələrdə olduğu kimi, biz də mübahisə edirik, emosional tərzdə nəyisə aydınlaşdırırıq. Amma biz heç vaxt bir-birimizə qışqırmırıq. Problemimiz yaranırsa, onu sakit halda müzakirə edirik. Bu vacibdir. Öz valideynlərimdə də bunu görmüşəm. Ailədə qalmaqal, çaxnaşma salmaq, sevdiyin insanı idarə etməyə çalışmaq – bu bizlik deyil.

- Bu gün ailə sizin üçün birinci yerdədir?

- Heç vaxt ailə və karyera arasında seçim etmirəm. Aktyor Çenninq Tatumun sözləri ilə razıyam: “Həyatda ən vacib şey ailədir. Karyera səni evində gözləmir, pullar sənin göz yaşlarını silməyəcək, məşhurluq gecə səni qucaqlamayacaq”. Mənim otuz yaşım var və bilirsiniz, hansı qənaətə gəlmişəm? Həyatda ən böyük nailiyyətim yaxın insanlarımdır – sevgilim, dostlarım. Onlar mənə ilham verir, enerji ilə təmin edirlər.

- Əsas şeyin nə olduğunu otuz yaşında öyrəndiniz?

- Əvvəllər mən həyata qeyri-ciddi baxırdım, sabahkı gün haqda düşünmürdüm. Ailəm olandan sonra məsuliyyətli oldum, yalnız özümün yox, ailənin maraqlarını ilə də hesablaşmağa başladım. Kirillə övladlarımız olanda daha bir hiss yaşayacağıq: yeni insana tərbiyə verməyin, onun istedadlarını açmağın, onu xoşbəxt etməyin necə bir hiss olduğunu öyrənəcəyik. Bundan əlavə, şəraitə tabe olmağı, məqsədə doğru getməyi amma uğursuzluqlara hazır olmağı öyrəndim otuz yaşımda... Bilirsiniz, indi çox rahatam, rahat nəfəs alıram, rahat yaşayıram. Sadəcə, xoşbəxtəm...

Tərcümə: Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR