“Lənətə gələsən, nə gözəl döşlərin var!” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Lənətə gələsən, nə gözəl döşlərin var!” - FOTOLAR

Amerikalı kino və teatr aktyoru Dastin Hoffman

“Qürubdan zövq almağı bacaran insanlara paxıllığım tutur”

“Bütün müasir müharibələrin səbəbi – allahlıq etmək arzusu, pullar və neftdir”...

Aktyor olmağımın səbəbi çox bəsitdir; başqa heç bir sahədə uğur əldə edə bilmədim.

İlk müsahibəmi gözəl xatırlayıram. 1967-ci il idi. Stads Terkel (məşhur amerikalı jurnalist – red.) yanıma gəldi və biz hardasa üç saat söhbət etdik. Birdən mənə dedi: “Bir dəqiqə, diktofonu yoxlayım”, müsahibə ərzində diktofonun işləmədiyi məlum oldu. Terkel: “Eyni mövzu barədə yenidən danışmağa etiraz etmirsən ki?” – soruşdu. “Yox”-dedim və biz daha üç saat danışdıq. Düşünmürəm ki, buna səbəb yeni başlayan aktyor olmağım idi, mən indi də eyni addımı ataram...

Ən çox caz musiqiçisi olmadığıma görə, təəssüf edirəm.

Mən Hollivudu sevmirəm, amma heç vaxt iri şirkət rəhbərlərini tənqid etmərəm. Təsəvvür edin, kinoya altmış milyon dollar xərcləmisiniz. Eyni məbləği nüsxələrə, reklama və digər xırdalıqlara vermisiniz. Adi bir səhv və sən tozsan, ortada heç nə yoxdur...

Ulduz olmağın üstünlüklərindən biri də odur ki, istədiyiniz zaman telefon dəstəyini götürüb başqa məşhura zəng edə bilirsiniz.

Məşhur olduğun andan etibarən, ölümdən qorxmamağa başlayırsan. Ulduz olduğun zaman artıq ölürsən...

Qürubdan, sadəcə, zövq almağı bacaran insanlara paxıllığım tutur. Pis hissdir, amma həmişə qüruba baxanda onu necə çəkəcəyim barədə düşünürəm. Bu səbəbdən, heç vaxt məzuniyyətləri sevməmişəm...

Sağ qalmaq üçün mənə günəş və kokoslu süd kifayət edir.

Həmişə hamilə olmaq, bətnində uşaq gəzdirməyin və onu döşünlə əmizdirməyin necə bir hiss olduğunu keçirmək imkanım olmayacağını düşünəndə özümü natamam biri kimi hiss edirəm.

Altı uşağımın hər birindən qorxuram. Çünki onlar haqqımda heç kimin bilmədiklərini bilirlər.

İyirmi yaşı olanlara qibtə edirəm, mənim iyirmi yaşım olanda yalnız ofisiant və taksiçi olmaq imkanım vardı.

Lətifə danışmağı sevirəm. Mənə elə gəlir ki, lətifə poeziyaya bənzəyir. Lakin ondan daha asandır, çünki lətifəni başa düşmək daha rahatdır.

Deməli, Makdonaldsın rəhbəri Roma papasının yanına gəlib deyir: “Sizə beş yüz milyon dollar veririk, əvəzində “Tanrım, sənə bu çörəyə görə, minnətdarıq” duasını “Tanrım, sənə bu biqmaka görə minnətdarıq”la dəyişirsiniz.

Papa söyləyir: “Siz necə cürət edirsiniz?!” Makdonalds rəhbəri fikirləşir və “yaxşı, sizə milyard dollar ödəyirik!” – deyir. Papa fikrə gedir: “Kardinallarla məsləhətləşməliyəm”.

Papa kardinalların olduğu zala çıxıb söyləyir: “Sizə bir pis və bir yaxşı xəbərim var. Yaxşı xəbər – indicə Makdonaldsdan milyard dollarlıq təklif aldıq. Pis xəbər isə odur ki, Birqer-Kinqlə 750 milyonluq müqaviləmiz puç oldu”.

Konqresmenlər və onlara bənzər insanlardan uzaq gəzin. Bu tip insanlarla söhbətdən sonra beyniniz fantastik zibillə dolur və ondan azad olmaq mümkünsüzə çevrilir...

Elə də uğurlu ekspert deyiləm, səhv edirəmsə, düzəliş edin – mənə elə gəlir ki, bütün müasir müharibələrin səbəbi – allahlıq etmək arzusu, pullar və neftdir...

Bir amerikalı kimi, mənim üçün ən dəhşətlisi budur: günlərin bir günü başa düşdüm ki, prezident administrasiyasının ən effektiv idarəetmə yolu insan qorxuları ilə oynamaqdır. Zənnimcə, dünyada silahların sayı həddindən artıqdır.

İncəsənətin dəyərini şübhə altına salmaq çətin məsələdir. Təsəvvür edək ki, Luvr yanır. Mona Lizanı xilas edək, yoxsa bura təsadüfən düşmüş pişiyi? Nəzərə almalıyıq ki, bunlardan yalnız birini xilas etmək imkanımız var. Yadımdadır, iyirmi yaşımda dostlarla bu barədə çox müzakirələr aparırdıq. Sadəcə, o vaxt seçimi kimin üzərində etdiyimi xatırlamıram.

Çəkiliş meydanında kişi ilə qadın arasında romantik əlaqələr qurmaq vacib amildir. Barbra Streyzandla birgə filmdə çəkilirdik. Hər çəkiliş gününün başlanğıcında ona: “Lənətə gələsən, nə gözəl döşlərin var!” – deyirdim. Bundan sonra o, döşlərinə daha az tənqidi yanaşmağa başlayırdı.

Aktyorlardan heç vaxt, heç nə soruşmayın. Onların yeganə istəyi diqqətdir. Mənə baxın, mən bunu edirəm, onu edirəm...

Hələ heç bir aktyor məndən məsləhət almayıb.

Conni Deppi sevirəm – o, ulduz olmağa çalışmır, sadəcə, xoşuna gəldiyini edir.

Rollarını unudan aktyorlara yaxşı yanaşıram. Özünə bənzəyən insanları görmək xoşdur...

Ölümün yaxınlaşdığını köhnə şəkillərimizə baxanda hiss edirik.

Müasir məşhurlar barədə çox fikirləşirəm. Məsələn, Peris Hiltona baxın. Var-dövlət xatirinə var-dövlət, məşhurluq xatirinə məşhurluq. Elədir? Övladlarım onunla tez-tez rastlaşırlar. Deyirlər, çox nəzakətli və mehribandır. Zənnimcə, Peris Hiltonun özü ilə bağlı heç bir problem yoxdur, problem onunla fəxr edən insanlardadır...

Mənə elə gəlir, rejissoru təhqir etməyin ən qəddar yolu, o, “əladır” dedikdən sonra daha bir dublun çəkilməsini xahiş etməkdir.

Həyat zibildir, amma bu o demək deyil ki, ondan həzz almaq olmaz...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm