• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

SSRİ liderinə “yox” cavabı verən bir nömrəli kəşfiyyatçı

SSRİ liderinə “yox” cavabı verən bir nömrəli kəşfiyyatçı

Allen Dalles – dahi kəşfiyyatçı, yoxsa?...

Hesab edilir ki, Mərkəzi Kəşfiyyat İdarəsi məhz Allen Dallesin təşəbbüsü ilə yaradılıb. Bu idarə bütün dünyaya sprut kimi yayıldı. Sovet publisisti İlya Edinburq demişdi: “Əgər Dalles təsadüf nəticəsində cənnətə düşsə, orada da işini davam etdirəcək; sui-qəsdlər təşkil edəcək və mələkləri güllələyəcək”. Deyilənə görə, Mərkəzi Kəşfiyyat idarəsinin şefi özü bu sözləri sitat gətirməyi sevirdi.

Bu yaxınlarda 1947-ci ilə məxsus protokol üzə çıxıb. Belə ki, müharibə illərində İsveçrədə “məzuniyyətdə olan” Allen Dalles bir neçə il ərzində Hitlerə məxsus hərbi kəşfiyyatın 10%-ni, o cümlədən, abver şefi admiral Kanarisin zərərsizləşdirdiyini elan etmişdi. Bu fakt müəyyən dərəcədə öz təsdiqini tapıb. Belə ki, müharibədən sonra Mərkəzi Kəşfiyyat İdarəsi Kanarisin dul arvadı üçün İspaniyada villa alır, həmçinin, ona ömürlük təqaüd kəsir. Belə çıxır ki, Dalles tarix ərzində heç bir ölkə kəşfiyyatının bacarmadığını edib...

İddia edilir ki, SSRİ-nin dağılması da Dallesin ssenarisi əsasında həyata keçirilib. Əgər SSRİ-nin dağılması planını, həqiqətən, Dallas işləyibsə, deməli, onu əminliklə bütün zamanların ən dahi kəşfiyyatçısı adlandırmaq olar...

Gələcək kəşfiyyatçı 1893-cü ilin 7 aprelində imkanlı ailədə anadan olmuşdu.

1914-cü ildə Prinston universitetini bitirən pleyboy dünyanı fəth etməyə yollanır – Hindistana, Çinə səfərlər edən Allen özünü ikinci Lourens (əfsanəvi britaniyalı kəşfiyyatçı red.) kimi hiss edirdi. Bir ildən sonra o, geri dönür və diplomatik xidmətə götürülür.

Amma Dalles Şərqə səfir kimi yollanmaq istəmir və Avropanı seçir. Az keçmir ki, Allen səfir istedadını “nümayiş etdirir”. 1917-ci ildə Amerikanın Berndəki səfirliyinə zəng gəlir. Hansısa Ulyanov Vladimir İlyiç (Lenin!) audensiya haqda xahiş edir. Allen Dalles rədd cavabı verir: “Nə olsun, Amerika nümayəndəliyinə zəng edən hər kəslə görüşmək məcburiyyətindəyik? Bəs dövlət işləri ilə kim məşğul olacaq?”

Bu qeyri-diplomatik hərəkətdən sonra Dallesin karyerasına son verməyi qərar aldılar. Əvvəl ona Yaxın Şərq üzrə səfir olmağı, daha sonra, ümumiyyətlə, istefa verməyi təklif etdilər. Dalles “Sallivan və Kromvel” hüquq firmasına işə düzəlir. O, qardaşı Con Fosterlə alman konserni “İ.Q.Farben”in Amerika nümayəndəliyinə başçılıq edirlər. Bu müddət ərzində o, Adolf Hitler və Benito Mussolini ilə tanış olur, onların necə qətiyyətli və gözəl insan olduqlarını qeyd edir. Nəticədə, onu Almaniya üzrə ekspert kimi qəbul edirlər. Müharibə başlayandan sonra Dallesi İsveçrədə diplomatik misiyyanın tərkibində çalışmağa, həmçinin, Amerika kəşfiyyatı ilə əməkdaşlıq etməyə dəvət edirlər.

İri eynəkli tülkü

Allen Dallesin prezident Ruzveltin xüsusi məxfi elçisi olduğu Bernə gəldiyi andan məlum oldu. Jurnalislərlə görüşü zamanı onun gözləri şüşənin arxasından bic-bic parlayırdı.

Yeri gəlmişkən, Potsdam konfransı zamanı Stalin Dallesi “iri eynəkli tülkü” adlandırmışdı – “Allen Dalles sovet nümayəndə heyətinə öz tülkü gözləri ilə baxır və sanki bizim haqda demək olar ki, hər şeyi və daha artığını bildiyini söyləyir”.

1943-cü ildən etibarən, özünə yer etmək istəyən Hitler Almaniyasının yüksək vəzifəli məmurları ABŞ-ın İsveçrədəki nümayəndəliyini su yoluna çevirmişdilər. Dalles görüşə kefi olduğu halda razılıq verirdi. Məsələn, Almaniya Xarici İşlər Nazirliyinin əməkdaşı Frins Kolbe Dalleslə görüşə nail olmaq üçün dəridən-qabıqdan çıxmışdı! O, amerikalılara alman alimlərinin nüvə və raket silahı ilə bağlı işləri barədə vacib məlumat çatdırmaq istəyirdi.

1946-cı ildə dahi kəşfiyyatçını “Qürur” medalı ilə təltif edir və növbəti dəfə dövlət xidmətindən azad edirlər. Baxmayaraq ki, Dalles SSRİ-nin dağılması planın işləyib hazırlamışdı: “Biz SSRİ-də seksi, zorakılığı, sadizmi təbliğ edən rəssamları dəstəkləyəcəyik, bir sözlə, əxlaqsızlığı yayacağıq. Xaos olacaq. Biz nəsillərin şüurunu məhv edəcək, xüsusilə, gənclərin beynini yeyəcəyik. Əxlaqsız ruh təbliğ edəcəyik”.

İşdən kənarlaşdırılan Dalles ruhdan düşmür. 1949-cu ilin 29 avqustunda SSRİ-də nüvə bombasının uğurla sınaqdan keçirilməsi onun xeyrinə işləyir. Bu Amerika üçün əsl fəlakət demək idi. Axı Mərkəzi Kəşfiyyat idarəsinin baş direktoru admiral Hillenkotter bundan bir il əvvəlki memorandumunda rusların atom bombasını 1950-ci illərin ortasından tez yarada bilməyəcəklərini qeyd etmişdi. – “Çox güman ki, 1953-cü ildən tez baş tutmaz”. Bu mülahizə özünü doğrultmadığına görə, əlbəttə ki, hamı Mərkəzi Kəşfiyyat İdarəsinə hüzum etdi, uca səslə etiraz edənlərdən ən birincisi elə Allen Dalles oldu.

Təəccüblü deyil ki, 1951-ci ildə onu direktorun müavini, iki ildən sonra isə Mərkəzi Kəşfiyyat İdarəsinin başçısı təyin edirlər.

Allen Dallesin Mərkəzi Kəşfiyyat İdarəsinə başçılıq etdiyi dövrü gizli əməliyyatlar dövrü adlandırırlar. 1953-cü ildə Dalles “Ayaks” əməliyyatını həyata keçirir: Amerikalılar İran hökümətini devirir və ölkədə şah rejimi qururlar. Çevrilişə birmənalı olaraq, Ruzveltin nəvəsi Kermit Ruzvelt başçılıq edir. Kermit təbliğat kompaniyasının bir ayına iki milyon dollar xərcləməli olmuşdu.

1954-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi Qvatemala baş naziri Xokobo Arbensi devirir. Hakimiyyətə Karlos Armas gəlir, tezliklə amerikalılar onu hakimiyyətə gətirdiklərinə görə peşman olurlar. Dallesin başçılıq etdiyi bir neçə digər əməliyyatlar da onun təqaüd vaxtının tezləşdirir.

Dallesi istefaya göndərən Kennedi onun barədə bunları söyləyir: “Allen Dalles əfsanəvi şəxsiyyətdir, əfsanələrdən praktiki işlərdə yararlanmaq isə çətin məsələdir”.

Təqaüdə çıxan keçmiş kəşfiyyatçı “Kəşfiyyat incəsənəti” adlı kitab yazır. Burada müəllif ABŞ-ın həyata keçirdiyi əməliyyatlar və ona xərclənilən fantastik məbləğləri açıqlayır...

Aytən Cavanşir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR