“Yetmiş yaşında bu qadının 25 yaşlı məşuqları vardı” – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Yetmiş yaşında bu qadının 25 yaşlı məşuqları vardı” – FOTOLAR

Azadlıq brilyantlardan üstündür...

Məşhur fransalı aktrisa Fanni Ardanla müsahibə:

Fanni Ardanın danışmaq istəmədiyi mövzular varmı?

– Şəxsi həyatım.

– ​Sənətinizin ictimai məzmun daşımasına baxmayaraq? Ümumiyyətlə, qapalı insansınız?

– Bir çox işləri sənətimə görə etməli oluram. Tədbirlərdə, ziyafətlərdə, təqdimatlarda iştirak etmək məcburiyyətindəyəm. Ancaq sonsuz gecə əyləncələri mənlik deyil. İnsanların əhatəsi məni qorxudur. Həyatda utancaq, qərarsız olsam da, çəkiliş meydanında tamamilə başqayam.

Özünüzü səmimi insan hesab edirsiniz?

– İncəsənətdə, birmənalı olaraq, hə. Lakin həyatda özümü bacardıqca sıxmağa çalışıram. Tam səmimi ola bilmərəm. İnsanlar qarşısında oyun oynamaq və düşüncələrimin yalnız az bir hissəsi ilə bölüşmək məcburiyyətindəyəm.

Qərar verərkən ürəyinizlə düşünürsünüz, yoxsa ağlınızla?

– Ürəyimlə.

Heç vaxt mənfəətinizi güdmürsünüz?

– Heç vaxt pula görə nəsə etməmişəm. Mənim nə evim, nə pullarım, nə okeanda adalarım var, ancaq azadlığım var. Bu isə brilyantlardan və xəz mantodan daha üstündür.

Məgər pul azadlıq vermir?

– Xeyr, pullar insanı daha çox asılı edir. Bu zaman artıq dayana bilmirsən, onları itirməkdən qorxursan. Daha hara xərcləyəcəyini və hara yatıracağını bilmirsən. Bu ağır yükdür.

Sənətiniz adi həyatınızda sizə yardımçı olur?

– Sözsüz. Nəyisə etmək istəməyəndə özümə deyirəm: “Təsəvvür et ki, rol oynayırsan”. Ümumiyyətlə, həyat kiçik teatrdır. Hərənin öz pyesi var. Bu komediya və ya dram da ola bilər. Ancaq hər səhər pərdə qalxır və yeni tamaşa başlayır.

Xoşbəxt qadın bədbəxt aktrisa ola bilər?

– Əgər siz şəxsi həyatda xoşbəxtsinizsə, çətin ki, uğurlu aktrisa olasınız. Ancaq bu da var ki, əgər siz uğursuz aktrisasınızsa, xoşbəxt qadın da ola bilməyəcəksiniz. Mən, ümumiyyətlə, düşünürəm ki, incəsənət adi həyatdan daha vacib və əhəmiyyətlidir. Çünki incəsənət çox qurbanlar tələb etsə də, əvəzində həqiqi və unudulmaz bir iz buraxır. Həyat isə, təəssüf ki, yox. Hər şeyə birdən sahib olmaq mümkün deyil. Mən incəsənət xatirinə daim şəxsi həyatımda qurbanlar vermişəm. Həyat yanımdan ötürdü, mən isə özümə deyirdim: “Bu barədə sabah düşünərəm...”

Həyatınızda nəyi dəyişmək istərdiniz?

– Mən sevdiyi kişinin yanında addımlayan, kişiyə sarılan qadın olmaq istərdim. Yalnız bir insana görə yaşamaq istərdim.

Siz iki böyük qadını, dahi aktrisanı canlandırmısınız – Sara Bernar və Mariya Kallası. Onlardan hansı ruhunuza daha yaxındır?

– Əgər Sara Bernar və ya Mariya Kallasla kofe içmək şansım olsaydı, Kallası seçərdim. Onunla rollar, əsl kişilər, dahi şəxsiyyətlər haqda doyunca danışıb-gülərdik. O, əsl incəsənət üçün yaşayırdı. Nahaq yerə onu diva adlandırmırdılar. Sara Bernar isə başqa idi. O, ABŞ-a keçmək üçün sirk truppasında da oynaya bilərdi. Onun obrazı, onun həyatı Kallasın həyatı qədər faciəvi olmayıb. Sara kişilərə ağalıq etməyi sevən qadınlardan idi. Ona heç kimin fikri maraqlı deyildi. Yetmiş yaşında bu qadının 25 yaşlı məşuqları vardı!

Bəs sizə ətrafın fikri maraqlıdır?

– Xeyr, heç maraqlandırmır! Əlbəttə ki, insanlara hörmət etmək lazımdır, ancaq onların xoşuna gəlmək üçün dəridən-qabıqdan çıxmağa ehtiyac yoxdur.

Bu illər ərzində özünüzdə, xasiyyətinizdə hər hansı bir dəyişikliklər baş verib?

– Düşünmürəm. On beş yaşımdan məndə eyni qorxu və adətlər var. Həyatımda tez-tez güzəştlərə getməli olmuşam. Lakin mən heç vaxt satılmamışam və öz ideallarıma sadiq qalmışam.

Nədən qorxursunuz?

– Bəzən mənə elə gəlir ki, heç nədən qorxmuram. Birdən qara vual kimi, canımı qorxu tutur. Uşaq vaxtlarımdan bununla mübarizə aparıram. Bəzən bunun çarəsi olmadığını düşünürəm. Gələcək qarşısındakı qorxu dəhşətdir! Yaşlı qadınları müşahidə etməkdən xoşum gəlir, onlar daha heç nədən qorxmurlar, mən isə belə olmağa hələ səy göstərirəm.

Qocalıqdan qorxursunuz?

– Qocalıq deyə bir şey mövcud deyil. Axı sən özün dəyişmirsən, dəyişən ətrafın sənə olan münasibətidir.

Həyatınızı planlaşdırırsınız?

– Bu, məndə heç vaxt alınmayıb. Belə həyat məni darıxdırır, hətta ölüm barədə düşünməyə vadar edir.

Qadında hansı xüsusiyyətləri bəyənirsiniz?

– Yüngülxasiyyət qadınları sevirəm. Qadın şampana bənzəməlidir. Hissiyyatlı, yüngülxasiyyətli qadın əsl ehtiras nümayiş etdirməyə qadirdir! Qadında kiçik şıltaqlıqları, qəribəlikləri xoşlayıram. Ancaq yalanı, ikiüzlülüyü sevmirəm. Həyatdan zövq almaq lazımdır, axı biz bir dəfə yaşayırıq!

Dünyanın ən gözəl qadınları Katrin Denyov və Cina Lollobridcida təkliyi ailə həyatından üstün tutdular...

– Belə qadınlarla yaşamaq kişilər üçün əzabdır. Həmişə hər kəsin hörmət etdiyi əsl, güclü kişiləri sevmişəm. Ancaq eyni zamanda, kişilərin xidmətçisinə çevrilən qadınları bəyənmirəm. Təəssüf ki, öz şəxsi ailə həyatımı qurmağa vaxtım olmadı.

İndiki həyatınızı sakit ailə həyatına dəyişərdiniz?

– Xeyr. Ancaq otellərdə, restoranlarda əylənən cütlükləri müşahidə etməkdən zövq alıram. Sevgili cütlüyün bir-birilərinə necə baxmaları, söhbət etmələri... Bu bir incəsənət nümunəsi, bir şedevrdir.

Sizin həyatınızın kişisi – o, kimdir, hansı xüsusiyyətlərə malik olmalıdır?

– Bir çox kişilər qəlbimi fəth etmək istəyiblər, ancaq... Mənə məxsus olan kişi ekstravaqant və bir az da dəlisov olmalıdır. Həmişə ən yaxşı ər kimi dənizçiləri hesab etmişəm: görüş, ayrılıq, gözləmək...

Daha nəyə nifrət edirsiniz?

– Səfehlərə və siyasətçilərə.

İxtisasca politoloqsunuz...

– Heç vaxt siyasət haqda danışmıram.

Sizə elə gəlmir ki, aktyor və siyasətçinin bir çox ümumi cəhətləri var?

– Xeyr. Siyasətçi daim ağlı, aktyor isə hissləri ilə düşünür. Siyasət – həmişə yalan deməkdir, aktyor isə həmişə səmimidir. Pul aktyor üçün heç vaxt əsas faktor olmayıb. Əlbəttə, siyasətçi xoşa gəlmək üçün özünü aktyor kimi göstərməyə çalışır. Acaq bunu məqsədli şəkildə edir, aktyorda isə bu yoxdur.

Fanni Ardanı adi qadınlarla hansı xüsusiyyət birləşdirir? Yemək hazırlamağı, evdarlıqla məşğul olmağı sevirsiniz?

– Yox, təkcə bu yox!

Bəs uşaqlara tərbiyə vermək?

– Mənim yalnız bir tərbiyə üsulum var – sevgi. Uşağa öz gələcəyini seçməkdə azadlıq vermək lazımdır. Onun kim olmasının heç bir əhəmiyyəti yoxdur – saç ustası, yoxsa yazıçı. Ən əsası, işində birinci olmağındır. Əgər insan ixtisas seçimində səhv etmirsə, o, hər səhər yuxudan xoşbəxt insan kimi ayılacaq. Hətta sevgidə və başqa məsələlərdə də problemləri olsa, düzgün seçim, heç nəyə baxmayaraq, irəli getməsinə xidmət göstərəcək...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm