Fırıldaqçı, şarlatan, yoxsa qəhrəman? – ƏSRLƏRİN SİRRİ
Bizi izləyin

Bizim tərcümə

Fırıldaqçı, şarlatan, yoxsa qəhrəman? – ƏSRLƏRİN SİRRİ

Fırıldaqçı, səyahətçi, ehtiraslı məşuq və...

Bir çoxları qraf Kaliostronun Rusiyadakı macəralarından bəhs edən “Sevgi formulası” filmini, çox güman ki, xatırlayır. Ancaq hər kəs bu dahi fırıldaqçının əslində kim olduğunu bilmir.

Qraf Kaliostro XVIII əsrin ən sirli şəxslərindən biri sayılır. O, tarixə fırıldaqçı, səyahətçi, ehtiraslı məşuq və gizli elmlərə bələd olan adam kimi daxil olub. Kim idi axı o – məşhur qraf Kaliostro?

Cüzeppe Kaliostronun (O həmçinin Tiskio, qraf Qarat, markiz de Pelleqrini, markiz de Anna, qraf Feniks, Belmonte kimi də tanınır.) mənşəyi barədə bir o qədər də çox şey məlum deyil. Kaliostro özü şərqdə dünyaya gəldiyini, valideynlərinin isə şahzadə ilə mələk olduğunu iddia edirdi.

Etibarlı mənbələrə əsasən söyləyə bilərik ki, qraf Kaliostro 1743-cü ilin 2 iyun tarixində Palermoda anadan olub. Özünü müxtəlif adlarla təqdim edən qraf əslində sadə ailədən çıxıb.

Uşaqlığı və gəncliyi yenə də özünün söylədiyinə görə, Mədinədə keçib. Uşaqlıqdan sevgi və qayğı ilə əhatələnib. Onlarla qul hüzurunda dayanıb, sonradan Mədinənin şərifi (Kaliostronun qohumu) onu müdrik Altatasın müşayiəti ilə Şərqə və Afrikaya səyahətə yollayıb.

Səfər Misirdə bitir. Məhz burada qədim məbədlərin kahinləri Kaliostroya qədim elmlərin və piramidaların bütün sirlərini, incəliklərini açır. Misirdə Cüzeppe küçə sehrbazları ilə yaxından tanış olur, onlardan hipnozu, çətin fokusların sirlərini öyrənir, bir neçə ekzotik əşyalar kolleksiyası toplayır.

Kaliostro özünü qraf San-Jermenin şagirdi adlandırırdı. O, müəllimi kimi, azart oyunların sisteminə daxil olmaq və qalib kartların sehrini öyrənməyə çalışırdı.

On iki yaşında gənc naməlum səbəblərdən monastırdan qovulur. Bundan sonra o, vətəni Palermoya qayıdır. Ancaq atası müflis olduğuna görə, Kaliostronu qəbul etmirlər. Bu çətin məqamda o, məşhurlaşacağına və varlanacağına söz verir. Hansı yollarla olursa-olsun buna nail olacaq. Əvvəl-əvvəl “fəth”ə brakonyerlik və xırda fırıldaqlarla başlayır...

Kaliostro saxta teatr biletləri, vəsiyyətnamələrin saxtalaşdırılması, Palermodan olan usta Maranonun qızıl işlərini oğurlaması ilə məşhurlaşır.

O, Maranonu Palermonun yaxınlığında qiymətli xəzinənin olduğuna və magiyanın köməyi ilə onu tapmağın mümkün olmasına inandıra bilir. Varlanmaq istəyən Marano Kaliostroya böyük pullar ödəyir və qaranlıq gecədə onunla xəzinənin axtarışına yollanır. “Magiyanın yardımı ilə” Cüzeppe xəzinənin yerini müəyyənləşdirir və Maranonu həmin sahəni qazmağa məcbur edir. Bu yerdə “cin”lər peyda olur və xəzinə ovçusunu huşunu itirənə qədər döyürlər...

İyirmi yaşında Cüzeppe əlkimyanı öyrənməyə başlayır, otuz yaşında o, ölümsüzlük içkisinin reseptini tapdığını elan edir. Bunda əlavə, qraf keçmiş və gələcəyi gördüyünü, insanların fikrini oxumağı bacardığını və təbii maqnetizmin gücündən yararlana bildiyini iddia edir. Ola bilsin, məhz bu güc onu birinci Roma gözəli Lorenstiya Feliçianenin qəlbini ovsunlamağa yardım edir. Feliçiane ilə evlilikdən sonra xoşbəxt cütlük Avropanı qarış-qarış gəzir və seçmə publika üçün magiya seansları təşkil edirlər.

Qraf öz sərgüzəştləri ilə Fransada daha çox populyarlıq qazanmışdı. 1771-ci ildə o, İngiltərəyə köçür və xırda fırıldaqlarla çörək pulu qazanmağa davam edir. Günlərin bir günü sevgilisini hansısa varlı kişi ilə eşq yaşadığını görür. Amma onun “xətrinə dəyən” insanı duelə dəvət etmir, ondan mənəvi zərbəsinə görə müəyyən məbləğdə pul qoparır. Az keçmir ki, Kaliostronun özünü yeniyetmə bir qızla görürlər.

Qraf Kaliostro həyat yoldaşı ilə Dumanlı Albiondan qaçmağa müvəffəq olur...

Barselonada cütlük yarım il yaşayır. Kaliostro özünü varlı romalı kimi təqdim etmişdi. Ər-arvad burada da oyunlarını davam etdirir və yerli əhalini hərifləməyi bacarırlar.

Lakin Kaliostro dahi şarlatan olmaqla yanaşı, hansısa xüsusi istedada da malik idi. Belə ki, o, Böyük Fransa inqilabını, Bastiliyanın alınmasını, Mariya Antuanettanın edamını əvvəlcədən görmüşdü.

Bütün bu öncəgörmələrdən sonra sadə xalq ona az qala sitayiş etməyə başlamışdı, hətta kral XVI Lüdovik sehrbazın qabiliyyətinə şübhə edən insanları edamla hədələmişdi.

Londonlular Kaliostronun qarabəniz və elə də hündür olmadığını qeyd edirdilər. Cüzeppe üç-dörd dil bilirdi. Üzərində daim bahalı zinət əşyaları, daşlar gəzdirirdi.

Cütlük yenidən Avropaya səyahətə çıxır. Asan əldə olunan pullar asanlıqla da əldən çıxırdı. Qraf Kaliostro bahalı həyat tərzi sürür, bununla yanaşı, kasıblara da əl tuturdu. Arvadı Lorentsiya ilə gah dava edir, gah barışırdı. Ümumilikdə, onlar yaxşı yola gedirdilər.

1776-cı ildə Kaliostro Uelkom-stritdəki malikanəyə köçdü. Beləcə, imkanlı londonlular bura axışmağa başladı. Biri ondan varlanmasını, digərləri gələcəyini söyləməsini istəyirdi. Müəyyən vaxtdan sonra Kaliostro izləndiyini başa düşdü və bir gecənin içində Uelkom-stritdəki malikanə boşaldı...

1778-ci ildə Kaliostro həyat yoldaşı ilə Rusiyaya gəlir və öz sehrləri ilə yerli əhalini ələ alır. O, xəstələri pulsuz qəbul edir, üstəlik kasıblara pul da paylayırdı...

Qraf daim “müalicə” üsullarını dəyişir, yeni-yeni sehrlər fikirləşirdi. Bütün bunlar onu insanların kumirinə çevirmişdi...

Bir dəfə ona tərəfdarlarından biri olan kardinal Roqanın qohumu - şahzadə Subizin ciddi xəstələndiyini xəbər verirlər. Heç kim Subizin sağalacağına inanmırdı. Ancaq dahi qraf Kaliostro müalicəni öz üzərinə götürür, bir şərtlə ki, müalicəni kimin etməsi elan olunmasın.

Subiz sağalmağa başlayanda hamı həqiqəti öyrənir. Əhali Cüzeppenin evinin qarşısına toplaşır və onu bu uğuru münasibətilə təbrik etməyə tələsir... Kaliostro Parisin idoluna çevrilir!...

Qraf Cüzeppe Kaliostronun ən böyük səhvi İtaliyaya qayıtmaq olur – Papa və inkvizisiyanın mövcud olduğu Romaya qayıtmaq...

Nəhayət, böyük sehrbaz ələ keçir. Həbsxanada olduğu illər ərzində, ona min əzablar verir, bununla, həqiqəti boynuna almağı, bütün sehrlərinin üstünü açmağı tələb edirlər. Nəticəsiz... Bəziləri Kaliostronun həbsxana işçilərinin yeməyə qatdıqları zəhərdən, digərləri pnevmoniyadan vəfat etdiyini qeyd edirlər...

Cüzeppenin son sehri isə qəbri olur - tapılmayan qəbri... Ayrı-ayrı dövrlərdə Şiller, Jork Sand, Aleksey Tolstoy bu sirri öz əsərlərində tapmağa cəhd ediblər...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm