Dünyanın ən yaraşıqlı kəşfiyyatçısı: “Həyatımın üç əsas ehtirası”
Bizi izləyin

Bizim tərcümə

Dünyanın ən yaraşıqlı kəşfiyyatçısı: “Həyatımın üç əsas ehtirası”

Məşhur britaniyalı kinoaktyor Şon Konneri bu gün 83 yaşını qeyd edir.

"Azbuka” nəşriyyatında Ceyms Bond rolunun əfsanəvi ifaçılarından biri olan Şon Konnerinin xatirələri dərc olunub.

Mürrey Qriqorla birgə yazdığı “Şotlandiyalı olmaq” kitabında Konneri şotlandsayağı uşaqlığından danışır. Məşhur aktyor fəhlə və qulluqçu ailəsində anadan olub. Edinburqun kasıb kvartalında böyüyən Şon uşaq yaşlarından işləməyə başlayıb. Aktyor karyerası barədə Konneri bunları yazır: “Mən bu tələyə pula görə düşdüm, sözsüz, əylənmək istəyi öz yerində...”

Ənənəvi erotik şəkillərin əvəzinə sağ qolumda “Ana və ata” və “Scotland forever” sözlərini tatu etdirdim...

Sizə kitabdan bəzi fraqmentləri təqdim edirik:

Həyatımın üç əsas ehtirası (əlbəttə ki, 1970-ci ildə ailə həyatı qurduğum Mişelini çıxmaq şərtilə) – aktyor sənəti, idman (xüsusilə, qolf) və Şotlandiyadır. İlk yerə Şotlandiya və şotland siyasətini qoyuram.

Uğura gedən ilk ən böyük addımımı beş yaşım olanda atmışdım. Ancaq bunu dərk etməyim üçün yetmiş il gərək oldu. Bilirsiniz, iş burasındadır ki, beş yaşım olanda oxumağı öyrəndim. Bax bu qədər asan, eyni zamanda, vacib bir məqam. On üç yaşım olanda isə məktəbi atdım. Rəsmi olaraq, mənim heç bir təhsilim yoxdur.

Edinburq haqda ən parlaq xatirələrim 1930-cu illəri əhatə edir – məktəbdən sonra hava qaralana qədər oynadığımız futbol... Qiyməti altı pens olan ucuz topla oynayırdıq. Oyun vaxtı acanda anamı haraylayırdım ki, mənə cemli çörək atsın. Onun yerə düşməməsi üçün canfəşanlıq edirdim.

Bir də pul qazanmağı arzu edirdim. Gözləyə bilməzdim, iş mənim üçün çox mühüm idi. Şüşə butulkaları ilə çörək pulu qazanırdım, bundan əlavə, qəssab yanında köməkçi işləyirdim. Həftənin sonu qəssab maaş əvəzinə mənə donuz, qoyun və toyuq əti verirdi. Anam buna sevinirdi, mən isə o sevinc hissi keçirdiyinə görə, sevinirdim. Doqquz yaşımda ikən səhər saat altı üçün özümü Kennedinin süd dükanına çatdırırdım ki, südü vaxtı- vaxtında daşıyım. Buna görə, mənə həftəyə üç şillinq, altı pens ödəyirdilər. Üç şillinqi anama verirdim, qalan altı pensi isə pul qabına atırdım. Pul qabı formaca kitaba bənzəyirdi – çox güman ki, bu əmanətçidə oxuya maraq yaratmaq üçün nəzərdə tutulmuşdu...

1943-cü ilin avqustunda on dörd yaşım tamam olmalı idi. Yay tətilindən sonra məktəbə qayıtmağın lazımsız olduğunu fikirləşdim. Elə də yaxşı oxumurdum. Mən təkcə pul qazanmaq və futbol oynamağı arzulayırdım.

Müharibə gedirdi, əksər əməkqabiliyyətli kişilər orduya çağırılmışdı, odur ki, asanlıqla iş tapdım. Fauntinbridcin bir çox ailələri kimi, biz də kooperativin üzvləri idik. Qeydiyyat nömrəmizi indiyə qədər xatırlayıram – 26245 Konneri. Onun düzgün qeyd edilməsinə nəzarət etməli idik, əks halda, dividendlərimizi itirə bilərdik. Beləcə, ağlasığmaz məbləğ – 45 funt toplayırdıq. İşə bir bax – bizə bu məbləği ildə düz iki dəfə ödəyirdilər...

Arabada yüklərin daşınmasına nəzarət edirdim – ilk rəsmi işim bu idi. Bu yaxınlarda Şotlandiya Milli kitabxanasına baş çəkdim. Məni unikal arxiv sənədlərlə tanış etdilər. Çarlz Darvinin, lord Bayronun məktublarını, o cümlədən, Şotlandiya kraliçası Mariyanın edamından altı saat öncə yazdığı həyəcanlı məktubunu oxudum. Hətta ilk maaş qəbzimi də gördüm. Arxivçi minlərlə sənədin arasından onu tapmağa müvəffəq olmuşdu. Sən demə, 1944-cü ildə mənim maaşım bir gineya təşkil edib...

İşimi sevirdim, hər gün dostlarla futbol oynayır, valideynlərimlə yaxşı yola gedirdim. Amma içimdə daim dünyanı dərk etmək istəyi vardı. On yeddi yaşımda Kral hərbi dəniz qüvvələrinə üzv oldum.

Mən, həmçinin, Portobello rayonundakı açıq hovuzda xilasedici də çalışdım.

Edinburqdan olan bir neçə dostumla Londonda keçirilən “Mister Kainat” müsabiqəsində iştirak etmək qərarına gəldik. Heç bir mükafat almadım. Medal uğrunda dünyanın müxtəlif yerindən təşrif buyurmuş əsl atletlər mübarizə aparırdı. Amma məhz həmin müsabiqədə Coşua Loqanın “Sakit okeanın Cənubu” müzikli üçün aktyor heyəti yığdığını eşitdim. Müsabiqədə iştirak edən kulturist Stenli Houlett çəkilişə qatılmağımı məsləhət gördü. Dəniz piyadaçılarından birini canlandıran Vik Harmon Kanadaya mühacirət etmişdi. Vikin rolunu mənə verdilər. Həftəyə on iki funt qazanırdım. Həmin vaxta qədər mənə bu məbləğdə pul ödəməmişdilər. Bu səbəbdən, onlarla ikiillik müqavilə bağladım.

“Mançestr Yunayted”də oynamaq şansımın olduğunu yeni dostum amerikalı Robert Hendersona söylədim. “Axı sən deyirdin ki, aktyor olmaqdan xoşun gəlir” – deyə dostum içimdəki idman həvəsimi soyutdu. Bu gözəl insanın məsləhəti həyatımı bütünlüklə dəyişdi: “Görünür, sən iki müxtəlif sahədə istedadlısan – Henderson dedi – Amma sən futbolu seçsən, qarşında on ilin olacaq. Aktyor isə öz peşəsi ilə ömrü boyu məşğul ola bilər, ölənə qədər. Düzdür, aktyor olsan, iki ciddi problemi həll etməli olacaqsan. Birinci – sənin dözülməz şotland aksentin. İkincisi – təhsil almalısan. Fikrin ciddi olsa, sənə kömək edəcəm”.

Robert teatrda ikinci dublyor çalışmağımı məsləhət gördü, yəni rolu öyrənmək və aktyorla bərabər sözləri pıçıldamaq. O, bazar günləri məni tamaşalara baş çəkməyə məcbur edirdi. Aktyorlarla çox vaxt keçirdim və onların necə aydın danışdıqlarını anladım. Yer boşalanda mənim doğma, dahi Robertim ilk rol almağıma yardım etdi. Bu leytenant Baz Adams rolu idi. Robert tamaşada kapitan Brekket rolunu canlandırırdı, səhnədə bir addım irəliyə atıb onun obrazına yaponları düşürməyin lazım olduğunu söyləyəndə əsl həyəcanlı dəqiqələr yaşadım. Həmin an özümü həqiqi aktyor hiss etdim...

Bazar günlərindən biri idi. Telefon zəng çaldı. Yuxudan hələ tam ayılmamışdım. “Makbet” teleziya tamaşasında baş rolda çəkilmək təklifini aldım. Çəkilişlər Kanadada baş tuturdu. Mükafat 500 Kanada dolları idi, 1960-cı illərin əvvəli üçün bu yaxşı məbləğ idi. Makbet – böyük roldur, üstəlik on gün ərzində onu öyrənmək də asan məsələ deyildi, çəkiliş qrafiki də sıx idi. Si-bi-sinin Torontodakı binasına daxil olanda orada eyni anda səkkiz pyesin məşqi gedirdi. Məlum oldu ki, Kanadada aktyorlar hər saatlarına görə maaş alırlar. Aktyorlarla məşq etmək müşkül məsələ idi, çünki onlar bir tamaşadan çıxıb o biri tamaşanın məşqlərinə gedirdi. Bu aktyorların işsiz dolaşdığı London deyildi. Özüm üçün ciddi qayda qoymuşdum: səhər saat 5-də durur və ssenarini ürəyimdə təkrarlayırdım. Sonra studiyaya piyada yollanırdım. Ora gedən yolda kiçik kafe vardı, adətən, səhər yeməyini orada edirdim...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm