“Uşaqlarımın atası ilə ayrı yaşayıram” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Uşaqlarımın atası ilə ayrı yaşayıram” - FOTOLAR

Britaniyalı kinoaktrisa Tilda Suinton

Susanda daha xoşbəxt oluram...

Üç milyard insanın qarşısında səhnəyə çıxmaq əsl zərbədir.

On yaşım vardı, qatarda gedirdim. Birdən ağlıma gəldi ki, qatar yoldaşlarımdan heç biri, əslində, necə aciz olduğumdan agah deyil. Ətrafdakılara nümayiş etdirdiklərini hiss etməyin elə də vacib deyil, bu əsl kəşf idi.

Hərbçi ailəsində anadan olmuşam. Qardaşlarımın həyatı əvvəlcədən planlaşdırılmışdı. Onlar atalarının, babalarının, ulu babalarının təhsil aldıqları məktəbə gedib, uşaqlıqdan atıcılıqla məşğul olublar. Mənə elə gəlir ki, oğlan olmaq daha rahatdır. Onların əyləncələri daha çox olur.

Gözəl olmadığımı həmişə bilmişəm. Bu, böyük üstünlükdür. Bütün gözəl dostlarım gec ya tez xarici görünüşlərindən istifadə etdilər. Təkcə seksi nəzərdə tutmuram. Onlar açıq rəngli saçlara, mavi gözlərə, qalın dodaqlara malik olduqlarını daim xatırlayırlar. Gözəl qadınlar öz hərəkətlərinə nəzarət etməlidirlər, bu, mənim məhrum olduğum böyük təzyiqdir. Məni qız kimi qəbul etmirdilər, heç özüm də qadın olduğumu hiss etmirdim. Özümdə seksuallığı söndürdüm və belə çox rahat oldum.

Valideynlərimə hər şeyi bağışlayıram, bircə özəl məktəbdən savayı. Orada musiqiyə qulaq asmağımıza icazə vermirdilər. Bu gənclik üçün əsl təhqir idi, xüsusilə, pank əsrinin yeniyetmələrinə qarşı. Çox güman ki, bu addım seksdən uzaq qalmağımıza hesablanmışdı.

Bizi daim əyyaşların gələcəklərinin olmadığı fikrinə inandırmağa çalışırlar. Amma rast gəldiyim maraqlı, enerjili insanların əksəriyyəti əyyaş olublar. Məncə, məhz ümid insanları içməyə məcbur edir.

İçəndə özümü pis hiss edirəm, narkotiklərdən istifadə edərkən isə xüsusilə. Ətrafımda hər kəs çəkir, amma mənim bundan zəhləm gedir. Mən sakit insanam, susanda daha xoşbəxt oluram.

Əslində, mən modeləm, bundan əlavə, dizayn məhsuluyam. Aktyor sənətini öyrənməyə həvəsim yoxdur. Bu, nəyi dəyişə bilər ki? Oynadığın hər hekayə, hətta real hadisələrə söykənsə belə, yenə də sünidir. Personajının ideyasını birüzə verməyin üçün 90 dəqiqən var.

Heç vaxt rol və film axtarışında olmamışam, məni maraqlandıran çəkiləcəyim aktyorlardır. “Orlando”da beş il müddətinə çəkildik. Həyatına düzgün insanları daxil etdiyinə əmin olmalısan.

“Oskar” mərasiminə turist kimi qatılmışdım. Təsəvvür edin, Uimbldonun finalına bilet əldə etmisiniz, tribunada əyləşmisiniz. Birdən sizi çağırıb, əlinizə tennis raketini verirlər. Adımı çəkəndə məni dəhşət bürüdü. Üç milyard insanın qarşısında səhnəyə çıxmaq əsl zərbədir. Onlar mükafatı poçtla göndərsələr, daha yaxşı olardı.

Liftdə və küçədə mənə daim “cənab” deyə müraciət edirlər. Ola bilsin, hündür olduğuma və dodaq boyasından istifadə etmədiyimə görə. Bir dəfə hava limanında məni hətta kişi gömrükçü yoxlamışdı.

Kosmetikadan xoşum gəlir, ancaq özünə oxşamaq istəyirsənsə, kosmetika bu yolda yanlış addımdır. Makiyaj səni başqa biri kimi görünməyə vadar edəcək.

İngilis incəsənətinə aktyorları cəzalandırmaq xasdır. Sağ qalmağın yeganə yolu milli sərhədlərə laqeyd yanaşmaqdır, çünki mədəni sərhəd daha vacibdir. Siz doğma şəhərinizdə tənha ola bilərsiniz, amma hansısa Tokio, Nyu-York və ya Belçikada özünüzü yaxın qohumların əhatəsində hiss edəcəksiniz. Hər halda, məndə həmişə belə olur.

Gələcək haqda düşünmürəm, nə olacağını da bilmək istəmirəm. Heç bir zəmanətə də ehtiyacım yoxdur.

Mənə elə gəlir ki, şübhələr bizi insan edir. Şübhəsizliyin özündə bir dəlisovluq var.

Kira Naytlinin yaşında özümü daha təvazökar aparırdım. Əsas, romantik rollardan uzaq olmağa çalışırdım. Qırx yaşıma tez çatmaq istəyirdim. Bir tərəfdən, bu yaxşıdır, insanlar məndən bezməyib...

Həmişə kommunist olmuşam. Sadəcə, Böyük Britaniyada kommunist partiyası daha mövcud deyil. O, solçu demokratların partiyasına çevrilib.

İşdə mən əsl əsgərəm. Sadəcə, mənim sağ qalmaq şansım daha çoxdur.

Çox gülməli insanam. Sadəcə, heç kim buna fikir vermir. Hündürboy, zabitəli görünüş hamını qorxudur.

Məni həmişə pis oğlanlar cəlb edib. Məktəb illərində “İtirilmiş cənnət”i (Con Miltonun poeması – red.) oxudum və “İblis” obrazına aşiq oldum, onun seksual olduğunu düşünürdüm. Yumşaq personajlar isə məni qorxudur.

Əkizlər dünyaya gələndə, sözün əsl mənasında, ayıldım. Avaraçılığa son qoydum, bir neçə il müddətində bir saniyə belə boş vaxtım olmadı.

Yataqdan məni üç şey qaldıra bilər: uşaqlarım, çəkildiyim və ya baxmaq istədiyim film. Çox tənbələm.

Uşaqlarımın atası ilə bir evdə yaşayıram, amma hər ikimizin artıq uzun zamandır ki, öz şəxsi həyatı var. Bunun qəribə olduğunu fikirləşmirəm. Bizim üçün heç nə dəyişməyib. Beş il belə yaşadıq. Sonra “Bafta” qazandım (Britaniya kinoakademiyasının mükafatı – red.) və KİV mənimlə maraqlandı, mənim və nikahım haqda veriliş hazırladılar. Dostum verilişə baxmışdı, o deyir ki, zəng edənlərin hamısı problemin nədə olduğu ilə maraqlanırdı...

Mətbuatdakı səs-küy məni narahat etmir, eynən sinif yoldaşlarımın saldığı hay-küy tək. Bu, bizim həyatımıza qətiyyən təsir etmir.

Lüt çəkilməyimə heç nə mane olmur. Burada nə problem var ki? Gizlətməyə bir şeyim yoxdur. Əkizlərdən sonra “Müharibə zonası”nda lüt çəkildim.

Kino ulduz olmaq gözəldir. İnsanlar hava limanında mənə əl edəndə xoşum gəlir.

Hollivud maaşı ağlasığmazdır. Heç kimə çəkilişə görə on, yaxud iyirmi milyon dollar ödəmirlər. Bu sarı mətbuatla əməkdaşlıq etmək və şəxsi həyatından imtinanın qarşılığında ödənilən məbləğdir.

Heç vaxt kiminsə məni başa düşəcəyinə bel bağlamamışam...

Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm