“İntim səhnəyə zorla çəkdilər” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“İntim səhnəyə zorla çəkdilər” - FOTOLAR

Xoşbəxt olmağı, yoxsa kiminsə xoşuna gəlməyi arzulayırsan?...

Nikah yoxdursa, deməli, dəyərin yoxdur.

Bəzən tərbiyə şüuru üstələyir...

Meksikalı və amerikalı aktrisa Salma Hayeklə müsahibə:

– Siz qətiyyətli addımlara qadirsiniz. Hollivudda gələcəyi naməlum olan uğurunuza görə, Meksikadakı teleulduz karyeranıza son qoydunuz, prodüser fəaliyyətiniz naminə rollardan imtina etdiniz, nəhayət, 41 yaşınızda ana oldunuz... On ildən sonra həyatınızı necə təsəvvür edirsiniz?
– Bu haqda qətiyyən düşünmürəm. Gələcək mənim üçün sirdir və belə də qalmalıdır. Həyatda mümkün və qeyri-mümkün hər şey baş verə bilər. Həyata belə yanaşıram.

– Axı gələcəyin təbii əlamətləri var. Məsələn, yaş...

– Yaş imkanlarımın qarşısını alacaq? Əlbəttə, amma digər imkanlar açacaq. Yaşlanmaqdan qorxmuram, cavanlıq uğrunda mübarizə də aparmıram, solan dərimin dərdini çəkmirəm. Mənim üçün fərqi yoxdur, 25, yoxsa 45 yaş. İndiki zamanla yaşayıram, arıqlamağa da səy göstərmirəm. Mənə elə gəlir ki, xarici görünüşə hədsiz qayğı qadınların ən böyük faciəsidir. Hamiləlikdən xoşum gəlirdi, həyatda ən vacib olan şeyi gözləməkdən həzz alırdım. Fəxr etməliyik ki, tanrı bizə ana olmaq imkanını yaradıb. Hamiləlik zamanı bədənimizin formasının dəyişdiyinə və ideal görünmədiyimizə görə utanmamalıyıq.

– Siz utanırsınız?
– Mənim başqa qadınlardan fərqim nədir ki? Hər dəfə publika qarşısına çıxmaq mənim üçün stressdir. Milyonlarla simaya gülümsəməliyəm, amma təbəssüm nümayiş etdirməyə halım olmur. Paltar əynimdə necə qalır? Yaxşı görünürəm? Kosmetikam getməz ki? Biz gənc yaşlarımızdan yaxşı olmaq üçün mübarizə aparmağa öyrəşmişik. Xoşbəxtlik uğrunda da, həmçinin. Sən axı mütləq xoşbəxt olmalısan ; karyera qurmalı, arıq və baxımlı olmalısan. Uğurlu işə sahib kişiyə ərə getməli, üstəlik fitri istedada malik övladlara sahib olmalısan. Bunlardan biri olmasa, uğursuz insan hesab olunacaqsan. Nəticədə, qarşına xoşbəxtlik çıxanda onu düzgün dəyərləndirmək imkanında olmursan.

– Standartları sevmirsiniz?
– Qətiyyən! Bir azdan boy üçün də standart ölçülər müəyyənləşdirəcəklər! Bunun nə olduğunu bilirəm. Uşaqlıqdan boyumun qısa – 157 sm olduğuna görə əziyyət çəkirəm. Meksikada, ümumiyyətlə, hündürboy və sarışın olmaq dəbdir.

– Siz çox gözəlsiniz, çox güman ki, bunlar sizə aid olmayıb...

– Xeyr, mən gözəl hesab edilməmişəm. Qarabəniz olmağım aşağı sinfə aid olduğumu sübut edirdi. Mənə sataşırdılar. Atam isə məni sakitləşdirdi. On üç yaşım vardı, məktəbdən evə gəldim, evdəkilərə həmyaşıdlarımın mənə sataşdıqlarını söylədim. Atam sakit halda dedi: “Əsas xarici görünüş deyil, vacib olan ağıldır”. Bu sözdən nəticə çıxardım: Həyatda nəyi axtardığına qərar verməlisən. Xoşbəxt olmağı, yoxsa kiminsə xoşuna gəlməyi istəyirsən?

– Böyüdükcə nələrin şahidi oldunuz?
– On iki yaşımda qalmaqal və aclıqlar sayəsində, valideynlərim məni ABŞ-a göndərməyə razılaşdılar. Amma elə də bacarıqlı deyildim, axı mən imkanlı ailədə böyümüşdüm. Meksikada qulluqçularımız mənə yardım edirdi, amma çarəsini tapdım. Kiçik rahibələrdən birini qulluqçu tutdum, ancaq böyük rahibələr bunu öyrənəndə məni qovdular. Mən, ümumiyyətlə, dindar ailədənəm. Atam ərəb olsa da, xristian dininə sitayiş edirdi. Onun valideynləri Livandan idilər. Mən dinin insanlara təsir etmək üsulu olduğunu çox tez başa düşmüşdüm. Bu səbəbdən, məni kilsəyə zorla göndərirdilər. Sonra gimnastika ilə məşğul olmağa başladım, ancaq atam idmançı olmağıma qarşı idi. Evi tərk etməyimdən qorxurdu. Bilmirəm, məni səhvlərdən uzaq tutmaq istəyirdi, yoxsa hər şeyi kişi həll etməlidir prinsipi ilə hərəkət edirdi...

– Kişilərin hökmranlıq etmək istəyi, bu cür tərbiyə metodu həyatınıza necə təsir etdi?
– Məncə, təsir edib. Hər halda, bir şeyi dəqiqləşdirmişəm: möhkəm kişiyə ehtiyacım var. Bundan əlavə, kişilərin həyatımda ağalıq etmələrinə qadağa qoymuşam. İnsanın inkişaf etməsi üçün özünü dəyərləndirməsi kifayətdir. Başqasının , lap sevdiyin birinin gözü ilə özünə qiymət vermək düzgün deyil.

– Qızınız dünyaya gəldikdən bir il sonra atası ilə evləndiniz.
– Məsələnin rəsmi tərəfinə soyuq yanaşıram. Bilirsiniz, bir çoxları üçün nikah dəyər sahibi olmasının bir sübutudur. Nikah yoxdursa, deməli, dəyərin yoxdur.

– Özünüzü uğurlu, güclü qadın hesab edirsiniz?
– Düzün desəm, Meksikadan Hollivuda gəldiyim ilk vaxtlar, heç bir əlaqəm, heç bir imkanlarım olmayanda özümü daha güclü hiss edirdim! İngilis dilim məhdud idi. Los-Ancelesdə ingilis dilimin necə bərbad olduğunu anladım. Başa düşdüm ki, heç vaxt bu dili mükəmməl öyrənə bilməyəcəm. İndiki aksentim qalacaq. Mənə deyirdilər: “Salma, ciddi rollar gözləməyin. Sizin aksentiniz prodüserlərə və tamaşaçılara qulluqçularını, uşaqlarının dayələrini xatırladacaq. Kim sizə ciddi rola verər ki? Lakin Hollivudda aktrisa olub-olmamağım haqda heç düşünmürdüm də, iddiam yox idi.

– Bəs kim sizə bu şansı yaratdı?
– Prodüser Robert Rodrigesin həyat yoldaşı Elizabetin zəngi. O, mənə “Ümidsiz” filmində çəkilməyi təklif etdi... Öhdəsindən gələ bilmədiyim rolu...

– Məncə, bu rolu belə dəyərləndirən yeganə şəxssiniz.
– Bu da bir bacarıqdır! Belə götürəndə hər şey çox ciddi idi. Açıq-saçıq sevgi səhnəsidə çəkilə bilmədim: hər dublda məni ağlamaq tuturdu. Çəkiliş nəzərdə tutulmuş vaxtdan çox davam etdi. Robert özündən çıxmışdı, hirslənir, qışqırırdı. Axırda dedi: “səni heç nəyə baxmadan qovacam!”. Amma kamera, çəkiliş qrupu və milyonlarla tamaşaçının qarşısında soyuna bilmirdim. Bacarmırdım! Bütün ömrü boyu kilsənin bədənə qarşı olan münasibətinə nifrət etmişəm, görünür, bəzən tərbiyə şüuru üstələyir. Hətta “Ümidsiz”dəki uğurum da məni qorxudurdu. Nəhayət, film ekranlara çıxdı, resenziyaları oxuyuram: “Salma Hayek – seks bombadır” . Bu təqdimat heç də ürəyimcə deyildi. Seksuallıqla şəxsiyyəti müəyyənləşdirmək mümkün deyil. Ancaq tərbiyənin verdiyi mənfi təsirləri uzaqlaşdırmaq mütləqdir.

– Qızınızın tərbiyəsi ilə necə məşğul olursunuz?
– Qızıma tərbiyə vermək niyyətində deyiləm. Onun yanında yaşayıram, yanında olacağam daim, dünyanı dərk etməsinə yardım edəcəm. Qızım üçün bələdçi rolunu oynayacağam, diktator olmayacam. O özü balaca diktatordur. Ətrafdakılara istədiyini yeridir, məncə, bu, yaxşıdır. İnsanım başqasının qarşısında əyilməsi pisdir. Valideyn pedaqogikası mənlik deyil, bununla qızımın dünya görüşünü məhdudlaşdırmaq fikrim yoxdur.

– Sizi nə vaxtsa maddi maraqlar və karyera arzusu idarə edib?
– Mən axı varlı ailədənəm. Pullara sakit yanaşıram. Karyera mənim üçün bacarıq və imkanlarımı reallaşdırmaq üçün bir vasitədir. Yadıma Frida Kalo gəlir, ilk dəfə on dörd yaşım olanda bu qadının obrazı məni heyrətə gətirmişdi. Onun şəkillərindən ibarət albomu əlimə alıb baxdım. Qəribədir, o, heç bir fotoda fərqli deyildi. Kalo sona qədər obrazına sadiq qalmışdı. Frida özü olmaqdan heç vaxt qorxmadı, hətta çatışmazlıqlarını – qalın, sıx qaşlarını, bığlarını belə üstünlük kimi qəbul etdirməyə nail oldu. Hirsləndim və öz- özümə dedim: “Sən seks-bomba” kimi ölmək niyyətindəsən? Qərar gəldim, əgər meksikalılar üçün rol yoxdursa, özüm onları yaradacam. Beləcə, “Frida”nı ərsəyə gətirdim.

– Yəni, siz düşünürsünüz ki, qətiyyət sərhəd tanımır?
– Fizika üzrə bir Nobel mükafatçısı var – Verner Hayzenberq. Bax o, iddia edirdi ki, müşahidə obyektin formasını dəyişmək iqtidarındadır – təxminən belə. Bir sözlə, nəyə baxırsansa, onu dəyişirsən. Bu qeyri-adi səslənsə də, belə düşünməkdən xoşum gəlir.

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm