“Eşitmişəm bura gəlir, o kişi mənim olmalıdır” - FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

“Eşitmişəm bura gəlir, o kişi mənim olmalıdır” - FOTOLAR

Kolleqaları onun ölümünü uşaqlıqda hamıya özünəəminlik hissi bəxş etmiş və dünyanın əbədi olacağına inandırmış gözlənilməz ildırımdan xəsarət alan yaşlı, ancaq möhkəm ağacla müqayisə edirdilər...

“Mənim qadınım”, “mənim qürurum”, “mənim dünyam”

Renuarın yaratdığı obraz Qabeni milyonların sevdiyi Qabenə çevirdi: güclü, səbrli, tənha qəhrəman obrazı...

Onların sevgisi müharibə və ayrılığa dözmədi...

Jan Qaben (Əsl adı Jan-Aleksis Monkorje) 1904-cü ilin 17 may tarixində Parisdə anadan olub. Janın anası müğənni, atası ikincidərəcəli rollar oynayan teatr aktyoru olub.

Qabenin uşaqlığı əmisinin yanında keçib. Atası oğlunun da aktyor olmasını arzulayırdı. Ancaq Jan atasının yolu ilə getməyi arzulamırdı...

Balaca Jan müəllimlərinin və atasının yanında özünü gücsüz hiss edirdi. Atası onunla ümumi dil tapmağa çalışır, onunla gəzintilərə çıxırdı. Ancaq bütün bu cəhdlər uğursuz nəticələnirdi. Jan əvvəlki kimi qapalı və kobud idi. Aktyor həyatı ona gülməli gəlirdi. O, atasının tamaşaçıların alqışlarına görə dəridən-qabıqdan çıxdığını xatırlayırdı.

Zavod işi Qabenə daha maraqlı gəlirdi. Nəhayət, atası onu min əzabla “Foli-Berjer” truppasına üzv olmağa məcbur edə bildi.

Atasına yazığı gələn Jan razılıq verdi. Amma iyirmi yaşlı Jan ucuz tamaşadakı oyunla kömürlə iş arasında heç bir fərq görmürdü.

Əsgərlikdən sonra Qaben yenidən teatra qayıtdı. Sevdiyinə görə yox, sadəcə, bura etibarlı idi, iş itirmək qorxusu yox idi. Mahnıları gözəl ifa edirdi, publikanın rəğbətini qazanmışdı.

Otuzuncu illərin əvvəlində kepkalı oğlan yavaş-yavaş ekranlarda görünməyə başladı. Janın bədbin xarici görünüşü müharibədə iştirak etmiş və onun nəticələrindən əziyyət çəkən obraza tam uyğun gəlirdi.

Çəkilişlərin ilk günündəcə o, çəkiliş qrupuna müraciət etdi: “Yaxşı! Çəkilirəmsə, çəkilim! Amma xəbərdarlıq edirəm, sizin mexanikadan başım çıxmır. Zənnimcə, məndən nə yepiskop, nə də aktyor çıxmaz. Heç nə alınmasa, oyunu tərk edəcəm. Sonrası sizlikdir!”

Fransua Trüffo və Jan Qaben haqda bunları söyləyirdi:

“Onların hər ikisi çox təhlükəli aktyorlar idi. Onlar öz populyarlıqlarından istifadə edərək, hətta ssenariyə belə müdaxilə edirdilər. O, hər şeyə qarışırdı, əhəmiyyətsiz epizoddan tutmuş ciddi səhnəyə qədər. Adətən, Qaben “nifrət səhnə”sinin də olmasını tələb edirdi”.

Rejissor Jan Renuarla görüşməzdən öncə Jan Qaben on bir ucuz filmdə çəkildi.

Renuarın yaratdığı obraz Qabeni milyonların sevdiyi Qabenə çevirdi: güclü, səbrli, tənha qəhrəman obrazı...

Onun yaradıcılığına maraq artmışdı, hər kəs onun haqda yazır, Qaben qəhrəmanlarının cəsarəti və qüruru ilə fəxr edirdilər. Aktyor bu tərifləri təbii qarşılayırdı.

Tənqidçiləri isə Qaben sevmirdi, onları əclaf adlandırırdı. Yaradıcılığı barədə tənqidi resenziya oxuyanda kefi pozulur, iki saatdan sonra isə ümumiyyətlə, qarşısına çıxan hər kəsi öldürməyə hazır olurdu. İstənilən insan onun qurbanına çevrilə bilərdi. Bunlar adətən, onun yaxınları və dostları olurdu. Qabeni yalnız Qaben özü tənqid edə bilərdi, vəssalam...

Jan Qaben siyasətə qarşı biganə idi, siyasi xəbərləri izləmirdi. Bu səbəbdən, müharibə onu bərk sarsıtmışdı, çünki buna hazırlıqlı deyildi. Nəhayət, Qaben işğal olunmuş Parisi tərk edir və sakitliyi Amerikada axtarmağa cəhd edir.

Hollivudda Qaben böyük sevgisi ilə rastlaşdı. Aktyor Marlen Ditrixi çoxdan ilahiləşdirmişdi. Onunla 1941-ci ilin fevralında Amerikada şəxsən tanış oldu.

Marlen Ditrix Hollivuda 1929-cu ildə gəlmişdi.

On il sonra o, Avropada yaşayan keçmiş əri imkanlı kino industriya biznesmeni Rudolf Ziberə xəbər göndərir: “Eşitmişəm ki, Qaben bura gəlir. Aydınlaşdır və mənə xəbər et. O, mənim olmalıdır”.

Marlen istəyinə nail oldu. Amerikada bağladığı müqaviləyə əsasən, Jan Qaben almanlar tərəfindən işğal olunmuş Fransanı tərk etdi.

Fransalı aktyor təsəvvürünə belə gətirmirdi ki, o biri qitədə onu arzularının qadını gözləyir...

Qaben Hollivudda məskən saldığı ilk gün lüks otel nömrəsinə gözəl səsli qadından zəng gəlir:

- Jan, eşidirsən? Danışan Marlendir...

Beləcə, iki keçmiş avropalının ehtiraslı eşq macərası başladı.

Marlen Qabenə Fransanı unutması və darıxmaması üçün əlindən gələni edirdi. Fransızca danışırdı, süfrəyə ancaq fransız yeməkləri qoyurdu. Fransalı Marlenin bu səylərini dəyərləndirirdi, amma doğma ölkəsini də unuda bilmirdi.

Bütün səylərinə rəğmən, Jan Qaben Amerika ulduzu olmağı bacarmadı, nə ingilis dilinin, nə də ingilis dilli kinonun öhdəsindən gələ bilmədi... Beləcə, onun vətəninə qayıtmaqdan başqa yolu qalmadı.

Qabensiz yaşaya bilməyəcəyini anlayan Marlen onun arxasınca yollandı.

“Mən o tankdan bu tanka tərəf qaçır və onun adını qışqırırdım. Birdən onu qarşımda gördüm. “Jan, əzizim” – qışqırdım. O, mənə tərəf çöndü: “Lənətə gələsən!” – deyərək tankdan yerə düşüb bərk-bərk məni qucaqladı. Bu an bizi əhatə edən hər şeyi və kəsi unutduq”...

Jan Qaben Marleni “Ma grande” çağırırdı. Bunun hərfi mənası “mənim dahim” demək olsa da, bu ayrı məna verirdi: “mənim qadınım”, “mənim qürurum”, “mənim dünyam”... Marlenin almanca: “Jan, məhəbbətim mənim” kəlməsinin tərcüməyə ehtiyacı yox idi... Onun səsi və gözləri hər şeyi izah edirdi...

İki istedadlı insanın gözəl eşq hekayəsi. Həyatda belə hekayələr nadir hallarda xoşbəxt sonluqla bitir. Müharibədən sonra Jan və Marlen ziyafət və premyeralarda görüşürdülər. Onlar artıq dost idilər. Onların sevgisi müharibə və ayrılığa dözmədi...

Qaben Dominik Furye ilə ailə həyatı qurdu. Bir çoxları onu Ditrixin kiçik bacısı olduğunu düşünürdü. Dominiklə nikah möhkəm oldu.

Müharibədən sonrakı dövrdə Jan Qaben artıq dahi aktyor hesab edilirdi. 1972-ci ildə aktyor 93-cü rolunu “Dominçininin işi” filmində oynadı. Filmdən sonra aktyor kino karyerasına son verməyi qərara aldı və öz fermasında üzümçülüklə məşğul olmağa başladı.

Hər bir fransalının beynində Qaben möhkəm, özünəəmin, səbrli bir obraz kimi həkk olundu...

Kolleqaları onun ölümünü uşaqlıda hamıya özünəəminlik hissi bəxş etmiş və dünyanın əbədi olacağına inandırmış gözlənilməz ildırımdan xəsarət alan yaşlı, ancaq möhkəm ağacla müqayisə edirdilər...

Tərcümə: Aytən Cavanşir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm