• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

“Mən çox həyasız və inadkaram” - Fotolar

“Mən çox həyasız və inadkaram” - Fotolar

“Gəlin əşyaları öz adları ilə adlandıraq. Məsələn, mən çox həyasız və inadkaram. Ətrafda o qədər mənasız hadisələr baş verir ki. Nəyə görə o mənasızlıqları lağa qoyaq? Hətta o mənasızlıqdan biri sən də ola bilərsən. Kino sənayesi öz-özlüyündə absurddur, bizim sənətimiz də istisna deyil. Əgər özün özünə gülməsən, dəlilik həddinə çata bilərsən.

Bizlərdən hər birimiz öz yolu ilə gedir. Müəyyən mərhələdə isə kimi düz, kimi də səhv seçim edir. Mən öz işimdən həzz alıram. Keçmişimə baxaraq, Los-Anceles şəhərində daha nələr edə biləcəyim haqda düşünmürəm. Çox ərköyünəm, hesab edirəm ki, bu, normaldır”.

Balaca yəhudi qız – Mila

Ərköyün qız Mila Kunis (Milena Markovna Kunis) 1983-cü ilin avqustun 14-də Ukraynada dünyaya gəlib. Ukraynalı gözəlin 7 yaşı tamam olduqdan sonra Kunis ailəsi SSRİ-in çökməsi ilə əlaqədar ABŞ-a köçür.

Fərqli mədəniyyət və dil baryeri balaca Milanın həyatını çətinləşdirdi. Hazırda dünyanın ən seksual qadınlarından biri hesab edilən ukraynalı aktrisanın Amerikaya olan münasibəti nifrətdən başladı. Nahaq yerə deməyiblər ki, sevgiylə nifrətin arası cəmi bir addımdır...

Uşaqlıq illərini hələ də gecə kabusu kimi xatırlayan Mila hər gün ağladığını və həmyaşıdlarına uyğunlaşa bilmədiyini deyir. Yeddi yaşlı Milanı xatırlayanda model indi də özünü sanki kar və kor kimi hiss edir.

Hərçənd, Kunislər ailəsi Ukraynada pis dolanmırdı. Lakin valideynləri düşünürdülər ki, SSRİ-nin çökməsi onların ailəsində böyüyən uşaqların da taleyindən yan keçməyəcək. Amerikaya böyük ümidlərlə yollanan ailə Los-Anceles şəhərinə cəmi 250 dollarla gəlib. Bu pulu isə onlar adi lotereyadan qazanıblar...

Pizza və Coca Cola həvəskarı olan aktrisa ilk dəfə qazlı suyun dadına ABŞ hava limanında baxıb. ABŞ balaca Milaya qavraya bilmədiyi yad planet kimi görünüb. İlk dəfə qaradərili insanı görən Mila hətta göz yaşlarını da saxlaya bilməyib. Xoşbəxtlikdən, rus dilində danışan qaradərili insanın özü balaca qıza insanların müxtəlif rəngli olduğunu izah edib.

Kunis, əslində, yəhudi ailəsində doğulub. Elə ailənin də Sovetlər Birliyini tərk etmə səbəblərindən biri antisemitizm olub. Onun nənə və babası Holokost soyqırımından sağ çıxmışdılar. Ukrayna əsilli yəhudi aktrisa öz vətənində belə uzun müddət dinini gizlətməli olub.

“Məncə, diskriminasiya hər yerdə var. Mən öz dinimi çox sevirəm. Zənnimcə, bu çox gözəl dindir. Lakin mən məbədə getməyə ehtiyac görmürəm. Bəlkə, nə zamansa gedəcəyəm, lakin indi buna ehtiyacım yoxdur”.

Seks səhnəsinə görə ataya filmə baxmaq qadağası

“Sözün düzü, 8 yaşımda teleserial və cizgi filmlərinə çəkildikdən sonra maliyyə problemlərim olmayıb. Mən yalnız bir tikə çörək üçün çəkilmirdim. Amma pullarımı gen-bol səpələmirdim də: indi də şopinqə gedəndə özümlə onlarla köməkçi daşımıram.

Mən heç vaxt oyun oynamıram. Ağlımda nə varsa, onu da deyirəm. Özünü utancaq göstərmək isə ağılsızların işidir. Sənin düzgünlüyün kişini qorxudursa, demək, seçimini səhv eləmisən”.

“Xahiş edirəm, ata, bu filmimə baxma”

Doqquz yaşından səhnədə olan Mila “Make a Wish, Molly” filmində Rusiyadan Amerikaya köç etmiş yəhudi qız rolunu ala bilmir. Aktrisaya Qızıl Qlobus mükafatını 2010-cu ildə “Qara Qu quşu” (Black Swan) filmi gətirir. Qeyd edək ki, aktrisa Natali Portmanla çəkildiyi seks səhnəsinə görə öz atasından filmə baxmamasını xahiş edib.

“Mən filmdə qızla öpüşmüşəm və buna görə heç bir narahatlıq keçirmədim. Hər dəfə kino çəkilişlərində intim səhnələrdən söz düşəndə tərəf müqabilimin qadın, ya kişi olacağı haqda yüngülvari mübahisə düşür. Bəxtimiz onda gətirdi ki, Natali ilə çəkilişlərə qədər də yaxın dost idik. Biz səhnənin hansısa hissəsini müzakirə etmirdik. Sadəcə, işimizi görürürdük. Bu səhnə kadrları film qəhrəmanları üçün əhəmiyyətli idi, lakin nə Natali, nə də mənim üçün əhəmiyyət daşıyırdı”.

Sarışınlar heç də axmaq deyil

“Mən yaxşı görünmək üçün xüsusi heç bir şey etmirəm. İdman şalvarları geyinirəm, qısaqol idman maykasında gəzirəm və görüş zamanı isə özümü əsil xanım kimi apara bilmirəm. Əgər kimsə məni yaraşıqlı hesab edirsə, Allah canını sağ eləsin...

...Sarışınlar heç də axmaq deyil. İnanın mənə...

Mən oyuncaqları reklam etdikdən sonra hamı mənə kukla verməyə başladı. Mən kuklalardan bir qalaq yığıb, kənara tulladım. Heç kimin ağlına gələ bilməzdi ki, məni oğlan oyuncaqları cəlb edir. Hər zaman oyuncaq əsgərlərimin olmasını istəmişəm”.

Bir gözü yaşıl, o biri qəhvəyi...

Bir gözü yaşıl, digəri qəhvəyi rəngli aktrisa uzun müddət göz xəstəliyi hesab edilən qlaukomadan əziyyət çəkib. O, bir gözünün tamamilə görmədiyini uzun illər hamıdan gizlədə bilib. Gözündə əmələ gələn katarakta aktrisanın göz rəngini də dəyişib. Onu yaraşıqlı edən də elə yapon animasiyalarını xatırladan iri, rəngli gözlərinin olmasıdır.

Göz əməliyyatı keçirən Mila bunu etiraf etsə də, şəxsi həyatını hər zaman gündəmdən kənarda saxlamağa çalışır. Amma Milanın “Evdə tək” qəhrəmanı Makaley Kalkinlə 8 il münasibətdə olduğu məlumdur.

Sirlərlə dolu Mila

Milena Kunisin həyatı sirlərlə doludur. Heç bir sosial şəbəkədə hesabı yoxdur. Daim mətbuatın gözündən yayınmağa çalışır. Qəzet və jurnallarda onun sevgi sərgüzəştləri haqda materiallara nadir hallarda rast gəlmək mümkündür. O, ictimaiyyətin diqqətini özünə cəlb etməyə çalışmır da. Lakin yaraşıqlı aktrisa pərəstişkarlarının və jurnalistlərin gözündən yayına bilmir. Buna görə də, Milanın həyatında böyük rol oynamış kişilərin kimliyi az-çox bəllidir.

“Eşton Katçer mənə dərslərimdə kömək edib. Uilmer Valderram mənə maşın sürməyi öyrədib. Tofer Qreys mənə kinodan çox şey danışıb. Denni Masterson isə məni gecə klubuna apararaq həyatımın ilk kokteylinə dəvət edib”.

Mila ilk sevgisinə teleserial çəkilişləri zamanı rast gəlib. Denni Masterson ondan düz 7 yaş böyük olub. Münasibət çox sürməyib, amma Mila onunla əlaqəsi olduğunu ümumiyyətlə inkar edir.

2002-ci ildə Milanın heç 18 yaşı tamam olmamışdı, amma “Evdə Tək” filminin qəhrəmanı Makley Kalkin gənc qızın qəlbini fəth edə bilir. Mila və Kalkin düz 8 il münasibətdən sonra ayrılmağa qərar verirlər: “Bilmirəm, bəlkə də, onunla 27 yaşımda görüşsəydim, aramızda başqa münasibətlər olardı. Biz bir yerdə böyümüşük. Həyatımızda eniş və yoxuşları birgə addımlamışıq.”

Makoley Kalkin və Mila Kunisin evlilik haqda planları olmayıb. Sonradan aktyor Kalkin sevgilisinə bir neçə min dollarlıq boyunbağı bağışlayanda Mila onunla evliliyə hazır olmadığını deyib. Öz müsahibələrində aktrisa onu gözəl insan kimi səciyyələndirir. Amma hər dəfə də ona ər kimi baxmadığını bildirib.

Cütlük 2011-ci ildə ayrıldıqdan sonra 1 il müddətində Milanın həyatında kimin olub-olmadığı bəlli deyil.

Kino çəkilişləri zamanı sevgi

Eşton Kutçer və Mila Kunis ilk dəfə 1998-ci ildə “That 70’s Show” Amerika teleserialının çəkilişlərində tanış olurlar. Deyilənə görə, Kutçer elə o vaxtdan Milaya göz qoyub. Aktyor “Ruh” filminin qəhrəmanı Demi Murla 9 illik izdivaca son qoyaraq 2012-ci ildə yenidən Milaya dönməli olub.

“Mənim ilk öpüşüm onunla serial çəkilişləri zamanı baş tutub”- deyən Mila, Eştonla səhnədə yaranmış sevgisini etiraf edib. 31 yaşlı aktisa nə zamansa ərə gedəcəyini ağlına belə gətirməyib, lakin Eştonun simasında həyatının sevgisini tapdığını vurğulayıb.

Cütlüyün payız aylarında qız uşağına sahib olacağı artıq sirr deyil. Hər zaman həyatını mediadan gizlətməyə çalışan Mila toyun nə zaman, harada baş tutacağını sirr olaraq saxlamaqdadır.

“Subay olmaq yaxşıdır. Münasibətdə olmaq isə daha yaxşıdır. Hər şey öz zamanında yaxşıdır”.

“Mən daim aktrisa olmaqdansa, sevib uşaq sahibi olmağa razıyam”.
“Aktrisa Keyt Uinslentin böyük pərəstişkarıyam. Üzməyi, tennisi və qolf oynamağı xoşlayıram. Lakin cins şalvar və mayka geyinib dostlarımla kinoya getmək və söhbət etmək daha çox xoşuma gəlir”.

“Gəzməyə çox getmirəm. Mənim üçün dincəlmək evdə əlimdə bir butulka pivə şüşəsi sevimli film qarşısında əyləşməkdir”.

“Seksual dostluq”

Dostcanlı Mila 2011-ci ildə Rusiyada “Seksual dostluq” (“Friends With Benefits”) filminin təqdimatı zamanı tərəf müqabili Castin Timberleykin müdafiəsinə qalxıb. Mila jurnalistlərin suallarına elə rus dilindəcə sərt formada cavab verib. Timberleykin nəyə görə musiqi ilə məşğul olmaq əvəzinə kinoda iştirak etdiyini soruşan jurnalistə Mila belə cavab verib: “Bəs sən özünə nə etməyi məsləhət bilirsən? Bu nə sualdır? Onda sən niyə onunla birgə burada oturmusan?.. Yadda saxlayın, heç kimin sizə borcu yoxdur. Eləcə də, sizin kiməsə borcunuz yoxdur. Digər insanlar üzərində planlar qurmayın. Ona görə də mənim sizə tövsiyəm: özünüzü ələ alın və yalnız öz qeydinizə qalın”.

“Bədənim qançır içindədir”

Aktrisa kompüter oyunlarının xəstəsidir. Hələ uşaqlıqdan Mila dərsdən, yemək və sudan imtina edərək saatlarla monitor qarşısında vaxt öldürüb...

Ailəcanlı Mila qardaşı ilə səyahət etməyi çox xoşlayır.

“Havay adalarında su xizəkçiliyi ilə məşğul olarkən üzən qayığı qabaqlamağa çalışmışam, nəticədə boğazımda yara qazanmışam. Snoubordla fənd göstərərkən kəllə-beyin zədəsi almışam. At sürərkən qabırğamı sındırmışam. Mən hər dəfə harasa dəyirəm. Bədənimdən qançır və zədə izləri əskik olmur”.

Dünyanın ən seksual qadın elan edilmiş Mila bədən formasını normada saxlamaq üçün hər zaman pəhriz və pilates məşqləri ilə məşğuldur. “Qara Ququşu” filmində balet rəqqasəsinin rolunu canlandıran Mila məşq zamanı da çoxsaylı zədələr alıb.

“Hər bir insanın içində balaca qara qu quşu yaşayır. Hər şey sənin həmin gün hansı rəngli qu quşunu azad edəcəyindən asılıdır...

Hazırda mənim kürəyimdə iki yara yeri qalıb. Mən bir daha rəqs etməyəcəyəm. Bu sanki “Mən hündürdaban ayaqqabı geyinmək qərarına gəldim. Elə bilirdim, bunun öhdəsindən gələ biləcəyəm” kimi səhv qənaət idi. Yöndəmsiz hərəkətlər nümayiş etdirdiyim üçün çiynim burxulub, sol dizimdə şiş, omba sümüyüm və barmaqlarım isə qançırdan əskik olmayıb”.

“FHM” və “Esquire” jurnallarının apardığı sorğuya görə, Mila dünyanın ən seksual qadını adına layiq görülsə də, bir çoxları onu pintilikdə günahlandırırlar.

“Mən əsrarəngiz görünmək üçün kifayət qədər tənbələm. Məgər bir tikə çörəyə görə kimisə təqlid etməliyəm?”

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR