Cinsi oriyentasiyası fərqli olan aktrisa – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Cinsi oriyentasiyası fərqli olan aktrisa – FOTOLAR

Təsəvvür edin ki, vaxtilə könlünü qırdığınız dostunuzun məzarını ziyarət edirsiniz, amma sizin indi ondan üzr istəmək, günahınızı yumaq imkanınız yoxdur. Bax gəncliyi xatırlamaq da elə buna bənzəyir.

Başqa Hollivud ulduzlarından fərqli olaraq, Cudi Foster (Jodie Foster) öz şəxsi həyatını gizli saxlayır. O, çox nadir hallarda tədbirlərə qoşulur, telefona isə ümumiyyətlə yaxın durmur. Yalnız elektron poçtla əlaqə saxlayır. Heç evində telefon da yoxdur. Cudini heç kişi cəmiyyətində də görmək olmur. Buna görə də onun şəxsi həyatı haqda dedi-qodu eşitmək də çətindir.

Lakin 1997-ci ildə “Fosterin uşaqlığı” adlı kitab üzə çıxdı. Elə bu kitabla da uzun müddət gözlənilən qalmaqalın başlanğıcı qoyuldu. Kitab Cudinin qardaşı tərəfindən nəşr edilmişdi. O, kitab vasitəsilə bacısının bütün “paxırlarını” açdı. Lakin kitabda yazılanların gerçək və ya təxəyyül məhsulu olması bəlli deyil.

Beləliklə də, Cudi Foster kimdir?

Hollivudun məşhur aktrisalarından olan Alisia Kristian Foster 1962-ci il noyabrın 19-da Kaliforniya ştatında, Los-Anceles şəhərində dünyaya göz açıb. Dünyaya Cudi kimi tanınan balaca qızcığaz ailənin sonbeşiyi olub. Cudi aktrisalıq fəaliyyətinə hələ 3 yaşında olarkən reklam çarxlarına və teleseriallara çəkilməklə başlayıb. İlk dəfə o, günəş əleyhinə olan krem reklamında çəkilib. Cudi ailənin yeganə pul gətirən insanı olub. Balaca qızın sakit, az danışan və nizam-intizamlı olması bir çox rejissorların diqqətini çəkirdi.

Rejissor Martin Skorsezenin “Taksi sürücüsü” filmi 14 yaşlı Cudini sanki zirvəyə qaldırdı. Filmdə o, azyaşlı fahişə rolunu canlandırırdı. Məsum siması kosmetika ilə boyanmış Cudi nazik, şəffaf geyimdə - qısa şortda və iri şlyapada idi. Əlbəttə, açıq səhnələrdə Cudini dublyor kimi bacısı əvəzləyirdi. Lakin bundan heç bir izləyici xəbər tutmadı.

Amerikada bütün kişilər - yaşlılar və yeniyetmələr, ziyalılar və cahillər Cudidən ötrü sino gedirdi. Lakin xüsusi bir pərəstişkar aktrisanın həyatını, həqiqətən də, dəyişdi. Onun adı Con Hinkli idi. Cudi bu pərəstişkarından hər gün məktub alırdı. Şeirlər, ehtiraslı etiraflar, çox da aydın olmayan yalvarışlar və aydın yazılmış hədələr...

Hinkli aktrisanı hədələyərək yalnız ona ərə getməsini tələb edirdi...

Onlarda hər şey yaxşı olacaqdı, lakin Cudi yeniyetməlik yaşına çatmalı idi. Toya qədər isə heç bir seks olmazdı! Qız toya qədər Cona xəyanət etsəydi, Hinkli onu öldürməyə gələcəkdi. Cudi sanki tapançanın nişangahı altında yaşayırdı. Hər addımda ona laqeyd qalmayan kişi gördükdə qorxudan əsməcəyə düşürdü. Bir müddət Cudiyə elə gəldi ki, manyakdan gizlənə bilib. O, əsl adı ilə universitetə daxil oldu. Normal yaşayış üçün ümid yarandı.

Prezident Reyqana qarşı sui-qəsdin hər hansı bir dəli tərəfindən törədilməsi haqda eşitdikdə, caninin məhz öz pərəstişkarı olmasından şübhələndi. Con Hinkli isə öz növbəsində etiraf etdi ki, prezidentə atəş açmaqla Cudinin diqqətini çəkmək istəyirmiş.

Nəticədə, gənc qız ətrafında “hasarlar çəkməyə” başlandı. Yel universitetini əla qiymətlərlə bitirdi. Artıq fransız dilində isə doğma dili kimi danışa bilirdi. O hətta çəkildiyi filmləri bu dilə dublyaj edirdi. O, ingilis ədəbiyyatı üzrə doktorluq dərəcəsini də qazandı. Hollivudda çox nadir insanlar belə bir təhsillə fəxr edə bilər. Bütün bunlar onun nəyinə lazım idi?..

Bəlkə də, o, yüksək dərəcəli təhsili qəlbinin dərinliyində Hollivud ulduzlarından öndə olmaq üçün aldı. Lakin təhsil və yaşadığı streslər onun gözəlliyinə xələl gətirdi. Cudi getdikcə kökəlməyə başladı, siması isə solğunlaşdı...

Həyatı boyu kişilərin məşğul olduqları idman növləri, xüsusilə boksla məşğul olub. O, kikboks, karate, yoqa, aerobika, ağır atletika kimi ağır idman növləri ilə maraqlanır. Orqanik qida məhsullarına üstünlük verir.

Onun haqqında çox az şey məlumdur. O, Hollivudun ən sirli, ağzıbütöv və şəxsi həyatını ictimaiyyətə təqdim etməyən aktrisasıdır. Cudi hətta evini belə, alınmaz qalaya çevirib. Siqnalizasiya, güllə keçirməyən pəncərələr, dəmir jalüzlər və digər mühafizə texnologiyası ilə qorunan mənzildə yır-yığış və bunun kimi təsərrüfat işlərini edir. Onun fikrincə, birinci xain elə qulluqçulardır.

Cudinin yalnız pornofilmlər istehsal etməyə istedadı çatan qardaşının buraxdırdığı kitabda qeyd olunur ki, Cudi və anası kişilərdən çox qadınlara üstünlük verirlər.

“Quzuların Səssizliyi” filminə görə o, ikinci “Oskar” mükafatını qazanıb. Qeyd edək ki, aktrisa hər iki “Oskar” təltifinə səliqəsiz geyimdə və kosmetikasız gəlib. O, tədbirə tək qatılıb. ABŞ mətbuatı isə Hollivud gözəlçəsini sevgilisi ilə yaxalayacaq adama qonorar da ayırıb.

1999 və 2001-ci illərdə Cudi Foster ana olmaqla özünü yeni keyfiyyətdə göstərdi. Onun uşaqlarının atasının kim olması isə ictimaiyyətə bəlli deyil. Aktrisanın keçmişini və müsahibələrini araşdıran mətbuat işçiləri bu adamın televiziya prodüseri Rendi Stoun olduğunu ehtimal edirlər. Rendi 2007-ci ildə ürək xəstəliyindən vəfat edib.

Lakin Cudi Foster bütün şayiələrə son qoymaq üçün uşaqlarının atasının naməlum donordan olduğunu etiraf edib. Cudi ikinci övladını “Qorxu otağı” filmindən sonra, 2001-ci ildə dünyaya gətirib. Onun hər iki oğlunun atalarının kimliyindən xəbəri yoxdur.

“Mən uşaqlarla işləməyi çox sevirəm. Onlar böyüklərlə müqayisədə təmiz olurlar. Sən uşaqlardan nəyisə tələb edə bilməzsən, sadəcə, başa salmaqla onlara nə istədiyini hiss etdirə bilərsən”.

2013-cü ildə “Qızıl Qlobus” mükafatının təltifetmə mərasimində o, heç zaman ictimaiyyətə etiraf etmədiyi bir məlumatı paylaşdı.

Tədbirdə ikiqat “Oskar” mükafatçısı, istedadlı aktrisa öz nitqində şəxsi həyatını 10 illər boyunca gizlətməsi haqda danışdı. O, özünü üçüncü cinsin nümayəndəsi kimi təqdim etdi. Cudi qeyri-ənənəvi seksual oriyentasiyadan danışarkən “gey” və ya “lezbiyan” sözlərini işlətmədi...

14 il müddətində Cudinin prodüseri, həmcinsi Sidni Bernard ilə münasibətdə olduğu ictimaiyyətə bəllidir. Cütlük 2008-ci ildə ayrılıb. Cudi tədbirlərin birində stol arxasında oturan Sidniyə müraciət edərək deyib: “Çox sağ ol, Sid. Mən bizim müasir ailəmizlə fəxr edirəm. Bizim Çarli və Kit kimi bənzərsiz oğullarımız var. Onlar mənim qanım və canımdır”.

Əlbəttə, Sidni Bernard uzun illər ictimaiyyətə “yaxın dost” və ya “Fosterin daimi rəfiqəsi” kimi təqdim edilib. Onların münasibətləri məharətlə gizlədilib. Cudidən 10 yaş böyük olan Sidni yaşamaq üçün onun evinə köçüb. 1993-cü ildə tanış olan cütlük 1998-ci ildə Cudinin ilk oğlunu birgə tərbiyə etməyə başlayıb. Bundan sonra Cudi və Sidni arasında münasibətlər daha da möhkəmlənib. Hesab olunur ki, uşaqların atası güman edilən Rendi aktrisaya Sidni ilə münasibətlərini sirli saxlamağa göstəriş verib. Cudi isə oğlanlarının 21 yaşı tamam olduqdan sonra atalarının kim olmasını dünyaya bəyan edəcək. O, müsahibələrində övladlarına özünün sahib ola bilmədiyi normal həyat bəxş etmək niyyətində olduğunu deyib...

Sidni və Codi hətta eyni nişan üzüyü də taxıblar. 14 il birgə yaşadıqdan sonra cütlük ayrılıb. Sonradan məlum olub ki, Codi özünə yeni sevgili tapıb. Ssenarist Sindi Mort aktrisadan 14 yaş gənc idi. Bir müddətdən sonra Sindi Mort aktrisanı dərin bir kədər içində qoyaraq ondan ayrıldı...

Əslində, Cudi Foster və Sidni Bernard dostcasına ayrılıblar. Cudi indiyədək öz rəfiqəsini xoş xatirələrlə yada salır. Sidni isə keçmiş rəfiqəsindən 25 milyon dollar vəsaitə iddia edə bilər. Hazırda Bernard, Cudinin Los-Ancelesdəki malikanələrinin birində yaşayır.

Cudinin doğulmasından sonra atası - təqaüdə çıxmış polkovnik ailəsini atıb. Elə o zaman Brendi Almond – Cudinin anası Cozefin Dominqes adlı lezbiyanla yaxınlıq etməyə başlayıb. Cudi və onun 3 qardaşı Cozefini “Co xala” deyərək çağırıblar.

Cudinin davranışı elə uşaqlıq illərindən formalaşıb. Cudi, demək olar, bütün filmlərində ləyaqəti alçaldılan, kişilərə qarşı mübarizə aparan güclü qadın rollarını canlandırır...

Cudinin etirafı çox açıq olub. O, hər bir aktrisanın şəxsi həyatının toxunulmazlıq hüququna malik olduğunu deyib. Cudinin sözlərinə görə, öz sirrini etiraf etməsi onun şan-şöhrətinə xələl gətirməyəcək.

Lakin öz cinsi oriyentasiyasını etirafından sonra Cudiyə Hollivudda öz karyerasını bərpa etməsi üçün 3 il vaxt lazım olduğunu deyənlər də var. Mükafat təqdimatında Cudinin etirafından sonra masa arxasında əyləşən insanlar göz yaşlarını saxlaya bilməyiblər. Yeri gəlmişkən, qeyd edək ki, Cudi nitqinə “mənim 50 yaşım var” cümləsi ilə başlayıb.

51 yaşlı aktrisa 2014-cü ildə rəfiqəsi və həmcinsi olan 44 yaşlı Aleksandra Hedisonla ailə qurub. Uzun illər rəfiqə olan cütlüyün toyu Los-Ancelesdə sadə və təvazökar şəkildə keçirilib. Toya mətbuatdan heç kəs çağırılmayıb.

“Kişiləri yox, qadınları sevirəm və bu hiss məndə, az qala, daş dövründən bəridir. Seçimimi çoxdan etmişəm. Ümid edirəm ki, pərişan olmadınız”( Cudi Foster).

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm