• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Tsoyun o dünyadan göndərdiyi mesaj: “Anama gül aparın” - FOTOLAR

Tsoyun o dünyadan göndərdiyi mesaj: “Anama gül aparın” - FOTOLAR

Viktor Tsoyun səmimiyyət və sərbəstliyi ilə milyonlarla insanın qəlbini fəth etdi və onu hələ sağlığında canlı əfsanəyə çevirdi. Bu əfsanə hələ də yaddaşlarda yaşayır və bundan sonra da yaşayacaq.

Onun səsi bütöv bir nəslin səsi idi.

Bir çoxları üçün o, pərəstiş edilən “Kino” rok-qrupunun lideri kimi yadda qaldı. Eyni zamanda, o, Piter qazanxanasında işləyən sadə oğlan idi. Elə ona məhəbbət yaradan da bu sadəliyi və ucsuz-bucaqsız səmimiyyətiydi.

“Bizim tərcümə” layihəsində bu dəfə istedadlı musiqiçi Viktor Tsoyun həyat və yaradıcılığından bəhs edəcəyik.

Ailə

Viktor Tsoy 1962-ci ildə Leninqradda (Sankt-Peterburq –red.) doğulub. Anası rus, atası Koreya mənşəli idi. Anasının sözlərinə görə, Tsoy atasından koreyasayağı kişilik nümunəsi götürüb: onda heç bir kobudluq yox idi və tündxasiyyətli deyildi...

Viktor bağçada dinməz uşaq olub. Asiyalı görkəmi onu hamıdan fərqləndirirdi. O, sadəcə kənara çəkilib təkbaşına oynayardı. Yoldaşlarının sözlərinə görə, Tsoy qızlarla ünsiyyətdə çox utancaq olub. Məktəbdə isə onu milliyyətinə görə təhqir edərdilər. Anası oğlunun döyülməsindən qorxardı. Onu hər zaman “Yapoşka” deyərək təhqir edərdilər. Buna görə də, Tsoy əvvəldən axıra kimi sirli, az danışan və daxili aləmini gizlədən bir insan kimi yaddaşlarda qalıb.

Anadangəlmə istedad

Hələ gənclik çağlarında Viktor Tsoy “Palata N# 6” qrupunda çıxış edirdi. Erkən vaxtlarından Viktorun rəssamlığa meyli vardı. Ona görə də, valideynləri balaca Viktoru incəsənət məktəbinə yazdırırlar. Tədricən, Viktor şəkil çəkməyi öyrənir və eyni zamanda incəsənəti qavramağa başlayır.

Gənclik

“Bizim qəlbimiz mühərrik kimi işləyir. On dörd yaşımızdan bizə lazım olan hər şeyi bilirik. Siz bu dünyanı məhv edənə qədər biz nə istəyirik, onu da edəcəyik”.

1981-ci ildə Viktor Tsoy yoldaşları ilə “Qarin və Hiperboloidlər” qrupunun əsasını qoyur. Onlar paytaxtda çıxış etmək üçün tez-tez Moskvaya səfər edirdilər.

Günlərin birində “Texnoloji institut” metrostansiyasından keçərkən “Kosmonavt” kinoteatrının parlayan lövhə onların diqqətini cəlb edir. Və o zaman yoldaşlar qrupun uzun adını sadə və lakonik ada dəyişmək qərarına gəlirlər. “Kino” – bu ad onların daha çox ürəklərinə yatır. “Kino” – qısa və məzmunlu...

Tənbəllərin tənbəli

“Gecə, gündüz -Yatmağa tənbəllik edirəm –Tüstü var - Cəhənnəm olsun”

Tsoy “Kamçatka” qazanxanasında işləyirdi. Əslində, Tsoy müftəxorluq maddəsi ilə ittiham olunmamaq üçün çalışmalı idi.

Yoldaşları Viktorun çox işgüzar olduğunu qeyd edir. Qrup üzvü Rıbinin xatirələrindən: “Vitka çox tənbəl idi. Elə bizim hamımız kimi. Amma mahnı yazmaq onun üçün iş deyildi. O, yalnız boş vaxtlarında, iş arası fasilələrdə yazırdı. Ümumiyyətlə götürsək, vaxtını Tsoy divanda uzanmaqla keçirdirdi. Yadımdadır, bir gün onlara gəldim və gördüm ki, ayaqlarını üst-üstə aşıraraq mürgülü vəziyyətdə kitab oxuyur”.

Kino

“Mən bu günü gözləyirdim, nəhayət, o gün yetişdi – artıq bu vaxta qədər susanlar artıq susmurdular”.

“Kino” qrupunun şöhrəti getdikcə artırdı. Bu vaxta qədər qrup üzvləri evlərdə - gizlin oxuyurdular və rəsmi, qeyri-rəsmi tənqid və təzyiqlərə məruz qalardı. Artıq onilliyin sonunda onların valları milyon tirajla satılırdı. Konsertdə isə stadion pərəstişkarlarla ağzına kimi dolurdı. Artıq 1984-cü ildə “Kino” ikinci albomunu yazdırmağa hazırlaşırdı...

Təhlükəli cızıqlar

Viktor qanın rəngini və iyini xoşlamazdı. Buna görə də zorakılığın bütün növlərindən qaçmağa çalışırdı. Əsgərlikdən yayınmaq üçün o, adını əsəb dispanserinə yazdırır. Düzdü, özündən əsl dəli obrazı yarada bilmədi. Çünki damarlarını kəsmək üçün gərək qandan qorxmayaydı. Bununla belə, qolundakı təhlükəsiz cızıqlara görə ifaçıya xəstəxana bülleteni açıldı. Necə deyərlər, o, əlindən gələni etdi.

Hobbi

Tsoy ağacdan fiqurlar düzəltməyi sevərdi. Hazırladığı netske adlı yapon fiqurlarını yoldaşlarına paylayardı. Brüs Linin pərəstişkarı idi. Onun filmlərinə, ən azı, 10 dəfə baxardı.
Konsert geyimləri hər zaman qara rəngdə olardı. Psixoloqlar Tsoya depressiya meyillilik diaqnozunu qoydular. Lakin bu, heç də belə deyildi. Tsoy adi günlərdə al-əlvan geyimlərdən istifadə edərdi. O, daha çox sarı rəngə üstünlük verirdi. Şərqdə sarı rəng ölməzlik simvoludur.

Sevimli qadın

“Ölüm – yaşamağa, sevgi isə gözləməyə dəyər...”

Viktora bütün qadınlardan çox arvadı Marianna Tsoy təsir edib. O, “Kino” qrupunun məşhur olmadığı vaxtlarda ərini dəstəkləyib və hər zaman çətin günlərində Viktorun yanında olub. O, hətta qrup üzvlərinə konsert üçün nəzərdə tutulmuş sirk kostyumlarından ibarət qarderob da hazırlayıb. Marianna Tsoy xatırlayır: “Biz sirk siçovulları kimi kasıb idik. Yataqxanada otaq kirayələmişdik və Allahın verdiyi ilə dolanırdıq. Hətta toyumuzu da normal keçirə bilmədik. Gəlinlik donu əvəzinə mən ağ pencək və zolaqlı açıq rəngli ətək geyindim”.

Sonradan Tsoy tərcüməçi Natalya Razloqovanı sevsə də, Marianna və Viktor rəsmən boşanmadılar və əlaqəni kəsmədilər.

Oğul

“Saşa qəhrəmanlıq və intiqam haqda kitabları çox sevir. O, qəhrəman olmaq istəyir, lakin o, elə qəhrəmanın özüdür”.

Balaca Saşa Tsoy 1985-ci il iyulun 26-da dünyaya gəlib. Valideynləri Marianna və Viktor bir yerdə çox yaşamayıblar. Aleksandrın 1 yaşı tamam olanda Viktor evi tərk edib. Lakin o, oğlu ilə əlaqəsini də kəsməyib.

“Saşa” mahnısını Viktorun elə oğluna həsr edib.

Aktyorun karyerası

Musiqi fəaliyyəti ilə yanaşı, Viktor Tsoy kinodakı işi ilə də məşhur idi. O, “Rok”, “Assa”, “Tətilin sonu” kimi filmlərdə çəkilib. Rəşid Nuqmanovun “İynə” filmində baş rolda oynayıb. Bu filmə görə, “Sovet ekranı” jurnalının sorğusuna əsasən, ilin ən yaxşı aktyoru adına layiq görülüb. Yeri gəlmişkən, “İynə”dən sonra Tsoya “Mauqli” müziklində oynamaq təklif olunur. Lakin Tsoy imtina edir. O deyir: “Mən ki aktyor deyiləm. Və bununla peşəkarcasına məşğul olmaq, digərlərini yamsılamaq və insanlarda təsir etmək heç də mənə həzz vermir. Bu, mənə maraqlı deyil. Əgər bir filmdə heç bir aktyorluq məharəti göstərməyib, yalnız özümü canlandırmalı olsaydım... bu rolu böyük məmnuniyyətlə oynardım”.

“Kino” Qərbdə

“Mən hesab edirəm ki, insan dövlətdə yox, planetdə yaşayır”

Məşhurluğun kulminasiya nöqtəsində olan “Kino” qrupunu sovet respublikaları və SSRİ sərhədlərindən kənarda da dinləyirdilər. “Next Stop” hərəkatı çərçivəsində qrup Danimarkada, Burje möhtəşəm fransız rok-festivalında və ABŞ-da xeyriyyə konserti verib.

Yorğunluq

“Öz mahnılarını oxu, öz şərabını iç, Qəhrəman”.

Konsertlərdən sonra Tsoy pərdə arxasında 10 dəqiqə hərəkətsiz şəkildə döşəmədə uzanıb qalardı. Yalnız səhnə boşalandan sonra tədricən özünə gələrdi. Viktor mahnı və konsertlərə bütün qəlbini qoyardı.

“Musiqi hər şeyi əhatə etməlidir: o, lazım olan yerdə güldürməli, lazım olan yerdə şənləndirməli və lazımı məqamda düşündürməlidir. Musiqi təkcə Qış sarayını dağıtmağa çağırmamalıdır. Onu, sadəcə, dinləmək lazımdır”.

Ölüm

“Əgər sürü varsa, deməli, çoban da var, əgər bədən varsa, deməli, ruh da var”.

1990-cı ilin iyununda ağır qastrol mövsümü bitdikdən sonra musiqiçilər yeni albom yazdırmaq haqda düşünürlər. Lakin bundan əvvəl “Kino” üzvləri qısa tətilə çıxmaq və dincəlmək istəyirdilər. Hərəsi bir tərəfə ayrılan yoldaşlar avqustun 15-də baş verən faciədən sarsıldılar: Viktor Tsoy balıq tutmaqdan qayıdarkən avtomobil qəzasına düşüb.

Rəsmi məlumata görə, Tsoy əyləc arxasında yuxulayıb və avtomobil qarşıdan gələn avtobusa çırpılıb.

Bununla da, əfsanəvi qrup “Kino”nun və Viktor Tsoyun həyatı sonuncunun ömrünün 28-ci ilində bitdi...

Qəhrəman unudulmur

“Mən səninlə qalmaq istərdim, sadəcə, səninlə qalmaq. Lakin səmadakı uca bir ulduz məni özünə tərəf çağırır”.

1980-cı illərin ikinci yarısında fəaliyyət göstərmiş “Kino” qrupu, gənclərdən təşkil olunmuş bir çox kollektivlərin yaranmasına təsir edib. Maraqlıdır ki, qrup təsiri bugünədək davam etməkdədir.

Viktor Tsoyun xatirəsi isə şeir, musiqi və filmlərində yaşayır. Rusiyada onun adına marka seriyaları da buraxılıb.

İfaçının özünəməxsus səsi və utancaq gülüşü pərəstişkarların qəlbindən çıxmır.

Ölümündən sonra 3 gün ərzində Sankt-Peterburqda intiharların sayı 30 faiz artdı.

Əfsanə davam edir

Çoxları Tsoyun ölümündən 1 il sonra da onu yuxuda gördüklərini deyiblər. Viktor ağ geyimdə gələrək o biri dünya haqda danışırmış və ya hansısa tapşırıq verirmiş. Məsələn, anasına gül dəstəsi alıb göndərmələrini istəyirmiş...

Əlbəttə, daha çox Tsoyun anası əziyyət çəkirdi: o, guya Viktorun ölmədiyini və onu yolda gördüklərini iddia edən pərəstişkarlarından zənglər alardı. Günlərin birində ona zəng gəlir və Tsoyun səsi gəlir: “Ana!”...

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR