“Sevgidən gəbərməyə hazıram” – dünya şöhrətli müğənninin faciəvi taleyi
Bizi izləyin

Bizim tərcümə

“Sevgidən gəbərməyə hazıram” – dünya şöhrətli müğənninin faciəvi taleyi

“Onun həyatı elə kədərli olub ki, sanki, həqiqətəuyğun olmayan hekayə oxuyursan” (Saşa Gitri)

-Siz qadına nə məsləhət görürsünüz?

-Sevməyi.

-Bəs gənc qıza?

-Sevməyi.

-Bəs balaca qıza?

-Sevməyi.

Mahnıları dünya hitinə çevrilən və milyonlarla insan üçün nümunə olan əfsanəvi fransız ifaçısı Edit Piafı kim tanımır? Çoxları onun mahnılarını dinləsələr də, Piafın keşməkeşli, iztirab dolu həyatından bixəbərdirlər.
“Bizim tərcümə” layihəsinin bugünkü qəhrəmanı uşaqlıqda ac günlər keçirən, övlad itkisinə dözən, 2 avtomobil qəzası, 7 əməliyyat, 3 koma halından sonra ölümlə üz-üzə qalan, dəlilik tutmalarından əziyyət çəkən, intihara cəhd edənvə iki dünya müharibəsinə şahid olan Edit Piafdır.

Həyatından şikayət edən insanlar üçün Edit nümunə idi. Çünki o, son günlərinədək qüssəyə qapılmadan milyonlarla insanın qəlbini fəth etməkdə davam edirdi. Bütün ağrı və əzablara tab gətirən Piaf yalnız qaraciyər xərçəngi ilə mübarizədə təslim olur...

Edit Piaf (əsl adı Edit Covanna Qasyon) 1915-ci il dekabrın 19-da dünyaya göz açıb. O doğularkən atası cəbhədə idi və elə həmin gündən etibarən Editin anası qızı nənəsinə təhvil verir. Nənəyə də gecələri dinclik verməyən və daim ağlayan qızcığaz lazım deyildi. Nəvəsini “sevən” nənə qızcığazı durulaşdırılmış şərabla qidalandırardı. Belə qida növü öz “bəhrəsini” verdi: 4 yaşı olarkən qızcığaz tamamilə kor oldu.

Sonradan isə Editin doğulması haqda bir neçə əfsanələr də yarandı. Onlardan bəziləri həqiqətəuyğun olmasa da, bir şey məlumdur: Edit – Paris küçələrinin birində küçə fənəri altında doğulub.

Editin atası Lui Qasyon qızının səhhətinin heç də yaxşı olmadığını bildikdən sonra onu tərbiyə almaq üçün öz anasının yanına göndərir. Balaca Editin ata nənəsi isə öz növbəsində əxlaqsızlıq yuvası saxlayırdı. Lakin buna baxmayaraq, nənə Editi sevir və onun qeydinə qalardı. Qızın gözlərinin açılması üçün o, əlindən gələni edirdi. Və nənə 1925-ci ildə istəyinə nail olur. Bu o zaman idi ki, Editin sağalması üçün bütün ümidlər tükənmişdi. O zaman nənə onu Fransanın Lizyö kommunasında yerləşən Müqəddəs Tereza kilsəsinə yollayır. Bir neçə gündən sonra sevimli nəvə möcüzə şəklində sağalır.

Editin özü uşaqlığını xatırlayarkən deyərdi: “Mənim həyatım möcüzədən başlayıb. 4 yaşımda xəstələndim və kor oldum. Nənəm məni Lizyö şəhərində yerləşən Müqəddəs Tereza səcdəgahına apardı və mənim sağalmağım üçün dualar etdi. O vaxtdan etibarən mən Müqəddəs Terezanın və körpə İsanın təsvirlərindən ayrılmıram. Mən inanclı olduğum üçün ölüm də məni qorxuda bilməz. Həyatımda elə an oldu ki, bir insanın ölümündən sonra bütün ümidlərimi itirdim. Lakin məni inam xilas etdi”.

Editi məktəbdə elə birinci gündən sevmədilər. Axı o, əxlaqsızlıq yuvasında yaşayırdı...

Balaca Edit özü də buna tab gətirə bilmirdi. Onda atası onu özü ilə Parisə apardı. Orada 9 yaşlı qız atası ilə şəhər meydanında işləməyə başladı: atası akrobatik trüklar edir, qızı isə mahnı oxuyurdu. Editin savadı yox idi, hətta onun mahnılarında da səhvlər az deyildi. Lakin indi bu, kimi maraqlandırır?

Editin 15 yaşı olarkən atadan bir bacısı 11 yaşlı Simona ilə tanış olur. Simona da bacısı ilə birgə çıxış edirdi. Atasının yeni ailəsi maliyyə çətinlikləri yaşayırdı. Edit atasının ailəsinə maddi yardım edir. Lakin sonda qız atasını tərk edir. Bu dəfə həmişəlik...

“Mən ac idim. Soyuqdan donurdum. Lakin mən azad idim. Səhər tezdən durmamaq, gecə gec yatmaq, içki içmək, arzulamaq üçün azad idim”.

Edit küçələrdə fəaliyyətini davam edərək oxuyardı. Son anda onu kabaredə çıxış etmək üçün dəvət edirlər. Editin 16 yaşı olarkən yeganə qızı Marselin atası Lui Düpponla tanış olur. Lakin onun nikahı uğursuz oldu: əri daim Editdən işindən imtina etməyi tələb edirdi. Son anda onlar ayrılmalı olurlar. Editin qızı bir müddət onunla qaldı. Lakin günlərin birində ana qızını evdə tapmadı. Marsel anası işdən gələnə qədər atası ilə qalardı. Lakin qızı qaytarmadılar...

Bundan əlavə, qızcığaz meningit xəstəliyinə tutuldu. Edit yeganə övladı olan Marseli beləcə itirdi. Marsel onun yeganə övladı idi. Başqası olmayacaqdı...

Onun 20 yaşı olarkən Lui Leple müğənnini kəşf edərək Yelisey çöllərində çıxış etməyə çağırır. Lui onun həyatında önəmli yer tutdu: o, Editə mahnıları seçmək, müşayiət altında oxumağı, artistin kostyum, mimika və davranış qaydalarını öyrətdi. Edit Qasyonu məhz o, Edit Piaf etdi.

Edit küçələrdə belə bir mahnı ifa edərdi: “Sərçə kimi doğuldum, sərçə kimi yaşadım, sərçə kimi öldüm”. Afişalarda isə belə yazardılar: “Balaca Piaf”. Bu, böyük uğur idi!

Lakin uğur uzun müddət davam etmədi. Tezliklə Luini qətlə yetirirlər, Editi isə şübhə altına alırlar. Çünki qətlə yetirilən Lui ona böyük məbləğdə pul qoymuşdu. Xoşbəxtlikdən hər şey yaxşı bitir və tezliklə Edit onu dahi ifaçıya çevirən Raymon Asso ilə tanış olur. Məhz onun sayəsində Edit ABC müzikl-hollda çıxış edir. Editin həyat hekayələri onun mahnılarında əks olunur və heç kim onun səhnə obrazını həqiqətdən fərqləndirə bilmirdi.

Nəhayət, Edit şan-şöhrətə nail olur. Radioda onun səsini eşidənlər Balaca Piafın mahnılarını bir daha səsləndirməyi tələb edirdilər.

-Siz böyük artistsiniz!

-Mən hündürdaban ayaqqabıdayam.

İkinci Dünya müharibəsi zamanı “Balaca Piaf” “Laqeyd gözəl oğlan” pyesində oynamaq üçün Jan Kokto ilə tanış olur. Pyes ilk dəfə 1940-cı ildə oynadı. Bir ildən sonra isə Editin baş rolda oynadığı pyes əsasında film də çəkildi...

Edit Piaf məşhur və inadcıl idi. Buna baxmayaraq, o, həyatını təhlükə altına ataraq hərbçilər qarşısında konsert proqramı ilə çıxış edərdi. Onun sənətini nəinki fransız xalqı, hətta İngiltərənin gələcək kraliçası da yüksək qiymətləndirirdi.

“Mən istəyirəm ki, insanlar mənim dediyim sözləri başa düşməsə belə, ağlasınlar”.

“Sərçəcik” istedadlı gənclərə yardım edirdi. Onun sayəsində İv Montan, Eddi Konstanten kimi məşhurlar yetişdi.

Müharibədən sonrakı illərdə Edit həyatına, eyni zamanda, həm sevinc, həm də kədər gətirən amerikalı boksçu Marsel Serdan ilə tanış oldu. Tale bir daha Editi sınağa çəkdi: 1949-cu ildə Marsel sevgilisini görmək üçün Fransaya gələrkən hava qəzasında həlak oldu. Nəticədə, Edit ağır bir depressiyaya düçar olur: o, morfi vurmağa başlayır. Bundan sonra onda ürəkgetmələr müşahidə edilir. Hətta Piaf bir gün, az qala, özünü pəncərədən aşağı atacaqdı. O, yenidən küçə həyatına qayıtdı. Səhərlər Paris küçələrində çıxış edir, axşamlar isə evinə naməlum kişiləri gətirərdi.

“Sevdiyin insandan dəstək görmək ümidi ilə evə tələsərək gəlmək və son anda otağın boş görməkı hissi bilirsiniz necə olur!”

Lakin matəm uzun müddət davam edə bilməzdi. Edit bir daha solo karyerasına qayıtmalı oldu. Hələ bu azmış kimi, yenidən aşiq oldu. Ancaq bədbəxt hadisələr sanki Editin alnına yazılmışdı. 1952-ci ildə Edit 2 avtomobil qəzası keçirir, bütün qabırğalarını və hər iki əlini sındırır. Ağrılarını azaltmaq üçün həkimlər ona morfi yeritməli olurlar. Editin narkomana çevrilmə ehtimalı vardı, ancaq kövrək qadın o həddə kimi enmədi. Bundan əlavə, yaradıcılığı ona əvvəlki həzzi vermirdi.

1954-cü ildə Edit “Əgər mənə Versal haqqında danışsalar” adlı tarixi filmdə çəkilir. Bundan sonra o, 11 ay müddətində Amerikaya turneyə çıxır. Edit ağır iş rejimini vətənində də davam etdirməli olur. Son anda gərgin iş rejimi zəif qadının sağlamlığına təsir edir. 1961-ci ildə isə tale Editə sonuncu, daha ciddi zərbəsini vurur. Həkimlər Editdə qaraciyər xərçəngi aşkar edirlər. Lakin o, ömrünün sonunadək çıxışlarını davam etdirdi.

“Həyat intihar üçün ən güclü silahdır”

Sevgilisi son günlərədək Piafın yanında son qaldı. Teonun cəmisi 27 yaşı vardı. 1962-ci ildə Piaf dözülməz ağrılara üstün gələrək Eyfel qülləsinin başında çıxış etdi. Yarım ildən sonra isə o, həyatının son konsertini verdi. Zal ayaq üstə əfsanəvi ifaçını alqışlayırdı...

Bu, onun son mənzilə yola salınması üçün uğurlu çıxış oldu.

“Mənim qəlbim 24 saat kədər içində yatır”

1963-cü ilin oktyabrın 10-da Edit Piaf öldü. Onu Fransada basdırdılar və bütün dünya onun ölümünə ağladı. Editlə fransız şanson dövrü öldü.

Edit Piafın mahnıları bizimlə qaldı, onun əzmi və mətanəti isə milyonlarla insana təsir etdi. Ölümündən sonra onun haqqında avtobioqrafik kitab nəşr olundu. Kitabda yazılanların həqiqətlə nə dərəcədə uyğun gəlməsi dəqiq bəlli deyil. Yalnız bir şey dəqiqdir: o, insanların yaddaşında bu cür qalmaq istəyib.

“Mən sevgidən ölməsəm, onda heç nədən ölən deyiləm. Onda isə gəbərməyə hazıram!”

“Mən hamı üçün oxumuram, mən hər kəs üçün oxuyuram”

“Artist və publika bir-biri ilə görüşməməlidir. Pərdə salındıqdan sonra aktyor sanki sehrbaz çubuğu altında yoxa çıxmalıdır”.

“Əgər kişinin yaraşıqlı əlləri varsa, demək o, daxildən kifir ola bilməz. Əllər sima kimi yalan danışmır”.

İctimaiyyət qarşısında oxumaqla bununla özünü ölümə məhkum etdiyini deyən həkimlərin sualına Edit belə cavab verib: “Bu, intiharın ən gözəl yoludur”.

“Mən dəhşətli həyat sürmüşəm, bu, düzdür. Ancaq məmnuniyyətlə deyərdim ki, həyat valehedicidir. Ona görə ki, mən həyatı sevirdim”.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm