Yaxşı qadın tapmaq üçün kişi nəyi öyrənməlidir? – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Yaxşı qadın tapmaq üçün kişi nəyi öyrənməlidir? – FOTOLAR

Aktyor Tim Robbinslə düz 21 il vətəndaş nikahı Hollivud kimi yerdə nümunəvi göstərici idi, lakin... 2009-cu ildə ictimaiyyət təəccüb qarşısında qaldı. Süzan Sarandon və Tim Robbins ayrıldılar.

Süzan depressiyaya girsə, heç Süzan olmazdı ki... Niyə də olsun? Çünki onun yaxşı işi, böyük uşaqları, nəvələri və üstəlik, özündən 31 yaş gənc olan sevgilisi var...

- Süzan, siz Tim Robbinslə nümunəvi cütlük hesab olunurdunuz. Lakin sizin rəsmi nikahınız baş tutmadı...

- Bəli, indiyədək mənə küçədə yaxınlaşıb deyirlər: “Axı bu necə oldu? Ola bilməz. Yəni dünyanın sonu yetişib?” (Gülür)... Öz narazılıqlarını və kədərlərini ifadə edirlər. Sanki biz onların ideal cütlük barədə təsəvvürlərini məhv etmişik. Timlə mən ayrılanda ictimai qınaq obyektinə çevrildik: axı insanlar bizə baxıb nümunə götürürdü, sevinirdilər. Bizsə onlara xəyanət etmiş kimi hərəkət etdik... Hər halda, bircə şeyi deyim ki, heç bir insan və o cümlədən, heç bir pərəstişkarım mənim keçirdiyim qüssəni keçirə bilməz. Mən heç zaman öz müsahibələrimdə səhvlərim haqda yalan danışmamışam. Səmimi olmağa çalışmışam, elə buna görə də indi yalan danışmaq üçün çox gecdir (Gülür). Lakin bir tərəfdən də tanımadığın insanlar sənə yaxınlaşıb deyir: “Biz sizi çox sevirik!” Məgər bu pisdir? Məncə, günün başlanğıcı üçün əla stimuldur.

- Belə çıxır ki, siz nikaha, ümumiyyətlə, inanmırsınız?

- Niyə ki? Nikah əla şeydir. Lakin görünür ki, bu, mənlik deyil. Mən heç vaxt nikahla bağlı dini andiçmə mərasimlərinə inanmamışam. İlk və sonuncu dəfə ərə getdiyim insan Kris Sarandon idi. O zaman 20 yaşım vardı və ailə qurmaq üçün səbəbim də vardı: ərə getməsəm, universitet otağında onunla birgə yaşaya bilməzdim. Mən Amerikanın katolik universitetinə daxil olmuşam. Orada qayda-qanunlar sərt idi. Kris mənim ilk ərim və yaxın dostum idi. Səbrinə və mehribanlığına görə ona minnətdaram. Qohumlarım bakirəliyimi itirdiyimi bildikdə mənə təzyiq etməyə başladılar. O vaxtlar mən nikaha ciddi yanaşmırdım, 60-cı illərdə fikirlərim fərqli idi – azad sevgi, hippilik... Qısası, mən elə indi də hippi kimi qızam! (Gülür). Biz onsuz da Krislə hər il münasibətlərimizi aydınlaşdırır, yeniləməyə çalışırdıq. Yəni bir-birimizə sual verirdik ki, nikahımızı daha bir il uzatmağa dəyərmi? Bunu o vaxtı etmək olur ki, uşaqlarınız olmasın. İnsanlara da məsləhətim odur ki, bir il olmasın, heç olmasa, hər 5 ildən bir özünüzə və yoldaşınıza bu sualı verin. Buna görə də andiçmə mərasimi lazım deyil. Sadəcə, əyləşin və ciddi müzakirə aparın. Axı münasibətlər inkişaf edən orqanizm kimidir... Ərimin sayəsində mən aktrisa oldum. Bir gün Kris film çəkilişlərinə getdi, mən də onun dalınca düşdüm. Nəticədə, filmdə mənə də yer verildi.

- Hər halda, maraqlıdır, nəyə görə hər iki oğlunuzun atası olan Timlə münasibətlərə son qoymaq qərarına gəldiniz?

- Yəqin, ona görə ki, öz köhnə adətimə riayət etmədim. Timin yanında mən özümü ərli qadın kimi hiss edirdim. Ayrılığımız ərəfəsində mən Brodvey teatrında “Kral ölür” tamaşasını oynayırdım. Və o zamanlar ölüm, həyatın qısa olması barədə çox düşünürdüm... Onda mən özümə çoxlu suallar verdim və Timlə ittifaqımızı müzakirə etməyə başladım. Uzunmüddətli nikahın tələsi ondadır ki, sən özünə suallar vermirsən və hər şeyi belə də olmalıymış kimi qavrayırsan. Sən sanki ittifaqa girmək üçün sövdələşmə aparıb müqavilə imzalayırsan və məsələni bağlayırsan. İndi isə yerində rahat yata bilərsən. Mənsə yuxudakı kimi mövcud olmaq istəmirəm. Uzunmüddətli ittifaqlarda tərəf müqabilinlə özünü necə aparmaq haqda davranış qaydalarını öyrənirsən. Çox vaxt bu qaydalar münasibətlərin xeyrinə olmur. Bu nikah rəsmi deyilsə, o zaman siz öz və münasibətləriniz üzərində necə lazımdırsa, çalışa bilirsiniz. Nikah zamanı isə sizin fikirləşməyə vaxtınız yoxdur.

- Sizin valideynlərinizin 9 uşağı var, sizsə onların arasında ən böyüyüsünüz. Uşaqlığınız sizə necə təsir edib?

- Mən evdən 17 yaşım olanda qaçmışam! (Gülür). Yox, əgər ciddi danışırıqsa, deyə bilərəm ki, mənim daxilimdə analıq hissi lap uşaqlıq illərimdən var. Mən bacı və qardaşlarımın dalınca qaçardım, dayəlik edərdim, tez-tez analıq missiyasını yerinə yetirərdim. Elə bəlkə, buna görə romantik münasibətlərdə uzun illər kişilərin nazı ilə oynamaq istəməmişəm. Yalnız kino meydanında mən hamı üçün ana ola bilərəm. Mən hamı üçün böyük məmnuniyyətlə bayramlar, əyləncələr, ad günləri keçirirəm. Ancaq kişilərlə hər şey fərqlidir... Əbəs yerə demirlər ki, ana əsas yemək, ata isə desertdir. Mən öz oğullarımı televizorda göstərilən zorakılıq və seks səhnələrindən uzaq tutmağa çalışıram. Onlara öyrətmişəm ki, nə olursa-olsun, heç vaxt hər hansı bir qadına qarşı etibarsızlıq etməsinlər. Çünki bütün hallarda günahkar kişilərdir. Əlbəttə, mən onlara bir-birinə kömək etmək, dəstəkləmək, yaxşılıq etmək və əlaqə saxlamaq kimi keyfiyyətləri də aşılayıram.

- Tim Robins sizdən 12 yaş gənc idi. İndiki sevgiliniz Conatan Bruklinin sizin oğlunuz yerində olması da, yəqin ki, təsadüfi deyil. (Conatanla Süzan birgə dostlarının təşkil etdiyi pinq-ponq oyununa həsr olunmuş gecədə tanış olublar. O zaman Süzan hələ də Timlə yaşayırdı. Conatan isə pinq-ponqa olan meylinə görə arvadından ayrılmışdı. Timlə ayrıldıqdan sonra aktrisayla Conatan birgə pinq-ponq stolları quraşdırılmış klub-bar açırlar).

- Mən yaş fərqində heç bir problem görmürəm. Lakin ictimai qınaq obyektinə çevrilməmək üçün biz qadınlar müəyyən sərhədləri keçməməliyik. İnanıram ki, həyatımda olan kişilər təsadüfən gəlməyib. Deməli, belə də olmalıymış. Bəli, biz Conatanla çox vaxt keçiririk. Mən onunla həyatın hər bir sahəsində əməkdaşlıq edirəm. O, mənim partyorum və sərhədsiz etibar etdiyim insandır.

- Maraqlıdır, siz belə məşhur aktrisasınız və pinq-ponqla maraqlanaraq Conatanla birgə biznesinizi inkişaf etdirirsiniz...

- Əgər bir neçə il bundan əvvəl mənə desəydilər ki, nə vaxtsa pinq-ponq klubu açdıracam, yəqin, gülməkdən yıxılardım. Lakin məni sonradan yolumdan elə yaxşı çıxartdılar ki, axırda tənbəllik etmədən nəinki Nyu-York, hətta digər şəhərlərdə də klub açmağa başladım. Bu, elə bir oyundur ki, onu hər kəs oynaya bilər: həm kişilər, həm qadınlar, həm uşaqlar, həm də qocalar. Nyu-Yorkda açdığım kluba gəlsəniz, görə bilərsiniz ki, pinq-ponq oynamağa balaca uşaq da, Olimpiya oyunlarında iştirak etmək istəyən şəxslər də gəlir. Hələ bu harasıdır? Polisdən tutmuş narkotik alverçilərinə kimi olan hər kəs kluba toplaşır (gülür). Və mən bu biznesə pul yatırdığım üçün peşman deyiləm.

- Siz filmlərinizdə daha çox fırıldaqçı seksual qadın rollarını canlandırırsınız...

- Yəqin, yaşlı qadının gənc kişilərlə oturub-durmasından sonra belə intriqalı rollar alması adi şeydir (gülür). Mənim bir çox filmlərimdə belə olub. Məsələn, “Ağ saray” filmində Ceyms Speyder mənim cavan sevgilim rolunda idi. Mənə daha çox xoş olan odur ki, məni hər yaşda arzuolunan sevgili kimi görə bilirlər. Mən eyni zamanda da gülməli, şən və ağıllı qadın obrazını da ifa edə bilirəm... Bir dəfə Avropada idim və “Darhem öküzləri” filmində oynamaq istəyirdim. Lakin bilirdim ki, mənə bu rolu verməyəcəklər. Bu, çox alçaldıcı idi: onlar mənə açıq şəkildə dedilər ki, onlara lazım deyiləm. Lakin sonadək gedib rolu qazandım. Mən onlarla filmdə bir şərtə görə çəkilməyə razılıq verdim: məndən çox üstün tutduqları aktrisanı filmdən uzaqlaşdırsınlar və ona heç bir rol verməsinlər (gülür). Bu filmlə mən nəinki istədiyim rolu qazandım, hətta istədiyim kişiyə də sahib oldum. Bu, Tim Robbins idi. Tim filmdə mənim gənc sevgilim rolunu oynayırdı (gülür)...

- Mümkünsə, qızınız haqda danışın.

- İstəməzdim ki, qızım 15 yaşında sekslə məşğul olsun. Mənim nənəm İtaliyadan köç edib və onun 10 yaşı olarkən anası vəfat edib. Nənəm öz bacı və qardaşları ilə yaşayıb, 12 yaşı olanda qonşuluqda yaşayan 21 yaşlı oğlan onu yoldan çıxarıb. Nəticədə, hamilə qalıb. O, oğlana yalandan 15 yaşının olduğu deyib. Nə zamansa Nyu-Yorkda bu yaşda ərə getmək olardı. Mən isə erkən ərə getməyə qarşıyam. Həyatımda çox kişi olmayıb. Yəqin, ona görə ki, erkən ərə gedib sonda həyatımı oyuna bağladım (Gülür). Fransız rejissoru Lui Malemlə sevgili olmuşam. Lui məndən 15 yaş böyük idi. Sonradan isə həyatıma Devid Boui daxil oldu. O, əla musiqiçidir...

- Qızınız artıq ərdədir və sizə nəvə bəxş edib. Ona hər hansı bir məsləhət verirsinizmi?

- Xeyr, nə danışırsınız? Yeva kifayət qədər müstəqil və özünü idarə edə bilən qadındır. Mən gənc olanda həkimlər heç vaxt ana ola bilməyəcəyim haqda diaqnoz qoymuşdular. Lakin 38 yaşım olarkən italyan rejissoru Franko Amurri ilə sevgi münasibətim oldu və İtaliyada keçirdiyimiz tətil zamanı təsadüfən ondan hamilə qaldım. Bu, bir möhtəşəm sürpriz idi. Lakin bizim münasibətlər ciddi deyildi və mən bunu bilirdim. Və mən tənha ana olmaq qərarına gəldim.

- Oğlanlarınıza evlənmək haqda nə kimi məsləhətlər verirsiniz?

- Həmişə oğlanlarıma deyirəm: yaxşı qadının yanında olmaq istəyirlərsə, o zaman dinləmək və yemək hazırlamağı öyrənməlidirlər. Xoşbəxtlikdən, oğlanlarımın hər ikisi yemək bişirə bilir. 22 yaşlı oğlum Maylz hələ piroq da bişirə bilir (gülür).

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm