• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Məşhur aktrisa: “Arzum Allahı görməkdir, ona o qədər sualım var ki”...

Məşhur aktrisa: “Arzum Allahı görməkdir, ona o qədər sualım var ki”...

O nə çox sirli qalmağı, nə də şəxsi həyatını müzakirə etməyi sevir.

Özünü bəxti gətirən hesab etsə də, şəxsi həyatında böyük bir uğursuzluq yaşayıb. Enn tamaşaçıların gözü qarşısında balaca şahzadə obrazından böyüyərək bəşəriyyəti öz ardınca başqa planetə aparan aktrisaya çevrilib. Amerikalı aktrisa Enn Heteuey bu gün 31 yaşını qeyd edir.

O sanki buqələmundur. Enn özünü komediya, melodram və döyüş filmlərində də sınayıb. Həyatında baş verən dramlar da heç onun qarşısını ala bilməyib. Enn hər zaman irəliləyən yoldadır...

İstedadlı aktrisa dəfələrlə “Oskar” və “Qızıl Qlobus” kimi mükafatlara layiq görülüb. Buna baxmayaraq, o, xoşbəxtliyi heykəlciklərdə görmür...

Gözoxşayan gülüşünə görə onu tez-tez aktrisa Culiya Robertslə müqayisə edirlər. Onun ağ, şümal dərisi, iri gözləri var. Alt və üst dodaqlarının ölçüsü bir-birinə uyğun gəlmir və buna görə də Enn özünü gözəl hesab edə bilmir...

Ennin qardaşı məktəbi bitirdikdən sonra mavi olduğunu etiraf edib. Elə bunu səbəb kimi gətirən kilsə Enni rahibəliyə qəbul etməyib. Elə yaxşı ki, qəbul etməyib və onu Hollivuda “təhvil verib”...

“Los-Ancelesin hava limanında qardaşımla Nyu-Yorka uçmağa hazırlaşırdım. Təhlükəsizlik yoxlanışında növbəyə düzülmüşdük. Bu zaman qabaqda dayanan insan mənə tərəf dönərək dedi: “Enn, sizin qardaşınız mavidir?” Mən ona ilişdirməyə hazırlaşırdım ki, arxadan kimsə əlimi tutdu. Bu, yaşlı bir kişi idi. O, mənə dedi ki, əfəlin cavabını vermək onun cibinə pul basmaq kimi bir şeydir. Kənardan isə paparasilər mənim onu döyməyimi və ya əsəbiləşib ağlamağımı gözləyirdilər. Bu adam məni və qardaşımı sıradan çıxarıb bir kənara apardı ki, rahat ağlaya biləm. Məni saxlayan o adama minnətdaram. Lakin bilirsiniz, mən gərək qardaşımı təhqir edən insanın cavabını verəydim! Təbiətdə ədalət bərqərar olmalıdır”.

Enn uşaqlıqda özünəəmin deyildi. Ona elə gəlirdi ki, heç nəyi düzgün etmir və o, əsl uğursuz, yararsız insandır. İş ondadır ki, anası onu bir çox kastinqlərə aparardı, Enn isə teatr sınaqlarını hər dəfə başıaşağı tərk edərdi.

“Kreyzi” filmində Enn narkoman qız rolunu oynayaraq ekranda çılpaq göründü. Bu isə gənc aktrisanı tanıtmaqla yanaşı, onun ünvanına tənqidləri də azaltmadı...

Enn Heteuey nə qədər mahir aktrisa olsa da, 2011-ci il “Oskar” təqdimetmə mərasimində aparıcılığın öhdəsindən layiqincə gələ bilmədi. Onun tərəf müqabili Ceyms Franko aktrisanın keçirdiyi həyəcanı azaltmağa çalışdı, lakin Enn tədbirin sonunadək özünü ələ ala bilmədi...

Enn kino aləmindən olan insanlarla sevgi münasibətləri yaşamaqdan boyun qaçırır. Onu daha çox şirkət biznesmenləri və ictimai insanların arasında görmək mümkündür. Adi sevgi romanlarından biri Enn üçün əsl faciə ilə bitdi. O, düz 4 il italyan biznesmeni Rafaello Folleri ilə birgə yaşadı. Sonda isə Folleri 50 milyon dollar oğurluqda ittiham olundu. Bu pullar milyarder Ronald Berkl tərəfindən katolik kilsəsinin fonduna ianə kimi verilmişdi. Məlum olduğu kimi, Enn bu fondun təsisçilərindən biri hesab olunurdu. Buna görə də, oğurluğun üstünü açmaq üçün sübut kimi Ennin gündəliyindən də istifadə olundu. Lakin aktrisanı ittiham etmədilər. Bu “qara işlər” aktrisanın karyerasına mənfi təsir edə bilərdi. O, Folleridən dərhal ayrılmağı qərara aldı. Sevgilisinin həbsindən sonra Enn vaxtının çoxunu çəkiliş meydanında keçirməklə özünə gəlməyə çalışdı. O, uzun müddət səs-küy yaratmış qalmaqalla bağlı müsahibə verməmək üçün jurnalistlərdən qaçdı.

“Mən özümə bəraət qazandırmaq istəmirəm, lakin izahat da verməliyəm. Biz tanış olanda mənim 21 yaşım vardı. Mən sevirdim... Beyinsiz və məntiqsiz... Dörd il birlikdə olduq. Bu, çoxdur. Lap çox. Və bu əla, təmtəraqlı və nağılabənzər bir şey idi: ehtiras, sevgi, Manhettendə ən hündür mərtəbədə mənzil, xeyriyyə fondu... Hər halda, mən ənənəvi, sadə ailədə doğulmuşam və bizim heç vaxt artıq pulumuz olmayıb. Lakin birdən-birə gələn ilk uğur və imkanlı sevgili... Mən bilmirdim o pullardan haradan gəlir. Siz məgər baş aça bilərdiniz? Cavab isə məlum idi: onun bu qədər pulu çox ağıllı, cazibədar və işgüzar olmasından irəli gəlir. Aramızda mübahisələr də səngimirdi. Bir dəfə gül dükanından çiçəkləmiş albalı budaqlarını aldım. İncə çəhrayı çiçəkləri idi. Bu budaqlar düz bir ay suyun içində qalır və getdikcə daha da gözəlləşirdi. Sonra günlərin birində istirahətə getdim, qayıtdıqda isə gül budaqlarının yerində olmadığını gördüm.

Qulluqçu isə Follerinin budaqları atdığını dedi. Raffaello həmişə keyfiyyətə önəm verib. Mənim gül budaqlarım isə təzə deyildi... Bu vaxt isə onunla mənim əşyalara fərqli yöndən baxdığımız mənə aydın oldu. Bu o demək deyil ki, o, gözəlliyi duya bilmirdi. Raffaello italyan idi, onu incəsənət və mədəniyyət adamları əhatə edirdi. Onun üçün gözəllik bayağılıq idi. Mən isə amerikalıyam və gözəlliyə fərqli yanaşıram. Beləliklə də, qalmaqaldan 1 il öncə bizim aramızda mübahisələr artırdı. Onda özümə sual verdim: qalmaq ya getmək. Elə bu vaxt FTB tədqiqatlara başladı və mənim gündəliyim müsadirə olundu. Və mən getdim. Heç özüm də bilmədim hara, sadəcə baş alıb getdim”.

Bir neçə ildən sonra isə o, dizayner Adam Şulmanla rastlaşır. Şulmanla 4 il görüşdükdən sonra Enn 2012-ci ildə ona ərə gedir.

Halbuki bir müddət əvvəl aktrisa başqa fikirdə idi: “Çox qəribədir: mən ailəcanlı insanam. Anam, atam, qardaşlarım və qohumlarım mənə yaxın olan insanlardır. Mən özümü ailədə görürəm, lakin özümü nikahda görə bilmirəm. Nikah öhdəlikləri mənə cansıxıcı gəlir. Yəqin, bir gün ailə quranda bu ziddiyyət aradan qalxacaq”.

Enn Heteuey 2016-cı ildə ana olmağı planlaşdırır.

“Əslində, mən orta səviyyəli ailədən olan, Nyu-Cersidə doğulmuş sadə qızam və mən hər zaman belə qalacağam.

Çox zaman özümdən razı qala bilmirəm, hər hansı rolun öhdəsindən və gözləntiləri doğrulda bilməyəcəyimdən ehtiyat edirəm.

17 yaşımda məni ilk dəfə televizorda göstərdilər. Gördüklərimdən şoka düşdüm: mənə elə gəlirdi ki, gözəl qızların əhatəsində mən, sanki, çirkin ördək balasıyam. Atam isə mənə ürək-dirək vermək üçün dedi: “Kamera səni sevir”. Ancaq mən indiyədək bu sözlərə inanmıram...

Kişilər danışdıqlarımı dinləyəndə xoşuma gəlir. Bundan əlavə, seçdiyim kişi ilə mənim yumor hissimin və həyata baxışımızın üst-üstə düşməsini xoşlayıram. İnsanların bir-birinə bənzər olması yaxşıdır, lakin onlar fərqli olduqda daha maraqlı olur, bir-birindən öyrənirlər...

Elə olur ki, cütlük 20-30 il birgə yaşayır. Lakin sonra onlardan biri ölür və heç bir il keçmir ki, ölən insanın yerini başqası alır. Ona görə də, fikirləşirəm ki, insan həyatının hər anını düzgün və həmin an üçün yaşamalıdır. Belə deyək ki, nə olacaqsa, olacaq. Bu gün bu insanı sevirəmsə, sabah başqasını da sevmək olar. Bu günlə yaşamaq lazımdır. Və nöqtə. Sonra nə olacaqsa, o, artıq qaçılmazdır...

Mənim üçün ictimaiyyət qarşısında soyunmaq heç zaman asan olmayıb. Məsələn, elə bu səbəbdən “Azca hamilə” (“Knocked Up”) komediya filminə çəkilməkdən imtina etmişəm. Bütün bioloji təfərrüatı ilə ekranda “doğan” qadın obrazını canlandırmaqdan boyun qaçırdım. Düzdü, ekranda mənim yox, başqa bir qadının çılpaq bədəninin göstəriləcəyini mənə əvvəldən demişdilər...

Mənim bədən formam ideal deyil. Ancaq mən buna görə heç də narahatlıq keçirtmirəm, çünki bədənimdən həzz alıram. Lakin elə olur ki, güzgüyə baxıb öz-özümə deyirəm: “Sən nəyə görə 6 həftədir ki, idman zalına getmirsən?”, “Hər şey korlanıb, saçların əvvəlki kimi deyil və nəyə görə dünən artıq qalan pizzanı yedin?”...

Məktəbdə oxuduğum illərdə vaxtımın çox hissəsini boşuna sərf edirdim. Barın stol və stullarının üstündə rəqs etməklə özümə çörəkpulu qazanırdım. Ağlıma və sağlamlığıma xələl gəlmədən bu pis günlərin bitdiyinə sevinirəm. Və hər zaman olduğu kimi, keçmiş həyatımdan olan bir sıra nüansları gizlətməyə çalışıram...

İnsanların mənə pərəstiş etməsinə təəccüblənirəm. Bütün insanlar səhv edir və mən öz səhvlərimi başqalarının gözü qarşısında düzəltmişəm. Bu, məni çox sevindirir. Şəxsi həyatım yalnız mənə məxsusdur...

Mən ana olmaq istəyirəm, amma oturaq həyat tərzində yaşamağı ağlıma belə gətirə bilmirəm. Mən də istərdim ki, evim və çoxlu uşaqlarım olsun. Ancaq bu mümkün olmur, çünki mənim daxilimdə, sanki, qaraçı qanı var və bütün dünyanı gəzmək istəyirəm. Aktyorların əksəriyyəti qaraçı kimi yaşayır və biz bir yerdə uzun müddət qala bilmirik...

İki ildən sonra ana olacağamı ehtimal edirəm. Həmin günü görmək üçün alışıb yanıram. Ola bilsin ki, mən həyatın bu məqamına hazır deyiləm, amma analıq səbirsizliklə gözlədiyim xoşbəxtlikdir...

Əminəm ki, gözəl deyiləm. Yalnız bəxtim onda gətirib ki, sifətim dəyişməyə meyillidir. İndiki dövrdə də elə gözəllikdən çox simanın dəyişə bilməsi önəm daşıyır. Milyonlarla insan bu cür yaşayır və özlərini xoşbəxt hiss edir.

Məncə, üz cizgilərim qəribədir. Üz cizgilərim iri, başım isə balacadır. Amma mən bunu özümə dərd eləmirəm. Mən gözəl deyiləm, lakin özümü əla hiss edirəm. Çünki necə varamsa, elə də görünürəm. Gözəl qalmaq üçün çalışıram, gündən uzaq durum və tez-tez su qəbul edim...

Uşaqlıqda dəcəl olmuşam. Gənclik çağlarımda isə vəhşi idim. Hələ bir üstəlik, gözəl də deyildim. 14 yaşadək dərsə qardaşımın ayaqqabıları ilə gedərdim. Cırıq şalvar və köynəklərdə gəzərdim. 18 yaşımda isə özümə kənardan baxa bildim. Bu vaxtadək kosmetikanı rədd edərdim, lakin bir gün rəfiqəm mənə “Lancome” brendindən pulsuz seansa bilet verdi. Məni orada elə dəyişdilər ki, özüm də şoka düşdüm. Özünə qulluq edib gözəl görünmək ayini mənə xoş gəldi. Kosmetikadan istifadə etməklə, sanki, məndə qadınlıq hissləri yarandı. O vaxtadək kosmetikanı üzünü rəngə boyamaq kimi qəbul edirdim. Sonra isə başa düşdüm: bu, ətrafın diqqətini özünə cəlb etməkdir. Özünə cəlb isə özünə hörmətlə sinonim təşkil edir. Bax, mənim uzun illər buna ehtiyacım olub...

Bir gün minadan xəsarət alan insanların xeyriyyə gecəsinə qoşulmuşdum. Gecədə minadan üz simalarını itirən minlərlə insana rast gəldim. O, insanlara görüş mənə bunları dedi: belinin heç də incə olmamasından şikayət etmək ağılsızlıqdır. Hər halda, yeriyə bilirəm. Sözün həm hərfi, həm də məcazi mənasında bədənim məni istədiyim yerlərə aparır. Ancaq bu insanlar isə ayaqyoluna getmək üçün belə çarpayıdan dura bilmirlər...

Həyatda ən böyük arzularımdan biri fransız dilini öyrənməkdir. Parisdə olduqdan sonra belə bir qənaətə gəldim. Digər arzum isə Allahı görməkdir. Ona o qədər sualım var ki...

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR