• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Öpüş – köhnə həyatın sonu, yeni həyatın isə başlanğıcıdır...

Öpüş – köhnə həyatın sonu, yeni həyatın isə başlanğıcıdır...

Söyüşcül, avara və keçmişində əyyaş olan, lakin qızların sevimlisi və istedadlı aktyor Cerard Batler. Bu dəfə ondan danışacağıq, həm də özü barədə özü danışacaq...

Şotlandiyalı aktyor 13 noyabr 1969-cu ildə dünyaya göz açıb. Kaliforniyada isə onun başına əcaib hadisələr gəlib. Məsələn, o, xuliqanlığa görə bir neçə dəfə həbs olunub. Hətta bir dəfə əsl canilərlə bir kamerada əli qandallı “oturub”.

Cerri yalnız 30 yaşında spirtli içki qəbulunu dayandırıb. Bir dəfə isə o, paparasini döyüb. Bununla belə, Cerri layiqli cəzasını almayıb və azadlığa buraxılıb...

Bəs Batlerdə tamaşaçıları nə cəlb edir? Bəlkə, istedadından başqa, həm də elə dikbaşlığı, acı dilliyi, kobudluğu? Axı başqa istedadlı aktyorlar da az deyil...

Bir dəfə yaşlı qadın ona yaxınlaşaraq deyir:

- Bağışlayın, sizə mane olmaq istəməzdim...

- O zaman mane olmayın!

Qadın getməyə hazırlaşarkən Batler onu saxlayır:

- “Qızıl moruq” antimükafatına layiq görülmüşəm. Sevincimdən az qala ağlayacağam. Bu, mənim üçün minus işarəli “Oskar” mükafatına bərabərdir. Bəlkə, özümü asım? Nə deyirsiniz?

Qadın hündürboylu, cüssəli, kobud gülüşlü, yaşıl-göy gözlərini əsəbiliklə ora-bura tərpədən və şotland aksenti ilə danışan aktyorun hərəkətlərini anlamır və belə deyir:

- Mən, sadəcə, sizə pərəstiş edirəm. Siz mənim qəlbimi fəth etmisiniz. Bu şərab şüşəsinin üzərinə avtoqraf qoya bilərsiniz?

Cerri avtoqraflı şüşəni qadına geri qaytararaq onu möhkəm qucaqlayır. Qadın isə onun iri qollarının arasında əriyir.

Bax, bəlkə də, buna görə Batleri sevməyə dəyər...

“Şotlandiyada yaşadığım vaxtlarda başqa oğlanlardan heç nəylə fərqlənməzdim. Lakin Amerikaya gəldikdən sonra özümü daha çox kişi kimi və güclü hiss etdim...

Mən müxtəlif insanlarla oturub nahar edirəm. Məsələn, Ceyk Cillenhol, Riz Uizerspun, Kameron Diaz bu sıraya aiddir. Mən onlarla oturub sadəcə nahar edirəm, bu qədər və daha heç bir şey. Onda belə çıxır ki, əgər mən itimlə gəzintiyə çıxıramsa, demək, itlə də intim münasibətlərə daxil oluram?..

Qlazqoda heç kim aktyor olmağa can atmır. Əgər aktyor olmaq istəyinizi bilsələr, əmin olun ki, sizi sarsaq hesab edəcəklər. Mənim üçün isə fərqi yoxdur. Çünki aktyorluq mən istəyən məşğuliyyətdir...

Özümə çox vaxt ayırmağı sevirəm. Ağlıma gələn hər bir dəliliyi etməyə hazıram. Tanımadığım və heç vaxt olmadığım yerlərə səyahət etməyi sevirəm... Zənnimcə, bu, reallıqdan qaçmaq üçün yeganə çıxışdır...

Subay qalmağım təəccüblü gəlməməlidir. Sadəcə, mən bir yerdə uzun müddət qala bilmirəm...

Ətrafda olan insanlar uzun müddət mənim xoşbəxt olduğumu düşünüb, lakin bu heç də belə olmayıb. Ancaq indi həqiqətən də xoşbəxtəm və bunu kiminləsə bölüşmək istəmirəm...

Həyatda məqsədimə gəldikdə, deyə bilərəm ki, təvazökarlığa nail olmaq istəyirəm...

Öpüş - köhnə həyatın sonu, yeni həyatın isə başlanğıcıdır...

Qadını xoşbəxt edə bilmirsən? Onda başqasının xoşbəxt etməsinə də mane törətmə!..

Bilirsiniz, nə maraqlıdır? Az öncə otel nömrəsində prodüser və ssenaristlə birgə oturmuşdum və söhbət edirdik. Və onlardan kimsə mənə dedi: “Başa düşürsən, həyat çox qəribədir. Sən indi sağsan, lakin yarım saatdan sonra küçəyə çıxanda başına nə gələcəyini bilmirsən və üstündən avtobus keçə bilər!”. Mən isə gülərək cavab verdim ki, mən yarım saatdan sonra küçəyə piyada çıxmayacağam, mən yalnız limuzinlərdə gəzirəm...

Vəkil ola bilmədiyim üçün gecələr, az qala, yata bilmirdim. Həyatımda bir çox şeylərə görə peşmanam. Ancaq indi şükür edirəm ki, yaxşı ki, həyatımı hüquqşünaslıq sahəsində məhv etmədim. Kino aləminin dərinliyinə getdikcə seçimimi nə dərəcədə düzgün etdiyimi anlayıram. Sanki, ömürlük həbs cəzasından möcüzəvi şəkildə qaça bilmişəm...

Biz şotlandlar kobud zarafatlar etməyi xoşlayırıq. Hətta sərhədləri də aşırıq... Ac qal, ancaq zarafatlarından qalma. Ancaq mən Amerikada bu zarafatlardan nadir hallarda istifadə edirəm. Elə olur özümü saxlaya bilmirəm və zarafat edirəm. Amerikalılar isə heyrətlə, gözləri bərəli halda mənə baxır. Çünki belə açıq zarafatlara öyrəşməyiblər. Bu tipli zarafatlar bir çoxları ilə münasibətlərdə özünümüdafiə rolunu oynayır. Əslinə qalsa, Hollivuda gəlməzdən əvvəl “ictimaiyyət arasında özünü aparmaq və davranmaq” qaydalarını öyrənmişəm. “Lara Kroft” filmində aktrisa Ancelina Coli ilə kiçik bir epizodda oynadım. Mətbuat konfransına yığışmışıq, yanımda Coli, zalda isə jurnalistlər əyləşiblər. Oturub mənasız suallara cavab verməyin çox darıxdırıcı olduğunu düşündüm, söhbətə kiçik bir yumor qatmaq istədim. Lənətə gəlsin, yenə də haradasa səhv etdim. Yaxşı ki, Coli sözlərimdən incimədi, lakin mətbuatdan “töhmət aldım”...

Biz kişilər bir qədər sekspərəst və şovinistik. Kişiləri dəyişmək mümkün deyil. Biz həqiqətən də, qadınların xarici görünüşünə çox diqqət ayırırıq, seks haqqında çox düşünürük. Daim hər hansı bir qadını intim münasibətlərə cəlb edəcəyimiz haqda düşünürük. Ancaq etiraf edək ki, qadınlar da tez-tez bu haqda düşünür, elə deyilmi?..

Qadının gözəl olmağı yaxşıdır. Hələ bir üstəlik ağıllı, karyeralı və hər şeyi idarə etmək yanğısı olan qadın isə... bu, artıq dəhşətdir! Kişilər üçün gözəl və silahsız qadın qədər cazibəli heç nə ola bilməz. Gəlin bu ifadəyə bir qədər düzəliş edək: öz gözəlliyindən bixəbər olan qadın kişilər üçün daha cazibədardır!..

Sarı mətbuata qalsa, mən Kameron Diazla evli olmuşam, indi isə Cennifer Enistonla səcdəgaha getməyə hazıram. Mətbuata inansaq, mən məhrum Merlin Monroya da evlilik təklif etmişəm. Əvvəllər bu kimi xəbərlərə əsəbiləşərdim, indi isə sözün düzü lağa qoyuram. Məni kinoda tərəf müqabilim olan bütün aktrisalarla evləndirirlər. Cennifer Enistonun isə heç bəxti gətirmir. Şayiələrə inansaq, onun başına daha faciəli işlər gəlir: hamiləlik, gənc sevgili, məxfi keçirilmiş nişan mərasimi, ayrılıq, bir daha hamiləlik...

Rejissor Qay Riçinin “Rok-n-rolçu” filminin çəkilişi gedirdi. Çox pis xəstələnmişdim və filmdə tərəf müqabilim Tendi Nyuton mənimlə yataq səhnəsində çəkilmək istəmirdi. Bu zaman çəkiliş meydanına Riçin arvadı Madonna gəldi. Əlində iynə vardı və dedi: “Burada kim xəstədir?”. O, iynəni mənim yumşaq yerimə vurdu. Düzdü, iynədən sonra vəziyyətim yaxşı olmadı, əksinə, daha da pisləşdi. Lakin yenə də sağ olsun...

Edinburqda adlı-sanlı firmaların birində iki il vəkillik üzrə praktika keçmişdim. Vəkillər kollegiyasının nümayəndəsi olmağa iki həftə qalmış məni firmadan qovdular və üzərimdən xaç çəkdilər. Bu, mənim həyatımda yaşadığım ən pis anlardan biri idi. Axı mənim valideynlərim mənə böyük ümid bəsləyirdi və bu pis xəbəri onlara necə deyəcəyim haqda düşünürdüm. İndi isə o hadisələr yadıma düşəndə fikirləşirəm ki, məni firmadan qovan insanları tapsam, yanaqlarından öpərdim...

Anam mənə və 3 uşağına həm analıq, həm də atalıq edib. Atam iki yaşıma kimi bizimlə yaşayıb. O, bir də mənim 16 yaşım olanda peyda oldu. Mənimlə görüşmək istəyirdi. Yaxınlıqdakı restoranda gözləyirdi. Atamla görüşdən sonra göz yaşlarımı saxlaya bilmirdim. Sən demə, bu illər ərzində içimdəki ağrı yığılıb qalmışdı və sonda dözə bilmədim. Mən Qlazqoda universitetdə oxuyanda atamda xərçəng xəstəliyi aşkar edildi. Son günlərini yanında keçirtdim. Bu, həm ona, həm də mənə lazım idi... Mən də ömrümün son günlərini atam kimi keçirtmək istəyirəm. O, sonadək yumor hissindən məhrum olmadı. Atam məsuliyyətli və uğurlu insan deyildi, lakin o, son dərəcə hazırcavab və şən idi...

Bir gün restorana qızla getmişəm. Mən ayaqyoluya gedəndə, o da ayağa qalxıb ayaqyoluya getdi. Ayaqyoludan qayıtdıqdan sonra isə qızı yerində tapmadım. Barmen dedi: “O, məndən sizin harada olduğunuzu soruşdu, mən isə sizin getdiyinizi düşünüb ona belə də dedim. Bilmirdim ki, ayaqyoludasınız. Ona görə də qız inciyərək çıxıb getdi”. Bundan sonra o qızı görmədim.

Tərcümə: Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR