Alber Kamyunun Nobel nitqi – BİZİM TƏRCÜMƏ
Bizi izləyin

Bizim tərcümə

Alber Kamyunun Nobel nitqi – BİZİM TƏRCÜMƏ

Sizin azad Akademiya tərəfindən təltif olunduğum mükafat mənim şəxsi xidmətimdən qat-qat yüksəkdə durur. Məhz buna görə mənim sizə minnətdarlığım bu qədər dərindir. Hər bir insan xüsusilə tanınmaq istəyir. Mən də bunu istəyirəm. Lakin sizin seçiminiz haqqında eşidəndə mən onun əhəmiyyətini mənim etdiklərimin həqiqi dəyəri ilə müqayisə etməyə bilmərəm. Yeganə nailiyyəti şübhələri və hələlik yazmadığı kitablar olan, gününü zəhmətin tənhalığında və dostluğun yalnızlığında keçirməyə adət etmiş, hələ demək olar ki, gənc bir insan birdən-birə tək-tənha, mühafizəsiz-filansız güclü işıq çevrəsinə çıxarılanda bu qərarı özümlü təlaş hissi keçirmədən eşidə bilərdimi? Avropada digər daha görkəmli yazıçılar susdurulduqları və doğma torpağı ardı-arası kəsilməyən fəlakətlərə məruz qaldığı halda, o, bu şərəfə layiq görülməsini hansı hisslə qarşılamalıdır?


Mən çaşqınlıq və daxili təlaş duydum. Sakitləşmək üçün mənimlə həddindən artıq səxavətli olan tale ilə bir növ haqq-hesab çürütməli idim. Yalnız öz şəxsi xidmətlərimə görə mən özümü ona layiq hesab edə bilmədiyimə görə həyatım boyu müxtəlif şəraitlərdə, mənə əl tutan şeydə özümə dayaq tapdım–bu, mənim sənət haqqında və yazıçının rolu haqqında təsəvvürüm oldu. İcazə verin, minnətdarlıq və dostluq hissi ilə bacardığım qədər aydın şəkildə onu şərh edim.

Sənətimdən kənarda mən yaşaya bilmərəm. Lakin heç vaxt mən onu bütün dünyadan üstün tutmamışam. Əksinə, o mənə məhz ona görə lazımdır ki, heç kimdən və heç nədən ayrılmır və mənə sənətkar və insan kimi bütün insanlarla eyni həyatı yaşamağa imkan verir. Mənim üçün sənət heç də tənha yaradıcılığın əyləncəsi deyil. Mənim üçün bu, ümumi iztirabların və sevinclərin ən tutumlu mənzərəsini yaratmaqla mümkün qədər çox adamın qəlbinin tellərinə toxunmaqdır. Sənət - sənətkara öz içinə qapanmağa imkan vermir, o, sənətkarı ən təvazökar və ən ümumi həqiqətə tabe edir. Çox zaman başqalarına oxşamadıqlarını duyduqlarına görə sənətkar taleyini seçənlər tezliklə başa düşürlər ki, əgər başqaları ilə oxşarlıqlarını etiraf etməsələr, onlar öz sənətlərini və orijinallıqlarını heç bir şeylə qidalandıra bilməzlər. Sənətkar - bu, özündən başqalarına doğru aramsız hərəkətdə-keçinə bilmədiyi gözəlliklə ayrıla bilmədiyi insan birliyi arasındakı yarıyolda formalaşır. Buna görə də əsl sənətkarlar heç nədən yan keçmirlər, onlar mühakimə etməyi yox, başa düşməyi öz borcları hesab edirlər. Və əgər onlar bizim dünyada seçim etməlidirlərsə, bunu, Nitşenin dahiyanə ifadəsinə görə hakimin yox, zəhmətkeş yaxud ziyalı olmasından asılı olmayaraq, yaradıcının idarə etdiyi cəmiyyətin xeyrinə edirlər.


Buna görə yazıçının rolu ən çətin problemlərdən ayrılmazdır. Öz təbiəti etibarilə o bu gün tarixi həyata keçirənlərə qulluq edə bilməz, çünki tarix yaşayanlara xidmət edir. Əks təqdirdə o, sənətini itirər və tənha qalar. Yazıçı müstəbidliyin bir neçə milyondan ibarət ordusu-xüsusilə əgər o bu ordularla ayaq-ayağa getməyə razılıq verərsə, bu da onu tənhalıqdan xilas edə bilməz. Lakin dünyanın o biri başında alçalmağa məruz qalan naməlum dustağın susması yazıçını insanların yanına-hər halda azadlığın verdiyi bütün imtiyazlar arasında yazıçı bu sükutu xatırlayanda və öz sənəti ilə onu səsləndirməyə nail olanda-qaytarmaq iqtidarındadır.

Bu vəzifəni həyata keçirmək üçün bizim heç birimiz kifayət qədər böyük deyilik. Lakin həyatın bütün durumlarında adsız-sansız yaxud müvəqqəti olaraq məşhurlaşmış müstəbidliyin zəncirinə pərçimlənmiş, yaxud bu gün öz düşüncələrini ifadə etməkdə azad yazıçı insanlarla birlik hissini əldə etməyə qadirdir. Bu onun sənətini mənalandırar, bir şərtlə ki, o, imkanları daxilində sənətinin böyüklüyünü təşkil edən iki vəzifəni həyata keçirməyə razı olsun: həqiqətə və azadlığa xidmət etsin. Vəzifəsi bəşəriyyəti birləşdirmək olduğu üçün o, yalanla və köləliklə barışa bilməz, çünki yalanın və köləliyin bərqərar olduğu yerdə tənha insanların sayı sürətlə artır.

Şəxsi zəifliklərimizdən asılı olmayaraq, bizim sənətin nəcibliyi boynumuza götürdüyümüz həmişə həyata keçirilməsi çətin olan iki öhdəliyə əsaslanır: bildiyin şey haqqında yalan danışmamaq və zülmə qarşı mübarizə aparmaq.
Qıc olmuş zaman qarşısında aciz və özünü itirmiş bütün nəslim kimi dəli-divanə tariximizin iyirmi ildən artıq dövrü ərzində mən belə mübhəm hissdə özümə güc tapırdım ki, yazıçı olmaq şərəfdir, çünki bu məcbur edir, özü də yalnız yazmağa məcbur etmir. O cümlədən məni bu, gücüm və imkanlarım daxilində bizim ümumi tariximizin zərbələrini üzərinə götürmüş insanların bölüşdürdükləri bədbəxtlik və ümid yükünü daşımağa məcbur edirdi. Birinci Dünya müharibəsinin əvvəllərində dünyaya gəlmiş, Hitler hakimiyyətə gələndə və Stalin diktaturası başlayanda iyirmi yaşı tamam olmuş, sonra təhsilini başa vurmaq üçün həyatını İspaniyada müharibə ilə, İkinci Dünya savaşı ilə işgəncələr, həbsxanalar, konsentrasiya düşərgələri qitəsinə çevirdiyi Avropa ilə üz-üzə qalmış mənim nəslimin insanları bu gün oğul tərbiyə etməli və üstünü nüvə qırğını təhlükəsi almış dünyada yaratmalıdırlar. Mənə elə gəlir ki, heç kim onlardan optimizm tələb edə bilməz. Mən hətta düşünürəm ki, biz onlarla mübarizəni dayandırmadan hədsiz ümidsizlik ucbatından şərəflərini yaddan çıxarmış və müasir nihilizmə cummuş adamları başa düşməliyik.

Lakin mənim ölkəmdə və Avropada çoxları nihilizmi rədd etmiş və tarixin səmərəli davamının axtarışı yoluna qədəm basmışdır. Yenidən dirçəlmək və bu gün dünyanı bürümüş intihar cəhdinə qarşı açıq şəkildə mübarizə aparmaq üçün bu adamlar fəlakətlər dövründə yaşamaq sənətinə yiyələnməli olmuşlar.
Hər bir nəsil belə hesab edir ki, dünyanı yenidən qurmalıdır. Lakin mənim nəslim artıq bilir ki, o, dünyanı dəyişdirməyəcək. Lakin olabilsin ki, onun vəzifəsi daha mühümdür. Bu, dünyanın yoxa çıxmasının qarşısını almaqdır. Payına xəstələnmiş tarix, inqilabların düşkünlüyü dövrü, allahların ölümü, qudurmuş texnika və tükənmişi deologiyalar, orta səviyyəli hökmdarların hər şeyi məhv edə bilməsi, lakin artıq heç kimi inandıra bilməməsi, ziyalıların nifrət və susdurulma nökərləri səviyyəsinə düşmələri zamanı bu nəsil yalnız baş verənlərlə barışmamağa əsaslanaraq özlərində və öz ətraflarında heç olmasa bir qədər həyata və ölümə ləyaqət verən şeyləri bərpa etməli idi. Bizim böyük inkivizatorların hər an ölüm aləminə çevirmək iqtidarında olduqları dünyanın məhvi təhlükəsi qarşısında bu nəsil başa düşür ki, zamanla son dərəcə sürətli qaçışda o xalqlar arasında heç kim üçün köləliyə çevrilməyən sülhü bərpa etmək, yenidən əməyi və mədəniyyəti barışdırmaq, yenidən insanlar arasında həmrəylik körpüsünü qurmaq lazımdır. Onun bu nəhəng vəzifəni nə vaxtsa həll edə biləcəyi məlum deyil, əvəzində məlumdur ki, bütün dünyada o, artıq həqiqətə və azadlığa istinad edir və əgər lazım olsa, nifrət hissi keçirmədən onların uğrunda ölməyə hazırdır. Bu nəsil hər yerdə, xüsusilə orada ki, özünü qurban verir, alqışlanmağa və yardıma layiqdir. Buna görə də mən sizin dərin razılığınıza şübhə etmədən istərdim ki, mənim layiq görüldüyüm şərəfi ona aid edəsiniz.

Yazıçı peşəsinin yüksəkliyi haqqında danışarkən mən eyni zamanda mübarizə yoldaşları ilə bölüşdürdüyü titullardan başqa heç bir ad-sanı olmayan, inadkar və əzabdan tez sınan, ədalətsiz və ehtirasla ədalət arzulayan, öz əsərlərini hamının gözü qabağında utanmadan və özünü çəkmədən, əbədi olaraq iztirabla gözəllik arasında var-gəl edən tarixin dağıdıcı hərəkətinin yolu üzərində inadla yaradılan əsərləri üçün materialı şəxsiyyətinin ikiləşməsindən əxz etməyə məhkum yazıçının kim olması haqqında bir neçə söz demək istəyirəm. Ondan hazır cavablar və gözəl öyüdlər gözləmək olarmı? Həqiqət sirlidir, ələkeçməzdir, onu həmişə yenidən fəth etmək lazım gəlir. Azadlıq təhlükəlidir, çətindir və məstedicidir. Biz həqiqətə və azadlığa doğru çətinliklə, lakin qətiyyətli, irəli hərəkət edərək və bu qədər uzun yolda zəiflik dəqiqələrini əvvəlcədən görərək getməliyik. Bunu bilən hansı yazıçı təmiz vicdanla ləyaqətin təbliğçisi olmağa cürət edər? Mənim özümə gəldikdə boynuma almalıyam ki, heç vaxt adı çəkilən məziyyətlərə malik olmamışam. Mən heç vaxt işıqdan, varlıq sevincindən, uşaqlıqdan öyrəşdiyim azad həyatdan imtina edə bilməmişəm. Lakin bütün bunlara meylimin bir çox nöqsanlarımın, yanılmalarımın səbəbi olmasına baxmayaraq, bu mənə peşəmi daha yaxşı dərk etməyə kömək etdi, bu mənə indi də instinktiv şəkildə susanların və yalnız azad səadətin yaxud onun haqqında xatirələrin qısa işartıları sayəsində vadar edildiyi həyat tərzinə dözənlərin yanında olmağa kömək edir.

Mənim əslində kim olmağımla, imkanlarımla, borclarımla, çətin inamımla bağlı məsələlər aydınlaşdıqdan sonra sizin mənə layiq bildiyinizin mənim üçün nə demək olduğunu ifadə etmək daha asan olar. Mən demək istəyirəm ki, bu mükafatı mənimlə bir yerdə eyni mübarizədə iştirak edən, heç bir imtiyaz əldə etməyib yalnız bədbəxtliyə və təqibə məruz qalanların hamısının xidmətlərinin tanınması hesab etmək istərdim. İndi mənə yalnız mənim sizə şəxsi minnətdarlığımı bildirmək və hər bir əsl sənətkarın hər gün ürəyində içdiyi sədaqət andını hündürdən ifadə etmək qalır.

(Fəlsəfə doktoru Etibar Əliyevin “Ədəbiyyat üzrə Nobel mükafatçıları” kitabından)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm