Dünyanın ən çox alçalmış qadını: Monika Levinski – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Dünyanın ən çox alçalmış qadını: Monika Levinski – FOTOLAR

“Mən öyrəndim ki, sən sabah axşam tək olacaqsan. Və mənim sənə iki təklifim var. Amma sən məni görməsən, heç nə alınmayacaq... Mən öz paltarımı əynimdən çıxaracağam və... Qısası, bilirəm ki, bu, sənin xoşuna gəlməyə bilməz... Ümid edirəm ki, tezliklə görüşəcəyik, ümid edirəm ki, sən mənim ssenarimi qəbul edəcəksən və onu mən istəyən kimi gerçəkləşdirəcəksən”.

O, uşaqlıqda çox utancaq olub. Monikanın atası həmişə hədsiz sərtliyi ilə seçilib. Monika və qardaşı müəyyən olunmuş vaxtdan gec yata bilməzdilər. Kimsə süfrə başında atasından əvvəl ayağa qalxsa, evdə “tufan qopardı”. Bernard özünü nümunəvi ata hesab edirdi. Axı o, uşaqlarına istədikləri hər şeyi alardı. Los-Ancelesdə tanınmış onkoloq işləyən Bernard faşist Almaniyasından qaçan kasıb yəhudinin oğlu idi. Lakin indi ona və ailəsinə hər nə lazımdırsa, ala bilirdi. Onlar iri malikanədə yaşayır və sosial rifahından şikayət etmirdilər.

Monika 10 yaşından etibarən kosmetikadan istifadə etməyə başladı. Anası azyaşlı qızına yanaqlara ənlik və gözlərə qələmi düzgün çəkməyi öyrədərdi. Həmin gün onlar mağazaya gedib qızcığaz üçün bir yığın kosmetika aldılar. Lakin Monika köklüyündən şikayət edərdi. Şam yeməyindən imtina etməklə o, atasını qəzəbləndirirdi. O illərdə anası qızına seriala baxmağı tövsiyə edir. Həmin vaxt Amerikada “Sülalə” serialı məşhur idi və məktəbli qız hər bir qadın üçün ona nəvaziş göstərən, bahalı hədiyyələr alan sevgilinin vacib olduğunu anladı...

Bəs, Monika özü kimdir?

Monika nəinki Ağ evi, hətta az qala bütün Amerikanı yerindən oynadan bir qadındır. ABŞ-ın keçmiş prezidenti Bill Klinton və onun praktikantı Monika Levinski arasında baş vermiş sevgi qalmaqalının üzərindən düz 16 il keçir. Dillərdən düşməyən sevgi romanın təfərrüatları indiyədək də bir çox insanı maraqlandırır.

Uşaqlıqda Monika Levinskinin ailəsi bir anda dağıldı: valideyinləri boşandılar. Məhkəmə qərarına görə, qızcığaz atası ilə qalmalı oldu. Lakin anası tez-tez uşaqlarına baş çəkir, onlarla ünsiyyəti kəsmirdi. Hələ məktəb vaxtı Monika adi sənaye işçilərinin övladları ilə dostluq edib, gecəni onların evində keçirdərdi. O, sadə həyat tərzini daha üstün tuturdu və böyüyəndə özünə sevgili tapacağını güman edirdi, lakin...

On yaşına çatanda yoğun dodaqlı, şabalıdı saçlı Monika öz ilk məhəbbətini anasından gizlətdi. Bu, məktəb müəllimi idi. Onlar qısa müddət ərzində görüşdülər. Hər səhər yuxudan duran Monika atasını oyatmamaq şərti ilə sakitcə saçlarını qaydasına salar və özünü tamamilə xoşbəxt hiss edərdi. O, hələ evdən çıxmamış fikirləri artıq dərsdə idi: sevimli müəlliminə işarələr göndərir və onunla tək qalmaq üçün dərsin sonunu gözləyirdi. Lakin bir neçə aydan sonra müəllim özünü elə aparmağa başladı ki, sanki, Monikanı tanımır. Qız onun evinə zəng etməyə başladı, amma müəllim telefonun dəstəyini qaldırmırdı. Sevimli müəllimi şagirdləri arasında şabalıdı saçlı qızı görən kimi diksinməyə başlayırdı. Sonra isə müəllim qızın oxuduğu sinfi həmişəlik tərk etdi...

Monikanın iki yaxın rəfiqəsi vardı. Axşamlar rəfiqəsigilə qonaq gedən Monika onların yataq otağında ağlayaraq deyərdi: “Nəyə görə? Mən ona nə etmişdim axı? Mən ki onu sevirdim...” Rəfiqələri isə Monikaya öz həmyaşıdlarına fikir verməsini məsləhət bilirdilər. Bir çox oğlanlar yaraşıqlı Monikaya qarşı biganə deyildi. Amma həmyaşıdları Monikaya cansıxıcı və darıxdırıcı gələrdi. Qız onlara heç fikir də verməzdi.

Levinski ailəsinin şəxsi psixoloqu sonralar bunu belə şərh edirdi: Monika uşaqlıqda ata sevgisindən məhrum olub. O, təhtəlşüurunda yetkin kişilərdə ata qayğısı axtarır və onları sevməyə başlayır. Maraqlısı odur ki, Monika evli kişilərə meyl edərdi...

Məktəbi bitirdikdən sonra Monika psixologiya oxumağa başlayır. Onun həyatında yeni namizəd peyda olur: məktəb teatrının direktoru Endi Bleyer. Endi qızı sevməzdi, yalnız ehtiyacı olduqda və ya dara düşdükdə Monikaya üz tutardı. Monika dərhal onun evinə qaçar və ev işlərində yardım edərdi. Bir neçə aydan sonra Endi başqa bir qadınla evlənir. Usanmaz Monika onu necə varsa, elə də sevməkdə davam edirdi: onun üçün Endinin evli olmasının heç bir fərqi yox idi. Monika onun evinə gələrək arvadı ilə söhbət edər, ev işlərində yardımçı olar, onların uşaqlarına qulluq edərdi. Endinin arvadı evdən uzaqda olduqda isə Monika ər-arvadın yatdığı çarpayını da qaydasına salardı. Lakin bir neçə ildən sonra Endi ev qulluqçusundan bezir və onlardan əl çəkməsini xahiş edir. Yenə də, isterika, magik tilsimli sözlər və qarğışlar... Sual isə eyni idi: “Nəyə görə?”...

1995-ci ilin may ayı idi. Havadan vətənpərvərlik qoxusu gəlirdi – amerikalılar divardan dünyanın ən yaxşı prezidentinin portretini asırdılar. Ona görə də ailə dostu Uolter Key gənc Levinskiyə Ağ evin kadrlar şöbəsində praktikant kimi işləməyi təklif edəndə qız etiraz etmədi. Burada Monika həqiqi dostunu tapdı. Linda Tripp ondan yaşca böyük idi. Monika daim rəfiqəsi ilə dərdləşərdi. Günlərin birində o, yarızarafatla Lindaya deyir: “Bilirsən, məncə, prezident mənə vurulub! Təsəvvürünə gətirirsən, mən ona qəhvə gətirəndə hər zamankı kimi özümü təqdim etdim. O, isə gülümsəyərək cavab verdi: “Mən sizin adınızı artıq bilirəm””.

15 noyabr... Linda və Monika Ağ evdə təşkil olunmuş kadrlar şöbəsinin başçısının ad gününə gəliblər. Cah-cəlal içində olan qadınların arasında Monika gəncliyi, sadəlövhlüyü və gülər üzü ilə seçili. Şampan, zarafatlar, qeyri-rəsmi ab-hava... Monika özünü xoşbəxt hiss edirdi, axı onun bu vəzifəyə gəlib çıxmasında kimsə köməklik etməyib. İndi isə gənc Monika Amerikanın “ürəyində”, prezident Bill Klintonun iştirak etdiyi tədbirdə qonaqların arasındadır.

Klinton gecənin sonuna doğru Monikanın tualetdən çıxan zaman gördü. Prezident onu kabinetinə baxmağa dəvət etdi. Qızın ürəyi döyündü, sifəti qızardı və Monika razılaşdı. Və o zaman pəncərəsiz dəhlizdə prezident Monikanı öpmək üçün icazə istədi. Monika isə cavabında yalnız zorla başını tərpədə bildi...

Onlar tez-tez görüşürdülər. Əvvəlcə hər şey yaxşı gedirdi. Bill assistent qıza izdivacının uğursuz olmasını, özünü bədbəxt hiss etməsini və həqiqi sevgili tapmaq istəməsini danışır. Monika standart klişeyə inanır və prezidentin onu nəzərdə tutduğunu güman edir. Monika yatanda da, duranda da prezident haqda düşünür. O, artıq planlar qurur, Klintonla açıq-aşkar şəkildə mağazaları gəzib, övladları üçün oyuncaqlar alacaq, evə mebellər seçəcək. Əlbəttə, Monikanın fikrincə, onların övladı olacaqdı və ailə ayrıca evdə yaşayacaqdı!..

“Bilirsən, mən səni çox sevirəm?” - Monika, az qala, gündə yüz dəfə bu kəlməni Ağ evin daxili elektron poçtuna yazırdı. Bill isə heç kimin heç nə bilməməsi üçün məktubları oxumadan silirdi. Onda qız hisslərini büruzə vermək üçün ayrı yol seçdi: hər gecə o, əl ilə qaralamada ürək sözlərini yazacaq, sonra isə mətni səliqə ilə ağlamaya köçürürdü.

Billin zəngi olmadan qız gecəni yata bilməzdi. Hər halda, o, çox xoşbəxt idi. Axı arzularının kişisini tapmış 22 yaşlı qız necə xoşbəxt olmasın? Onun arzularının kişisinin 49 yaşı vardı, o, evli idi və telefon danışıqları zamanı çox zaman yuxuya gedərdi. Lakin bu, məhz prezidenti seçən Monikanı narahat etməzdi...

Monikanın stolunun üstündə bir yığın foto vardı – Bill Klintonun müxtəlif rakurslarda və vəziyyətlərdə çəkilmiş fotoları - saksafonla, İtaliya səfiri ilə, seçiciləri ilə, mikrofonla olan şəkillər... Şəkillər qəzetlərdən kəsilmiş hissələr idi. Bunların bəzilərini prezident özü ona göndərirdi. Fotoların birində prezident Monikanın ona bağışladığı köynək və qalstukda idi. Amerika paparasilərindən birinin hesablamalarına görə, Monika ona 30-dan artıq hədiyyə vermişdi. Monika təqvimdə bəzən günləri qırmızı flamasterlə boyayardı. Demək, həmin günü Monika prezidentlə olub və gün əla keçib...

Billin ona münasibəti soyuyanda ilk əvvəl qızın ağlına gələn ifadə bu oldu: “Onlar xəbər tutublar!” Əvvəlcə yanaqları qızardı, sonra isə Monika utanmağa başladı və göz yaşlarına qərq oldu. Pəncərəni qırmaq, şüşə qırıqlarını ayağı altına alıb tapdamaq və Billin qucağına atılmaq istəyirdi. Ən yaxın rəfiqəsi Linda Tripp hər gecə onun başını sığallayar, onu sakitləşdirirdi. Linda bundan sonra milli təhlükəsizlik komitəsinə məruzə edirdi. Sonra o, Levinski və Klinton arasında olan telefon danışıqlarının audioyazısını və məktubların surətini də onlara təqdim etdi. Bu zaman Monika abort etdirirdi. Onun ətrafında kişilər çox idi, lakin uşaq böyük ehtimalla, prezidentin idi. Onların münasibətlərinin 3-cü ayı idi və Levinski-Klinton sevgi romanı arasında soyuqlaşma yenicə baş verirdi. Monikanın ürəyi yerindən çıxırdı. Monikanın qınaq və xahişlərinə Klinton qısa və konkret deyərdi: “Günəş hər gün işıq saça bilməz”. Klinton və Levinski son dəfə 1997-cin ilin 24 martında görüşdülər.

Ayrılıq isə may ayında baş verdi. Monika onun dəvəti ilə görüşə münasibətlərinin ilkin vaxtında Billin qıza hədiyyə etdiyi küləş papaqda gəldi. Qız güman edirdi ki, Bill onsuz dayana bilməyib, darıxıb və onu görüşə çağırıb. Monika ona hədiyyələr də gətirmişdi: tapmacalar toplusu və üzərində banan şəkili olan köynək. Qız söhbətə başladı: “Bax gör necə gülməlidir, geyin əyninə”. Klinton ciddi idi. O bilirdi ki, bütün bu hadisələr onun karyerasını bir andaca məhv edə bilər. O dedi: “Bilirsən, mənim, həqiqətən də, sevgi romanlarım çox olub. Lakin bütün bunlar gənclik səhvidir. 40 yaşdan sonra mən dəyişdim. Mən düzgün yaşayıb, arvadıma sadiq qalmaq istəyirəm, ona görə də...” Monika onu sözünü bitirməyə qoymadı və ağladı. Sonra isə qız ona məktub yazırdı: “Xahiş edirəm, mənimlə belə etmə. Mən özümü istifadə olunub atılmış kimi hiss edirəm. Bilirəm ki, əl-qolun bağlıdır, lakin səninlə söhbət etmək istəyirəm. Mən səndən ayrıla bilmərəm. Mən əyləncə, gülüş obyekti olmaq istəmirəm. İstəyirəm sən gülümsəyəsən. Mən tamamilə alçalmışam. Gün kimi məlumdur ki, mən bir daha Ağ evə qayıda bilməyəcəm. Səni heç vaxt incitməyəcəyəm. Mən, sadəcə, belə insan deyiləm. Bundan əlavə, mən səni sevirəm. Xahiş edirəm, məni tərk etmə”.

Klinton heç nə cavab yazmır. Bu, Monikadan aldığı sonuncu məktub idi. Sonra isə məhkəmə etirafları başlayacaqdı. Nağıl bitdi...

Sevgi illüziyası cənfəgiyat idi. Monika növbəti dəfə yaşlı kişiyə inandı və yanıldı. Onun qurduğu dünya anındaca məhv oldu. Xoşbəxt sevginin təfərrüatını anladacaq dəlil-sübutlar ortaya qoyulmağa başlandı. Monika həqiqətən alçaldı, yalanla üz-üzə gəldi. Klinton ona əl uzadıb üzr istəsəydi, Monika hər şeyə rəğmən, prezidenti xilas edərdi, yalan danışıb onun reputasiyasını qoruyardı. Lakin bunlar baş vermədi...

Qalmaqalda nəinki ABŞ-ın təhlükəsizlik şurası, hətta siyasi rəqiblər və pullar da iştirak edirdi. Klinton karyerasını xilas etmək üçün vəkilə həyatı boyu bu qədər çox pul xərcləməməmişdi. Levinski isə əksinə, ABŞ-da 400 min tirajla çıxan “Monikanın tarixi” adlı kitabdan xeyir götürdü. Bir dəqiqədə 3 kitab satılırdı, nəticədə, müəllif 7 milyon dollar qazandı. Bununla da o, öz gələcəyini təmin etmiş oldu.

Lakin indiki gün üçün bu, Levinskini sevindirmir. Monika özünə lazım olan məhsulları internetdən alır. O, küçəyə rahatlıqla çıxa bilmir, çünki hamı onun kim olduğu bilir. O, evində oturub çantaların eskizini cızır, özü toxuyub internetdə satışa qoyur. Levinskinin “istehsal” etdiyi hər bir çantanın dəyəri 150 dollardır. Amma onun qoyduğu biznes yolunda getmir. Bir neçə il bundan əvvəl o, arıqlamağa cəhd edib, lakin cəhdləri xeyir verməyib. Monika əvvəlki kimi şişmandır – 92 kiloqram. Meqapolisdə yaşadığı mənzilində depressiya içində olan Monika gününü şirniyyat yeməklə başa vurur. Ona nə zamansa xoşbəxtlik gətirmiş kişi haqda düşünür. Monika onu çoxdan bağışlayıb və hələ də onu sevir...

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm