Səhnədə çılpaq, həyatda utancaq müğənninin sevgi hekayəsi
Bizi izləyin

Bizim tərcümə

Səhnədə çılpaq, həyatda utancaq müğənninin sevgi hekayəsi

Ledi Qaqa və Teylor Kinni qəribə cütlük kimi görünə bilər.

Ledi Qaqa öz qalmaqallı geyim və çıxışları ilə məşhur olan müğənnidir. O, səhnədə çılpaq çıxış etməyə də etiraz etmir. Hər zaman özünü tanınmaz hala salan Ledi Qaqanın tərəf müqabilinin də dəlisov insan olacağını güman etmək olar. Lakin onun sevgilisi çox yaraşıqlı görkəmə malik olan uğurlu aktyorlardan biridir.

“Bizim tərcümə” layihəsi qalmaqallı və biabırçı ad çıxaran Ledi Qaqa və ideal kişi standartlarına cavab verən aktyor Teylor Kinni arasında davam edən üçillik sevgi hekayəsini təqdim edir.

Onlar ilk dəfə 2011-ci ildə müğənninin “You and I” (Sən və Mən) klipinin çəkiliş meydançasında tanış olublar. Günlərin birində Ledi Qaqanın prodüseri Teylora zəng edərək deyib: “Bilirsiniz, o, sizin fotolara baxıb ağzının suyunu axıdaraq deyib: “Bu lap şirin nabata oxşayır”. Ledi Qaqa həmçinin sizin çəkildiyiniz serialı da bəyənir. 3 günlük çəkilişə görə 700 min dollar qazanacaqsınız”.

Maraqlıdır ki, onlar klipdə erotik səhnədə çəkilməli idilər. Lakin Teylor müğənninin nə yaradıcılığını, nə özünü, nə də kliplərini bəyənirdi. Bundan əlavə, o, klipdə Ledi Qaqa ilə çılpaq olmalı idi. Onun gözləri önünə hiperaktiv, tərbiyəsiz, davranış qaydalarını bilməyən bir qız gəlirdi. İndi isə onunla eyni klipə çəkilib, hələ bir yarıçılpaq da olmalı idi?

O cavab verdi:

- Mən sizə dəqiq cavab verə bilmərəm. Klip? Bu ki başdan ayağa zibildir! Mən bütün pərəstişkarlarımı itirə bilərəm. Klip çəkilişini agentim ilə müzakirə etməliyəm.

- Sənin başın xarab olub? Bu, milyonda bir qarşına çıxa biləcək bir şansdır. Ona görə də ağlını başına yığ.

Teylor həvəssiz və qərarsız idi. Klipin mətni olan kağızlara baxır, sonra da onları bir kənara tullayırdı. Mətn ona cəfəngiyat kimi görünürdü, su pərisi görkəmində olan qız əlindəki suyu dağıdır, sonra müxtəlif pozalar alır. Teylor başını ciddi işlərə qoşmaq istəyirdi, uşaq oyunlarına yox. “Yox, razı olmayacağam. Bu nədir? Tuman əvəzinə bədən binti? Bintləri şalvarla əvəz etmək olmaz? Mən çılpaq çəkilmək istəmirəm!”, - Teylor başını yellədi.

Ledi Qaqanın prodüseri Bob dedi:

- Ledi sənin bu qərarından narazı olacaq. Bu kostyumu o, sənin üçün hazırlayıb. Onun sinəsi, ombaları da bu bintlə bürünəcək. O, sənin idmançı bədənini yarıçılpaq görüb və klip çəkilişləri üçün məhz səni seçib.

- İşə düşmüşük də...

- Nə istəyirsənsə, deyə bilərsən. Sən artıq seçilmisən. Və Ledi Qaqa sənin etiraz etdiyindən xəbər tutsa, təsəvvürünə belə gətirə bilmirsən ki, necə qalmaqal yaradacaq. Bundan əlavə, sən özünü nə hesab edirsən? İkinci planda oynayan aktyorsan. Mənim sözlərimi qulağından as: Ledi Qaqa ilə klipə çəkildikdən sonra sənin üçün ayrıca film ssenariləri yazılacaq.

Uzun danışıqlardan sonra Teylor Kinni, nəhayət ki, həvəssiz də olsa, razılığını verdi...

İsti bir yay günü idi. Futbolka və cins şalvar bədəni sıxır, istidən nəfəs almaq olmurdu... Budur, Teylor çəkiliş meydanındadır. Əlacı olsa, indi soyuq bir duş qəbul edər, buzlu limonad içər və sonra da sevdiyi qızla (Kendis Akkolo ilə o, serialın çəkiliş meydanında tanış olmuşdu) sevişərdi.

Teyloru qrim otağına apardılar. Əhvali-ruhiyyəsi sıfırdan da aşağı idi. İki saat qrim prosesindən sonra, nəhayət ki, o, çəkiliş səhnəsinə getdi. Birdən onu gördü...

Ledi Qaqa onun təsəvvür etdiyi seksual manyaka qətiyyən oxşamırdı. Balaca, arıq, gülərüz qız idi. Başındakı parik və üzündəki bir kiloqramdan çox makiyaj onun gözəlliyini, incə və iri gözlərini gizlədə bilmirdi. Onun üzərində qrim işləri gedirdi. Alt geyimdə olan Ledi gülərək başını yellətdi və əl uzatdı:

- Salam, mən Stefaniyəm.

- Salam, mən Teyloram.

Onların barmaqları bir-birinə toxunar-toxunmaz aralarından, sanki, elektrik cərəyanı keçdi. Həyəcandan Teylorun boğazı qurudu. Hər şey məlum oldu: Teylor onu ilk baxışdan sevdi! Ledi Qaqanın şirin səsi ilə öz həqiqi adını deməsi onun beynində fırlanırdı... Teylor sanki yuxudan ayıldı və anladı ki, lənətə gəlmiş bu klipdə Stefani üçün hər şey olmağa, lap çılpaq çəkilməyə də razıdır. Təki onunla bir az da çox qala bilsin.

Bu elektrik cərəyanı hər ikisi arasından keçmişdi. Bütün çəkiliş boyunca bu hiss özünü doğruldaraq daha da güclənirdi. Dubl arxasınca dubl gəlirdi və Teylor klipdə Ledi Qaqanın yanında uzanıb onu tumarlamaqdan doymurdu.

Aktyorluğa yenicə başlayan Teylor dünyaşöhrətli müğənnini görüşə dəvət edə bilmirdi... Teylor onu daha yaxından tanımaq və daxili aləmini öyrənmək istəyirdi. O, dublun yenidən çəkilməsini təkid edirdi ki, Stefani ilə qalsın. Lakin rejissor hər iki baş barmağını göyə qaldırmaqla “Əla! Çəkildi. İkinci dubla ehtiyac yoxdur. Hamıya təşəkkür edirəm, sabah gəlməyə bilərsiniz”- deməklə Teylorun arzusunu ürəyində qoydu.

Teylor üzündəki qrimi silə-silə Ledi Qaqaya yaxınlaşıb onu şam yeməyinə necə dəvət edəcəyi haqda planlar cızırdı. Bütün variantlar utopik idi. Axı Ledi Qaqa hara, Teylor Kinni hara?.. “Yəqin ki, Ledi Qaqa cangüdənləri ilə əhatə olunub, onu çöldə limuzin gözləyir. Mən kiməm ki, ona yaxınlaşım?” Bu fikirlər Teylora rahatlıq vermirdi.

Teylor bu fikirlər üzərində baş sındırıdığı halda, birdən qapı açıldı və onun qarşısında Stefani peyda oldu. Kosmetikasız və pariksiz Teylor onu çətinliklə tanıdı. Gödək boylu (155 santimetr), iri burunlu və iri, qəmgin gözlü Stefani ona italyan filmlərindəki aktrisaları xatırlatdı. Ledi Qaqa sonralar Teylora atasının italyan olduğunu etiraf edəndə bu assosiasiyanın əbəs olmadığını anlayacaq...

Qız qapıdan içəri girdi, qarşıdakı stulda oturub gülümsədi:

- Qulaq as, Teylor, sən... sən mənimlə bara gedib, nəsə içmək istərdinmi? - və dərhal əlavə etdi, - sonra isə sürücüm səni hara lazımdısa, aparacaq.

Teylorun gözlərinə işıq gəldi: axı Ledi Qaqa təşəbbüsü ələ alaraq özü Teyora yaxınlaşıb və onun üzərində yarım saat baş sındırdığı məsəlini rahat yolla həll etdi! Möcüzədir! Əlbəttə, o, Stefani ilə istənilən bara getməyə hazırdır. Onunla oturub, soyuq-isti nə olsa, içər...

Həmin isti iyul ayından etibarən onların sevgi romanı başladı. Stefani hara getsə belə, bəzənib-düzənər və getdiyi yerdə də nəyisə salıb sındırardı. Qız gerçək həyatda çılpaq görünməkdən utanardı. Ona görə də onlar pərdələri tam bağlı olan qaranlıq otaqda sevişməyə üstünlük verirdilər. Bu vəziyyətdən təəccüblənən Teylor bir gün dedi: “Maraqlıdır, sarışın və utanmaz qız hara gedib?” Stefani çaşqınlıq içində cavab verdi: “Sən kimi deyirsən? Hə, onu... Bilmirəm, haradadır. Onun üçün bu qədər darıxırsansa, televizora bax”.

Teylor Kinni deyib: “Mən çox təmkinliyəm, o isə yox. Hər necə olsa, biz bir-birimizə uyğun gəlirik. Bəlkə də, elə bu fərqə görə uyğunlaşa bilirik”.

Çox maraqlıdır ki, biz Ledi Qaqanı daha çox hökmlü xarakteri və qəribə davranışları ilə tanıyırıq. Lakin xarici görünüş aldadıcıdır. Stefani gündəlik həyatda adi bir qızdır. Bundan əlavə, Teylorun anası Stefanini çox istəyir və daim onun konsertlərini ziyarət edir.

Hər çıxışında necəsə xuliqan hərəkətlər etməyə çalışan Ledi Qaqa sevgilisindən söz düşən kimi ciddiləşir. O, öz ailə həyatının normal olduğunu və bunun digər insanların həyatından fərqlənmədiyini iddia edir. Günlərin birində tərbiyəsiz jurnalistlərdən biri Ledi Qaqadan sevgilisinin cinsiyyət orqanının ölçüsünü soruşanda da Ledi Qaqa özünü ələ alaraq sakitcə demişdi: “Teylorun cinsiyyət orqanı çox böyükdür. Əminəm ki, o, bununla fəxr edir”.

Əlbəttə, Teylor əvvəl-əvvəl sevdiyi qadının səhnəyə çılpaq çıxmasından əsəbiləşərdi. Onlar hətta aylarla bir-birindən ayrıldılar, lakin aralarındakı sevgi və ehtiras onları yenidən birləşdirdi. Aktyor onun səhnə imici ilə barışaraq, həqiqi Stefaninin yalnız ona məxsus olduğunu anladı. Yerdə qalanlar isə... sadəcə, teatr tamaşasıdır.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm