Bənnalıq edən aktyorun həyat hekayəsi – FOTOLAR
Bizi izləyin

Bizim tərcümə

Bənnalıq edən aktyorun həyat hekayəsi – FOTOLAR

“Terminator” və digər fantastik döyüş filmlərinin adlarını çəkərkən ağıla ilk növbədə dünyaşöhrətli aktyor Arnold Şvarsenegger gəlir.

“Bizim tərcümə” layihəsi 40 il bundan qabaq idmançı olmağı arzulayan sadə avstriyalı oğlan Arninin karyerasının zirvəsinə necə qalxması barədə yazını təqdim edir.

O, 1947-ci il iyulun 30-da Avstriyanın Tal-Qras şəhərində 38 yaşlı polis rəisi Qustav və 23 yaşlı evdar qadın Aurelianın ailəsində dünyaya gəldi.

Nasist partiyasının üzvü olan atası çox qəddar və kobud insan idi. Elə atasının amansızlığına görə Arni Avstriyanı həmişəlik tərk etmək və bir daha geri qayıtmamaq haqda düşünürdü. Ata isə oğlunu idmançı kimi görmək istəyirdi.

Erkən yaşlarında Arnold futbolla maraqlanırdı. Atasının sərtliyinə görə balaca Arni futbol məşqlərinə qatılmağa gücü çatmadığı halda, bütün gücünü toplamalı və onun dediklərini etmək məcburiyyətində idi.

Arnold qardaşı Maynhardla uşaqlıqdan mala sənətini öyrənərək, muzdurluq etməklə pul qazanardı. Qardaşlar 14 yaşınadək nə telefon, nə də qlobusla tanış idilər. Sanki Arnold dünyadan təcrid olunmuşdu.

Arnold 15 yaşında olarkən ağırlıq qaldırma atletikası üzrə dünya çempionatında rus idmançısı Vlasovun nümayişini izləyir. Ağılıq qaldırma yarışları onun o qədər xoşuna gəlir ki, Arnold gələcəkdə kim olacağına qəti qərar verir. Bundan sonra Arni həmçinin də atasının təkidi ilə Vlasova bənzəmək və ağırlıq qaldırma yarışlarına qatılmaq üçün məşq etməyə başlayır.

Arnold ağırlıq qaldırma yarışları ilə ciddi şəkildə məşğul olur. Qrats şəhərində idman zalı bayram və istirahət günlərində ziyarətçilərin üzünə bağlandığı zaman belə o, gizlin şəkildə zala daxil olub, məşqlərini tək davam etdirir.

Oğlan əzələləri şişirtmək üçün qidaların istifadəsindən də yayınmır. Onun 17 yaşı olarkən hətta məşqçisi ona yaxınlaşmağa belə çəkinirdi.

“17 yaşımda Qrats şəhəri Atletik Şurasının üzvü kimi 84 kiloqramlıq ştanqı qaldırardım. Bütün zal məni alqışlayar, mən isə bundan ruh yüksəkliyi duyardım”.

O, küçədə yeriyərkən iri əzələ və hündür boyuna görə diqqət çəkərdi.

Məktəbi bitirdikdən sonra Arnold hərbi xidmətə qoşulur. Onun sözlərinə görə, hərbi xidmətə getməklə o, dincəlmək və yuxusunu almaq məqsədi güdürdü. Arnold tankçı, sürücü-mexanik idi. Qeyd edək ki, sovet ordusundan fərqli olaraq, 188 santimetr boyu olan insan qərbdə tankı idarə edə bilərdi.

Maraqlıdır ki, Şvarsnegger yeganə oğlan idi ki, 18 yaşının olmasına baxmayaraq, tank idarə edirdi. Düzdür, Arnold heç də mükəmməl əsgər deyildi. Hətta bir dəfə tankını suya batırmışdı da...

Hərbi xidmətini başa vurduqdan sonra Arnold “Mister Avropa” kulturizm idman yarışlarında iştirak etmək arzusuna düşür. Arni yarışlarda qalib gəlir. Məsələ onda idi ki, tankçı hərbi xidmətdə də sərbəst şəkildə ağırlıq qaldırmaqla məşğul olurdu.

O, 1967-ci ildə “Mister dünya” idman yarışlarında iştirak edən ən gənc idmançı idi. Arnold olduqca gənc idi, bununla belə o, iri bədəni və əzələli gövdəsi ilə seçilirdi. O, əminliklə özündən 5-6 yaş böyük olan rəqibləri ilə yarışırdı...

Arnold ikinci dəfə 1967-ci ilə Londonda keçirilən “Mister Dünya” yarışlarında qalib gəlir. Bundan sonra onun şan-şöhrəti dünyaya yayılır. Lakin bodibildinqin vətəni Amerika idi və onu okeanın o biri üzünə dəvət edirdilər. Arni Amerikaya getməkdən imtina edirdi. Çünki Münhendə yaşayan Arnold istədiyi həyat tərzi sürürdü: əyyaşlıq edir, dava salır, hər gün bir qadınla əylənirdi...

Arnoldun o zamankı, yoldaşlarının sözlərinə görə, o, hind toyuğu kimi özündənrazı və dalaşqan idi. Gecə klublarında baş verən bütün davalarda iştirak edirdi. Nəticədə, Arnoldun davranışları polisin diqqətindən yayınmırdı.

Arnold həbsə düşməkdən yaxa qurtarmaq üçün, nəhayət ki, Almaniyanı tərk etməyə qərar verir. Beləliklə də, 1968-ci ildə ilk dəfə olaraq Arnold Amerika torpağına ayaq basır...

Arnold Kaliforniyaya gələr-gəlməz amerikalılar arasında da sevilməyə başlandı. O, hətta Amerikada bənna kimi də işləməyə başladı. Onun bənnalıq sənətini bilməsi sonralar şöhrətinin artmasında yardım etdi. Belə ki, 1971-ci ildə San-Fransiskoda güclü zəlzələ baş verdi. Şəhərdə binaları yenidən tikmək üçün bənnalar tələb olunurdu. Arnold insanlara yardım edərək dağılmış binaları yenidən inşa etməyə başladı.

Lakin Arni bütün ömrü boyu fəhlə işləmək istəmirdi. O, Amerikanın idman zallarında məşqlərini davam etdirirdi. Zəhmətkeş Arni bodibildinq akssesuarları və “Bir il ərzində Apollona necə çevrilmək” adlı videokassetlər satırdı. Bu videokasetlərdə Arni bodibildinqə marağı olan insanlar üçün kurs keçirdi. Bənnalıqdan və video satışından qazandığı pulları yığaraq poçtla daşınan mallara investisiya qoydu. Poçtla daşınan mallardan və yarışlardan qazandığı pullar gündən-günə artmağa başladı. O, əldə etdiyi vəsaiti bu dəfə daşınmaz əmlaka yatırdı. Arni yoldaşının məsləhəti ilə pulları antik əşyalar sahəsinə sərmayə qoydu. 30 yaşında ikən Arnold milyonerə çevrilmişdi.

1970-ci illərdə öz adını bodibildinq növü üzrə dünya tarixinə həkk etdirdikdən sonra, digər idman yoldaşları kimi kinoda çəkilməyə başladı. O, bir sıra çətinliklərlə qarşılaşırdı: soyadını düzgün tələffüz etmirdilər, özü kobud alman aksentindən xilas ola bilmirdi və həddindən iri əzələlərinə görə problem yaşayırdı.

Amma elə bu iri əzələlərə görə də onu “Herkules” filminin çəkilişinə dəvət edirlər. Xoşbəxtlikdən, Herkules film boyu az söz istifadə etdiyindən onun kəskin aksenti nəzərə çarpmır. Bununla belə, Arnold bodibildinq yarışlarından da imtina etmir. O, hətta yarışların keçirilməsi üçün öz şəxsi studiyasını da açır.

Arni bədəni ilə yanaşı ağlını da inkişaf etdirməyə çalışır, 70-ci illərin sonunda Viskonsin universitetində iqtisadiyyat üzrə təhsil alır.

Arni Amerikaya gələrkən məktəb müəlliməsi Barbara Beykerlə tanış olaraq, 5 il onunla yaşayır. Ayrılıq səbəblərini Arnold belə izah edir: “O, sakit və ağır təbiətli qadın idi. O, hamı kimi adi həyat yaşamaq istəyirdi. Mən axı “hamı kimi yaşamaq” anlamı ilə razılaşa bilməzdim”.

Beyker isə onu belə xatırlayır: “Arnold çox şən, xarizmatik və macərasevən insan idi. O, bütün dünyanın onun ətrafında fırlanmasını tələb edirdi. Mən həyatımda hələ belə eqoistə rast gəlməmişəm”.

Arnold ona hər zaman xəyanət edərdi. 2006-cı ildə Beyker avtobioqrafik kitab nəşr etdirir. Kitabda Arnold “avstriyalı qanmaz” adlandırılır.

1977-ci ildə Arnold saç ustası kimi çalışan Syu Morey ilə ailə həyatı qurur. O, elə həmin ildə jurnalist Mariya Şrayverlə görüşməyə başlayır. Arnold bir il ərzində həm arvadı, həm də məşuqəsi ilə sevgi münasibətləri yaşayır. Bir ildən sonra arvadı ərinin ona 2 qadınla (Arnold aktrisa Bricit Nilsenlə də roman yaşayırdı) görüşməsini xəbər tutduqdan sonra boşanma ərizəsini verir. Amma Arnoldun həyatında əsas qadın Mariya idi. 1986-cı ildə onlar evləndilər.

Hazırda cütlüyün 4 övladı var. Lakin son zamanlarda baş verən qalmaqaldan sonra Mariya uzun müddət birgə yaşadığı ərindən boşanmaq haqda ərizə ilə müraciət edərək evdən gedib. Hadisə onların gümüş toyundan 1 həftə sonra baş verib.

Günah isə yenə Arnolddadır. Sensasiyalı faktlar ortaya çıxıb: sən demə, Arnoldun evində qulluqçu işləyən qadından nikahdankənar oğlu varmış. Arni onunla nikahdankənar doğulmuş oğlu ilə tez-tez görüşərdi. Maraqlıdır ki, oğlan özü də atasının Şvarsnegger olmasından şübhələnməyib.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm