Okeanla bağlı adam, arada filmə çəkilən, adrenalini sevən narkoman – Hollivud yaraşıqlısının faciəvi həyat hekayəsi
Bizi izləyin

Bizim tərcümə

Okeanla bağlı adam, arada filmə çəkilən, adrenalini sevən narkoman – Hollivud yaraşıqlısının faciəvi həyat hekayəsi

Hər şey anidən baş verdi. Qırmızı rəngli “Porshe” yüksək sürətlə əvvəlcə dirəyə, sonra isə ağaca çırpıldı. Avtomobil alova bələndi. Həmin maşında Hollivudun yaraşıqlı aktyorlarından biri Pol Uoker yanaraq həlak oldu.

“Bizim tərcümə” layihəsi bir il bundan qabaq vəfat edən aktyoru xatırlayır.

Hollivudda baş verən avtomobil qəzası hər hansı bir döyüş səhnəsini xatırladırdı. Lakin hadisə yerinə çəkiliş qrupu yox, alovu söndürməyə çalışan yanğınsöndürənlər axışırdı. Kimsə od tutub yanan avtomobildən sərnişin və sürücünü necə çıxarmaq haqda qışqırırdı. Lakin polis də, yanğınsöndürənlər də bunu edə bilmədilər... Az sonra şəhər polis bölməsindən belə bir elan verildi: “Hadisə nəticəsində avtomobildə olan sərnişinlərin meyiti o qədər tanınmaz hala düşüb ki, onların kimliyini müəyyən etmək üçün dantist rentgeninə müraciət olunacaq”...

Amma qayıdaq bir neçə il əvvələ...

Pol Uoker sarışın, mavigözlü və füsunkar görünüşlü oğlandır. Bu yaraşıq yalnız Kaliforniya oğlanlarına məxsus ola bilər. Okeanın sahilində Pol əlində serfinq lövhəsi ilə dayanaraq agentinə deyir: “Narahat olma, Mayk. Hər şey yaxşı olacaq!”. Lakin agenti ona acıqlıdır. Üç saatdır ki, o, Polu tapmaq üçün özünü oda-közə vurur, Pol isə dalğaların ağuşunda kef edir. Mayk ona zəng etməyə çalışır, lakin zəng çatmır, axı Pol okeanda, dalğaların arasındadır. Sonra bununla bağlı şikayətləri eşidəndə isə oğlan: “Sən nə danışırsan, qardaş, mən serfinq lövhəsinin üzərindəyəmsə, deməli, dünya mənim üçün mövcud deyil”, - Pol hər dəfə agentinə belə cavab verərdi.

Halbuki elə Maykın sayəsində Pol qızların sevimlisinə çevrilmiş və küçə avtomobil yarışları haqda filmə çəkilərək dünyada şöhrət qazanmışdı. Pol artıq Hollivudun sevimlisi idi. O, gününü əyləncələrdə şampan qədəhləri ilə keçirmək əvəzinə, dalğalara hücum çəkərdi. Və yaxud da, kinodakı obrazı kimi, benzin və yanıq rezin qoxusu verən avtomobili ilə Hollivud küçələrində şütüyərdi. Sürət həddini aşdığı üçün Mayk onu neçə dəfə polis məntəqəsindən çıxarıb! Pol isə hər dəfəsində özünü sındırmadan deyərdi: “Qardaş, vecinə də alma. Polis bölməsinə düşməyim ilk dəfə deyil ki...”. Pol küçələrdə keçirilən qeyri-qanuni avtomobil yarışlarını nəzərdə tutardı. Yarışlar adətən polis müdaxiləsindən sonra dayandırılardı. Kimi həbs olunar, kimi də avtomobilinə əyləşərək sürətlə hadisə yerindən qaçardı. Çox zaman bu, Polda da alınardı. Hər halda o, bəxti gətirən insan idi...

Agenti Mayk və rejissor Rob Koenə yeni bir ideya verən də məhz Pol idi: həmin ideya gerçəkləşərək efirlərə “Forsaj” filmi adı altında təqdim olundu.

Söhbət isə belə oldu: rejissor Rob Koen aktyorun ideyası ilə maraqlandı. Pol filmdə maskalanmış polis və ya sürücü rolunu oynamaq istəyirdi. Rob ona yaxınlaşaraq dedi: “Ssenari hələ ki, yoxdur, lakin elə hesab ki, sən artıq polissən. İşin-gücün bahalı maşınların arxasınca düşüb, onlara atəş açmaq və gözəl qızlarla sevişmək olacaq”.

Rob küçə yarışları keçirilən əraziyə gəldi. İri bədənli tatulu oğlanlar növbəti yarışa çıxmaq üçün avtomobilləri qaydasına salırdılar. Pol rejissoru uzaqdan tanıyaraq yaxınlaşdı və xəbərdarlıq etdi: “Onlar mənim yoldaşlarımdır və kinoya onlarla birgə çəkilmək istəyirəm. Nöqtə”...

Hər şey Pola söz verildiyi kimi oldu – maşın yarışları, qızlar, trüklər... Filmdə Polun tərəf müqabili Vin Dizel idi. Pol artıq onu əzələli səfeh kimi yox, hiyləgər və ağıllı insan kimi tanımağa başladı...

Filmin premyera günü Pol görüşlərdən yayınırdı.

Dostları isə onu axtarırdılar: “Kinoteatrın qarşından insan axını toplaşıb! Heç kim dağılışmır! Hamı dəli olub! Pol, tez elə bura gəl, bir gözəlçə səninlə danışmaq istəyir. Telefonun dəstəyini sənə verim?”.

Bəli, film Robun dediyi kimi, “mədəni fenomen”ə çevrilmişdi. Pol isə “Forsaj” dünya işığına çıxdığı zaman telefona cavab vermədən evinə gedib yatdı. Filmin necə alqışlandığı barədə o, yalnız səhər yuxudan duranda eşidə bildi...

Pol rolunun öhdəsindən gəlmişdi. Axı o, küçə yarışlarının bütün qaydalarını, əyləclə işləməyi və bütün trüklərı gözəl bilirdi. Ondan başqa kim bu rolu belə canlandıra bilərdi?

“Mən həyatımı saniyədə 25 mil sürətlə keçirdirəm” – bu, “Forsaj” filminin baş qəhrəmanı Brayanın devizi idi. Bu sözlər sonradan həm Polun, həm də milyonlarla insanın şüarına çevriləcəkdi.

Pərəstişkarlar filmin davamını çəkməyi tələb edirdilər. Yekə-yekə kişilər kinoteatrda oturub polis qiyafəsini dəyişib, özünü yarış iştirakçısı kimi aparan və həyəcanverici avtomobil yarışlarına qoşulan dəlisov insanın adrenalin dolu filmini izləyirdilər...

Pol yaxınlarını sevirdi. Model kimi çalışan anası Vyetnam müharibə veteranını sevmişdi. Ailə dindar idi. İki ildən sonra onların balaca mələyə bənzər mavigözlü oğlu dünyaya gəldi. Anası Şerilin işlədiyi model agentliyi Polu və qardaşını reklam çarxlarında çəkmək istədi. Balaca mələk uşaq bezi, oyuncaqlar və bu kimi reklamlarda çəkilməyə başladı. Pol qardaşından üstələyərək, 60-dan çox reklam çarxına çəkildi. Qardaşlar ailəyə pul gətirirdilər. Ailə isə getdikcə böyüyürdü: onun 2 bacısı və daha bir qardaşı dünyaya gəlmişdi. Bu ərəfələrdə atası ailəni tərk etmişdi. O, bəzən uşaqlara baş çəkər, onların güzəranı ilə maraqlanardı. Pol atasına nifrət etsə də, ondan tərif, alqış, sevgi gözləyirdi.

Məktəbdə isə Polu incidərdilər. Ona “yaraşıqlı” deyən kimi özündən çıxardı və yoldaşlarının ağız-burnunu dağıdardı. Ona görə də, Polu heç də sakit oğlan hesab etmək olmazdı. Sonra isə Pol küçə avtomobil yürüşçüləri ilə dostluq etməyə başladı. Anası Polun marağının haradan gəldiyini bilirdi. Axı onun babası Fordun zavodunda çalışmış və öz təqaüdü hesabına avtomobil təmiri üçün emalatxana açmışdı. Baba özü gəncliyində müştərinin avtomobilinə əyləşərək, qeyri-qanuni maşın sürərdi. Yeganə qorxusu nəvəsi ilə bağlı idi. Təki Pol onun yolu ilə gedərək müştərinin avtomobilinə minməsin. Çünki qonşuluqda çoxlu polis yaşayırdı. Polun isə arzusu dəniz bioloqu olmaq idi...

Məktəbi bitirdikdən sonra Pol bir neçə uğursuz seriallara çəkildi. Lakin qızlar arı bala cuman kimi onun ətrafında dövr edirdilər. Pol özünü belə təqdim edərdi: “Mən okeanla bağlı olan insan, arada filmə çəkilən, adrenalini sevən narkomanam”. Polun sevgi macəraları uzun çəkməzdi. Qızlardan rahatlıqla ayrılardı. Qızlar ona görə əziyyət çəkəndə Pol özünü günahkar hiss edərdi. Əlbəttə, sonra bu hiss tez keçib gedərdi...

Nikahdankənar münasibətlərə atası tərəfindən qoyulan qadağa uşaqlıqdan onun beyninə yerimişdi. O, bəzən qadağını pozur, sonra isə iztirab çəkirdi. Düzdür, o, elə astaca günah işlədirdi ki, onu hadisə başında yaxalamaq müşkül məsələ idi. İstisnalar da var, məsələn, Cessika Alba...

Cessikanın bədən forması Polun diqqətindən yayınmamışdı. Bundan əlavə, qız da ona qarşı laqeyd deyildi. Lakin bu münasibətlər də çox çəkmədi. Cessika, sanki, onun üçün “başağrısı” idi. Özünü dahi aktrisa hesab edirdi. O, film çəkilişləri zamanı Polun okeanda köpək balığı ilə yanaşı üzməsinin əleyhinə idi. Qız suya dublyorun və ya yalançı akulanın atılmasını tələb edirdi. Cessika təşəbbüsü ələ alaraq, suya oyuncaq köpək balığını atdı. Bundan qorxan əsl köpək balığı, az qala, Polun qolunu yerindən qoparacaqdı...

Sonra isə Pol serfinqdən sonra kafedə qəhvə içərkən Rebekka Sotreslə tanış oldu. Rebekkanın hamilə qalması Pol üçün dəhşətə bərabər idi: axı o, hələ də ata olmağa hazır deyildi. Qaçmaq, qaçmaq, arxana baxmadan qaçmaq, axı o, bütün qoruq və qadağaları pozub! Rebekka ona hamilə olduğunu dedikdə Pol cavab verdi: “Mən əclafın biri, it oğlu itəm! Lakin evlənə bilmərəm! Evlənsəm, lap pis olacaq!”.

Medou dünyaya gələndə Pol ona biganə qala bilmədi. Qıza soyadını verdi və ona pul yardımı göstərirdi.

33 yaşlı Pol sarışın, gözündə eynəyi olan qıza ilk baxışdan vurulmuşdu. Jasmin Pilçard-Qosnelin 16 yaşı vardı... Pol hətta onu yaxınları ilə də tanış etdi. Jasmin ciddi, ağıllı, hər şeyə maraq göstərən qız idi. Sadə geyinər və bəzək-düzəkdən istifadə etməzdi. Jasmin təbii idi, Pol isə onu həqiqi sevdiyinə əmin oldu...

Pol ona xəyanət etməkdən də vaz keçmirdi. Sonra isə peşmançılıq hissi keçirib, Jasminin hələ gənc olması və həyatının irəlidə olması ilə təskinlik tapardı...

Polun qızı Medou atasıgilə qonaq gəlməyə hazırlaşırdı. Jasminin bunu necə qəbul edəcəyini düşünən Pol qızının gəlişinə çox da sevinmədi. Lakin Jasmin və Medou rəfiqə ola bildilər. Axı onlar arasındakı yaş fərqi çox deyildi. Medou atasından bacı və ya qardaş istəyirdi. Amma bu söhbətlərdən Polun bədəni soyuq tər basardı...

Polun ailəsində toy mərasimi keçirilirdi. Qardaşı şeytanın qıçını qırmışdı. Ailə şənliyinə hamı gəlmişdi, o cümlədən də, Polun atası... O, Polu qucaqlayaraq bağrına basdı və gözlənilmədən dedi: “Oğlum, xahiş edirəm, maşın yarışlarını at. Sürəti azalt. Sən bilirsən ki, biz hamımız səni necə sevirik. Sənin başına bir iş gəlsə, bununla barışmaq çətin olacaq...”. Pol təkid edirdi, lakin ata sözlərində israrlı idi: “Mənə söz ver, oğlum. Söz ver ki, həyatını riskə atmayacaqsan”. Pol söz verdi: “Yaxşı, ata. Bir daha risk etməyəcəm”.

Noyabr ayı idi... Pol və dostu Rodas avtomobil şousuna hazırlaşırdılar. Şouya hamı gəlmişdi. Medou da orada idi, lakin Jasmin imtahanda olduğu üçün iştirak edə bilmirdi. Pol “Porche” avtomobilinin yanında durub poza verir, şəkil çəkdirirdi. O, bir neçə dəqiqədən sonra avtomobilin onun həyatına son qoyacağından şübhələnmirdi də. Rodas dostu Pola yaxınlaşaraq onu avtomobil sürməyə dəvət etdi. Onlar maşına əyləşərək açıq pəncərədən “Biz indi gəlirik”, - deyərək şoudan uzaqlaşdılar. Rodas sürəti artırdı və onlar üzlərində sərin noyabr küləyini hiss etdilər...

Pol və dostu Rodasın həlak olduğu yerdə pərəstişkarlar abidə qurub. Minlərlə insan insident baş verən yerə yaxınlaşaraq, şam, gül, məktublar qoyur. Dəfn günündə isə 10 mindən çox avtomobil və motosikl tabutu müşayiət edirdi. Səmada “Pol, əlvida” adlı bannerlər asılmışdı.

Pol bütün varidatını 15 yaşlı qızı Medounun adına keçirmişdi. Qızcığaz yetkinlik yaşına çatdıqdan sonra varidata sahib olacaq. Jasmin isə heç nə qazanmadı. 7 il birgə münasibətdən sonra ona heç qoyulmaması qızı hiddətləndirdi. İndi isə Jasmin varidatın bir hissəsini ələ keçirmək üçün məhkəmələrdə ayaq döyür...

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm