“Elə bir qadın istəyirəm ki...”
Bizi izləyin

Bizim tərcümə

“Elə bir qadın istəyirəm ki...”

O, Hollivudda qazandığı şan-şöhrət və populyarlığını itirmək üzrə idi. Əvvəlcə Cennifer Lopezlə sevgili olduğu üçün lağa qoyuldu, sonra isə ard-arda bir neçə uğursuz filmə çəkildi. Axı Ben vaxtilə Amerikanın ən sevimli insanlarından biri hesab olunurdu. Lakin o, təslim olmadı və öz üzərində işlədi. “Arqo əməliyyatı” filminə görə qazandığı “Oskar” mükafatı Ben Afflekin yenidən özünə gəldiyini əyani şəkildə sübut etdi.

Uğursuz sevgi onu lap əldən salmışdı. Ben güzgüdə saqqal basmış üzü, yorğun gözləri olan, saçları ağarmağa başlayan bir kişi görür... Bu qədər əldən verilmiş imkanlar, bu qədər məyusluqlar!..

Benlə yanaşı iki qadın da güzgüyə baxır. “Həyat qısadır”, - sarışın belə deyir. “Lakin qatarı dəyişib başqasına minmək üçün hələ vaxt var”, - qaraşın qadın əlavə edir. Ben ayaqlarının altında tərpəniş hiss edir. O, indi anlayır ki, qatardadır. Vaqon möhkəm silkələnir. O, gözlərini yumur və qatarın qəzaya düşdüyünü, pəncərə şüşələrinin qırılaraq yerə səpələndiyini təsəvvür edir. Ben gözlərini açır. Həyat əvvəlki kimi davam edir. O, özünə gələn kimi beynində belə bir sual fırlanır: “Mən haradayam?”

Ben əslində nə qatardakılardan, nə də qəzada həlak olan insanlardan biridir. Afflek əynini soyunmadan evindəki divanda uzanıqlı vəziyyətdə qalıb. Bu evdə Ben və Cennifer birgə yaşayırlar. Onun beyni fikir və xatirələrdən sanki partlayır, o, özünü ələ alaraq ayağa qalxır. Gün düz gözlərinə düşür. Hələ də başında ağrı, boğazda quruluq var. Sanki dünəndən bəri qum yeyib. Gözləri önünə arvadının tutqun siması gəlir.

- Sənin yerində olsaydım, uşaqlar yuxudan durana kimi özümü səliqəyə salardım, - Cennifer deyir.

- Dünən axşam saat neçədə qayıtdım?

- Fikrimcə, çox gec,- arvadı hirslə çiyinlərini çəkir. - İtil gözümdən. Duş qəbul et və əynini dəyiş. Səni mətbəxdə gözləyirəm. Biz danışmalıyıq.

Cenniferin səs tonu, baxışları yaxşı heç nə vəd etmirdi. İş ondadır ki, Ben evə gələrək, yataq otağına çatmamış özünü qısa ayaqlı divana ataraq, elə orada da yataraq qalmışdı.

Səhər qəzetini almaqla ərinin dünən nə etdiklərini asanlıqla öyrənmək olur. Hollivudda belədir. Heç xəfiyyə də tutmaq lazım gəlmir. Bax məşhur adamlar sadə insanlardan buna görə fərqlənirlər. Axı dünən axşam Ben nə hoqqalardan çıxıb? Aktyor zorla yadına salmağa çalışır: dünən “Oğrular şəhəri” filminin təqdimatından sonra yoldaşları ilə pivə içmək üçün bara gedib... Adi kişi görüşməsi. Bəlkə, pivə şüşələrinin sayı nəzarətdən çıxıb? Hər halda, bu, Cenniferə belə sərt danışmağa haqq vermir.

Yataq otağına xəfif gün işığı düşür, lakin fikirlər ona dinclik vermir. Ben Kaliforniyada Cenniferlə birgə aldığı evi çox xoşlayır. Lakin hərdən ona elə gəlir ki, sanki gəlinciyin evində yaşayır. Ev həddindən artıq dəbdəbəlidir, mənzil işıqlandırma sistemi və yumşaq mebellə bəzədilib. Sanki, qadınların dünyasındasan. Qaş-qabaqlı, üzü tüklü və 190 santimetrlik Ben özünü evdə narahat hiss edir. Ben arvadını, iki qızını, hətta qayınanasını belə sevir. Qayınana balaca Serafinanın doğulmasından sonra Bengildə yaşamağa gəlib. Ben isə onların arasında özünü nə qədər tənha hiss etməsini etiraf etməyə utanır. Bəlkə, oğlu olsa, Ben belə əziyyətə düçar olmazdı...

Afflek üst geyimini çıxardaraq ona əmr edildiyi kimi vanna otağına gedir. Hamam otağının dizaynı da qadın fantaziyası əsasında hazırlanıb. O, özünü hərəmxanadakı kimi hiss edir. Evin tikintisi zamanı Ben arvadına yalnız mənəvi dəstək olub. Dizaynda onun zövqündən əsər-əlamət yoxdur: “Mənim arvadım çox evdardır. Təəssüf ki, bu sözləri özüm haqda deyə bilmirəm. Nə etsəm, narazıdırlar. Böyük qızımız Vayolet məktəbdən qayıtdıqda onu kimin geyindirməsi məlum olur. Əgər onun ayağında corablar rəngbərəngdirsə, hörükləri əyri, qalındırsa və onların hərəsi bir tərəfə əyilibsə, şübhəniz olmasın, onu mən belə geyindirmişəm... Mən bir hədiyyə alarkən ona bütün əsəblərim sərf olunur. Ağıllı arvadım isə bu müddət ərzində 20 hədiyyə seçə bilir”.

Bundan əlavə, Ben ənənəvi ailədə böyüyüb. Kişi evə pul gətirməli, arvad isə işləməməlidir. Hollivudun məşhur aktyoru indi də rejissorluğa başlayıb. O, arvadı ilə “ulduzu” bölüşə bilməyib: kinoulduz Ben Afflek və qadın seriallarının aktrisası Cennifer Qarner arasında yer-göy qədər fərq vardı. Hərə öz sahəsini daha önəmli hesab edirdi. Uşağın dünyaya gəlişi ilə əlaqədar olaraq Cennifer uzun müddətli məzuniyyət götürə, analıq və ev işləri ilə məşğul olmağı özünə sığışdıra bilərdi. Ben isə həyatını evdə 4 divar arasında keçirə bilməzdi. Axı bir vaxtlar onun hər şeyi vardı, sonra isə bunların hamısını itirdi. O, hələ indi-indi özünə gəlməyə başlayıb...

Mətbəxin girəcəyində Cenniferin bişirdiyi yeməyin ətri yayılıb. O, yaxşı yemək hazırlaya bilir, lakin Ben və qızı onun daha çox masa arxasında oturmasını istərdilər. Cennifer ikinci dəfə ana olduqdan sonra restorandan yemək sifariş verməyi dayandırıb. O, indi sağlam qidaya üstünlük verir...

Ben siqaret çəkmək istəyir, lakin bu hərəkəti ilə Cenniferi daha da hiddətləndirə biləcəyini düşünür. Cennifer dərhal söhbətə başlayır:

- Söz vermişdin ki, içkini atacaqsan.

- Cen, heç özüm də bilmirəm, bu necə baş verdi...

- Çox yaxşı bilirsən ki, sənin nəslində də bu var və sən spirtli içkiyə toxuna bilməzsən, çünki özünü saxlaya bilmirsən!..

Ben buna etiraz edə bilməzdi. Əyyaş oğlu atasının yolunu davam etdirirdi. Ben 2001-ci ildə narkoloji klinikadan çıxarkən demişdi: “Bir daha keçmişə geriyə qayıtmaq istəməzdim”. Lakin Ben gecələri barda keçirir, səhərləri isə dünən kiminlə nə etdiyini xatırlamaz, özünü əzik pomidor kimi hiss edərdi.

- Sən yenə də içirsən, çəkirsən, - Cennifer dedi. Ən pisi isə odur ki, sözünün üstündə durmursan. İnsanları içki şüşəsinə kədər və məyusluq hissləri itələyir. Sənin nəyin çatmır axı?

“Mənə kişi kampaniyası, söhbətləri, əyləncələri və qəfildən imtina etdiyim keçmiş həyatım haqda müzakirələr çatmır”, - sözlər Benin dilində ilişib qalır.

- Yəqin, mənə arada istirahət lazımdır, - Ben bir az fikirləşdikdən sonra cavab verir. – Mən “Oğrular şəhəri” filminin çəkilişləri zamanı çox əsəb keçirdim və yoruldum. Eyni zamanda həm filmin rejissoru və həm də aktyor olmaq asan deyil... İnanırsan, filmdə səhnələrin birində saçımda ağ tük gördüm. Axı bu ağ tük haradan çıxmışdı?..

- Yəqin ki, pərəstişkarların da səndən uzaq qaçmağa başladı, - Cennifer rişxəndlə dedi.

Benin arvadı söhbətə hazırlıqlı gəlmişdi. Onun qarşısında sarı mətbuatın nümunələri vardı. Oradakı şəkillərdə Ben əli ilə sarışın Bleyk Layvlinin incə çiyinlərindən tutub, gülərək onun qulağına nəsə deyir. Digər şəkildə isə Ben sarışın Rebekka Holla maraqlı bir pozada dayanıb.

- Bax gör burada nə yazılıb?, - Cennifer qəzet səhifələrini göstərərək deyir. Sən Bleyki restorana apararaq özünü evli kişi kimi yox, hormonları partlamağa hazır olan yeniyetmə kimi davranmısan. Sənə ailə haqda sual veriləndə qızların üçün darıxdığını demisən və arvadın haqda bir kəlmə belə kəsməmisən.

- Dayan! Bir dəqiqə dayan!, - Ben deyir. Mən müsahibələrdə şəxsi həyatımı müzakirə etmirəm. Yeri gəlmişkən, sənin ailəmiz haqda verdiyin açıq-saçıq müsahibələr mənim xoşuma gəlmir.

- Bəs mən nə haqda müsahibə verim? - Cennifer səsini qaldırır. Mən darıxdırıcı evdar qadınam! Mənim sevimli ərimdən və uşaqlarımdan başqa kimim var? Bəlkə, bu sənə xəcalət verir? Bilirsən mənə nə ad qoyublar? Hollivudun ən tənha qadını. Bəzi ailə fotolarında sən elə tutqun, qaşqabaqlı dayanmısan ki, sanki kimsə sənin qolundan tutub zorla saxlayıb.

Cennifer stolda əyləşərək başını əllərinin arasına alır:

- Hərdən mənə elə gəlir ki, mən sənin üçün mövcud deyiləm və müsahibələrdə də məni xatırlatmırsan.

- Sən nə istəyirsən? Evə jurnalistləri dəvət edim və “Bennifer-2” adlı film çəkək?

“Bennifer” – Ben Afflek və Cennifer Lopez arasındakı yarımillik sevgi romanına jurnalistlər tərəfindən verilmiş addır. Lopez və Afflek münasibətlərini heç kimdən gizlətmirdilər. Jurnalistlər onların hər bir addımı izləyirdi. Lakin il yarımdan sonra hər ikisi bir-birindən bezdi. Bu sevgi romanının Benin aktyorluq sənətinə zərbə vuracağını deyənlər də az deyildi. İlk dəfə olaraq Ben ağlını itirmişdi. Artıq, Hollivud onu ciddi qəbul etmirdi. Ben həmin illəri xatırlayarkən hələ də diksinir. Ona adını bərpa etmək və pərəstişkarları kinoteatra toplamaq üçün 6 il gərək oldu.

- İnsanlar gördüklərinə inanır, - Cennifer dedi. Onlar görür ki, sən arvadından başqa hamıya təbəssüm paylayırsan.

- Mən ona görə təbəssüm paylayıram ki, bu, publikaya lazımdır. Bu, mənim işimin bir hissəsidir.

- Mən isə istəmirəm ki, camaat mənə yazıq kimi baxsın! Əvvəllər biz romantik şam yeməyi təşkil edərdik, öpüşərdik və hər dəqiqədən istifadə edərdik. İndi isə bir-birimizdən uzaqlaşmışıq. Hərdən mənə elə gəlir ki, bir azdan bizim uşaqlarımızdan başqa ümumi heç nəyimiz qalmayacaq.

Bu zaman 5 yaşlı Vayolet mətbəxə daxil olur. O, ata və anasının üzündən öpərək stulda əyləşir və deyir:

-Ana, Cennifer Qarner kimdir və nəyə görə məktəbdəki qızlar deyir ki, o, bizim evdə yaşayır?

Ben arvadına baxaraq gülümsəyir və hər şeylə maraqlanan qızının başını sığallayır. Cennifer qaşını qaldırıraq deyir:

- Cennifer Qarner mənəm, əzizim. Onlar mənə ana deyə bilməzlər ki. Mənim də, atanın da, bacının da öz adları var.

- Bəs, qızlar sənin adını haradan bilir?

- Mən aktrisayam və məni televizorda göstəriblər.

Bu zaman isə Ben keçmişi haqda dərin fikirlərə gedir. Əvvəlcə spirtli içkilər, sonra kazino... Hələ o zaman Cennifer Lopez onu pis vərdişlərdən uzaqlaşdırmağa çalışmışdı. Ben, az qala, bütün varidatını qumarda itirəcəkdi. Lakin qadınlar... O, heç vaxt qadınlardan ibarət kolleksiya yığmayıb. Ben lap uşaqlıqdan belə bir nağıl parçasına inanıb: “Sonra isə onlar evləndilər, uzun və xoşbəxt ömür sürdülər və bir yerdə öldülər”.

Ən pisi isə odur ki, həyatının ən pis məqamı elə qadınlarla bağlıdır. Lopezə şam yeməyi zamanı ayrılmaq istədiyini dilə gətirdi. Sonra isə dostu Mett Deymonun məsləhəti ilə “aktrisaları unut və normal peşəsi olan qadınla görüş” deyiminə əməl edərək biznes ledi Ensa Sambataro ilə tanış oldu. Hər şey yaxşı gedirdi, qəfildən sarı mətbuat Ensanın keçmişdə törətdiyi cinayətin üstünü açdı. O, sadəcə, sürət həddini aşdığı üçün polis məntəqəsinə düşmüşdü. Mətbuat isə onu manyak, qatil kimi qələmə verirdi. Ayrılığı Ensa təşəbbüs kimi irəli sürdü. O, Lopezin kölgəsində yaşamaq istəmirdi.

“Mən yerin altına girmək və hamının mənim haqda unutduğu dövrdə yuxarı qalxmaq istəyirəm. Elə bir qadın istəyirəm ki, mənimlə münasibət qurmaqdan qorxmasın”.

Xoşbəxtlikdən, Ben axtardığı qadını tapa bildi. Bu, Cennifer Qarner idi.

Ben və Cennifer hələ 2003-cü ildə kino çəkilişləri zamanı tanış olublar. O zaman Cennifer ərdə idi, Ben isə Cennifer Lopezlə nişanlanmağa hazırlaşırdı. Lakin Ben son zamanlar Lopezlə izdivacına şübhə ilə yanaşırdı. Axı Lopez onun üçün böyük bir siyahı hazırlamışdı: Benin xəyanət edəcəyi halda, 5 milyon dollar, yalana görə 1 milyon dollar ödəməli və həftədə, ən azı, 4 dəfə sekslə məşğul olmalı idilər. Bircə o, qalırdı ki, Cennifer onun boynuna ip salsın. Lopezə intriqa, ehtiraslı küsüb-barışma, ailə dramları lazım idi. Ben isə əksinə, sakit həyata üstünlük verirdi. Qadınlara şübhə ilə yanaşan Ben çəkiliş meydanında gələcək arvadı Qarnerlə tanış olur. Ben dərdini Qarnerlə bölüşərdi. Onlar bir-birini yaxından tanımağa başlayanda Affek, Qarnerin izdivacının son günlərini yaşadığını bildi. Cennifer Qarner çəkiliş meydanına gələrək Benin necə oynamağına da tamaşa edərdi. Qarner tamamilə azad idi, Lopez isə Beni evdən qovmuşdu. Onların sevgili olması haqda gəzən şayiələr tezliklə özünü doğrultdu. Ben özünü Cennifer Qarnerin yanında rahat hiss edirdi. Nəhayət, Ben özünü ələ aldı. Qarnerin xəbəri olmadan nişan üzüyü aldı. Film premyerasından sonra o, Cenniferi şam yeməyinə dəvət etdi və... onun qarşısında çökərək ona ərə gəlməsini istədi. Budur, onlar artıq 9 ildir ki, evlidirlər. Düzdür, arada yazının girişində də təsvir etdiyimiz umu-küsülər olur, amma onlar xoşbəxtdirlər.

2012-ci ildə isə Benin daha bir arzusu yerinə yetirildi: o, oğlan atası oldu.

Tərcümə: Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm